Niyə məhz Anar? - AYB-nin XIII qurultayı ərəfəsində düşüncələrim - Səyyad Aran yazır

 

 

Ona görə ki, o, çağdaş Azərbaycan ədəbiyyatının ədəbi vicdanıdır.

Anar bir yazıçı, ədəbi şəxsiyyət kimi hər zaman seçilmişdir. Heç bir konyunkturaya uymadan öz yolu və dəyişməz əqidəsi ilə ömür sürmüş, yazıb-yaratmışdır. Necə də asan səslənir: yazıb-yaratmışdır. Amma bütün bu illər ərzində hansı məhrumiyyətlərdən keçmişdir, bədxahların tikanlı dedi-qoduları, namərdcəsinə atılan badalaqlar, həyasız hücumlar və bütün bunların mənəvi sarsıntıları: vaxtından əvvəl saçlara qonan bəyazlıq, ürəyə düşən çatlar. Nəticədə doğulmayan neçə-neçə romanlar, povestlər, hekayələr...

Ona olan hörmət və ehtiram heç zaman azalmır. Ən ali kürsülərdə hər zaman millətinin və dövlətinin sadiq, dönməz, vətənpərvər övladı kimi onun idealları, milli maraqları uğrunda mübarizə aparıb, inadla döyüşüb. Yüksək intellekti, məntiqli nitqi, dəqiq və dürüst fikirləri, sarsılmaz faktları ilə qalib gəlib. Vətəninə və millətinə bütün qanı və canı ilə bu qədər bağlı olan insanlar çox olmurlar. Çünki "Böyük təbiətlər yaranır az-az" .

Anar AYB-nin (keçmiş AYİ-nin) başına gələndən təşkilatçılığı, obyektivliyi, ədalətliliyi, sağlam mühit yaratmasıyla seçildi. AYB-də son illərdəki islahatlar isə göz önündədir. Anarın iş üslubunda yalnız bir meyar var: İstedad!

O, istedadlı qələm adamlarının ərköyünlüyünə, şıltaqlığına, bəzən qırmızı xətti keçmələrinə də dözür. Sonra tədricən onları öz müdrik, ağıllı məsləhətləri ilə həqiqi mübarizə yoluna yönəldir, ata kimi səhvlərini, qüsurlarını, əsassız iddialarını başa salır, səbirlə izah edir. Bu mənəvi və psixoloji dərslərdən sonra ən özündən razı "dahilər" də qəlbində peşmanlıq hissləri ilə bərabər, həm də nəcib və xeyirxah duyğularla sədrin qəbulundan çox rahat ayrılırlar. Anarın kabineti çoxları üçün lakmus kağızıdır, həm də katarsisdir. Onunla söhbətdən sonra çoxları qəlbindəki xıltı, qərəzi, qısqanclığı bir dəfəlik unudur.

Bəziləri zaman-zaman Anarın barəsində qətiyyən ona aid olmayan cəfəngiyyat, səfsətə, uydurma ittihamlarla çıxış edirlər. "Anar onu etməlidir, Anar bunu etməlidir". Doğrudanmı, hələ də başa düşmürlər ki, Anar Azərbaycan SSR Yazıçılar İttifaqının sədri deyil? Necə ev paylasın, Sovet İttifaqının təchizatı bol yaradıcılıq evlərinə, kurort və sanatoriyalarına putyovka versin, maşın almağa kömək etsin? Axı o büdcə yoxdur! Digər yaradıcılıq təşkilatları kimi AYB də bazar iqtisadiyyatı qanunları ilə işləyir.

Bu gün AYB Anarın böyük nüfuzunun və sanbalının hesabına yaşayır. Namizədliklərini vermək istəyən təkdənbir adamların heç biri Anarla müqayisəyə gəlməyəcək qədər - istər yaradıcılıq baxımından, istər şəxsiyyət baxımından, istər mənsub olduğu millətə və mədəniyyətə xidmət baxımından - onun tozu belə olmazlar. Xalq onları tanımır. Sadəcə, Anarın adından istifadə edərək özlərini tanıtmaq istəyirlər. "Qoy desinlər filənkəs Anarı tənqid edib, onun yerinə AYB-nin sədri olmağa özünü daha layiqli bilir". Bu cür iddiabazlığın xalqda heyrətli bir təəccübü yaranır. "Bu kimdi..? Pah atonan, papaq altında oğlanlar varmış ki...?".

Sizin yaşınızda Anar şedevr əsərlərini yazdı. Azərbaycanda, keçmiş SSRİ-də, Avropada dalbadal çap olundu, şöhrətləndi. Ədəbi tənqid yeni, orijinal, istedadlı bir cavan yazıçının ədəbiyyata gəlişindən ürəkdolusu danışdı, onun bədii kəşflərini heyrətlə təqdir etdi. Siz nə yazmısız? Ədəbi ictimaiyyəti silkələyən bir bədii nümunə göstərə bilərsinizmi? Bircə onu bilirsiniz ki, ölkədəki demokratiyadan, söz və mətbuat azadlığından istifadə edib çirkab püskürəsiniz. Ağzınıza yazığınız gəlmirmi?

Anar yaradıcılığının ilk günlərindən orijinallığı və bənzərsizliyi ilə geniş şöhrət qazandı. Onun əsərləri ən müxtəlif nəsillərin stolüstü kitabına çevrildi. Həmişə sevildi, seçildi, öyüldü.

Qələmindən çıxan hər bir əsər özündən söz etdirdi. Hər yeni kitabını milyonlarla oxucu intizarla gözlədi. Ona görə ki, hər bir kitabı ədəbi hadisə olurdu.

Anar yenə birmənalı şəkildə AYB-nin sədri seçiləcək. Adı, şanı, şöhrəti, yaradıcılığı, təcrübəsi, sanbalı ilə bu yerə yalnız Anar layiqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!