İlyas Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir həyatımızı gözəl tərənnüm edir, xalqın inqilabi mübarizəsini, Azərbaycanda əmələ gəlmiş böyük dəyişiklikləri dərin və ətraflı surətdə əks etdirir.
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəmanlıq əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır.
Heydər Əliyev
İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir. Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o, buna layiqdir. Belə əsərlərlə o, onsuz da, özünü xalqın qəlbində yaşadacaqdır.
Heydər Əliyev
"HEYDƏR ƏLİYEV. Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün də əsərlər yazıbdır. Deyəsən, keçmişdə bu olmamışdı. Çünki bu məsələ ilə əsasən sənin atan məşğul olurdu.
ELÇİN. Bəli, cənab Prezident.
HEYDƏR ƏLİYEV. Atan, rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və dəyərli əsərlər yaratmışdır".
Heydər Əliyev
Heyif ki, mən bu ordeni ("Şöhrət" ordeni - red.) İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm... Ancaq, eyni zamanda, mən məmnunam ki, Elçin, sən - oğlu, onun yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycan mədəniyyətinin xadimi kimi, sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam hüququn var.
Heydər Əliyev
İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.
İlham Əliyev
İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir.
Səməd Vurğun
Bir-birinə həm oxşayır, həm oxşamırlar... Ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür.
Nazim Hikmət
İlyas Əfəndiyev görkəmli dramaturq və yazıçı olmuşdur, bundan ən vacibi isə odur ki, o, böyük ziyalı və humanist bir insan olmuşdur.
Onun yaradıcılığı Azərbaycan cəmiyyəti üçün ilham mənbəyidir və bu gün hamımızı ruhlandıran sənət nümunəsidir...Yazıçının böyük ürəyi, yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı insanları duyğulandıra, onlarda məhəbbət və mərhəmət hisslərini oyada bilər. Şübhəsiz ki, İlyas Əfəndiyev "böyük ürək" sahibi olmuşdur.
İrina Bokova
YUNESKO-nun Baş direktoru
Məşhur "Dədə Qorqud" dastanlarının, Nizami, Səməd Vurğun, İlyas Əfəndiyev kimi ədəbi klassiklərin əsərlərinin Litva dilinə tərcüməsi sayəsində Azərbaycanın mədəniyyəti və xalqınızın müdriklik xəzinəsi bizim üçün daha yaxın və anlaşıqlı olmuşdur.
Valdas Adamkus
Litva Respublikasının Prezidenti
Həm Elçinin, həm də Anarın yaradıcılıq aləmlərinin formalaşmasında Azərbaycan ədəbi mühitindən başqa, onların atalarının - XX əsr Azərbaycan ədəbiyyatı klassikləri - Rəsul Rzanın və İlyas Əfəndiyevin böyük rolu olmuşdur.
Çingiz Aytmatov
İlyas Əfəndiyev gələcək nəsillərin də sevə-sevə oxuyacağı uzun ömürlü əsərlər yaradıcısıdır.
Məmməd Cəfər Cəfərov
Akademik
İlyas Əfəndiyev öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərir.
Mehdi Hüseyn
Soldan: Həsən Seyidbəyli, Ənvər Məmmədxanlı, İmran Qasımov, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Sabit Rəhman
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.
Mirzə İbrahimov
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi, qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirir, birlikdə söykək-söykəyə qaldırır...
Süleyman Rəhimov
O, Kommunist Partiyasına daxil olmadı. Çünki əqidəsinə zidd gedə bilmirdi...
Bəxtiyar Vahabzadə
İlyas Əfəndiyevin - əsl roman ustasının müşahidəçilik qabiliyyəti, təbii sənətkar gözü ilə görmək məharəti diqqəti cəlb edir.
Mikayıl Abdullayev
Xalq rəssamı
Unudulmaz İlyas müəllim! Özünüzlə əbədiyyət dünyasına yazılmamış neçə şah əsərinizi apardınız?
Mirvarid Dilbazi
Elə sənətkarlar var ki, yaratdığı əsər, fərqi yoxdur, pyes olsun, tablo olsun, insanı düşündürür, onun hisslərinə hakim kəsilir, gözəlliklər aləminə çəkib aparır, haqq-ədalət uğrunda mübarizəyə səsləyir, həqiqəti axtarıb tapmaqda ona kömək edir.
Mənim hörmətli dostum İlyas da belə sənət adamlarındandır.
Tahir Salahov
Xalq rəssamı
İlyas Əfəndiyev qüdrətli sənətkar idi.
İlyas Əfəndiyev qayğıkeş ata idi.
İlyas Əfəndiyev gözəl baba idi.
İlyas Əfəndiyev gözəl dost idi.
Tofiq Quliyev
Bəstəkar
İlyas Əfəndiyev özü bədii yaradıcılığında görkəmli sərkərdə olduğu kimi, övladlarını da sərkərdə kimi yetişdirmiş, sərkərdə kimi tərbiyə etmişdir. Biri (Elçin) nəsrimizin sərkərdəsidir, biri də (Timuçin Əfəndiyev) sənətşünaslığımızın.
Fuad Qasımzadə
Akademik
İlyas Əfəndiyevin bütün əsərlərində... al-əlvan rənglərə, naxışlara rast gəlirik. O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də, mən deyərdim ki, bəstəkar qəlbli sənətkardır.
Səid Rüstəmov
Bəstəkar
İlyas Əfəndiyev canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir.
Cəfər Xəndan
Böyük sənətkarlıq səriştəsinə və zəngin təxəyyülə malik İlyas Əfəndiyev həqiqəti bir an da unutmur, tariximizdə bu günü, bu günümüzdə isə tariximizin problemlərini əks etdirir.
Fərəməz Maqsudov
Akademik
Atam Abdulla Şaiq İlyas Əfəndiyevi bir sənətkar və insan kimi çox sevir, istedadını yüksək qiymətləndirirdi. İlyas müəllim də atam haqqında gözəl və dəyərli məqalələr yazıb, ona ehtiram bəsləyirdi.
Kamal Talıbzadə
Akademik
İlyas Əfəndiyev dramaturgiyasının məhsulu və məhsuldarlığı yalnız rəqəmlə ölçülə bilməz. Burada kəmiyyət keyfiyyətdən ayrı deyildir. Bu keyfiyyətin, ideya-bədiilik vəzninin özü əsl meyardır.
Mehdi Məmmədov
Xalq artisti
İlyas müəllimin yoxluğundan ürək ağrısı ilə söhbət açanda, daha qüvvətli bir duyğu qəlbimi bürüyür: İlyas müəllim yaşayır, Azərbaycan xalqı kimi, Cəfər Cabbarlı kimi, Hüseyn Cavid kimi...
Leyla Bədirbəyli
Xalq artisti
Bizim İlyas Əfəndiyev kimi nəhəng bir dramaturqumuz olub. Demək olar ki, teatr İlyas Əfəndiyevin hörməti ilə yaşayıb, teatrı onun əsərləri, onun zəkası, onun hörməti saxlayıb.
Səyavuş Aslan
Xalq artisti
60-cı illərdə əgər İlyas Əfəndiyev Azərbaycan teatrına gəlməsəydi, ümumiyyətlə, bizim bu sənət növü olmayacaqdı. Bu sözün dəqiqliyinə tamamilə əminəm və təkrar edirəm ki, nə yaxşı İlyas Əfəndiyev teatra gəldi.
Həsənağa Turabov
Xalq artisti
İlyas Əfəndiyev fenomeni zəngin bir aləmdir. Dalğalı, qasırğalı bir ümmandır.
Nəbi Xəzri
İlyas Əfəndiyev yalnız nasir və dramaturq deyil, eyni zamanda oxucu ürəyinin ən dərin tellərini titrətməyi bacaran incə qəlbli şairdir, lirika ustasıdır.
Xəlil Rza Ulutürk
Azərbaycan Dövlət Dram Teatrının inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil... Onun dramaturgiyasında realizm ilə romantika, sərt həyat həqiqətləri ilə şeiriyyət həmişə vəhdət təşkil edir.
İsmayıl Dağıstanlı
Xalq artisti
İlyas Əfəndiyevin qüdrəti ondadır ki, onun pyeslərində sətiraltı məna var. O mənanı anlayanda aktyor üçün də, rejissor üçün də uğur qazanmaq asan olur.
Amalya Pənahova
Xalq artisti
Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm.
Yaşar Qarayev
İlyas Əfəndiyevin pyesləri bu gün də insanları mənəvi təmizliyə çağırır.
Bəkir Nəbiyev
Akademik
İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra milli səhnəmizin çətin, ağır və şərəfli yükünü, az qala, yarım əsr öz çiyinlərində apardı və Cəfərdən sonra ikinci nəfəs verdi, milli teatrımızı yeni zirvəyə qaldırdı, özünün "İlyas Əfəndiyev teatrı"nı yaratdı.
Cabir Novruz
Başını uca tut!
Əziz dostum İlyas Əfəndiyevə
Yalnız özü üçün yaşayanların
Alnı açıq olmur, üzü ağ olmur.
Vətəni qəlbində daşıyanların,
Ömür bağçasının gülləri solmur.
Biz vəcdə gəlmişik həyat güləndə,
Zirvələrdə yanıb söz məşəlimiz.
Yox, yox, yorulmayıb yeri gələndə
Qələmi silahtək tutan əlimiz.
Könül! Bu şənlikdə fərəhlən, öyün,
Ünvanı aydındır sevincimizin.
Gümrahdan da gümrah görürük bu gün,
Mahir ustadını söz incimizin.
Dostumuz nə zaman doğulub deyə,
Söhbət yaşdan gedir yenə bu axşam.
Yaşı mən biləntək təhlil etməyə
İcazə veriniz mənə bu axşam.
Bir yaş calansa da yaş üstə hər il,
Bunu dərd eləmək nahaqdır, nahaq.
Dostumun yaşını - pasporta deyil,
Ürəyinə baxıb görürəm ancaq.
Qocalıq, cavanlıq yaşla deyidir,
Cavanlar görmüşəm qocadan qoca.
Yaşı bəlli edən nə ay, nə ildir,
Dostum, başını tut ucadan uca!
İlyas! Bu şad gündə Süleyman kimi,
Ömrünün ən qaynar çağındasan sən.
Uğurlu yollarda mərd insan kimi,
Xəzansız ilk bahar çağındasan sən.
Həmişəcavan gör özünü, dostum,
Bu, xoş məsələhətdir dostlardan, məndən.
Yoruldum, qocaldım sözünü, dostum,
Dilinə gətirsən küsərik səndən!
Süleyman Rüstəm
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!