Öldürəndə də beləsini öldürəsən... - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

Tarixə düşmək yəqin ki, çoxlarının arzusudur. Fəqət tarixə düşməyin də dürlü-dürlü yolları, fərqli qaydaları, üsulları var: Elə adam var ki, tarixə ölü torpağa düşən kimi "düşür" - sanki yıxılıb qalır "tarixdə". Elə adam da var ki, tarixdə əbədi yaşayır, orada öz doğmaca evindəki sayaq "ömür edir". Onun varlığının nəbzi müdam tarixin gedişatı ilə həmahəng döyünür, yaratdıqları hər dövrün çağırışları ilə bərabər təzələnir, sözün yaxşı mənasında, zamanla ayaqlaşır. Görünür, tarixin yaddaş kartı limitsizdir. Bu sonsuz yaddaş içərisində ölülərə də yer var, dirilərə də...

İndi isə keçək dünyanın böyük şairlərindən biri Nazim Hikmətin başına gələnlər kontekstində tarixə düşmək məsələsinə...

Nazim Hikmət Bursa həbsxanasında olanda üç avaranı narkotik alveri üstündə həbs ediblərmiş. İçəridə də dinc dayanmadıqları üçün onları cəzaçəkmə məntəqəsinin yuxarısında yerləşən "karsa" salıblarmış. Amma iştaha hər zaman diş altındadır: "ağ ölüm alverçiləri"ni şöhrət hissi bərk çulğayıbmış. Dünyanın işinə baxın ki, onlar "adi cinayət" üstündə tutulmaqlarının xiffətini edirlərmiş. İstəyirmişlər ki, yamanlıq lövhəsinə adlarını qızıl hərflərlə həkk etdirsinlər. Ona görə də öz aralarında mənfur bir plan quraraq şirin-şirin söhbət edirlərmiş. Söhbət zamanı həbsxananın həyətində var-gəl edə-edə şeir yazan Nazim Hikməti nişan verərək danışırlarmış ki:

- "Bunu görürsənmi, bunu? Bu adamın adı, vallah, tarixə düşəcək...".

- Əlbəttə, düşəcək, kəlləli adamdı, oxuyub...

- Bilirsən, ağlıma nə gəlir? Bir dəli şeytan deyir dur, öldür bunu... Hə, nə deyirsən, adam öldürəndə də, gərək, belə adam öldürəsən e... Yoxsa bizim kimi; Bir parabeyni öldürürük, ondan sonra bu qazamatda yat ki yatasan. Amma bunu öldürsən, bütün dünya qəzetləri səndən yazacaq, - adın tarixə düşəcək".

Nazim Hikmət isə bu söhbətdən xəbərsizcə - həbsxananın həyətində gəzə-gəzə "Məmləkətimdən insan mənzərələri" adlı əsərini yazırmış. Nazim sadə türkiyəli insanın obrazını poetikləşdirmək üçün baş sındırır, ürək əridirmiş, lakin bilmirmiş ki, şeirlərində talelərini, varlıqlarını yerbəyer etmək istədiyi sadə insanlar onu ölüm səfərinə hazırlayır - canını almaq üçün min bir tədbir tökürlər...

Sonra bu söhbətin "qulaq şahidləri" eşitdiklərini Nazim Hikmətə necə lazımdır çatdırırlar. Şairə tapşırırlar ki, ehtiyatını əldən vermə, itlə yoldaş ol, amma ağacını da əlindən yerə qoyma.

Lakin sən saydığını say, gör fələk nə sayır: iş elə gətirir ki, həmin üç narkotacir yenə də türmədə qarğaşa salırlar deyə, bir neçə gün sonra onlar Anadolunun başqa həbsxanasına "sürgün" edilirlər. Üçü də bir neçə gün sonra getdikləri yerdə dillərini dinc qoymayıb dava etdikləri üçün bıçaqlanaraq öldürülürlər. Həmin üç məhbusun qətlı xəbəri Nazim olan həbsxanaya da gəlib çatır, böyük şair bu qara xəbərdən hamıdan daha artıq pis olur, bu hadisənin sorağından uzun müddət heç cür toxtaqlıq tapa bilmir.

Bəs Nazim Hikmət nə üçün ovuna, sakitləşə bilmir?

Axı hansı insan istəməz ki, cəlladının başı onun ölümündən əvvəl kəsilsin? Əlbəttə, əksəriyyət bunu arzulayar. Fəqət N.Hikmət başqa aləmin adamı idi, gərək bu həlləm-qəlləm dünyanın əksər insanları ilə onu çaş salmayaq. Ustad sənətkar düşünürmüş ki, taleyə bax, ov etmək istəyənlər özləri ovalandılar - əlini qana bulamaq fikrinə düşənlərin özləri al qanlarına qəltan oldular...

Nazim dünyanın bu cür dolaşıq gərdişinə görə, insanın arzularını puç etməkdə mahir olan fələyin rişxəndi ucbatından özünü ələ ala, rahatlıq tapa bilmirmiş.

Görünür, ata-babalarımızın dediyi həqiqət bu məqamda da qaçılmaz imiş: "Niyyətin hara, mənzilin ora". Beləcə, həmin üç məhbus da arzuladıqları kimi tarixə düşüb, dolayısı ilə də olsa arzularına çatıblar.

Nazimin "Məmləkətimdən insan mənzərələri" - o poetik nümunələrlə bağlı tarixçə yaddaşlarda yaşadıqca, o şeirlər silsiləsi diqqətlə oxunduqca, onların fonunda bu üç insanın da varlığı duyulacaq, mənəvi "kölgələri" görünüb itəcək. Deməli, onlar da tarixə düşüblər, özü də planlaşdırdıqlarından fərqli olaraq, əlləri qana batmadan, günahlarına bir özgə günah yükü qalamadan?

Soruşan lazımdır ki, bəs Nazim Hikmət necə, o da öz arzusuna çatıbmı?

Olmaya o böyük şairin də həmin şeiri yazarkən könlündə qönçələnən duyğular pardaqlanıb açılıb?!

Bəli, ustad şair kamına yetişib, arzusuna istədiyindən də artıq çatıb.

Çünki N.Hikmət "Məmləkətimdən insan mənzərələri"ni yazanda unudulmaz həmvətənlərin surətlərini, obrazlarını əbədiyaşar etmək düşüncəsində, məramında idi.

"Məmləkətimdən insan mənzərələri"ni kağıza köçürəndə N.Hikmət öz kimliyini kənara qoyaraq başqalarının varlığını möhtəşəm poeziyasının mövzusuna, məna qayəsinə çevirmişdi. Fəqət həmvətənləri - o üç məhbus da yaratdıqları xırda bir xatirə ilə görkəmli şairin bütöv şəxsiyyətinin əbədi surətini yaratdı.

Dediyim kimi, bu şeirləri yazmaqda Nazimin başlıca məqsədi sadə insanları, onların tale hekayətlərini qələmə almaq idi. Ancaq o şeirlərdən kənarda sadə insanların - üç məhbusun tale tarixçəsi də yazılırdı axı...

Nazimin bu şeiri yazmaq barədəki fikirlərini ustad nasir Kamal Tahirə ünvanladığı məktubunda aydın ifadə edirdi:

- "İstəyirəm ki, oxucu 12 min misranı oxuyub bitirəndən sonra gurhagur qaynayan bir məhşərdən keçsin".

- "İstəyirəm ki, haradan gəlib, harada olduğunu və hara getdiyi sualına insanlar mənim meydanımda ən yüksək şəkildə cavab verilsin".

 

***

Ömür yolu vaxtsız qırılmış, qeyri-adi poetik dil və təfəkkür sahibi, unudulmaz türkiyəli şairə Didəm Madak şeir yazmağın onun üçün vacib olduğunu xatırlayarkən yaradıcılıq amalını belə dilə gətirirdi: "Nə üçün şeir yazmağa başladığımı düşünəndə bunun səbəbini anladım. Həmin vaxt şeir mənə hər kəsdən və hər şeydən daha çox azadlıq vəd edirdi".

Necə də munis bir izah, dərin bir haqqazandırmadır...

Bəlkə də, ədibləri Didəm Madakın yazı meyarına əsaslanaraq iki yerə bölmək olar: Ədəbiyyatın vəd etdiyi azadlığa inanıb yazanlar və ədəbiyyatın vəd etdiyi azadlıqdan yayınıb qələm bəhrələri yaradanlar. N.Hikmət birincilərdən idi...

Elə şair, elə yazıçı var ki, o qələmə aldıqları ilə, əslində, öz azadlığını buxovlayır, məhdudluğunun miqyasını daha da genişləndirir. Ədəbiyyatın azadlığını öz azadlığına uyğunlaşdırmaq istəyənlər tarixə düşəndə də orada "rahat yaşaya", asudəcə var ola bilmirlər. Lakin yazdıqları ilə öz azadlığını ədəbiyyatın azadlığına qovuşduranlar zaman keçdikcə, hər zaman qarşımızda öz möhtəşəm, sarsılmaz varlıqları ilə daha məğrur, əzəmətli, vüqarlı dayanırlar...

N.Hikmət həbsdə qətlə yetirilmək sorağını alanda özünü itirmədi, əl-haya düşmədi, həyatdan beşəlli yapışmaq üçün dağa-daşa düşmədi. Çünki yazdıqları ilə ədəbiyyatın azadlığına qovuşmuşdu deyə, dünyadan əbədi ayrılacağının anonsu, təhlükəsi onu ürkütmürdü, gözünün odunu ala bilmirdi. Onun azadlığının iradi gücü sayəsində idi ki, potensial cəlladlarının ölüm xəbəri belə N.Hikməti sarsıdır kədərləndirirdi...

N.Hikmət ədəbiyyatın azadlığına elə qapılmışdı ki, o sadə insanları, başı bəlalar çəkən məhbusları, alın təri ən gözəl zinətləri olan kəndliləri daim ətrafında görmək istəyirdi, nəinki yüksək vəzifə, mənsəb sahiblərini. Əbu Həmid əl-Qəzali "Səadət-iksiri" əsərində yazır ki: "Hər kimin ki qəlbində daim yüksək rütbəlilərlə görüşmək, müdam onların əhatəsində olmaq ehtirası varsa, deməli, onun könlündə iman nuru yoxdur". Nazim Hikmətin könlü sadə, kasıb insanları görmək, onların dərdlərini qələmə almaq istəyi ilə, onlar haqqında yazmaq eşqi ilə, bir sözlə, ədəbiyyatın iman nuru ilə dolu idi. İman isə elə Allahın bəxş etdiyi ən böyük könül azadlığı deyilmi?!

Ona görə də sadə insanlardan gələcək təhlükədən yayınmaq Nazim Hikmətin eyninə də deyildi. O, ətrafındakı təhlükədən, sadə insanlardan toxunacaq xətərdən sovuşmaq istəsəydi, gərək "Məmləkətimdən insan mənzərələri" də yazılmaya, - doğulmaya, elə könlündəcə - "bətnindəcə" öləydi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!