Gərək Yer kürəsi vətənə dönə... - Şeirlər. Rafiq Yusifoğlu

 

Azad edilmiş yurd yerində düşüncələr

 

İndi bütün dünyanın gözü bizə dikilib,

İndi bütün adamlar bir can, bir bədən olub.

Xaraba həyətlərin hasarları sökülüb,

Sənin, mənim olan yer birləşib Vətən olub!

 

Nələrə qadir deyil yurd eşqi, el əməyi?

Üzümüz sabahadır, sanmayın yol azalıb...

Dağıdılıb körpülər, ancaq qəm eləməyin,

Bu qıjıltılı çaylar çox körpü yola salıb...

 

Bərgüşad Həkəriyə qoşulub axır, axır,

Biz millət savaşından geri dönmərik əsla!

Murdar ayaqlar dəyən bu müqəddəs torpağı

Gərək salavat çəkib təmizləyək Arazla!

 

Gözəl bir məkan varmı bu yurddan, bu ölkədən?

Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir.

Torpağı yağılardan, gözümüzü kölgədən

Qurtaran oğulların əmanəti Vətəndir.

 

Dəyişəcək nəsillər, aylar, illər ötəcək,

Heç vaxt sönməyəcəkdir bizim qaynar ocaqlar.

Kökümüzdən boy alan övlad, nəvə, nəticə

Bu müqəddəs torpağın sahibi olacaqlar...

 

Yurddan ayrı düşəni həsrət alovu qarsar,

Yalnız haqqa güvənən murada çata bilər...

Ürəyimiz həmişə eyni ahənglə vursa,

Bu torpağa bağlansaq, bizə kim bata bilər?!

 

İndi bütün dünyanın gözü bizə dikilib,

İndi bütün adamlar bir can, bir bədən olub.

Xaraba həyətlərin hasarları sökülüb,

Sənin, mənim olan yer birləşib Vətən olub!

 

 

Dağlara qar yağır

 

Gəldim bu yerlərə, şükür bu günə,

Həsrət göylərində solğun ayam mən.

Dursam da zirvəylə çiyin-çiyinə,

Ötən günlərimin yanındayam mən...

 

İçimi yurd edib həsrət qoşunu,

Yolları, izləri örtüb qalın qar.

Xatirə dünyama gedən maşının

Önündə sehrli şlaqbaum var...

 

Dağların həsrəti dağlayıb məni,

Heç kim ürəyimi kiridə bilmir.

Yaddaşım sırsıra bağlayıb mənim,

Günəş o buzları əridə bilmir.

 

Mənim könlümdəki səssiz harayı

Kaman bilməsə də, kamança bilər.

Qalıb qar altında həsrət sarayı,

Onun qapısını kim aça bilər?

 

Div yuxulu tarix  çətin oyana,

Baxın bu yerlərə mənim gözümlə.

Qatar, maşın getməz burdan o yana,

Apara bilmirəm sizi özümlə...

 

Rəngi avazıyıb nədən günlərin?

Sıldırım gülünü kim dərə bilər?

Rəngini, ruhunu ötən günlərin

Axı məndən başqa kim görə bilər?

 

Dağlara qar yağır, itib dincliyim,

Qəlbim nə özündə, nə sözündədi...

Mənim uşaqlığım, mənim gəncliyim

Bu bəyaz örtüyün o üzündədi.

 

Xəyalım göylərin yeddi qatında,

Həsrətin qəlb yaxan həzin səsi var...

Kəfənə bənzəyən qarın altında

Gizli xatirələr xəzinəsi var...

 

Çox şükür, bu yerdən qovduq yağını,

Günəş də həsrəti əridə bilmir.

Dağlara qar yağır, könül dağının

Heyf ki, üstünü qar örtə bilmir...

 

 

Gərək Yer kürəsi vətənə dönə

 

Köksündə ürəyi çevrilib daşa,

İnsan olduğunu insan unudub.

Qənim kəsilibdir qardaş qardaşa,

Bizə Yaradanın qəzəbi tutub...

 

Havaya burxdıq hisi, pasağı,

Ayın da üzündə ləkə çoxalıb.

Günəşin önünü kəsib hasarlar,

Ana yurdumuzda kölgə çoxalıb....

 

Suya zəhər qatdıq,  göylərə tüstü,

Yerdə insan üçün hava, su çatmır.

Küləyin önündə bəndlər qurmuşuq,

Anamız torpağın havası çatmır...

 

Bütün canlılara Yer vətən olsa,

Görərik dünyanın əvəzi yoxdu.

Elə yüklənib ki, bu yer kürəsi,

Daha fırlanmağa həvəsi yoxdu...

 

Sevgidir qoruyan bəşəriyyəti,

Vicdandır, ağıldır hər dərdə dəva.

İnsan olduğunu dərk etsə insan,

Gülşənə çevrilər torpaq, su, hava...

 

Didərgin salmışıq onu ürəkdən, -

Gərək ilahi ruh bədənə dönə!

İnsanı kiçildər kiçik vətənlər,

Gərək Yer kürəsi vətənə dönə...

 

 

Gərək təmizləyək düşüncəmizi

 

İnsan tək yaşamaq çıxıb yadından

Bu bəşər övladı lap ağ eləyir...

Biri yarasaya, biri siçana

Biri də ilana barmaq eləyir...

 

Hamı yadırğayıb əkib-biçməyi,

Hamı top düzəldir, bomba düzəldir...

Biri hara gəldi soxur burnunu,

Biri döş qabardır, omba düzəldir...

 

Deyirəm bəlkə də bu bir sınaqdı,

Bu virus məlhəmdi yaramız üçün?

Axı nə şeydi ki, iman dəyişmək

Cinsini dəyişən yaramaz üçün?

 

Göydən daş yağmazmı dolu yerinə

Meydan oxuyanda bəndə göylərə?

Əgər belə getsə robot gəlinlər,

Ərə veriləcək robot bəylərə...

 

Calaq olunubdur yaxşı yamana,

Öküzü kəl edər gönü dəyişmək?!

Həsrətik meyvənin ləziz tamına,

İndi dəbə minib geni dəyişmək...

 

Qutab bişirən də kitab çıxardır,

Ucuz tamadalar məclisdə coşur.

Alim də, çoban da, qarpızsatan da

İndi şeir yazır, nəğmələr qoşur...

 

Hamı şan-şöhrətə salıbdır meyil,

Bu ana təbiət lap cana doyub...

Dünyanı bu günə viruslar deyil,

Dünyanı bu günə adamlar qoyub...

 

Qiyamət gözləyir bizi qabaqda,

Toya getməlidi bu virus hələ...

Allahın işinə qarışanları

Tanrı girinc edib bir virus ilə...

 

Gəl, koronavirus, dönüm gözünə,

Etdin lovğaların dilini gödək...

Bəlkə indi gələ ağlı başına,

Hərə öz işinin dalınca gedə...

 

Bizi bu günlərə salan nə olub?

Edilən günahı düşünməliyik.

Evdə qalmaq ilə iş bitmir hələ,

Biz evdə sabahı düşünməliyik...

 

Qayıdıb bu yolu təzədən keçək?

Bizə dərs olmadı Nuhun gəmisi?

Təkcə bu çirklənmiş dünyamızı yox,

Gərək təmizləyək düşüncəmizi! -

Bəlkə xilas edə düşüncə bizi...

 

 

Həyat eşqi

 

Gözəlliyə, sədaqətə baş əyən

İnsan oğlu sevə bilməz riyanı.

Qəlbimizə iman nuru düşəndən

Çin elədik neçə şirin röyanı!

 

Sinəsində çiçək bitən daşa bax,

Ürəkdəki sevgiyə bax, yaşa bax!

Haqqımızdı insan kimi yaşamaq,

Kim görüb ki, bu həyatdan doyanı?

 

Həsrət odu sinəmizi dağlayır,

Ümid bizi bu dünyayaya bağlayır,

Ay çıxanda sevgi seli çağlayır,

Gün çıxanda ürək nura boyanır.

 

Könlümüzü gözəlliyə verəndə,

Təbəssümü çiçək kimi dərəndə,

Qönçələyən budaqları görəndə,

Qəlbimizdə həyat eşqi oyanır.

 

Yusifoğlu, gördün ağı, qaranı,

Ürəyində hikmət nuru yaranıb,

Bu dünyada qədrini bil hər anın,

O dünyada vaxt onsuz da dayanır...

 

 

Payız yağışları

 

Yad əllər eşqimin barını dərdi,

Şairə nə gəlsə, sözündən gəlir...

Dünyanın bir illik ağrısı, dərdi

Payızın saralmış gözündən gəlir...

 

Yağışın altında əsir budaqlar,

Meşə xiffət çəkir, gedib özündən...

Dəymə-düşər olub qızıl yarpaqlar,

Yel əscək, ağacın düşür gözündən...

 

Damlalar bərq vurur kolun üstündə,

Zəif mehdən belə titrəyir budaq.

Yağışdan islanan yolun üstündə

Həsrət möhürünə dönür hər yarpaq...

 

Ağaclar az qalır od tutub yana,

Həsrət buzlarını əritmək olmur.

Ağaclar bir yana, kollar bir yana,

Hönkürən qəlbi də kiritmək olmur...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!