"Gelip sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil, gitsin!" - Azər TURAN

Azər TURAN

 

Bakının erməni işğalından qurtarılmasının 104-cü ildönümü ərəfəsində rüzgarlar dəyişdi. Yenə müqəddəs bir hilal uğruna yetmiş bir günəş qürub etdi... Biz böyük Turan yoluna çıxmışıqsa, ruhdan düşməyə haqqımız yoxdur. "Tarix yola düşərkən yol üstündə yatılmaz". 

Bizə zəhər saçan, bizi öz bağçamızda, öz seyrəngahımızda sancan ilanı ordumuz yuvasında boğub. Nəhayət, ermənilər anlayıb ki, ermənisiz Azərbaycan əraziləri tarixi Azərbaycan torpaqlarına - İrəvana qədər davam edə bilər. Yüz ildir ki, eşitmək və inanmaq istəmədikləri bu idi. Yüz ildə ilk dəfədir ki, Ali Baş Komandanımız ermənilərə Azərbaycan adından belə bir xəbərdarlıq etdi. Bayraq şairimiz Arif Nihat Asya necə demişdisə, Azərbaycan ordusu da onu etməkdə qərarlı olduğunu bütün dünyaya sərgilədi: "Gelip sana çarpan gücü, yavaştan // Anlamazsa, haritadan sil, gitsin!". 

İndi Ermənistanın arxasında kim dayanıb, hansı güc onu körükləndirir, fərq etməz. Azərbaycan ordusu 2022-ci ilin 12 sentyabrında verdiyi şəhidlərdən sonra erməninin arxasındakı gücü heçə sayaraq fırtına qopartdı: "Taclarını bir şey sanan gururlar // Tahtlı gelip, taclı gelip, kul gitsin!".

Onsuz da türkün türkdən başqa dostu yoxdur. İnsan haqlarını, Qərbin demokratiya təlimlərini bir kənara buraxıb, əvəzində Ənvər Paşanın 1918-ci ildə dediklərini xatırlayaq: "Anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qism almaq istəyirlərmiş və müsəlmanlar da buna razı olacaqmış. Məncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə gəlmə ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olar və bizim üçün daha müzir bir düşmənə çevrilər".

1918-ci ildən sonra keçən illər Ənvər Paşanın fəhmini gerçəkləşdirdi. Ermənilər onsuz da düşmən idilər, erməniliyin təşəkkülü üçün Azərbaycanlılar tərəfindən onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb daha böyük düşmənə çevrildilər və üstündən bir əsr keçəndən sonra bu acı gerçəklərin siyasi təsnifatını Azərbaycan lideri olaraq tarixdə ilk dəfə 2011-ci il  iyulun 5-də İlham Əliyev verdi: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər...".

Torpaqlarımızdan çıxmadılar. Zorla çıxartdıq. Və elə buna görə də indi müqəddəratları sual altına düşüb... Ermənilər gördü ki, "dənizdən dənizə Ermənistan" haqqında irredentist səfsəfələr, terror və işğal ritorikası nəticə vermədi. Əvəzində Turan doğulur.

 

Sükutla və müdrikcəsinə seyr et, Azərbaycan. "Gelip sana çarpan gücü, yavaştan // Anlamazsa, haritadan sil, gitsin!".

Sərhədlərimizdə baş verən hadisənin mənası budur.

 

15 sentyabr 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!