Min illərdi yatmışam, hələ ruhum ayıqdı... - Nazim Əhmədlinin şeirləri

 

Anamın ruhu

 

Çöldə ağaclar mürgülü,

pəncərəmdə xəfif gecə;

ürəyimdə bir qubar var,

dedim, bu da gəlib keçər;

 

alnımın ağ tərəfində,

deyən, bir yazı var, nəsə;

qəfil pəncərəm döyüldü,

diksindim bir qərib səsə;

 

payız salam göndərmişdi,

saçımın siyah yerinə;

anamın ruhu dönmüşdü,

ürəyimin ah yerinə;

 

buz kimi həsrət göynədir,

gözümün yaş bulağını;

bir cüt göz yaşı dondurub,

könlümün daş bulağını;

 

o solğun payız səhəri,

yarpaqlar yerə töküldü;

ruhu göy üzünə döndü,

anam torpağa büküldü;

 

anamın ağ birçəyinin,

şəkili gözümdə qalıb;

o vaxtdan ayağım yerdə,

gözlərim göy üzündə qalıb.

 

Deyirlər, payız qayıdır

 

...və üzümün bir tərəfi,

bir az payıza oxşadı;

payızdan uzanan yollar

hamısı üzü qışadı;

 

hardasa itirdim yolu,

qarşıda cığır qırıldı;

bir az ümidim çoxalıb,

qara bulud qup-qurudu;

 

üstümə yağsa göy üzü,

buludlar durar qəsdimə;

hardansa bir yarpaq tapım,

tutum başımın üstünə;

 

gündüz axşama yellənir,

qalmışam, çölün düzündə;

Günəş də çəkilib gedir,

kölgə oynayır üzümdə;

 

qarşıda bir yol var, hələ,

bir dağ da var, onu aşım;

payızı ötürüm, getsin,

bir az sonra gələr, qışım;

 

özüylə baş-başa qalan,

hər adam belə düşünür;

deyirlər, payız qayıdır,

indidən canım üşüyür.

 

Üstümə

bir günah atın

 

Gecə buludlar qaralıb,

qar düşüb əkin yerinə;

könlümdə qubar köçü var,

köç düşüb köçün yerinə;

 

Günəş tutub göy üzünü,

yandırır gömgöy üzümü;

bağban unudub özünü,

su dolub ləkin yerinə;

 

hanı, qabaqkı ağılım,

bitib tükənmir nağılım;

lələ köçüb, yurd dağılıb,

şəklimi çəkin yerinə;

 

tapın, Yerin qulağını,

verin dərdin sorağını;

canıma çökən ağrını,

qaytarın, bükün yerinə;

 

acı söz axar, durulmaz,

dərdin göz yaşı qurumaz;

haqqı əyərlər, qırılmaz,

qayıdar bir gün, yerinə;

 

harda itim, harda batım,

üstümə bir günah atın;

qollarıma qandal çatın,

göndərin, sürgün yerinə.

 

Fələk bir az tələsib

 

Oralardan gəlirsən,

söylə, nə var, nə yoxdu;

min illərdi yatmışam;

hələ ruhum ayıqdı;

 

üzdüm ögey sularda,

ürkəy-ürkəy sularda;

xəyalım göy sularda

azıb qalan qayıqdı;

 

bulud qulaş-qulaşdı,

külək əsdi, dolaşdı;

bir sevdaya bulaşdım,

dəli könlüm hayıxdı;

 

ürəyimi söz tutub,

həsrətimi köz tutub;

içim-çölüm buz tutub,

bu qış yaman soyuqdu.

 

çıxmır qışın çilləsi,

insan dərdin köləsi;

fələk bir az tələsib,

saydığını sayıbdı.

 

Göy üzünün kənarı

 

Bir az dəli-doluyam,

bir az hövsələm qısa;

axşamlar ağlım qaçır,

qaçır Aya, ulduza;

 

ağca saçım kimidi,

bu qışın ağca qarı;

gecə yuxuma girir

göy üzünün kənarı;

 

fələyin səsi gəlir,

qarşıdakı otaqdan;

mələklər su gətirir,

bir zəqqutun bulaqdan;

 

harda günah axtarım,

hardan qaçım günahdan;

min il öncə, haçansa

yıxılmışam, bir ahdan;

 

əllərimi uzadıb,

göy üzünə toxudum;

alnımdakı yazını

yarpaq-yarpaq oxudum;

 

sökülür yuxarıdan,

buludların divarı;

hərdən yuxuma girir,

göy üzünün kənarı.

 

Hanı mənim günahım

 

Qovruluram, həsrətin

ürəyimə dolunca;

yollarıma çən düşür,

ayrılıqlar olunca;

 

itirdim köy üzümü,

tapdım ögey üzümü;

burdakı göy üzünün

buludları qalınca;

 

ağrı tutur qılçlarım,

bomboz olur saçlarım;

bu payız ağacların

yarpaqları solunca;

 

əllərimi buz kəsir,

ürəyimi söz kəsir;

yuxumda bir qız gəzir,

ayaqları yalınca;

 

neyləmişəm, Allahım,

daşı yandırır ahım;

hanı, mənim günahım,

qaçım gedim dalınca.

 

Kölgələri unutdum

 

Bax, bu yayın sonuna,

hələ qalıb bir addım;

hava soyudu bir az,

kölgələri unutdum;

 

buludlar dəstə-dəstə;

baş qoyub yataq üstə;

daş atdım, budaq üstə,

vurub narı qanatdım;

 

yaz oldu, çiçəklədim,

dağı-daşı ləklədim;

qaranlığı təklədim,

saçlarımı qaraltdım;

 

divar ləmə-ləmədi,

sözü çözələmədim;

səhəri gözləmədim,

səni gecə oyatdım;

 

payız açan güllərin,

yaşıl çək, şəkillərin;

çox uzandı əllərim,

göy üzünə boy atdım;

 

yerin-göyün qurşağı,

gözlərimdən aşağı;

biz hələ çox uşağıq,

ayrılıqlar boyatdı.

 

Laçın qapıları

 

Axır ki, dostlar, açıldı,

dərdin Laçın qapıları;

açın, gülsün üzümüzə,

ağrı-acı qapıları;

 

sahib olaq özümüzə,

odumuza, közümüzə;

açaq, gülsün üzümüzə,

qardaş, bacı qapıları;

 

bəxti, taleyi kür imiş,

hər yanı həsrət bürümüş;

üstünə qəmlər yerimiş,

qırçın-qırçın qapıları;

 

arzuları kəsir qalan,

o dağlarda yesir qalan;

otuz ildir əsir qalan,

yalçın-yalçın qapıları;

 

qanad taxın, uçun gəlin,

aşın həsrət bürcün, gəlin

kənd-kənd, Laçın-Lacın gəlin,

gəlin, açın qapıları.

 

Qopdum,

bir ayrı göydən

 

Dünya qopurmuş kimi,

çalxalanır göy üzü;

görən hansı rəngdədir,

bu dünyanın o üzü;

 

qopdum, bir ayrı göydən,

bura daha doğmadı;

parçalanan buludlar

göydə loxma-loxmadı;

 

bir quş səsinə döndüm,

qulağıma "Qu" səsi;

dilimdən çıxan sözün,

hamısında su səsi;

 

dağın başına qalxır,

kölgələr, harın-harın;

rəngi saçım kimidi,

ötən il yağan qarın;

 

mən bir ötən dünyanın,

yaddaşından qopan söz;

sinəmdə qaladığım

ocağım yanır, köz-köz;

 

gömgöy işıqlar yanır,

ulduzların qaşında;

mən dünyanın yaşında,

dünya mənim yaşımda.

 

Mənə bir qayıq gətir

 

Görmədiyim bir şəhər,

elə yuxumda gəzir;

yollarımın üstündə

dəli küləklər əsir;

 

hər gün bir bulaq daşır,

ürəyimin içindən;

bir qərib inilti var,

buludların köçündə;

 

qopur qara saçımdan,

qaranlıqlar əriyir;

gözlərimin kökündə

ayrılıqlar səyriyir;

 

hər payız ötən ömür,

yarpaq-yarpaq çəkilir;

yatmadığım yuxular

gözlərimdən tökülür;

 

bax, göydəki buludlar,

həm ağdı, həm də qara;

mənə bir qayıq gətir,

üzüm lap uzaqlara.

 

Məni kim görür axı

 

Kölgələrin içində,

gizli bir qaranlıq var;

qanadımdan qorxuram,

uçanda düşüb sınar;

məni kim görür axı,

bəlkə də heç mən yoxam;

tək bir söz mələyinin

əlində qalıb yaxam;

 

hələ də axtarıram,

hardadı, mələk üzüm;

yuxarıda göy üzüm,

aşağıda dənizim;

 

biz dünyaya gələndən,

dünya düzən üstədi;

yer gözümdən aşağı,

göy gözümün üstədi;

 

gözlərimin içində,

bir ağ bulud yuxusu;

saçlarımdan çəkilmir

göy üzünün qoxusu;

 

qaranlığın içində,

nə od, nə də atəş var;

yaxşı ki, çox yaxşı ki,

göy üzündə Günəş var.

 

Ulduzların çırağı

 

Alnıma yazılanlar,

gözlə görünmür, axı;

mən hərdən oxuyuram,

o sirr dolu varağı;

 

çöldə hava qar dadır,

ürəyim qubar dadır;

bilirsənmi, hardadı,

göy üzünün qırağı;

 

qor tuturam, köz gəlir,

üzümə çox söz gəlir;

canıma tez-tez gəlir,

ağrıların sorağı;

 

ömür harda qarıyır,

saç-saqqalım qarrıyır;

saçlarımı darıyır,

payızın boz darağı;

 

görürsən, o mələyi,

həsrətimi ələyir;

qopub düşür fələyin,

qələm tutan barmağı;

 

səhər Günəş oyanır,

dünya nura boyanır;

təkcə gecələr yanır,

ulduzların çırağı.

 

Nə var bu yer üzündə

 

Ay doğub, üstən baxır,

ruhum dənizdən baxır;

od yanıb közdən baxır,

yanır, qaralanacan;

 

sel tutur qanıq sular,

açılır donuq sular;

axır, bulanıq sular,

axır, durulanacan;

 

hanı, yurdun sorağı,

dolub dərdin varağı;

qaçıb aşım, o dağı,

hava qaralanacan;

 

zülm nə vaxt azalar,

dinsəm, məni asallar;

hələ uzanır yollar,

dizim yorulanacan;

 

nə var, bu yer üzündə,

dünya axır düzümdə;

ulduzlar göy üzündən,

düşüb qırılanacan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!