İraqda yaşayan soydaşlarımızın "Türkmən eli" dərgisinin avqust sayı nəşr olunub. Dərginin "Bizə gələn kitablar" bölümündə Mir Cəlalın "Kəmtərovlar ailəsi" və Anarın "Türkün sözü" və "İyi padşahın masalı" kitablarının redaksiyaya daxil olması barədə xəbər verilib və onların üz qabığı göstərilib.
Dərgidə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubileyi ilə bağlı Dr. Şəmsəddin Küzəçi və Dr. Mustafa Ziya geniş məqalə və şəkillər, alimin türkmanlarla bağlı çoxsaylı kitablarının üz qabığını vermişlər. Kərküklü alimlərin "Kərkük sevdalısı Qəzənfər Paşayev" adlı məqaləsini oxuculara təqdim edirik.
İraq Türkmanlarının can dostu, atası, yol göstərici, araşdırmaçı yazar Prof. Dr. Qəzənfər Paşayevi nəinki 85 yaşında, təmənna edərik ki, onu 90 və 100 yaşlarında görək. Onun Azərbaycanla Türk dünyası, özəlliklə də İraq Türkman ədəbiyyatı haqqında nəşr çap etdirdiyi şah əsərlər təqdirlə dəyərləndirilir. Q.Paşayev hər nə qədər Azərbaycanda yaşayırsa da, bilin ki, o qədər də Kərkükdə, Tuzxurmatuda, Bağdadda və Ərbildə yaşamaqdadır. O, Bağdadda bir narahatlıq olduğunda həmən telefona sarılır, hal-xətir soruşur. Allah baş üstündədir, hər şeyi bilir. Hörmətli Paşayev bir Kərkük sevdalısı kimi həyatını İraq türklərinə vəqf edən bir insandır. Biz onun şahidləriyik. Bu gün bunu vurğulamasaq nə zaman edəcəyik. Paşayev sadəcə elm adamı və araşdırmaçı deyil, o, böyük bir qəlbə sahibdir. Böyük bir insanlığa sahibdir ki, sevdiklərini hər zaman hər yerdə düşünür və dəyərləndirir. Allah ona uzun ömür nəsib etsin. Sağlıqlı daha necə illərə və əsərlərə... "Türkmən eli" və "Yazar" qəzetimizin oxucularına onun həyatından və çalışmalarından kəsintilər təqdim edirik.
Prof. Dr. Qəzənfər Paşayev Azərbaycanın dəyərli və tanınmış folklorşünasıdır. Folklor, dil və ədəbiyyat sahələrindəki müxtəlif araşdırmaları Azərbaycan folklorundan başqa, bilxassə İraq türklərinin mədəniyyət sahələrini də əhatə etmişdir. Yüzlərlə məqalə və onlarca kitabının böyük bir qismini İraqdakı türkman mədəniyyətinə həsr etmişdir. Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri olmuş rəhmətlik Prof. Tofiq Hacıyev Qəzənfər Paşayevi "Azərbaycan Kərkükşünaslığının banisi" adlandırmışdır.
Azərbaycanda İraq türklərinin simvolu Kərkükdür. Kərkük desən axan sular durur, fəqət damarlardakı qan coşar. Bu sevdanı Azərbaycan türk xalqına aşılayan insanların başında Qəzənfər Paşayev gəlməkdədir. Paşayev əlli ildən çoxdur başqa çalışmalarının yanında İraq Türkman mədəniyyəti haqqında çalışmalar yapmaqdadır. Folklorşünasların bir özəlliyi də üzərində çalışdığı nəsnəylə mənəvi bağ qurmalarıdır. Bu hal Qəzənfər Paşayevdə eşq dərəcəsinə yüksəlmiş və bunu Kərkük üçün yazdığı "Bu sevda ölüncədir" kitabıyla aşkara çıxarmışdır.
Mədəniyyət tariximizi araşdırdıqda eyni toplumun fərqli coğrafiyalarda yaşayan fərdlərinin siyasi sərhədlər üzündən uzaq qalmaları və dolayısıyla da Azərbaycan-İraq Türkman Mədəniyyət Əlaqələrinin qopması 200 ildən artıq bir zamana dayanmaqdadır. Bu əlaqələri təkrar canlandırma təşəbbüsləri 1950-ci illərin sonlarında fərdi təşəbbüslərlə başlamış, ancaq 1960-lardan etibarən Qəzənfər Paşayev ilə davam etmiş və bu günə qədər artaraq sürməkdədir.
"Altı il Dəclə-Fərat sahillərində" kitabı
Paşayev İraqda 1962-1966 və 1972-1975-ci illər arasında tərcüməçi olaraq çalışdığı sıralarda Türkman aydınları və tədqiqatçıları ilə əlaqə qurur və bu əlaqələri Azərbaycana qayıtdıqdan sonra da məktublarla davam etdirir. İraqdaykən Türkman bölgələrini dolaşaraq Kərkük dialekti və türkman folkloruyla əlaqəli şifahi və yazılı materiallar toplayır, toplumun mədəniyyət tərzini analiz edir. "Altı il Dərclə-Fərat sahillərində" adında bir əsər meydana qoyur. Bu kitab Sovet dönəmində bütün ölkənin diqqətini çəkir. İki nəşrini də 130 min tirajla çap etdirir. İndi də Qəzənfər Paşayev deyildiyində bu kitabın adı ilə anımsanılır. Beləcə, sonradan da çap etdirdiyi əsərlərindən anlaşıldığı kimi çox yaxşı bir müşahidəçi və çox yaxşı bir araşdırmaçıdır. Bu illərdə Azərbaycanın böyük Xalq şairi Rəsul Rza ilə "Kərkük Bayatıları" (1968) kitabını Bakıda çap etdirir.
"İraq-Türkman folkloru" kitabı
Paşayev İraq-Türkman mədəniyyəti və folklorunu Azərbaycan xalqına tanıtmağı özünə borc bilərək xoyratlar (bayatılar), atalar sözləri, tapmacalar, "Arzu-Qəmbər" dastanı, Türkman hekayələri, nağıllar, manilər, Kərkük dialekti, Nəsimi, Füzuli, Əta Tərzibaşı kimi mədəniyyət nümayəndələri və dəyərlərini kitabları, məqalələri, seminar və konfranslarıyla tanıdır. Bəlkə də bu xüsusdakı ən önəmli əsəri "İraq-Türkman folkloru" kitabı olmuşdur. Paşayev İraq-Türkman folklor və mədəniyyətini təqdim edərkən sadəcə bilgi verməklə qalmayıb bu materialları incələyərək şərh edib, Azərbaycandakı nümunələri ilə müqayisəsini edib və tarixi sürəcini müəyyən etməyə çalışıb. Paşayevin çalışmaları Azərbaycan sərhədlərini aşaraq "İraq-Türkman folkloru" kitabı Bakıda yüksək tələb üzərinə ikinci dəfə və bundan əlavə, Bağdad, İstanbul və Tehranda nəşr edilib. Füzuli və İraq Türkmanlarıyla bağlı iki məqaləsi ABŞ-da çap olunub.
Azərbaycanda "İraq-Türkman ədəbiyyatı və mədəniyyəti salonu"
Paşayev bir elm adamı olaraq bununla kifayətlənməyərək ana düşüncəsinin iki toplum arasındakı mədəni bağları gücləndirmək olduğu üçün, İraqdan topladığı mədəniyyət və folklor materiallarının bütün xərclərini özü qarşılayaraq Bakıda "Kərkük evi" adında "Folklor sarayı"nda sərgiləyir. Ancaq Kərkük evi 2000-ci ildə Bakıda olan Səddamın agentləri tərəfindən təhrif edilincə Azərbaycanın ən böyük mədəniyyət muzeyi olan Nizami Muzeyi ilə anlaşaraq muzeydə "İraq-Türkman ədəbiyyatı və mədəniyyəti salonu" açmağı hədəfləyir. Dr. Mustafa Ziya və Dr. Şəmsəddin Küzəçi təmasa keçərək vəziyyəti anlatdıqdan sonra Paşayev Kərkük evindəki materiallara əlavə edərək muzeydə sərgiləmək üçün bizdən folklor materialları tələb edir. Kərkük, Ərbil və Mosulda topladığımız materiallarla birlikdə muzeyin açılışını birlikdə etdik. Ancaq sonralar texniki səbəblərdən dolayı salon bağlandı.
Uzun illər bu missiyanı təkbaşına sürdürən Q.Paşayev digər araşdırmaçıları və tələbələrini çalışmalarına daxil edərək İraq-Türkman mədəniyyəti haqqında müştərək nəşrlərə, dissertantlara və namizədlik dissertasiyalarına rəhbərlik etmişdir.
Azərbaycanda Kərkük deyildiyində ilk Qəzənfər Paşayev ağıla gəlir.
Prof. Dr. Tofiq Hacıyevin ifadəsiylə "Həqiqətən bu gün Azərbaycanşünaslıqda, Kərkükşünaslıq adlı müstəqil bir elm sahəsi var. Bu elm sahəsi Kərkük Türkmanelinin, dilinin, folklorunun tarixinin bir sintez şəklində təqdimidir. Onun qurucusu Qəzənfər Paşayevdir.
Həyatı (Doğum və təhsili)
Azərbaycanın öndə gələn elm adamlarından biri olan araşdırmaçı, tərcüməçi, filologiya elmləri doktoru (1993), professor (1995) Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Azərbaycan Respublikası Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. Tanınmış Paşayevlər ailəsinə mənsub olan Qəzənfər 1969-cu ildə Arəstə xanımla ailə qurub. Dördü qız, biri oğlan - beş uşaq atasıdır.
1946-1956-cı illər arasında Düzqırıxlı kənd məktəbində təhsil alıb. 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis-Azərbaycan fakültəsindən məzun olub. 1969-cu ildə İraq-Türkman Ağzı adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını alıb. 1983-cü ildə ABŞ-da və 1988-ci ildə İngiltərədə təşkil olunan İxtisasartırma kurslarını bitirib.
Qəzənfər Paşayevin fəaliyyəti
Qəzənfər Paşayev karyerasına ingilis və Azərbaycan dili müəllimi olaraq başlamışdır. 1964-cü ildə Pedaqoji Dillər İnstitutunda qrammatika, daha sonra tərcümə fakültələrində müəllimlik etmişdir. 1969-1970-ci illərdə ölkə xaricinə işləməyə gedənlərə Təhsil Nazirliyi tərəfindən təşkil olunan kurslara rəhbərlik etmişdir. 1970-1971-ci illərdə İngilis dili fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
1972-ci ildə M.F.Axundov adına Pedaqoji İnstitutunda Xarici dillər kafedrasının müdiri seçilmiş və 1989-cu ilə qədər bu vəzifədə çalışmışdır. 1989-1999-cu illər arasında Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasında işləmişdir. 2000-ci ildə öz istəyi ilə müəllimlikdən ayrılmışdır.
Prof. Dr. Qəzənfər Paşayev ABŞ, İngiltərə, İraq, Səudiyyə Ərəbistanı, Hindistan, Suriya, Türkiyə, Rusiya (Moskva, Pyatiqorsk, Mahaçqala), Özbəkistan, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə onlarca çıxışlar etmiş və məqalələr çap etdirmişdir. Ali Təhsil Nazirliyi nəzdində Qərbi Avropa Dilləri Metodiki Şuranın elmi katibi olmuşdurş Prof. Paşayev poliqlot alimlərdəndir. O, ana dili Azərbaycan türkcəsi xaricində, rus, türk, ingilis və ərəb dillərini də yaxşı səviyyədə bilir.
2001-2005-ci illər arası Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq əlaqələr şöbəsinə başçılıq etmişdir. 1994-cü ildən bu günədək Nizami adına Ədəbiyyat İnstitutunda Dissertasiya Şurasının üzvüdür.
1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində elmi-dini şuranın üzvü olan Q.Paşayev 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi təftiş komissiyasının başqanı, eyni zamanda "Ədəbiyyat qəzeti" (1992) və "Vəfa" (2004), "Xəmsə" (2009), "Ozan dünyası" (2010), "Folklorşünaslıq məsələləri" (2011), "Yada düşdü" (2011) dərgilərinin də yayım qurulu üzvü oldu. 1995-ci ildə professor Q.Paşayev Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində "İraq-Türkman ocağı"nı qurdu və burada İraq-Türkman ədəbiyyatına dair kitablar, yazılar və s. topladı.
Ədəbi şəxsiyyəti və çalışmaları
Prof. Dr. Q.Paşayev Şərq və Qərb elm adamlarının özəlliklərini özündə birləşdirməyi bacaran elm adamlarından biridir. Onun 60-dan çox monoqrafiyası, tərcümələri və kitabları vardır. 2012-2022-ci illər arasında Q.Paşayevin 12 cildlik "Seçilmiş əsərləri" nəşr olunmuşdur. Alimin çalışmaları Azərbaycanda, İraqda və digər ölkələrdə bir çox tanınan isimlər tərəfindən olduqca müsbət dəyərləndirilmişdir. İki yüzdən artıq elm adamı professor Q.Paşayevin əsərlərini və çalışmalarını mövzu edən dəyərli məqalələr yazmışlar. Bunlar xaricində Q.Paşayevə altı kitab ithaf edilmişdir.
Akademik karyerasına dilçi olaraq başlayan Prof. Dr. Q.Paşayev 1969-cu ildə namizədlik dissertasiyasını "Kərkük şivəsinin səs bilimi" mövzusunda yazmış, daha sonra dissertasiyanı kitab olaraq 2003-cü ildə çap etdirmişdir. Ayrıca bu mövzuda bir çox məqaləsi də vardır. Bunun xaricində o, "ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar" adlı çalışmanın da müəllifidir. Paşayevin yüzlərlə elmi məqaləsi, "Rusca-ərəbcə danışıq kitabı" (Bağdad, 1994), dərs kitabı "İngiltərə haqqında" (1981, ingiliscə), bir çox dilşünaslar tərəfindən maraqla qarşılanmışdır. Yazarın Gülzar İbrahim qızı ilə ortaq olduğu "İsi Məlikzadə - 70" (2004), "Hüseyn Arif - 80" (2004), "Tofiq Bayram - 70" (2005), "Əlibala Hacızadə - 70" (2005), "Fikrət Qoca - 70" (2005), "Bəkir Nəbiyev - 75" (2005) və s. kitabları da vardır.
2022-ci ildə yeni əsəri - "Azərbaycanda və İraqda Bayatlar" və "Seçilmiş əsərləri"nin hər biri altı yüz səhifədən ibarət XI və XII cildləri nəşr olunmuşdur.
İraqın fəxri vətəndaşı və kərkükşünas professor Qəzənfər Paşayev 85 yaşında çox dəyərli bir əsər ortaya qoydu. "Azərbaycanda və İraqda Bayatlar" adlı geniş əhatəli bu əsəri son günlərdə Azərbaycanın paytaxtı Bakıda nəşr olundu. Bu əsər onun yaşlı vaxtında ən dəyərli əsəri olmalıdır, çünki insan yaşlandığı zaman yazma qabiliyyəti gənclik illərindəki kimi olmayacaqdır.
Allah can qardaşımıza uzun ömürlər nəsib etsin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!