ELÇİN
Cavidin yaradıcılığı ümumbəşəri təfəkkürün məhsuludur, onun ideyaları, fəlsəfəsi bəşəri xarakter daşıyır, onun poeziyasının da, dramaturgiyasının da bədii-estetik səviyyəsi ümumbəşəri poetikanın əldə etdiyi nailiyyətlərlə ölçülür, amma bütün bunlarla bərabər Cavid yaradıcılığı məhz Azərbaycan ədəbiyyatının, geniş mənada isə Azərbaycan mənəviyyatının milli faktıdır.
Cavidin yaradıcılıq miqyası, onun, hərgah belə demək olarsa, istedadının diapazonu çox genişdir və buna görə də o, daima bədii, fəlsəfi və estetik axtarışlarda idi.
Cavid bir tərəfdən həyati eşqin, məhəbbətin, həyati hiss-həyəcanların ucalığını, aliliyini qələmə alırdı və məhz belə bir ucalığın, aliliyin təsiri nəticəsində Şeyx Sənan kimi mömin bir məxluq hətta donuz otarmağa belə hazır idi. Digər tərəfdən isə Cavid həzrət Peyğəmbərin yüksək əqidəli, müqəddəs şəxsiyyətini qələmə alırdı və onun qələmi belə bir mövzu nəhəngliyi müqabilində sənət baxımından özünü doğrulda bilirdi.
Bir tərəfdən Ömər Xəyyam fəlsəfəsinin ən dərin qatlarına vararaq, onun canlı, eyni zamanda romantik ovqatlı surətini yaradırdı, digər tərəfdən isə, mən deyərdim ki, sərt bir realizmlə "Ana" pyesindəki Ananın iztirablarını, tərəddüdlərini, humanizmini yüksək bədii-estetik səviyyədə səhnəyə çıxarırdı.
Cavid humanizmi Cavid bəşəriliyinin, olsun ki, ən mündərəcatlı göstəricisidir. Mən, vaxtilə Cavid dramaturgiyasını tədqiq edərkən, gördüm ki, bu dramaturgiya ilə Avropa intibahı arasındakı doğmalıq ilk növbədə humanizm ideyalarının bədii ifadəsindədir. Bu baxımdan "Ana" pyesində mövzuya yanaşmada müəllifin fəlsəfi-etik mövqeyi çox əlamətdardır və mən bu barədə ayrıca məqalə də yazmışdım ("Sübh şəfəqi"nin işığı. Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı", "Ədəbiyyat və incəsənət" qəzeti, 17 sentyabr 1982).
Məlumdur ki, Avropa intibahından sonrakı dövrün bir sıra böyük yazıçılarının əsərlərinin süjet baxımından ilkin mənbəyi İntibahın meydana çıxardığı əsərlərə, xüsusən İntibah novellalarına gedib çıxır. Lev Tolstoy Şekspiri bir də ona görə qəbul etmirdi ki, bu dramaturqun ən məşhur faciələrinin - "Otello", "Hamlet", "Romeo və Cülyetta" - süjeti İntibah novellalarından gəlirdi. Ancaq qoca Tolstoy bu yerdə, əlbəttə, hissə qapılırdı, açıq-aşkar subyektiv mövqeyini əsaslandırmağa çalışırdı.
Şekspir ilə İntibah arasındakı məzmun yaxınlığı deyilmişlərin təkrarı deyildi, bu, əbədi mövzuların sənətkarın fərdi interpretasiyaya mənəvi ehtiyacından doğurdu.
Mən, "Ana"nın məzmunu ilə Avropa intibahının böyük nümayəndələrindən olan Cambatista Ciraldi Çintionun "Ekatommiti"sindəki novellalardan birinin (6-cı dekadanın 6-cı novellası) məzmunu arasında qəribə bir oxşarlıqla rastlaşdım və mənim üçün bir daha məlum oldu ki, böyük dühaları böyük ideyalar, ilk növbədə isə böyük (və oxşar!) humanizm ideyaları birləşdirir. Orasını da deyim ki, Şekspir "Otello"sunun ilkin mənbəyi də "Ekatommiti" novellalarından biri - Venesiya mavrı haqqındakı novella hesab olunur.
"Ekatommiti" (mənası "Yüz hekayə" deməkdir) Bokkaçonun "Dekameron"u, yaxud Sakketinin "Üç yüz novella"sı, yaxud da Quardatinin "Novellino"su qədər populyar deyil və bu gün mən o uzaq 1982-ci ildən fərqli olaraq fikirləşirəm ki, Cavid bəlkə də (və çox güman!) "Ekatommiti"ni heç oxumamışdı da.
"Ana" ilə Ciraldinin novellası arasında yalnız süjet oxşarlığı yox, pyesin qəhrəmanı Səlmanın və novellanın qəhrəmanı Liviyanın xarakter və düşüncələrindəki, onların sarsıntı və tərəddüdlərindəki, Səlmanın oğlu Qanpoladla Liviyanın oğlu Şipionenin talelərindəki eynilik də o dərəcədə idi ki, 1982-ci ildə mən elə həmin məqalədə ehtimal edərək yazırdım: "Cavid bəlkə bu İntibah novellasını rus dilində oxuyub? Bəlkə həmin novella türk dilinə tərcümə olunub və Cavid Türkiyədə olarkən bu novella ilə tanış olub?"
Ancaq sonralar - 1980-ci illərin axırlarında mən yaddan çıxara bilmədiyim bu maraqlı və qəribə ədəbi hadisəni özüm üçün tam aydınlaşdırmaq məqsədi ilə cürbəcür məxəzlərə müraciət etdim və məlum oldu ki, "Ekatommiti" ilk dəfə rus dilinə 1957-ci ildə tərcümə edilərək nəşr olunub, türk dilinə isə, ümumiyyətlə, heç çevrilməyib (hər halda o vaxta qədər çevrilməmişdi).
Və mənim üçün tamam aydın oldu ki, "Ana" ilə "Ekatommiti" novellası arasındakı bu süjet yaxınlığı, ayrı-ayrı məqamlarda isə eyniliyi bəşəri hisslərin, bəşəri düşüncələrin (və bəşəriyyət haqqındakı düşüncələrin!) heyrətamiz şəkildə üst-üstə düşən ifadəsidir.
Cavid dramaturgiyasının surətlər qalereyası etnoqrafik təsvirlərin, mənşə və məişət koloritinin fövqündədir, bu qalereya ilk növbədə insan xislətinin ən dərin qatlarındakı hiss-həyəcanların ifadəçisidir, bu surətlərin daxili aləmləri, ənənəvi ibarə ilə desək, mənfiliyindən, yaxud müsbətliyindən asılı olmayaraq heç vəchlə birmənalı yox, mürəkkəb və ziddiyyətlidir, mənəvi tərəddüdlərlə doludur.
Cavid yaradıcılığı Cavid istedadı sayəsində insanı bütün mürəkkəbliyi və ziddiyyəti ilə ehtiva etməyi bacarırdı və Cavid sənətinin bu cəhəti Böyük Ədəbiyyat dediyimiz anlayışın çox mühüm tərkib hissəsidir.
Azərbaycan ədəbiyyatında Cavid qədər ciddi, onun qədər şakadan, yumordan, adicə zarafatdan belə uzaq bir söz sahibi tapmaq çətindir və yəqin, elə buna görə də Azərbaycan teatrında romantik-fəlsəfi estetik məktəbin yaranması bilavasitə onun dramaturgiyası ilə bağlıdır.
Hələ öz sağlığında - 20-30-cu illərdə Hüseyn Cavidin əsərləri Azərbaycan teatrının və ümumiyyətlə, Azərbaycan mədəniyyətinin Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb, Mərziyə Davudova və Yeva Olenskaya, Mirzəağa Əliyev və Sidqi Ruhulla, Kazım Ziya və Ağasadıq Gəraybəyli, İsmayıl Hidayətzadə və Rza Təhmasib və bir çox digər böyük nümayəndələrinin bir sənətkar kimi formalaşmasında, onların istedadlarının açılmasında çox ciddi rol oynamışdır. Aktyorlar Cavid yaradıcılığını sidq-ürəkdən sevirdilər, bu yaradıcılıq onlar üçün bir məktəb idi və onların hamısı bu məktəbdə təhsil almağa, bu məktəbdə özlərini ifadə etməyə can atırdılar.
Mən bu yaxınlarda teatr tariximizin çox maraqlı və Cavid yaradıcılığı ilə bağlı əlamətdar bir faktına təsadüf etdim: düz 83 il bundan əvvəl, 1924-cü ildə yanlız bir tamaşada - o zamankı Türk Dövlət Teatrosunun "İblis" tamaşasında unikal bir hadisə baş verir: tamaşanın birinci pərdəsində İblis rolunu Rza Təhmasib ifa edir, ikinci pərdədə bu rolu Kazım Ziya, üçüncü pərdədə İsmayıl Hidayətzadə, nəhayət, dördüncü pərdədə Abbas Mirzə Şərifzadə ifa edir.
Mən "unikal" sözünü işlətdim və elə bilirəm ki, bu hadisə - bir tamaşada eyni rolu dörd böyük sənətkarın ifası yanlız Azərbaycan teatr tarixində yox, ümumiyyətlə, dünya teatr tarixində həqiqətən unikal hadisələrdən biridir.
Cavid o nadir və xoşbəxt sənətkarlardandır ki, onun şəxsiyyəti də işıqlı bir varlığın xalqın yaddaşına hopmuş obrazına çevrilmişdir. Cavid xoşbəxt sənətkardır - bu, aydın məsələdir və bu barədə danışmağa ehtiyac yoxdur, amma Cavid həm də xoşbəxt şəxsiyyətdir. Olsun ki, Cavidin, onun ailəsinin taleyi müqabilində bu fikir - şəxsiyyətin xoşbəxtliyi fikri paradoks kimi səslənsin, ancaq güman edirəm ki, heç bir real həyat müsibətlərinə, məşəqqətlərinə, real həyat faciələrinə baxmayaraq, hərgah şəxsiyyət xalqın yaddaşında humanist, təmiz, pak bir obraz - Cavid Əfəndi obrazı kimi yaşayırsa, deməli, o xoşbəxt şəxsiyyətdir.
Cavidin İblisə verdiyi məşhur xarakteristika belə idi:
İblis nədir? Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? İblis!
Və yaşadığı dövrün hakim ideologiyası - Sistem Cavidin öz şəxsi taleyini də belə bir İblis müdaxiləsinə düçar etdi. Bu İblis konkret olaraq 30-cu illərin real sumbatov-topuridzeləri-markaryanları-qriqoryanları deyildi, yaxud Nikolay Yecov, hətta konkret olaraq İosif Stalin də deyildi, İblis - onların yaratdığı, dünyaya gətirdiyi Sistem idi və həmin müdhiş Sistem "xain olan insanların" əli ilə sənətkarı Sibir çöllərinə apardı və orada məhv etdi.
Burada təəccüblü bir şey yox idi: İstanbul universitetində təhsil almış, əsərlərində Anadolu ləhcəsinə üstünlük verən, Kazım Qarabəkir paşa kimi qatı anti-sovet məfkurəli bir hərbi xadimlə dostluq etmiş, adı Mustafa Kamal Atatürkün sevimli şairlərinin sırasında olan bir qələm sahibini Sistem nə etməli idi? Əlbəttə, məhv etməli idi.
Sistem onu məhv etdi, ancaq bu sənətkara heç vəchlə qalib gələ bilmədi.
Qalib Cavid və Cavid sənəti oldu.
Mən 25 il bundan əvvəli - 1982-ci ilin həmin unudulmaz 26 oktyabr gününü xatırlayıram. Həmin günü ki, Heydər Əliyevin böyük vətəndaş cəsarəti və bacarığı sayəsində SSRİ tarixində misli görünməmiş bir hadisə baş verdi: Hüseyn Cavid cismən doğma Azərbaycana qayıtdı və noyabrın 3-də doğma Naxçıvan torpağına tapşırıldı.
Bu hadisə Azərbaycanda xalqın milli mənliyinin dirçəlişində son dərəcə böyük rol oynadı və məhz bununla da Hüseyn Cavid nəinki Sistemə qalib gəldi, elə bil ki, o, Sistemdən özünün və mənsub olduğu xalqın vətəndaş intiqamını aldı.
Olsun ki, mənim işlətdiyim bu "intiqam" anlayışı ilə yuxarıda dediyim "Cavid humanizmi" anlayışı arasında bir uyğunsuzluq nüansı var, ancaq bu, ilk baxışdan belə görünə bilər, əslində isə daha dərindən düşünsək, həmin "intiqam" elə həmin humanizmin ifadəsi idi.
1937-ci illə 1953-54-cü illər arasında Sistem Cavid yaradıcılığını qadağan etdi, Cavid haqqında olmazın təhqirlərini, böhtanlarını, iftiralarını mətbuat səhifələrinin, dərsliklərin, tədqiqatların əsas mövzularından birinə çevirdi, cidd-cəhdlə Cavidi "ifşa" edərək, özlərinə karyera qazananlar üçün (İblis yardımçıları üçün!) münbit zəmin yaratdı, ancaq burada da amansız bir məğlubiyyətə uğradı: cəmi 16-17 ildən sonra Cavid yaradıcılığı yeni bir ehtirasla, şövqlə, inamla və son dərəcə təbii surətdə xalqın mənəviyyatında Sistemin unutdurmaq istədiyi, ancaq unutdura bilmədiyi yerinə qayıtdı.
Nəhayət, bir əlamətdar cəhəti də qeyd etmək istəyirəm.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatının, ictimai fikrinin o böyük nümayəndələrindən biridir ki, Azərbaycan müstəqilliyinin iti addımları ilə həmahəng olaraq irəliyə gedir, milləti gələcəyin daha böyük inkişafına, daha böyük uğurlarına, daha böyük qələbələrinə aparır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!