Həmin gün sanki bütün yollar-rizlər Şuşaya aparırdı. Gözümüzü yola dikmişdik. Avtobusumuz irəlilədikcə Xocavəndin ərazisi başlayır. Bələdçimiz bildirir ki, solda Çinəvuz, Məmməddərəsi kəndləridir. Bir qədər qalxandan sonra yolumuz məşhur Tuğ kəndinin 700 kilometrliyindən keçir. Şuşanın ərazicə ən böyük olan Tağ kəndinin içindən, sonra tarixi Azıx mağarasının yanından, Çanaqçı və Sığnaq kəndlərindən keçirik. Sağ tərəfdə aralıdan Topxana meşəsi görünür. Sığnaq və Çanaqçıdan İsa bulağına enmək mümkündür, amma hazırda bu yola rus sülhməramlıları nəzarət edir. Yaxşı ki, ürəkaçan bir məsələni öyrəndik: İsa bulağına Şuşaya girmədən getmək üçün indi bir tunel çəkilməkdədir.
Qarşılaşdığımız lövhədə Şuşakənd və Muxtarkəndin adlarını oxuyuruq. Xocavənd, Xocalı, Şuşa polis postlarını ötüb-keçirik. Qarşıda daha iki polis postumuzun olduğunu söyləyirlər.
Daşaltıya yaxınlaşanda soldan böyük Kirs dağı görünür. Nədənsə, Daşaltı adı çəkiləndə həm də kədərli hadisələr yada düşür. 1992-ci il yanvar ayının 26-da Daşaltıda baş tutan başıbəlalı döyüş əməliyyatı öncəsi hərbi sirr xaincəsinə yayılmışdı. Bu üzdən əməliyyat uğursuzluqla nəticələnmiş, xeyli itki vermişdik. Əslən şuşalı olan yol yoldaşımız, tanınmış şair-publisist, həm də Birinci Qarabağ müharibəsində doğma şəhərinin müdafiəsi üçün odlu cəbhələrə atılmış Kərim Kərimli söylədi ki, Daşaltıda şəhid olanlar arasında 15 şuşalı əsgər də vardı. Az sonra onların bir neçəsinin nəşini düşmən tərəfdən geri almaq mümkün olmuşdu. Şuşa alınandan sonra isə Daşaltıdan vaxtilə döyüş əməliyyatında şəhid olanların qalıqları aşkar olunaraq götürülmüşdü.
2020-ci il oktyabrın sonu və noyabrın ilk günləri isə yurdumuzun Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan əsgəri Daşaltını azad edərək Şuşaya daxil oldu. Qarabağın tacı olan Şuşanın işğal edilməsi ilə 30 illik həsrətə son qoyuldu. İndi fəxrlə demək olar ki, vaxtilə hərb tariximizə adı qara hərflərlə yazılmış Daşaltı 2020-ci il noyabrın 8-də qazanılan möhtəşəm Zəfərin ilk şahidi idi.
Şuşaya aparan yolun bir özəlliyi də var: hər döngədən sonra düşünürsən ki, yəqin, indi bitəcək, amma növbəti dolama başlayır. Şəhərə daxil olanda hiss edirsən ki, bəli, Şuşadasan, tərtəmiz, saf hava ruhunu oxşayır. Bu, o məqamdır ki, ölməz şairimiz Səməd Vurğun həmin məkana yetişəndə bədahətən bu misraları dilə gətirmişdi:
Qoynuna girməyə qalmışdı bir az,
Könlüm qanadlanıb eylədi pərvaz.
Ölməyib hüsnünü görəydim hər yaz,
Səndə vardır özgə lətafət, Şuşa!
Artıq Şuşaya çatırıq. Ətraf ərazilərə nisbətən xeyli hündürdə, dəniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən, düzənlikdən dik yamaclarla ayrılan Şuşa platosu göz önündədir. Bu unikal şəhər hər tərəfdən uzun dərələrlə, daha yuxarılarda isə Kirs, Qırxqız, Bağrıqan, Murov və Sarıbaba dağları ilə əhatə olunub. Şəhərə daxil olanda sağda Şor bulağı və hələ işğaldan üç il əvvəl istifadəyə verilmiş doqquzmərtəbəli yaşayış binaları diqqəti çəkir. Keçmiş radiozavodun, "Şəfa" turizm bazasının ermənilər tərəfindən dağıdılmış binaları isə ürəkağrıdan mənzərə yaradır. Qızılqayada yerləşən televiziya mərkəzi və teleqüllə, Dəvəbatıran gölü, mamırlı qayalardan süzülən Çətir şəlaləsi, üzüaşağıya doğru Şamlıq, Xəznə qayası, Ağzıyastı kaha və nəhəng horizontal düzənlik - Cıdır düzü görünür.
Şuşanın cəmi dörd-beş evi olan, adı xəritəyə düşməyən kiçik kəndləri də var. Bərpa olunan siyahıda isə Şuşanın qırx kəndinin adı qeyd olunub. Qarqarçayın sahilində yerləşən, işğaldan əvvəl 4 min əhalisi olan Malıbəyli kəndi rayonun ən böyük təsərrüfatı sayılan taxılçılıq, tərəvəzçilik və maldarlıq sovxozu ilə məşhur idi. Soldan diqqəti cəlb edən Turşsu qəsəbəsi Şuşanın on səkkiz kilometrliyində yerləşir. Zarıslı kəndi isə gözəl təamlar bişirən kulinarlar məkanı kimi tanınır.
Şuşanın alt kəndləri, habelə cəsur həmkarımız, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın adını daşıyan Salatınkənd indi rus sülhməramlılarının nəzarətindədir. Vaxtilə bu kəndin girəcəyində qoyulmuş, gözümüzü sevindirən, "Salatınkənd" yazılmış lövhənin yenidən vurulacağı gün isə uzaqda deyil.
Bu məkan həm də qəhrəmanlar diyarıdır. Qarabağın füsunkar guşələrində doğulmuş neçə igid oğul qanlı müharibə ilə üz-üzə qaldığımız illərdə silaha sarılıb. Düşmənlə ölüm-dirim savaşına qalxan Şuşa ərənləri torpaq uğrunda canını fəda etmiş Ramiz Qənbərovla, Şirin Mirzəyevlə (şuşalıdır, sonralar Ağdamda yaşayıb və bu şəhərin müdafiəsi üçün göstərdiyi şücaət dillər əzbəridir) və onların cəsur silahdaşları ilə fəxr edirlər. Təsadüfi deyil ki, Şuşanın Xəlfəli, Mirzələr və Quşçular kəndlərini igidlər oylağı adlandırırlar. Yuxarıda Mərzili dərəsi deyilən bir döngə, sağ tərəfdə, aşağıda Cəmilli, bir qədər solda isə Kosalar kəndi görünür. Cəsarəti, dönməzliyi ilə ad qazanmış qəhrəman Ramiz Qənbərov 1992-ci il aprelin 29-da qanlı döyüşlər zamanı Kosalar və Kərkicahan kəndlərinin yuxarısındakı meşədə ağır yaralanmışdı. Şuşa hospitalında əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmadı.
Cıdır düzü füsunkar bir seyrəngahdır. Ölməz şairimiz Molla Pənah Vaqifin məqbərəsinin yanından ötüb bu seyrəngaha çıxan kimi yol özü səni gözəl mənzərəli Topxana meşəsinə tərəf çəkir. Bu nəhəng çəmənlik solda Xankəndinə tərəf, sağda isə təxminən iki yüz metr aşağıdan axan Daşaltı çayına və eyniadlı dərəyə baxır. Cıdır düzünün kənarındakı sıldırımlı cığır səni təbii quruluşlu Qırxpilləkənə, Daşaltı dərəsinə və Xan marağasına aparır. Heyif ki, ermənilər bu unikal mağaranı 1992-ci ildə dağıdıblar. Cıdır düzünə qalxanda Şuşanın indi intəhasız azadlığa qovuşduğunu bir daha sövq-təbii duyurdum. Cığırlarla gəzişir, rəngarəng çöl çiçəklərinin, şehli otların ayaq altda tapdanmasına qıymırdım. Ağ, sarı, çəhrayı, bənövşəyi ləçəkləri könül oxşayan bu çiçəkləri seyr etməyi gör nə qədər arzulamışdım... Bağladığım gül dəstəsinin rayihəsini tutiyatək içimə çəkirdim. Gözüm nəhayətsiz çəmənliyin hər guşəsində Xarıbülbül axtarırdı. Erkən yazda boy verən bu bənzərsiz çöllər gözəlinə isti bir yay günündə, təbii ki, əlimiz yetməyəcəkdi.
Sən demə, qarşıda heç güman etmədiyim bir sürpriz də varmış. Cıdır düzünün daha hündür qayalarına qalxıb çiçək toplayan gənc qızlardan biri aşağıya enib, əlində tutduğu bir qom Xarıbülbüldən ikisini mənə bağışladı. Özümü saxlaya bilməyib uca səslə:
- Bu nə bəxşiş, nə peşkəşdir, görəsən? Sözün əsl mənasında Allahın lütfüdür! Nə yaxşı tapdınız bu ilahi çiçəkləri. Yəqin, qaya dibində, kölgəlikdə bitib bu cənnət nişanələri!
Yurd nisgilli ürəklər üçün möcüzəyə, əfsanəyə çevrilmiş bu bənzərsiz çiçəkləri bağrıma basıb, əzizləyə-əzizləyə yoxuşu endim. Avtobusumuza çatanda Bakıdan Şuşayadək söhbətləşdiyim, özü barəsində "mən əsl qalalıyam" deyən Könül xanımla qarşılaşdım. Bayaqdan deyib-gülən, ata yurduna qədəm qoyacağı anı gözləyən bu qadının yaz buludu kimi dolub-boşaldığı çöhrəsindən bəlliydi. Bir qıça Xarıbülbülü ona verəndə titrək səslə:
- İnanırdım ki, bu gözəlliyə yenidən qovuşacağıq, İlahi, - dedi.
Uzun illər həsrətində olduğu yurd yerinə qədəm basanların tükənməz sevincini, həm də həyəcanını bir görsəydiniz... Şuşaya səfər edənlərin əksəriyyəti, orta və yaşlı nəslə mənsub insanlar xeyli duyğusal görünürdü. Onların hiss və həyəcanı kükrəyib daşırdı. Hər kəs Şuşa ilə bağlı xatirələrini danışır, bu şəhərin indiki durumunu əvvəlki illərlə müqayisə edir, azğın düşməni lənətləyirdi. Şuşanı ilk dəfə görən gənclər də sevincdən az qala qanad taxmışdı. Erkən yaşlarında Şuşanı tərk etmək məcburiyyətində qalmış Könül Əhmədova otuz illik ayrılıqdan sonra doğma şəhərini gördüyü üçün çox qürurluydu. Buna baxmayaraq, hisslərini bölüşərkən sevinc dolu göz yaşlarını saxlaya bilmirdi:
- Azad Şuşamızı ziyarət etdiyimizə görə xoşbəxtəm. Bura birlikdə gəldiyim qızım Mətanət (Memarlıq və İncəsənət Universitetinin tələbəsidir) ata-anasının doğulduğu cənnət məkanı ilk dəfədir görür və gözəlliyinə heyrandır. Qarabağın tacı olan bu müqəddəs torpağa ayağımız dəyən kimi, ilk növbədə, doğulduğum evi axtardım. Qasımbəy Zakir küçəsində, keçmiş avtovağzalın yanında, ikimərtəbəli evdə yaşayırdıq. Evimizi yerində görəndə mənə sanki dünyanı verdilər. Qapımıza ANAMA-nın belə bir lövhəsi vurulmuşdu: "Yoxlanılıb, mina yoxdur". Ürəklənib həyətimizə girdim. "Kim var burda?" - deyə soruşanda qapısı açıq otaqdan hərbi geyimli bir neçə gənc çölə çıxdı. Vaxtilə bu evdə yaşadığımı biləndə məni doğma anaları kimi dövrəyə aldılar. Sonra isə ağac kölgəsində əsgər çayına qonaq elədilər. Həyətimizdəki meyvə ağacları bar gətirmişdi. Qapımızda səliqə-sahman vardı, adam boyuna çatmış şahşəvəl, ot-ələf, yaxşı ki, biçilmişdi. Erməni quldurlar evimizin üst mərtəbəsindəki tavanı, qapı-pəncərələri söküb aparmışdı. Birinci mərtəbədəki otaqlar salamat qaldığından, hazırda orada hərbçilərimiz yaşayır. Atam İsa kişinin vaxtilə həyətimizə çəkdirdiyi bulaq suyundan doyunca içdik. Heyif, atam Şuşanı görə bilmədi.
Səfər yoldaşım, təbii ki, uşaqlıq və gənclik çağlarını xatırlayır. 90-cı illərin qanlı-qadalı hadisələri gözü önündə canlanır:
- Kərkicahan, Cəmilli və Kosalar kəndlərində erməni millətçilərinin törətdiyi qətl-qarətlərdən, təxribatlardan cana doymuşduq. Hər addımda erməni yaramazlığı ilə qarşılaşırdıq. Xankəndi Pedaqoji Texnikumuna sənəd verib qəbul imtahanlarına qatılsam da, arzuma çata bilmədim: bədnam qonşuların ayrı-seçkiliyi öz işini gördü. Şuşadakı 3 nömrəli toxuculuq sexində işə başladım. Qarabağ müharibəsi artıq alovlanmışdı. 1991-ci ilin qanlı yanvar günündə jurnalist Salatın Əsgərovanın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı acı bir xəbər eşitdik. Qardaşımla birgə Qaladərəsinə yollandıq. Şuşalılar hadisə yerinə axışmışdı. Şəhid olmuş bacımızı Yuxarı Gövhərağa məscidinə apardılar, sonra isə Şuşa Rayon Mədəniyyət Evində onunla vida mərasimi keçirildi. Cəsur jurnalist Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Şuşanın başı üstündəki qara buludlar getdikcə daha da sıxlaşırdı. Kirs dağında ağır döyüşlər gedir, düşmən şəhəri fasiləsiz bombalayırdı. Şuşanın işğalı zamanı bizim ailə də şəhəri tərk etdi. Ağcabədinin Boyat kəndində bir neçə ay qalandan sonra Bakıdakı yataqxanaların birində məskunlaşdıq. Şuşalı gənc xanım Gəncədə ali təhsil alıb yenidən Bakıya qayıtmış, M.F.Axundov adına Milli Kitabxanada işə başlamışdı. O illərdə Mədəniyyət naziri işləmiş Polad Bülbüloğlu Könüllə yanaşı, köçkünlük həyatı yaşayan daha bir neçə gənc mütəxəssisin işlə təmin edilməsində yardımçı olmuşdu.
Çox təsirli həyat hekayəsini mənimlə bölüşən Könül xanımın həyat yoldaşı, Azərbaycan Televiziya və Radio Mərkəzində mühəndis işləyən Elçin Əhmədov isə Şuşanın Allahqulular kəndində doğulub. O deyir ki, "uzun illər doğma yurd yerinin həsrəti ilə çırpındıq. Ailəm didərginliyin acısını yaşadı. Səsimiz-ünümüz bu qovğanı törədənlərin arxa-dayağı olan güc dövlətlərinə yetişmədi. Yurd intizarında inləyən ahıllarımız, qocalarımız içdən qovrula-qovrula yaşadılar. Axar-baxarlı kəndimiz ilk əvvəllər yuxularıma gəlirdi. Dağda-dərədə köhlən atımı çapmağım, yaşıdlarımla bəhsəbəhs yarışmağım gəncliyimin xoş anlarıdır. Unudulmayan başqa şeylər də var. Yanan ocaqları söndürən, dinc insanların ümidlərini qılınclayan, gülüstanı viranəyə çevirən iblis xislətli erməni millətçilərinin torpaqlarımızda at oynatması, törətdiyi saysız-hesabsız vəhşiliklər".
Artıq hər şey geridə qalıb, xain ermənilər layiq olduqları cavabı alıblar. Qalibiyyət savaşımız düşmənin başının əzilməsi ilə nəticələnib. Sərhədlərimizi öz süngüləriylə cızan igid oğullarımız, rəşadətli əsgər və zabitlərimiz mənfur işğalçıya yerini göstərib. İndi Şuşamızda azad gəziriksə, abadlıq-quruculuq işləri aparılırsa, bütün bunlar böyük Zəfərin bizə bəxş etdiyi gerçəklikdir.
Şuşada doğulmuş Asif Quliyev doğma şəhərinə həyat yoldaşı Yeganə xanım və kiçik qızlarıyla gəlmişdi. Səfər yoldaşlarımızın Şuşa təəssüratını dinləmək maraqlıydı. Şuşamızın yaralarının tədricən sağalmasına sevinən Asif qardaşımız deyir ki, "indi Qarabağda asudə gəzib-dolandığımız üçün canını-qanını yurduna fəda edən şəhidlərimizə və igid qazilərimizə borcluyuq. Onların hünəri, qalibiyyətli döyüşləri utanc hissini, başımızın üstündə asılmış xəcalət sindromunu dağıtdı. 44 günlük Zəfər savaşımızın yaratdığı vəhdət və həmrəyliyi daim qoruyub saxlamalıyıq".
Asif Quliyev gənclik illərində Xanqızı bulağı ilə üzbəüzdə yerləşən mülkdə yaşayıb. Şuşa hücuma məruz qalanda düşmən onların evini "Qrad"la vurmuşdu. Evin tavanı büsbütün uçmuş, iki otaq dağılmış, yaxşı ki, ailələri fəlakətdən qurtulmuşdu.
- Təbii ki, elə əvvəlki görkəmdə qalan yarıuçuq evimizə girə bilmədik, - A.Quliyev sözünə davam edir. - Vaxtilə "Qarabağ" otelinin ətrafındakı Güllü bağda ailəvi istirahət edərdik. Böyük qızımız iki yaşında olarkən onunla həmin bağda xatirə şəklimiz var. Bakıda doğulan ikinci qızımız indi Şuşada bizimlə çəkdirdiyi və xarici ölkədə yaşayan bacısına göndərdiyi şəklin üzərinə bu sözləri yazıb: "Məkan həmin məkandır - otuz ildən sonra Güllü bağda".
Yeganə xanım isə Qızılqaya ilə bağlı xatirələrini dilə gətirdi. Uşaqlıq illərində oyun zamanı dostları ilə birgə üzünü Qızılqayaya tutub: "Qızılqaya, səndə qızıl var?" - deyə soruşduqlarını, "Var, var" əks-sədasını eşitdiklərini elə maraqla nəql edirdi ki... O, yeniyetməlik çağlarında rəfiqələri ilə birlikdə Cıdır düzündən çiçək dərib tellərinə düzdükləri qayğısız günlərdən söz açdı, ötənlərə qayıdıb ağrı-acılı hadisələri də yad etdiklərini söylədi. Əmisi oğlu igid Ramiz Qənbərovun Şuşanın müdafiəsi üçün şücaət göstərdiyini, təəssüf ki, işğaldan bir həftə öncə qanlı döyüşlərdə şəhid olduğunu vurğuladı. Yeganə xanım qəhrəman Ramizin silahdaşları ilə birgə Cıdır düzündə salınmış Şəhidlər xiyabanında dəfn olunduğunu titrək səslə danışırdı.
Yeganə xanım daha sonra bildirdi ki, doğulduğu ikimərtəbəli mülk işğaldan əvvəl Mehmandarov küçəsində, peşə məktəbinin yaxınlığında yerləşirdi. Ürəkaçan Şuşa ziyalısı, ali tibb təhsili almış ilk azərbaycanlılardan olan Kərim bəy Mehmandarov və onun həyat yoldaşı Zərri xanım Qacarın vaxtilə həmin ərazidə yaşadığı malikanə hazırda təmir olunmaqdadır. Yeri gəlmişkən deyim ki, Qarabağda ad-san qazanmış həkim Kərim bəy məşhur Mehmandarovlar nəslindəndir. O həm də dəyərli fəaliyyəti ilə xalqa xidmət edən "Difai" təşkilatının Qarabağ bölməsinin rəhbəri idi. Kərim bəy qarabağlıların yaddaşında xeyirxah insan, köməksizlərə yardım əli uzadan, onları təmənnasız müalicə edən loğman kimi qalıb. Qeyd edək ki, Kərim bəy, artilleriya generalı, Azərbaycanın ilk hərbi naziri olmuş Səməd bəy Mehmandarovun əmisi oğludur. Ölkə Prezidentinin və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Kərim bəy Mehmandarovun malikanəsi onun ev-muzeyi kimi bərpa edilməkdədir.
Nə gözəl ki, bu gün mədəniyyət paytaxtının yaraları sağalmaqdadır. Abadlıq, yenidənqurma işlərinin geniş vüsət aldığı Şuşada ürəkaçan mənzərələrlə qarşılaşırdıq. Arzularımızın şəhəri bu gün nəhəng tikinti meydançasını xatırladır. Neçə-neçə ailənin yaşayacağı müasir binalar inşa edilməkdədir. Ölkə Prezidenti, möhtərəm İlham Əliyev burada təməlqoyma mərasimindəki çıxışında bəyan etmişdi ki, Şuşa əhalisi köhnə, uçuq-sökük evlərdə yox, hər cür infrastruktura malik müasir yaşayış binalarında yaşayacaq. 3 nömrəli internat məktəbin həyətində isə hazırda modern otel binası tikilməkdədir. İşğal dövründə Şuşada bir çox tarixi binalarla yanaşı, məscidlər də erməni vəhşiliyinə məruz qalıb. Şəhərdəki 17 məsciddən 14-ü dağıdılıb, 3-ü, o cümlədən Gövhər ağa məscidi isə yararsız hala salınıb. Halbuki bu məscid Şuşanın və bütün Qarabağın dini-ictimai həyatında mühüm rol oynayıb, həm də kasıblara, eləcə də yoxsulluqdan əziyyət çəkən ermənilərə xeyriyyəçilik yolu ilə yardımlar göstərib. Hələ 1901-ci ildə Şuşadan "Kaspi" qəzetinə göndərilmiş bir məktubda məlumat verilirdi ki, Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər ağa öz vəsaiti ilə 1803-cü ildə Şuşada iki məscid və mədrəsə tikdirib. O, vəfatından əvvəl vəsiyyət edib ki, Qarabağdakı mülklərindən gələn gəlirlər həmin məscidlərin və mədrəsənin ehtiyaclarına xərclənsin. Qəzet Gövhər ağanın vəsiyyətindən bu sətirləri də dərc etmişdi. "...Övladım olmadığı üçün sizə qoyub getdiyim məscid və mədrəsədən daha qiymətli heç nəyim qalmır. Sizlərə, bütün müsəlmanlara vəsiyyət edirəm ki, bu məscid və mədrəsəni yadların işğalından qoruyasınız...".
Gövhər ağanın ruhu bu gün şaddır. Onun adını yaşadan məscid qısa müddətdə istifadəyə yararlı hala salınıb. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Şuşada yeni məscidin bünövrəsi qoyulub.
Şuşa bu gün yer üzündəki bütün azərbaycanlılar üçün təkcə Qarabağımızı yox, ümumən qəhrəmanlıq tariximizi, zəngin mədəniyyətimizi, milli qürur və heysiyyətimizi ifadə edən bir rəmzdir. Bura həm də bizim söz və sənət beşiyimiz, Xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Əhməd bəy Ağaoğlu, Mir Möhsün Nəvvab və digər bənzərsiz şəxsiyyətlərin dünyaya göz açdığı məkandır. Qarabağ ədəbi-mədəni mühitində əvəzsiz rol oynamış Natəvanın, Üzeyir bəyin və Bülbülün bu gün Şuşanın bəzəyi olan abidələrinin önündə gəzərkən, Molla Pənah Vaqifin məqbərəsini ziyarət edərkən bu şəxsiyyətlərin kimliyini bir daha dərk edirik. Azərbaycanın konservatoriyası sayılan Şuşada musiqi korifeylərimizin ev-muzeylərinin, o cümlədən Bülbülün ev-muzeyinin bərpası üçün də mühüm addımlar atılır.
Xalqımızın qan yaddaşı, sabaha bağlı arzu, ümid və düşüncələri məhz burada - Şuşada kəsişir. 1992-ci ilin mayında süqutu bizim üçün nə qədər böyük bir kədər idisə, 2020-ci ilin noyabrında bu şəhərin işğaldan azad edilməsi bir o qədər böyük qürur mənbəyi oldu. Çünki bu torpağa qanımız, canımız və ruhumuzla bağlıyıq. Ötən il sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatları ilə başlamış İkinci Qarabağ savaşı xalqımızın nəyə qadir olduğunu sübut etdi. Azərbaycan ordusu yurd yerlərimizi viran etmiş erməni işğalçıları 44 günlük müharibə ilə torpaqlarımızdan qovub çıxartdı. Noyabrın 8-də qüdrətli ordumuz dünya hərb tarixinə qızıl hərflərlə yazılan hücum əməliyyatını gerçəkləşdirdi. Əsgərlərimiz sərt yamacları aşaraq, dar cığırlardan keçib Şuşaya daxil oldu, əlbəyaxa döyüşdə şücaət göstərərək qələbə çaldılar. Zəfər xəbərini xalqımıza çatdıran Prezident İlham Əliyevin tarixi sözləri hələ də qulaqlarımızda səslənir: "Əziz Şuşa, sən azadsan!".
Ölkəmizin həyatında önəmli hadisələrin - Xarıbülbül festivalının, Vaqif Poeziya Günlərinin, Azərbaycan diaspor təşkilatlarının qurultayının, Beynəlxalq Media Forumunun və digər qlobal tədbirlərin məhz Şuşada keçirilməsi artıq ənənə halını alıb. Həmin tədbirlərdə iştirakçıların hər dəfə "Qarabağ Azərbaycandır!" nidasını səsləndirməsinin doğurduğu coşqunu isə sözlə ifadə etmək mümkün deyil, bu hissi yaşamaq gərək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!