Ədəbi aləmə lirik-romantik şair kimi gələn Hüseyn Cavid yaradıcılığının sonrakı dönəmlərində fikir və düşüncə sərbəstliyinin, intəhasızlığının ifadəsini dramaturgiyada tapdı. Bununla da o, mənsub olduğu romantiklər nəslinin fərqli bir nümayəndəsinə çevrildi.
Etiraf olunmalıdır ki, XX əsr ədəbiyyatımızın romantik cərəyanına mənsub H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq, S.Səlmasi yeni bir ədəbi düşüncə sistemi yaratmaqla cəmiyyətdə baş verən ictimai-siyasi olaylara poetik müdaxilənin yolunu tapdılar. Bu - əqidə və məfkurə yolu idi!
Təbii ki, romantik ədiblərimizin məfkurə istiqaməti eyni olsa da, dil-üslub xüsusiyyətləri, sözlə davranmaq istedadları başqa-başqa idi. Əgər Məhəmməd Hadinin poetik leksikonu ərəb-fars istilahları ilə "zəngin" idisə, Hüseyn Cavidin şeir dili osmanlı türkcəsinin təsiri altında idi. Əlbəttə ki, bu, sözügedən ədəbi şəxsiyyətlərə yaşadıqları mühitin, aldıqları təhsilin təsirindən irəli gəlirdi. O dövrün bəzi nihilistlərinin isə guya Azərbaycan türkcəsinin böyük fikirləri obrazlı ifadə etməyə zənginliyi çatmır deməsi də XX əsrin ədəbi xaosundan xəbər verirdi. Bu ayrılan məslək yollarında H.Cavid sona qədər öz mövqeyini, həm də poetik üslubunu dəyişmədi:
Həqq, ədalət, təbiət iştə bu gün
Əbdi-məzlumə qarşı pək küskün...
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
Əvət, acizlərin cəzası budur,
Kimsə məzlum olursa zalim odur!
"Məzlumlar üçün", 1914
Yaradıcılığa lirik-romantik şeirlərlə başlayan Cavid ilk vaxtlardan əsarətə cəsarətlə yanaşan odlu-alovlu, mübariz və millətsevər bir gənc yazar kimi diqqəti çəkir. Bu, XX əsr Azərbaycan şeirinə gətirilən yeni nəfəs və dinamika idi. Təbii ki, gənc şairin dünyaduyumunun formalaşmasında Təbriz həyatı və xüsusən Türkiyə mühiti böyük rol oynamışdır. Əgər Cavid Təbrizdə Ümumşərq fəlsəfəsini öyrənmişdisə, İstanbulda ümumtürk mədəniyyətinin ən incə detallarına bələd olmuşdu. İstanbul Universitetindəki təhsili zamanı Rza Tofiqlə, Tofiq Fikrətlə tanışlıq, onlardan öyrəndikləri bir ömür boyü romantik ruhlu şairin karına gəlmişdi.
H.Cavid ağlı-qaralı, işıqlı-kölgəli həyat səhnələrini teatr səhnəsində əyani şəkildə insanların üzünə açdı. Ondan əvvəl də dram və səhnə əsərlərimiz mövcud idi. M.F.Axundovun, N.B.Vəzirovun, Ə.Haqverdiyevin, C.Cabbarlının pyesləri teatr səhnələrimizin repertuarından düşmək bilmirdi. Lakin Cavid mənsur yox, mənzum dramları ilə yeni bir yaradıcılığa, fərqli bir ədəbi uğura imza atdı.
"Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "İblis", "Peyğəmbər", "Afət", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam" kimi əsərləri Cavidin ümumtürk etnomədəni sistemində yeni bir ədəbi mərhələnin - romantik-mənzum dramaturgiyanın əsasını qoymağını təsdiqləyir.
İstər lirik şeirlərində, istərsə də dramlarında H.Cavid zamana və məkana sığmayan, millilikdən bəşəriliyə yüksələn təxəyyül və idrakının konturlarını cızır:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Bütün bəşəriyyətin, insanlığın əslində gözəlliyə, sevgiyə mənəvi bir ehtiyacı var. Romantizmin estetikasında dayanan leytmotiv də bu ehtiyacın - gözəlliyin, sevginin, sülhün, barışın, insana insani münasibətin təbliğinə yönəlmiş məfkurə xətti idi. Ona görə də "Mənim Tanrım gözəllikdir, sevgidir" deyən Cavid bununla Tanrını inkar etmir, əksinə, gözəlliyi, sevgini Tanrı səviyyəsinə qaldırır.
Nizamidən başlayan ideal cəmiyyət axtarışı Cavid yaradıcılığında yeni biçimdə meydana çıxır:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid yer üzünü yersiz müharibələrdən, bihudə axan qanlardan xilas edə biləcək insanı təsadüfən "dahi" adlandırmır. Əslində bu, bir yox, bir neçə xalqın yox, bütün bəşəriyyətin problemidir.
Cavidin tarixi mövzulara müraciəti də müəyyən zərurətdən irəli gəlir. Sənətkar yaşadığı tarixin üzünə deyə bilmədiklərini uzaq tarixin yaddaşından qopardığı obrazlara transfer etməklə yeni bir metodun təməlini qoyur.
Həm əruzda, həm hecada yazan Cavid hər iki vəzndə mükəmməl əsərlər yaradır. Əruzda yazdığı əsərlərin dilində ərəb-fars tərkiblərindən, osmanlı türkizmlərindən istifadə müəyyən səviyyədə özünü büruzə versə də şairin hecada yazdığı əsərlərdə (istər lirik, istərsə epik - A.C.) bu elə də hiss olunmur. Əksinə, onun heca şeirlərində xalq ruhunun, ana dilimizin ətrini duyuruq. "Çoban türküsü" adlı şeirdən iki bəndə diqqət yetirək:
Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər.
Dərdim çoxdur, ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.
Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yox hilal qaşlı yarımdan.
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.
On bir hecalı, qoşma tipli bu şeirdə poetik leksikon xalq dili, folklor motivləri əsasında formalaşıb və Cavidin bu qəbildən olan əsərləri az deyil.
Şair-dramaturqun bəlkə də xəyalına gəlməzdi ki, onun yaratdığı iblis gerçək həyatda nə vaxtsa üstünə gəlib şirin ömrünə acı zəhər qatacaq. "Pantürkist", "Turançı" damğası ilə həbs olunanda qulağına gələn ilk səs "cümlə xəyanətlərə bais" olan iblisin qəhqəhələri olmuşdu...
Təəssüflər olsun ki, Cavid həbs edilib mənzili müsadirə olunanda bəzi əsərlərinin əlyazması da itib-batmışdı. Yaxşı ki, şairin övladı Turan Cavid onun indi əlimizdə olan əsərlərini repressiya maşınının ağzından qopara bilmişdi.
Sovet ədəbiyyatşünaslığı "pantürkist" şairin yaradıcılığına səthi və qorxa-qorxa yanaşmış, onun poeziyasını və dramaturgiyasını layiqincə dəyərləndirməmişdi. Əslində, sovet senzurası da buna yol verməzdi. O baxımdan ədəbiyyatşünaslarımızı da qınamıram. Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Cavid yaradıcılığına obyektiv və əhatəli yanaşmalar, əsərlərinin bütöv nəşri meydana çıxdı. Cavidşünaslığın ilkin mərhələsində Məmməd Cəfərin, Əkrəm Cəfərin, Məsud Əlioğlunun, Rafael Hüseynovun, Kamran Əliyevin və adlarını unutduğum bəzi ədəbiyyatşünasların da əməyini dəyərləndirməyə borcluyuq. Ancaq son illərdə filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Azər Turanın Hüseyn Cavidlə bağlı araşdırmaları mənim fikrimcə, daha böyük dəyər daşıyır. Konkret arxiv materialları, müxtəlif ölkələrdəki nəşrlər və Turan Cavidin verdiyi istiqamətlər əsasında ortaya qoyulan "Cavidnamə" daha mükəmməl və daha dəyərlidir. Monoqrafiyada böyük şairin bioqrafiyası, yaradıcılığı faktoloji materiallar əsasında peşəkarlıqla araşdırılır. Bu əsər ümumən cavidşünaslığın uğurudur, təkcə Azər Turanın yox...
H.Cavid haqqında bu sətirləri yazarkən Bakı Dövlət Universitetinin tələbəsi olanda mərhum professor Qulu Xəlilovun böyük sənətkar haqqında söylədiklərini xatırlamaya bilmirəm. "Cavid sənəti yanan, yandıran sənətdir".
"Cavid sənəti divara dəyib pul-pul olan sənətdir". Əslində, XX əsr Azərbaycan sovet ədəbiyyatından mühazirə oxuyan professorun sovet rejiminin tüğyan etdiyi bir zamanda (70-ci illəri deyirəm - A.C.) bundan artıq, daha doğrusu, bu obrazlı eyhamlardan artıq deyə biləcəyi nə ola bilərdi ki?!
Və mən 2004-cü ildə H.Cavidin Naxçıvandakı məqbərəsi önündə duyğulanaraq yazdığım şeiri "yanan, yandıran" şairə həsr etməklə özümdə bir rahatlıq hiss etdim:
O illərdə, əfəndim,
Sən hardaydın, biz harda?
Necə duruş gətirdin
Sibir adlı məzarda?
Ruhunu sıxmadımı
Qürbət adlı dar məzar,
Divarları qar məzar?
Vətənin həsrətiylə
Sümüklərin üşüdü.
Bir gün döndün vətənə -
Bu, Tanrının işidi...
Gətirdilər nəşini
Uzaq-ucqar Sibirdən,
Hər yanı qar Sibirdən.
Qovuşdun ana yurda,
Qarışdın torpağına.
Bir təsəlli çilədin
Cavidsizlik dağına.
Torpağın alt qatında,
Zamanın üst qatında
Uyuyursan haçandır.
Bu - doğma Naxçıvandır...
Hələ Sibir soyuğu
Çıxmayıbdır canından.
Həsrətə ağı deyən
Araz axır yanından.
Ağ mərmərdən yapılan
Nur biçimli odan var.
Darıxmazsan, əfəndim,
Yanında el-oban var.
Mələklər hifz eləyir
Məqbərəni, türbəni.
Nəsil-nəsil yaşadıq
Sənə dəyən zərbəni.
...Dönəndə çərxi-dövran
Şər xeyiri əyirmiş,
Xalqa atılan güllə
Şairinə dəyirmiş...
"Cavidin məqbərəsi önündə"
Təbii ki, bir qəzet məqaləsində H.Cavid yaradıcılığını geniş təhlilə çəkmək, bu zəngin və çoxşaxəli sənətkarlığı yetərincə dəyərləndirmək qeyri-mümkündür. Mən böyük şairin ümman timsallı yaradıcılığının bir damlasına diqqəti yönəltdim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!