Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi

Sinkretik səciyyə daşıyan aşıq sənətinin və onun ayrılmaz tərkib hissəsi kimi təzahür edən aşıq ədəbiyyatının ilkin təşəkkül və biçimlənmə prosesi əsasən XIII-XV əsrlər boyunu əhatə etsə də, bu tarixi mərhələdə bir tərəfdən ozan sənətinin hələlik meydanı tam olaraq tərk etməməsi, o biri tərəfdən də aşıqlıq yolunu tutan yeni tipli  söz və musiqi sənətkarının ilahi eşq aşıqliyi - Haqq aşıqlığı statusunu bütün parametrləri ilə özündə cəmləşdirib başa çatdırmaması həmin dönəm daxilində sözügedən istiqamətin görkəmli simalarının ortaya çıxması imkanını gerçəkləşdirə bilməmişdir. Bu səbəbdən də sufi-dərviş mənəvi-fəlsəfi hərəkatının içərisindən ayrıca bir xətt - axın kimi zühur edən aşıqlığın ilahi-ruhani təbliğat missiyası ilə yanaşı musiqiçi-söz sənətkarına və bədii ədəbiyyat daşıyıcısına çevrilməsi kifayət qədər uzun bir zaman miqyasını əhatə etmişdir.

XIII-XV yüzilliklər arasında sufi-dərviş hərəkatı, xüsusən də ələvi -bəktaşi və səfəviyyə təmayülləri əsasən müxalif mövqe nümayiş etdirərək gizlin və ya açıq şəkildə mövcud hakim siyasi dairələrə qarşı dayandığından onların simasında ortaya çıxan hər hansı sənət təzahürlərinə - musiqi, poeziya, teatral-xoreoqrafik mərasimlərə çox da xoş yanaşılmır, bu səbəbdən də onların daimi olaraq təqib, təhdid və təzyiq-basqı altında qalması qaçılmaz olurdu. Sufi-dərviş mədəniyyəti və onun  üzvi tərkibi kimi ilahi eşq- Haqq aşiqliyi yolunu tutmuş dərviş-aşıqlar hər nə qədər  rəmzi-məcazi obrazlar, təsəvvüf simvolikası, mətnaltı eyhamlar arxasında gizlənmə manerası ilə diqqəti yayındırmağa çalışsalar da, həmin tarixi dönəmlərin siyasi-ideoloji ittiham və cəzalarından öz acı nəsiblərini almaqdan qurtula bilməmişdilər. XVI yüzilliyin başlancığında yeni bir siyasi-ideoloji sistemin- Səfəvilər xanədanının hakimiyyətə gəlməsi dərviş-aşıqların sənət həyatına və tarixi mücadiləsinə nəfəs genişliyi qazandırdı. Səfəvi-qızılbaş xanədanının başında duran Şah İsmayıl Xətainin (hak. illəri: 1501-1524) sufi-dərviş mədəniyyətinə, xüsusən də onların yaratdığı musiqi və poeziyaya böyük  məhəbbət və  ehtiramla yanaşması bu yöndəki ədəbi-mədəni həyatın təzyiq və təqiblərdən xilasına imkan açdı. Bu zamandan etibarən sufi-dərviş mədəniyyəti, o cümlədən də aşıq sənəti və onun tərkib hissəsi olan aşıq ədəbiyyatı özünün tarixi müxalifət mücadiləsini tamamlayaraq mövcud iqtidarın - Səfəvi xanədanının diqqəti və himayəsi altında onun siyasi və ideoloji təbligatı liə bağlı genişmiqyaslı mədəni fəaliyyət həyata keçirməyə başladı. Əsasən XVI-XVIII yüzilliklər arasında gerçəkləşən bu sistemli fəaliyyət Azərbaycan-Səfəvi xanədanının timsalında milli dövlətçilik düşüncəsinin, hərbi-vətənçilik duyğusının, milli kimlik qürurunun, şərəfli tarixi keçmişə, ana torpağa, ana dilinə, vətən coğrafiyasına məhəbbətin gücləndirilməsi işinə böyük və təkrarsız fayda gətirdi. Məhz bu münbit zəmin və onun üzərində irəliləyən tarixi-mədəni proses aşıq ədəbiyyatı anlayışını, daha sonra isə onun Azərbaycan və Anadoludakı qaynar sənət həyatını ortaya çıxardı. Aşıq ədəbiyyatının görkəmli simaları və onların yaratdıqları möhtəşəm dastanlar, biri-birindən gözəl poetik əsərlər milli-mənəvi sərvətlərimizin qızıl səhifələrinə  çevrildilər. Şah İsmayıl Xətainin bu yönə yetirdiyi diqqət ondan sonrakı dönəmlərdə Şah Təhmasib, (hak. illəri: 1524-1576), Şah Abbas (hak. illəri: 1588-1629) kimi dəyərli dövlət adamları tərəfindən də davam etdirildi. İndinin özündə də canlı danışıq dilində gəzib-dolaşan "Aşıq el anasıdır", "Aşıq haqq aşığıdır", "Aşıq dilinə yasaq yoxdur", "Aşığa zaval yoxdur" qəbilindən çoxsaylı el deyimləri də əslində həmin dönəmlərdə aşığa və aşıq ədəbiyyatına olan yüksək səviyyəli münasibətin tarixi ifadəsidir.

Aşıqlar hərbi-siyasi və dövlət mərasimlərinin əsas ruhlandırıcı təbliğat vasitəsi kimi Səfəvilər xanədanının rəsmi tədbirlərində xüsusi yer alırdılar. Onlar bu mərasimlərdə ordu geyimində çıxış edirdilər. Dövlətçilik rəmzi olan ordu geyimini - hərbi libası hətta el-elat şadlıqlarında, toy-düyün yığnaqlarında əyinlərində daşıyan aşıqlar Səfəvilər dönəmindən sonrakı dövrlərdə də əyinlərindəki geyimi ənənəvi aşıq libası kimi uzun zaman qoruyub saxladılar. Aşıqdan, aşıq sənəti və ədəbiyyatından ruhlandırıcı təbliğat vasitəsi kimi Əfşarlar, Qacarlar xanədanlarının hakimiyyəti zamanında da geniş istifadə olunmuşdur. Bununla belə, Azərbaycan aşıq sənəti və onun yaratdığı ədəbiyyat məhz Səfəvilər epoxasında öz həyatının ən parlaq dönəmini yaşamışdır.

Aşıq ədəbiyyatında özündən əvvəlki ədəbi-tarixi ənənədən bir neçə istiqamətdə qaynaq kimi faydalanma özünü göstərir:

a) qam-şaman və ozan poetik qəliblərindən bəhrələnmə;

b) ozan epik ənənəsindən (oğuznaməçilik təcrübəsindən) faydalanma yolu ilə aşıq dastanlarının ərsəyə gətirilməsi;

c) klassik Şərq poetikası və divan ədəbiyyatına məxsus obraz, bədii fiqur  və şeir  biçimlərindən, eləcə də epik qəliblərdən istifadə olunması;

d) təsəvvüf  simvolikası və sufi-dərviş  fəlsəfəsindən  bəhrələnmə.

Sadalanan müddəaların ayrı-ayrılıqda açıqlamasına ciddi ehtiyac duymadan belə bir ümumiləşdirici qənaəti diqqət önündə saxlayaq ki, aşıq sənəti dolayı şəkildə olmuş olsa da, özünün sələfləri olan qam-şamanların və ozanların repertuarına məxsus bir çox poetik obraz və vasitələrdən yararlanaraq onlardan məqsədyönlü şəkildə istifadə etmişdir. "Dədə Qorqud"dakı ozan dilinə məxsus bədii-üslubi vasitələrlə Qurbani, Abbas Tufarqanlı və Aşıq Ələsgər kimi ustad aşıqların müraciət etdikləri poetik obrazlar arasında elə bir ciddi fərqin olmaması bunun əyani ifadəsidir. Təkcə "dağ" obrazına müraciətin "Dədə Qorqud" ozanının dilindəki poetik xitab çeşidləri ilə aşıq ədəbiyyatındakı "Dağlar" rədifli yüzlərlə şeirin tutuşdurulması bu baxımdan  yetərlidir.

Ozanların oğuznaməçilik təcrübəsi də aşıq dastançılığında epik ənənə olaraq öz davamını tapır. "Dədə Qorqud" boyları ilə "Koroğlu" qolları arasında bənzər tərəflər fərqli tərəflərdən qat-qat çoxdur. Bu tarixi-semantik bağları, xüsusən də epik təhkiyə tərzindəki oxşarlıqları "Dədə Qorqud" boylarından  xeyli sonra ərsəyə gələn "Aşıq Qərib", "Əsli və Kərəm", "Şah İsmayıl və Gülzar", "Tahir və Zöhrə" sırasından olan onlarla dastanın dil-üslub, təhkiyə tərzi və poetik sistemində də müşahidə etmək mümkündür.

Qam-şaman və ozan söyləmələrindən fərqli olaraq aşıq şeir və dastanlarında klassik Şərq poetikası və divan ədəbiyyatı ünsürlərinə də müraciət özünü göstərir. Burada obraz və bədii-üslubi vasitələrlə yanaşı, divan ədəbiyyatına məxsus şeir formalarına (divani, müxəmməs, qəzəl, rübai, müləmmə və s.) müraciətin müşahidə olunması da bu istiqamətin ayrıca bir qaynaq rolu oynadığını söyləməyə əsas verir.

Ümumən rəmzi-məcazi ifadə tərzinə meyilli olan aşıq ədəbiyyatında təsəvvüf simvolikası həmin istiqamətin əsas ağırlıq mərkəzi kimi çıxış edir. Klassik ustad aşıqların poetik irsində və orta çağ aşıq dastançılıq ənənəsində bu istiqamətin tarixi kökləri sufi - dərviş fəlsəfi sisteminə söykənir.

Göründüyü kimi, aşıq sənəti və onun ortaya çıxardığı möhtəşəm bədii ədəbiyyat çoxyönlü və çoxçeşidli tarixi-mənəvi qaynaqlara söykənir. Bununla belə, söykəndiyi tarixi-mənəvi qaynaqlardan yaradıcı şəkildə bəhrələnən aşıq ədəbiyyatı özünəməxsus və təkrarsız  özəlliklərə malikdir.

Aşıq ədəbiyyatı bütün başqa keyfiyyətləri ilə yanaşı birinci növbədə milli ədəbiyyat hadisəsidir. Öz metrik və melopoetik göstəricilərinə görə o nə şifahi xalq ədəbiyyatına, nə də yazılı divan ədəbiyyatına bənzəmir. O, türk etnik-mədəni sisteminin birbaşa özünə onun tarixi-genetik təbiətindən doğan xüsusi bir ədəbiyyat tipidir. Bu xüsusiliyi, ayrıcalığı şərtləndirən başlıca əlamətlər aşağıdakılardır:

1. Aşıq ədəbiyyatının dili istisnasız olaraq türkcədir. O, daşıdığı dilin təbiətindən, ruhundan, linqvo-poetik imkanlarından, melodik harmoniyasından doğan milli ədəbiyyat hadisəsidir. Müqayisə üçün xatırladaq ki, divan ədəbiyyatı şairlərinin böyük əksəriyyəti öz yaradıcılıqlarında  ana dilləri ilə yanaşı ərəb və fars dillərinin imkanlarından da geniş istifadə etmişlər. Aşıqlar isə başqa dilləri bildikləri halda belə  Abbas Tufarqanlı (Xəstə Qasım və Molla Cumanın ərəb və fars dillərini bilməsi məlumdur), ancaq öz ana dillərində - türkcə ədəbiyyat yaratmışlar.   

2.  Aşıq ədəbiyyatının əsas hissəsi müəlliflidir. Onun çox az  qismini anonim və ya bir başqa sözlə "xalq ədəbiyyatı" adlandırmaq olar. Aşıqların yaratdıqları poetik örnəklərin üzərində böyük əksəriyyətlə müəllif möhürü- təxəllüs olur. Şifahi şəkildə daşındığı üçün nə qədər variantlaşmaya məruzə qalıb-qalmamasından asılı olmayaraq, məhz bu keyfiyyət aşıq ədəbiyyatının anonimləşməsinə imkan vermir. Bir anlıq diqqət yetirək: XVI yüzilliyin divan şairi Məhəmməd Füzuli öz şeirlərinin "xalq ədəbiyyatı" olduğunu qəbul etmədiyi kimi, həmin dönəmin saz şairi Dirili Qurbani də düzüb-qoşduğu qoşma və gəraylıların "xalq ədəbiyyatı"  sayılmasına heç bir şəkildə razılıq verməzdi.

3. Aşıq ədəbiyyatı orta çağlardan üzü bəri ədəbi-estetik səciyyə baxımından iki mühüm axar üzərində hərəkət etmişdir. Əvvəlki dönəmdən-ozan ənənəsindən qəbul etdiyi gerçəkliyin təsvir və tərənnüm xətti (təbiətin və insan gözəlliyinin təsvir-tərənnümü, mərdlik, igidlik, halallıq kimi yüksək mənəvi keyfiyyətlərin, ibrətverici tarixi hadisələrin həyatı və fəlsəfi ümumiləşdirmələr yolu ilə təqdimi) və məcazi səciyyə daşıyan ürfani-təsəvvüf təbliğatına bağlı olan təriqət xətti.

Gördüyünü çağırmaq prinsipinə söykənən aşıq ədəbiyyatı hər hansı bir "izm"ə bağlı olub-olmamasının fərqinə varmadan üzü əski çağlardan bu günə kimi gerçəkçi-realist xətti özünün və sözünün (bədii sözünün!) diqqət mərkəzində saxlamışdır. Maraqlıdır ki, gerçəkçi xəttin XVIII əsr yazılı ədəbiyyatında təzahür edən Molla Pənah Vaqif görüntüsünü realizmin önü, ərəfəsi və ya "erkən realizm" kimi qəbul etdiyimiz halda, Vaqifin bir çox şeirlərində aşkar təsiri (hətta bir çox hallarda nəzirə səviyyəsində təsiri!) duyulan Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım və başqalarını bu ədəbi keyfiyyətə uyğun və sahib görmürük.  Halbuki həmin gerçəkçi keyfiyyətin ədəbiyyatın yazılı və ya şifahi təzahür etməsinin elə bir əhəmiyyəti yoxdur. Bu mənada Vaqifəqədərki aşıq ədəbiyyatı da öz gerçəkçi xətləri ilə ədəbiyyatda realizm problemini araşdıran  filoloji düşüncənin diqqətində dayanmalıdır.

XIX-XX yüzillikdə aşıq ədəbiyyatının gerçəkçi-realist yönü daha da güclənmiş, ürfani-təsəvvüf xətti isə tədricən sönməyə başlamışdır.

4. Aşıq ədəbiyyatı, xüsusən də aşıq poeziyası oğuz-türk mədəniyyətinə məxsus musiqi alətinin - sazın müşayiəti ilə təqdim olunan-yaranan, oxunan, ifa edilən bədii söz sənətidir. Bu səbəbdən də onların "saz şairi" adıyla çağırılması daha uyğundur. "Saz şairi" aşıq ədəbiyyatının əsas yaradıcı qüvvəsidir.

5. Aşıqların - saz şairlərinin düzüb-qoşduqları poetik mətnlər müəyyən saz havalarının melodik qəlibi üzərində biçimlənir. Qam-şaman və ozan dönəmində musiqi alətinin - qopuzun təkmil şəkildə olmaması onun melodiyalarında və bu melodik havaların müşayiəti ilə söylənən poetik mətnlərdə müəyyən bir detonə - nizamsızlıq olduğu bəlli bir gerçəklikdir. Qopuzla müqayisədə aşıq sazı daha mükəmməl ritmik və melodik imkanlara malik bir alət olduğu üçün melodiyada-saz havasında yaranan nizamlı biçim həmin ahəngin tələblərinə uyğun poetik mətnin- aşıq şeirinin ərsəyə gəlməsini şərtləndirmişdir. Saz havaları öz melodik qəlibləri etibarı ilə daha çox səkkizlik və on birlik ölçüsündə olduğu üçün poetik mətnlərin də həmin mizana uzlaşması şərt sayılır. Səkkizlik ölçüsündəki melopoetik mətnlər (gəraylılar) daha arxaik hesab olunur. Tarixi təkamül prosesi sadədən mürəkkəbə doğru getdiyindən qoşma qəlibi və onun üzərindəki şeir çeşidləri (on birliklər) səkkizlik ölçüsündəki melopoetik mətnlərdən xeyli sonra ərsəyə gəlmişdir. On birlik, yəni qoşma qəlibi üzərində olan saz havaları da səkkizlik ölçüsündəki saz havalarından sonrakı mərhələyə aiddir. Maraqlıdır ki, "Koroğlu" dastanındakı şeirlərin səksən faizi gəraylı, cəmi iyirmi faizi qoşmadır. Burası da diqqətçəkicidir ki, əldə olan on beşə qədər "Koroğlu havası"nın da əksəriyyəti səkkizlik ölçüsündədir. Qoşma qəlibinə uyğun gələn  havaların sayı isə cəmi iki-üçdür.

Sazın üç oxuma yeri (bəm, orta və zil) mövcud olduğundan aşıq şeirlərinin ən azından üç bənddən ibarət olması sənət normativi sayılır. Bəndlərin sayı  üçdən çox (beş, yeddi, səkkiz, on bir və s.) olduğu təqdirdə isə aşıq ifa üçün daha münasib olan üç vacib bəndi çalıb-oxuyur, digər bəndləri isə deklomativ yolla çatdırır.

6. Aşıq ədəbiyyatı nəsr və nəzm biçimində yaranır. Epik ənənənin əsas hissəsi dastanlarla təzahür etdiyindən bu mətn nəsr və nəzmin növbəli şəkildə biri-birini əvəz etməsi prinsipi üzərində qurulur. Qeyd etmək lazımdır ki, yazılı ədəbiyyatda nəsr və nəzm növbələşməsini əks etdirən müəyyən örnəklərə təsadüf olunsa da, bu keyfiyyət əsasən aşıq dastançılığına məxsusdur. Aşıqların yaratdıqları və söylədikləri epik mətnlər canlı xalq danışıq üslubu ilə aşığın özünün fərdi təhkiyə tərzinin sintezindən ibarət olur. Burada sırf aşıq dilinə və üslubuna xas olan təhkiyə elementlərini, bədii təsvir vasitələrini və keçid formullarını da ayrıca qeyd etmək lazım gəlir.

7. Aşıq ədəbiyyatının poetik mətnlərində türk dilinin akustik və melodik təbiətinə uyğun olaraq heca vəzni aparıcı mövqeyə malikdir. Divan ədəbiyyatından gələn divani və müxəmməs kimi şeir şəkilləri isə əruz vəznindədir. Əslində, buradakı əruz vəzni də bir xeyli dərəcədə heca təmayüllüdür. Buna görə də divan şairlərinin qələmə aldıqları müxəmməs və divanilərlə aşıqların-saz şairlərinin düzüb-qoşduqları eyni şeir biçimləri arasında xeyli fərqin olduğunu asanlıqla müəyyənləşdirmək mümkündür. Saz havasının melodik biçimlərindən gələn ritmik dinamika aşıq divani və müxəmməslərinə ərəb-fars tərkiblərinin fəal müdaxilə etməsi imkanının qarşısını alır.

8. Aşıq ədəbiyyatını yaradan sənətkarlar bədahətən şeir söyləmək qabiliyyətinə, yüksək bədii zövqə, dərin sənət biliyinə, şəriət və təsəvvüf elmi ilə bağlı mükəmməl təsəvvürlərə malik elm və fəzilət sahibləri olmuş, dərin elm və hikmət sahibləri kimi tanınmışlar. Xəstə Qasım (Molla Qasım), Abdalgülablı Valeh, Şəmkirli Hüseyn,  Molla Cümə,  Növrəs İman, Aşıq Şəmşir və bir çox başqa ustadların yazıb-oxuması barədə çoxsaylı faktların olmasına baxmayaraq, bütün yaradıcı-ustad aşıqları ümumən savadlı saymaq lazımdır. Yazı yaza bilmək savad göstəricisi sayıla bilməz. Aşıq  Ələsgər yazı yazmağı bilməsə də şeirlərindəki fəlsəfi mükalimə və dərin ümumiləşdirmələrlə istənilən "savad" sahibini heyrətdə buraxmaq gücündə olan istedadlı sənətkardır.

9. Aşıq ədəbiyyatı bir sıra əlamətləri ilə şifahi xalq ədəbiyyatını (sözlü-şifahi səciyyə daşıması və çoxvariantlı mətnlər şəklində mövcudluğu ilə) xatırlatsa və bir çox örnəklərinin müəllifli olması, hətta bir sıra hallarda müəllifin birbaşa özü tərəfindən (Xəstə Qasım, Molla Cümə, Ağdabanlı Qurban, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və b.) yazılması faktına görə yazılı ədəbiyyata yaxınlaşsa da, o nə şifahi xalq ədəbiyyatına, nə də yazılı ədəbiyyata daxil deyildir. Onu bu ədəbiyyat şəkilləri arasında keçid hadisəsi də hesab etmək olmaz. Daşıdığı əlamətlər aşıq ədəbiyyatını türk ədəbiyyatının xüsusi-ayrıca bir tipi kimi  səciyyələndirir.

10. Aşıq ədəbiyyatının daşınmasında əsas vəzifəni xalqın ümumi yaddaşı deyil, peşəkar-professional sənət adamları - aşıqlar özləri və onların ardıcılları yerinə yetirirlər. Bu zəngin söz sərvətinin həcmi minlərlə şeir və yüzlərlə dastandan ibarət olduğu üçün onun nəsildən-nəslə, yüzildən-yüzilə ötürülməsi  işi ilə güclü və tutumlu yaddaş imkanına malik olan peşəkar aşıqlar məşğul ola bilmişlər.

11.  Aşıq ədəbiyyatının yaranması daha çox aşıqların özləri ilə bağlı olsa da, peşəkar aşıqlara ruhən yaxın olan söz-sənət adamları, elat içərisindən çıxmış istedadlı şairlər, sinədəftər söz sərrafları da bu yöndəki bədii sərvətin miqyas genişliyi qazanmasında əhəmiyyətli rol oynamışdır. Zaman-zaman bir çox görkəmli yazılı ədəbiyyat nümayəndələri Xətai, Vaqif, Vidadi, Zakir, Nəbati, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif, Məstan Günər,  Hüseyn Kürdoğlu,  Məmməd Aslan, Zəlimxan Yaqub və b. da aşıq ədəbiyyatını öz qoşma və gəraylları ilə zənginləşdirmişlər.

12. Azərbaycan və Anadolu aşıq ədəbiyyatına xas səciyyəvi keyfiyyətləri ümumtürk arealında mövcud olan türkmən və özbək baxşı ədəbiyyatında, qazax akın ədəbiyyatında, qırğız jomokçu ədəbiyyatında, altay xayçı ədəbiyyatında, saxa-yakut olonxoçu ədəbiyyatında da müşahidə etmək mümkündür.

Sadalanan keyfiyyətlər aşıq ədəbiyyatını bənzərsiz milli və tarixi özəlliyə malik olan, elə həmin səciyyəyə görə də ayrıca ədəbiyyat tipi adını daşımağa haqqı çatan mənəvi  sərvət kimi qəbul etməyi zərurətə çevirir.

 

Məhərrəm QASIMLI 
əməkdar elm xadimi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!