Şuşanın "Xarıbülbül"
otelinin pəncərəsindən
baxarkən
Pəncərələr bir umuduydu, onda,
hər mövsüm çiçəkləyərdi şüşələrdə nəm,
hər mövsüm utancaq baxışlar
keçərdi şüşələrin içindən...
Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman...
sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı...
Bir umud yeriydi pəncərələr quşların
ovcumuzda çörək qırıntıları
uzadardıq quşlara,
əvvəl qorxardı quşlar,
sonra öyrənərdilər ovucdan yem yeməyə.
Quşlar da sevda quşlarıydı, sanki,
pəncərələr də,
küçələr də.
Pəncərələr yola açılırdı, onda,
sevdaya açılırdı.
İndi ayrılığın gözləri kimi baxır pəncərələr -
içindən bütün ayrılıqlar keçir...
Şəhid övladının sevinci
Atası şəhid olandan
uşaq eşidirdi ki,
- şəhidlər ölmür,
- şəhidlər diridir.
Uşaq sevinirdi atasının sağ olmağına
bilirdi ki, nə vaxtsa gələcək...
Bu şəhər hara gedib?
Son arzusuydu... -
qadın bircə dəfə doğma şəhərini
görmək istəyirdi.
Onu Ağdamın yaxınlığına gətirdilər, -
beş barmağı kimi tanıdığı ana yolun
getdiyi səmtə baxdı...
Şəhərin yerindəki xarabalıq
göz işlədikcə uzanırdı -
nə ağ evlər, nə ağaclar, nə də bir yaşam vardı.
Qadın heyrətlə pıçıldadı, -
- bu şəhər hara gedib?
Yanıq adam qoxusu
O vaxtdan düşüb qaldı -
gözlərində bir damla yaş,
üzündə bıçaq izi cizgilər,
ürəyində bir qom bənövşə ağrı...
hərdən, -
bir qom bənövşə ağrını qoxulamaq istəyirsən,
qoxulamaq istəyirsən -
həyatdan yanıq adam qoxusu gəlir...
Olur
Min ildi belədi, bəlkə milyon il
yolların əvvəli cığırnan olur,
Dünya gözəlləri çiçəkdən, güldən,
düşmən çəpərləri oğulnan olur.
Bizi aparanlar mələklər isə,
çərxi döndərənlər fələklər isə,
ölümə qədərlər gerçəklər isə -
ölümdən sonralar nağılnan olur.
Nə yolun sonu var, nə heçin sonu,
bilmirəm hardadı bu köçün sonu,
Vuruşdum, çalışdım bir keçim sonu
gördüm ki, əvvəllər axırnan olur.
Şuşadakı evimizin
uçuqlarına noktürn
Əllərim
qapımızın tutacağında qaldı...
Səsim qapımızın cırıltısına qarışdı,
gözlərim pəncərəmizdən asıldı...
Xəyallarım hardasa yol gözləyir,
mənim yolumu...
Evimizin uçuq, sökük daşları,
ürəyimi əzir indi...
Daha...
ürəyim yeriyir uçulmuş yurd yerlərində...
Şuşa küləyi, Şuşa yağışı
Bakıda Şuşa küləkləri əsir hərdən,
Şuşa yağışları yağır...
Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Bir qərib umud közərir
vətən həsrətli baxışlarda.
Küləklər Şuşa küləyi,
yağışlar Şuşa yağışı...
Bir qərib oğlan dumana qarışır,
çənə qarışır.
Duman nə gözəldi, İlahi,
külək nə gözəldi, İlahi,
yağış nə gözəldi -
oğlan nə qəribdi, İlahi!..
Əllərim uçur göyə
Sevgilisi şəhid olan
qızın dilindən...
Belə axşamlarda da
yarpaq kimi əsirəm.
Axşamdan da küsürəm,
yaşamdan da küsürəm.
Elə darıxıram ki,
lap ürəyim göynəyir.
Ad günündə aldığım
göy köynəyin göynəyir.
Geyinməmisən, amma
köynəkdən qoxun gəlir.
Bu necə ömürdü ki,
gecələr ruhun gəlir.
Bu yaşam bir yuxusa...
yuxudan ayılaydım.
Kaş ruhunu görəydim,
ruhuna sarılaydım.
Eh, belə axşamlarda
Sabah açılmır, niyə.
Göz yaşım yerə damır,
əllərim uçur göyə...
Bəzi insanların...
Bəzi insanların üzündə bahar yoxdu -
soyuq,
uzun bir qış hekayəsi var...
O hekayəni oxuyursan,
oxuyursan,
sən də üşüyürsən.
Oxunu yarımçıq kəsib susursan -
nəsə deməyə söz axtarırsan,
amma sözlər də üşüyür, görürsən!..
Göylərə
O yuxu kimiydi, canım,
o qoxu kimiydi, canım,
o oxu kimiydi canım -
oxudum, üzü göylərə...
O uzaq kimiydi, sözüm,
o uşaq kimiydi, özüm,
o islaq kimiydi, gözüm -
ağladım, gözü göylərə...
O şüa kimiydi, dostum,
o röya kimiydi, dostum,
o dua kimiydi, dostum,
çağırdı bizi göylərə
Xatırla
Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.
Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.
Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.
Qırılır
Sularda ləpələr qırılır,
sularda körpələr qırılır.
Ağrının, acının üstündən
keçəndə, körpülər qırılır.
Bu həyat donduqca, gördüm,
bir umud sındıqca, gördüm,
bir qazi yandıqca, gördüm,
canında qəlpələr qırılır.
Bu dünya nə aldı, nə verdi,
dərdi də bir matah nəmərdi.
Ömür də bir gödək kəmərdi,
dartıram, törpülər qırılır.
Qağayı nəğməsi
Sonra qağayılar düşdü sulara,
sonra sular ağladı qağayılara...
Əlindəki çörək ovuntularını
küləklər sovurdu
hardan haraya...
Dalğalar sahilə çırpdı ölü qağayıları,
sahillər dənizə qaytardı dəniz quşlarını.
O bir nəğməydi,
gözlərin dolmağa hazırıydı,
əllərin ağlamağa,
saçların uçub getmək istəyirdi
qağayıların getdiyi yerlərə...
O bir nəğməydi,
o nəğmədə onsuz da
küləklər qaytarıb gətirəcək
çörək ovuntularını,
gətirib vərəqə səpəcəklər...
Hardansa qağayılar gələcək -
çörək ovuntularını dənləməyə...
Rostok-Köln qatarında
Hər stansiyada bir xəyal öldürürəm,
hər dayanacağa
bir məzar daşıyıram,
uzaqlaşıram vağzallardan.
Vağzallar heç də qovuşdurmur həsrətliləri,
vağzallar ayırır,
vağzallar ən böyük ayrılıq məkanıdır.
Gözləmələrin mamır bağlamış
umudları rəngdədi həyat da...
Elə yaşılına aldanırsan,
rənginə susayırsan.
Hər limanda bir vidanın
kölgəsi sarılır boynuna...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!