Ürəyim bir yetim quş yuvasıdır... - Şeirlər. Ay Bəniz ƏLİYAR

 

***

Mütləqdir, hardasa qapı önündə,

Qapı arxasında qalan biri var.

Bəzən ağlaması, bəzən gülməsi

Doğru biri varsa, yalan biri var.

 

Biri uzaq ikən yaxından yaxın,

Biri dost-doğmadır, əlində yaxan.

Qarşında gözünün içrə lal baxan,

Arxanca gözləri dolan biri var.

 

Dünyanın nizamı deyildir əbəs,

Bu dünya hamıya tapacaq əvəz.

Qəlb qıran birinə rastlayıb hər kəs,

Amma həm qəlbini alan biri var.

 

 

***

Bir əski tablodan boylanan kimiyəm,

Üstüm toz, başım toz, saçlarım pırtlaşıq.

Haraylar hey məni, çağırar hey məni,

Hardasa bir ürək, hardasa bir işıq.

 

Rənglərim bulanıb, işığım azalıb,

Baxanlar gözünü bərəldər baxanda.

Bilmirlər, az qalıb,

Bilirəm, az qalıb,

Üzümə bir işıq düşəcək yaxında.

 

Fikirli ötürlər seyrimə dalanlar,

Rənglərim üzlərə irişə bilmirlər.

Ayıla bilmirəm,

yuxuda olanlar

Bir əski tablodan gərnəşə bilmirlər.

 

Tabloyam, bir ovuc rəng olsa içərəm,

İşığım oyanar, üst-başım rənglənər.

Yenidən doğmaqçün hər şeydən keçərəm,

Hər şeydən keçərəm.

Hər şeydən?! Daha nə?!

 

Bir əski tablodan boylanan kimiyəm,

Üstüm toz, başım toz, saçlarım pırtlaşıq.

Haraylar hey məni, çağırar hey məni,

Hardasa bir ürək, hardasa bir işıq.

 

 

***

Ömür də bir qaynar döyüş meydanı,

Ya şəhid adamsan, ya qazi adam.

Yoxdur öz ömrünə gün qazananı,

Bir ömrə yüz dəfə uduzur adam.

 

Nağıla bənzəyir doğulmağı lap,

Oyuncaq dünyası - uşaqlığı saf.

Bu ömrə bir para eyləmir insaf,

Nə sakitlik tapır, nə hüzur adam.

 

Gəncliyi bir odlu kürəyə bənzər,

Ən güclü zərbəyə - çəkicə dözər.

Yaşlanıb, qocalıb gəlincə dizə,

Qalır özündən də narazı adam.

 

Bətndə çılpaqdı, məzarda lütdü,

Bir üzü canlıdı, bir üzü bütdü.

Bir baxdın, hıqqanıb kətili dürtdü,

Başı kəndirinə müntəzir adam.

 

Nə qədər acı var, yatır üstündə,

Yol keçir bir qotur qatır üstündə.

Haraya fırlatsan, adı üstündə,

Ya nazir adamdı, ya nəzir adam.

 

 

***

Xatirə səhifəsi bağlansa ömrün,

Yerdə qalanlarla baş qatmaq olmaz.

Nə zaman o zaman, nə gün həmin gün,

İndi uşaq başı aldatmaq olmaz,

Biz axı bu ömrə necə aldanaq?

 

Əlində silahdır iti yaddaşın,

Gör-götür dünyası budursa budur.

Hədərə axıtma gözünün yaşın,

Onu bir əl deyil, günəş qurudur,

Boşla, qoy olsun heç, heçə aldanaq.

 

Bir addım uzaqda doğmadır həyat,

Bir addım yaxında vaxt boşluğu var.

Bu yatmış bəxtini birtəhər oyat,

Yolunda bir qəlbin sərxoşluğu var,

Dünyaya küçəbəküçə aldanaq.

 

Yumaq gözümüzü möcüzələrə,

Şeiri badə-badə dolduraq içək.

Sevda öz sirrini yaysın hər yerə,

Bütün gecələrin sərhədin keçək,

Bütün sabahlara gecə aldanaq.

 

 

***

Niyə məni öldürmədin,

Görk deyə saxladınmı?

Qəlbsizə qəlb adında

Yük deyə saxladınmı?

 

Ağrım var hər naxışda,

Nə umdun bu naxoşdan?

Çıxardın bərkdən-boşdan,

Bərk deyə saxladınmı?

 

Kim tikib Sən tikəni?

Yoxdu Səntək çəkəni.

"Bu dünyanın yükünü

Çək" deyə saxladınmı?

 

Tanrım, kiməm axı mən?

Qıymadın mənə nədən?

"Daşları ətəyindən

Tök" deyə saxladınmı?

 

 

***

Ağrıyla oynamaq köhnədən peşəm,

Köhnə peşələr də təzələnərmiş.

Bu fağır ürəklə çox əlləşmişəm,

Deyə, o da mənlə məzələnərmiş.

 

Körpə uşaq kimi almışam ələ,

Rentgen də istəmir şəklini aça.

Gizlənib fəqərə sümükləriylə,

Onurğa sütunu arxasındaca.

 

Bir az sol tərəfə əyib burnunu,

Küsən adam kimi göz vurur mənə.

Neyləyim, mən başa düşürəm onu,

Qapısını döyür ağrılar yenə.

 

Xəyalda aldanış, hissdə uduzmaq,

Gözləmək duyğusu, darıxmaq özü,

Anlamaq vərdişi, məcburi susmaq...

Zamanla ağrıya çevrilir, düzü...

 

Köndələn yuxular, gizlənən əllər,

Çevrilən baxışlar, bəhanə, yalan,

Özündən razılıq, eh, daha nələr...

Ağrıya çevrilir keçdikcə zaman.

 

O da yavaş-yavaş tutuşub yanır,

Qalib gələ bilmir düşdüyü oda.

Baxma, qarasınca dilim deyinir,

Bilirəm, mənimçün ağrıyır o da.

 

 

***

Ürəyim bir yetim quş yuvasıdır,

Payıza düşəcək indi hardasa.

Bəxti varmı, yoxmu,

bilmirəm, amma

Nə danışa bilir, nə də ki, susa.

 

Hardasa divanı yarımçıq qalıb,

Hardasa məhbusdu içindəkinə.

İllərlə üstünə aldığı yükü,

Daşıya bilməyir alıb tərkinə.

 

Həmdəmi varmıdır,

yoxmudur, bilmir,

Ağacı yetimdir, budağı yetim.

O yetim yuvaya qonan payızın,

Bu "ürək" adında otağı yetim.

 

Havadan sallanır buludlar ağır,

Yazıq quşcuğazın gözləri gülmür.

İçindən dam boyda arzular yağır,

Həmdəmi varmıdır,

yoxmudur, bilmir.

 

Bu taledən yetim quş yuvasının,

Payıza düşməyi özgə tamaşa.

Qırıb qanadını ayrılıqların,

Yeni bir yuvamı tikəcək qışa?

 

 

***

Səma yenə üzüağ,

Buludlar yarıçılpaq.

Məndəki ağıla bax,

Gəlməyəni gözlədim.

 

Yağdı bir qəfil yağış, sığmır dar nolçaya su,

Bu yayın istisində üşüyürəm, doğrusu.

Hava proqnozunun özü də lap çaş qalıb,

Yay fəsli payız ilə gəlişini səhv salıb.

 

İndi avqust ayının qora bişən vaxtıdır,

Müşfiqin bağ evində eşqə düşən vaxtıdır.

Bəs bu həngamə nədir, göy gurultusu-filan?

Bazar günü olsa da adam darıxır yaman.

Bir səyahət bileti külqabında min tikə,

Bu qədər həngaməni hansı bir ürək çəkər?

 

Yağdı bir qəfil yağış, isti qalıb hovundan,

Nə zibil yığılıbsa atıram külqabından.

Atıram bir ümidin sınıb düşən qanadın,

Onsuz bu ümid çoxdan yetim qalıb anadan.

Əmziyi boş, beşiyi daha layla tanımır,

Boş xəyal dünyasından başqa dünya tanımır.

 

Pəncərədə pərdəsi islanıbdı yağışdan,

Deyən feyziyab olub yağışdakı naxışdan.

Gülün süs nektarını ən təbii bal sanıb,

Zəhəri bir arının dişində mayalanıb.

 

 

***

Bir vəhy döyə qapını yeni bir dua kimi,

Çıxıb Nur dağı boyu gəzəsən öz-özünü.

Qarşına biri çıxa - dərdlərinin məlhəmi,

Şükr edəsən Tanrıya, atıb yerə dizini.

 

Sevgiyə çevirəsən hicab adlı donunu,

Səcdəyə qapılasan o sevgiyə hər zaman.

Qurtarasan biryolluq ayrılıqdan canını,

Deyələr, "heç deməmiş, namaz üstədir anan".

 

Sevgi iki insanın bir-birini tapması,

Ömür iki insanın vəhdəti deyilsə, nə?

Gözəl arzuya çevir yenə sonuncu şansı,

Ömür yaşamaq üçün qoy olmasın bəhanə.

 

***

Bu yol bir ömür yoludur,

Səfərin ola, olmaya.

Meydanı döyüş doludur,

Zəfərin ola, olmaya.

 

Gecələrini bitirən

Səhərin ola, olmaya.

Kimi istəsən gətirən

Şəhərin ola, olmaya.

 

Yüyənin qamçı tutalqac,

Yəhərin ola, olmaya.

Çapılası yola möhtac

Kəhərin ola, olmaya.

 

Ürək bircə ovuc tumluq,

Bəhərin ola, olmaya.

Sevgi adlı bir udumluq

Zəhərin ola, olmaya.

 

 

***

Bir yol var, aparır üzü göylərə,

Göydən sevgi yağır, yerdən ayrılıq.

Tanrı insafıyla bölür hər yerə,

Hərdən sevgi yağır, hərdən ayrılıq.

 

Nə dua hay olur, nə qarğış, küfür.

Məzlumun ahına duran yox kəfil.

Hər şey qəfil olur, qəfil, çox qəfil,

Birdən sevgi yağır, birdən ayrılıq.

 

Ömür bir şam kimi, yanmadan olmur,

Yuxudur, gözünü yummadan olmur.

Xeyirdən sevgini ummadan olmur,

Bəs necə törənir şərdən ayrılıq?

 

 

***

Getmədiyim yerlər qaldı,

görmədiyim adamlar,

Gözüm doydu bu dünyadan,

amma ruhum doymayır.

Hamısına bircə "salam",

bir də "üzr" borcum var,

Onlar məni bağışlasın,

olmayanda olmayır.

 

 

***

Üzümü söykəyib şəklinə sənin,

Susa bildiyim qədər susdum, əzizim.

Dərmanı tapılmaz eldən küsənin,

Özümə qarşıdır qəsdim, əzizim.

 

Çox vaxt ayrılıqdan danışır hamı,

Ayrılıq nədir ki? Doğulmayan səs!

Ayrılıq - bir ömrün cansız davamı,

Ayrılıq - yaşama boyat bir həvəs.

 

 

***

Heç özüm-özümlə yola getmədim,

Özümdən yan keçdi yolların çoxu.

Məni kim sevərdi, məəttəl idim,

Mən özüm-özümü sevmədim axı.

 

Məni kim sevərdi,

kim sevdi görən?

Xatirə yaddaşım toz basmış həsir.

Bu "mən"i özümdə heç sevmədim mən,

Bu "mən" özünün də sevənin gəzir.

 

Hardasa qayğısız uşaq kimiydim,

Hardasa qarımış, qartımış kimi.

Hissləri təzə-tər, gözü nəm idim,

Tikən olacaqdı uçuq qəlbimi...

 

Nə eşqdən qorxurdum, nə də qınaqdan,

Ağlaya bilirdim, gülə bilirdim.

Bir əlim yağdaydı, biri yamaqda,

Həyatı, bax elə, belə bilirdim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!