Nəriman Həsənzadənin Mir Cəlala həsr olunmuş və "Ədəbiyyat qəzeti"nin 13 avqust 2022-ci il tarixində dərc edilmiş yeni poeması barədə qeydlər
İçərişəhərdə "Ədibin evi" adlı köhnə ünvanı xatırladan, o ocaqda böyüyüb boya-başa çatan halal süd əmmişlərin poeziya diliylə obrazlarını yaradan Xalq şairi Nəriman Həsənzadə böyük ehtiramla əsərini müəllimi və ustadı Mir Cəlala həsr edib. Bu lirik ricətlərlə, epik epizodlarla dolu poemanı birbaşa "ustadnamə" də adlandırmaq olardı. Çünki "Ədibin evi" bir mehriban ailə başçısının - zəmanəsinin görkəmli yazıçısının, pedaqoq-filoloqun, universitet professorunun həyat fəaliyyətinin salnaməsidir. Keçmiş orta məktəb dərsliklərində "Bir gəncin manifesti" adlı romanıyla hər kəsin qəlbində heykəlini ucaldan nasir, müəllimlik etdiyi vətəndaş kimi isə istedadlı arxasızların, talantlı qələm adamlarının həmişə qüvənc yeri olmuş, fəxarətlə nümunə göstərilmişdir.
Nəriman Həsənzadə poemasını qısa müddətdə birnəfəsə yazıb. Coşqun ilham, özünəməxsus ifadə tərzi bu maraqlı mənzum əsərə də xasdır və şair gah qanlı-qadalı repressiya illərini xatırladır, gah da ata-anadan yetim qaldğı kimsəsiz çağları. Məhz bu zaman Allahın göndərdiyi yaxşı adam sanki qəfildən qarşısında peyda olur. Ona ürək-dirək verir, ilk qələm təcrübələrini mətbuata təqdim edir, bəyənir, çap etdirir, cavan istedad üçün iş tapır. Şair təsirli misralarla Mir Cəlal mərdi-mərdanəliyini, kişiliyini, zatən saflığını, təmizliyini poemasında canlandırır, duyğu və düşüncələrini isti-isti oxucuları ilə bölüşür:
...Bizim Yazıçılar İttifaqında
Şeir məclisinə düşmüşdü yolum.
Əsgər şinelində getmişdin onda,
Mən də o kürsüdən şeir oxudum.
Mir Cəlal müəllim qabaq sırada,
Məni alqışlayıb gülümsəyirdi.
O nəsə deyirdi dönüb arada,
Ona da kim isə nəsə deyirdi.
Şair etiraf edir ki, dünyada iki cür yaxşılıq var: təmənnalı və təmənnasız. Təmənnalı yaxşılıq sonra başa qaxınc olur, təmənnasız - minnətsiz yaxşılıq isə tarixən ərənlərin əlindən gəlib. Məhz Mir Cəlal yaxşılıqları kimi. Poemada ata Mir Cəlal, ziyalı-yazıçı Mir Cəlal, alim-pedaqoq Mir Cəlal ustalıqla bir surətdə birləşir. Yaxınlarının - Mirzə İbrahimovun, Mehdi Hüseynin, Məmməd Cəfərin adları hörmətlə xatırlanır. Eyni zamanda böyük ədibin ailə üzvlərindən mərhum şərqşünas Aida İmanquliyeva, Arif müəllim, ömür-gün yoldaşı Püstə xanım, qızları Ədibə, Elmira yada salınır. Başlanğıcda isə diplomat-alim Hafiz Paşayevin atası haqqında söylədiyi "Atam, çox vaxt ciddi sözü zarafatla deyirdi" sözləri simvolik surətdə epiqraf götürülüb. Göründüyü kimi, çətin zəmanədə evində bir çətən ailə yükü daşıyan Mir Cəlal həm də "Azərabycan ailəsi" yükünün ağırlığını çiyninə almışdı.
Adi görünməsin, bu adi deyil,
Uçur o illərə indi də fikrim.
Bu, təkcə xatirə söhbəti deyil,
İnsan taleyidi - mən dediklərim.
Poemanın ən təsirli, maraqlı epik yerlərindən biri də Mir Cəlalın Azərbaycan Yazıçılar İttifaqının o vaxtkı sədri Mehdi Hüseynə təkidlə xahişetmə, üzvurma detalıdır. Bu səhnədə hətta ədibin ömür-gün sirdaşı Püstə xanım da iştirak edir. Mir Cəlal səlahiyyət sahibindən gənc şairi ev növbəsinə salınmasını istəyir. Buna görə minnətçi düşündüyünü, yalvardığını dönə-dönə etiraf edir, hökm sahibini divara dırmaşdırır, çıxılmaz vəziyyətdə qoyur.
- Mir Cəlal, adların siyahısını
gecdi, göndərmişik.
- Yox, Mehdi...
- Gecdi.
- Mehdi, gənc şairdi, unutma onu.
- Mir Cəlal...
- Yox, Mehdi.
- Gecikib...
- Yox, Mehdi gəncdi.
İndi də o anı xatırlayıram,
Hökm ona yadıydı, o an da mənə.
O son imtahanı xatırlayıram,
Order ona qaldı, ünvan da mənə.
***
"Ədibin evi" böyük etirafnamədi. Oxuya-oxuya görürsən, o kiçik ünvanın əhatə dairəsi genişlənir, dünyanın ən möhtəşəm sarayı səviyyəsinə yüksəlir, pirə, ocağa çevrilir. Heç də o müqəddəs evin daşı-divarı qızıldan hörülməyib, ancaq fərqi odur ki, mənzillərindən halallıq toxumu cücərib, onun işığı təkcə özünü yox, bütün ətrafını nura boyayıb. Bəli, bircə fərdin kölgəsi bəs edir sayəsində şəxsiyyət göyərsin. Bu fərd Mir Cəlaldır. Şairin eşqlə, məhəbbətlə, sözlə obrazını yaratdığı Mir Cəlal müəllim. Və müəllif real bədii obrazını ən yüksək pilləyə qaldırmaq üçün təkcə detallara, faktlara yer ayırmır, yaxın zamanların tarixi hadisələrini çözələyir, işarələrlə, ibarələrlə Stalin repressiyasında ölüm düşərgəsinə çevrilmiş Xəzərdəki Nargin adasını xatırladır. Bu mənada şairin müqayisəsi maraq doğurur:
Niyə unudulub Nargin adası,
Niyə Xəzər laldı, dalğaları lal.
Qatili - dedilər ellər atası,
Əsl el atası, budur, Mir Cəlal.
Doğrudur, bütün zamanların siyasi gedişatları hər vaxt xalqın içində çaxnaşmalar, təlatümlər yaradıb və nəticədə faciələrə yol açılıb, günahsız qurbanlar gedib. Müşfiqin, Cavidin, Əhməd Cavadın, eləcə də digər yüzlərlə ittiham olunub Sibirdə, Maqadanda, Şimal bataqlıq və buzlaqlarının həbsxanalarında çürüyən vətənpərvər övladlarımız kimi... Hafiz Paşayevin poemanın girişində atasından gətirdiyi "Atam çox vaxt ciddi sözü zarafatla deyirdi" işarəsinin kökünü hər kəs sezməsə də, arif oxucuda dərhal anlam yaranır. Bəzən o dövrdə vəziyyətdən qurtulmaq üçün gərək düz sözü elə şirin, duzlu-məzəli zarafata salıb deyəsən ki, xətası sovuşsun. Necə deyərlər, tüstüsü çıxmasın. Ustad Mir Cəlal yaxşı bilirdi, hansı sözü kimin ünvanına söyləyir.
Nəriman Həsənzadə xitabən ustadına müraciət eləsə də, şəsi qayğılarını dilə gətirsə də, poemasının ruhunda, alt qatlarında ikiyə bölünmüş Azərbaycan xalqının taleyindən sivil dünyaya, bəşəriyyətə car çəkir. İki yüz ildir yurdumuz paralanıb, yaralanıb. Məhz Mir Cəlal Paşayev də sinəsi sitəmli, ürək dağlı Vətənin şanlı-şöhrətli övladıdır. Məşəqqətli həyat yolu keçib, o taydan Arazın bu tayına köçüb, qədim Gəncədə məskunlaşıb, Bakıda ziyalı mühitində formalaşıb.
Onun damarında başqaydı qanı,
Tale qismətiydi Araz-Kür boyu.
O taylı, bu taylı Azərbaycanı,
Bir canda yaşatdı, bir ömür boyu.
Mir Cəlal, necəsən, deyən olmadı,
Həyata, dünyaya nə dedin, ustad?
O tayda, bu tayda yiyən olmadı,
Sən mənə yiyəlik elədin, ustad.
"Ədibin evi" çağdaş poema janrının uğurudur və ustad şair bəndlərə, misralara, beytlərə sözlə elə gözəl xallar vurub ki, heyran qalırsan, heyrət edirsən. Deməli, 91 yaşda da qələmə sarılıb ilhamla sənət nümunəsi yaratmaq mümkündür. Poemanın zəngin dili o qədər axıcı və şirəlidir, elə bil şairin çeşmə ürəyi mənbəyini Savalandan götürüb. Həmişə başı qarla, buzla örtülü məğrur duruşlu Savanlandan...
Bir məktub yazmışdım, bir az sevincək,
İran səfirliyi çağırdı məni.
Bakıda Şəhriyar günü keçirək,
Orda - Təbrizdə də Mir Cəlal günü.
Eh... deyəsən, "məktub yetişmədi...". Məgər rəsmi orqanlar o qədər sadəlövhdü, buna razılıq versinlər? Hüsn-rəğbət, məhəbbət yalnız sözdədi, əməldə deyil, şair! Təkcə biz tərəfin tələbi az imiş, Tehran həlledici rolunu oynamalıymış. Və qarşı tərəfdən səs çıxmadı ki çıxmadı. Bu yerdə müəllif qəribə tərzdə son illərin hadisələrini yada salır, İranla sərhədboyu erməni vandalları tərəfindən işğal altında olmuş, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qurtulmuş, 44 günlük zəfərdən sonra yenidən Azərbaycana qaytarılmış yurd yerlərimizin tarixi adları sadalanır. Qəhrəman xalqımıza, yenilməz ordumuza təriflər yağdırılır.
...Hardan biləydin ki, qız nəvən bir gün,
Qalib Sərkərdənin sevdiyi mələk, -
Qalxacaq üstünə Xudafərinin,
O taya, bu taya əl eləyəcək!
Əslində, şairə görə Mir Cəlal ümumiləşdirilmiş ideal, universal şəxsiyyət obrazıdır və ömür kitabı oxunduqca, bu hərtərəfli insan da bütövləşir, tamlaşır. Cavan yaşlarda hamının ailə-məişət qayğıları olur, Mir Cəlal da bundan xali deyildi. Bir tərəfdən övladlarını sağlam böyütmək, onlara yaxşı təhsil vermək, cəmiyyətə hazırlamaq istəyi, digər tərəfdən, uşaqlarını ev-eşik sahibi etmək, problemlərini yoluna qoymaq arzusu yaxşı valideyn kimi atanı hər an düşündürürdü. Axı, Mir Cəlal böyük AYDIN idi, millətinin övladlarına da biganə qala bilməzdi. O, gah ora-bura qaçır, gah yazı-pozusu ilə məşğul olur, göz açmağa macal tapmırdı. Nə etməli?
- Mir Cəlal, hansıdı ən şah əsərin?
Dedi: ailəmdi,
fəxri adıyla!
Bir qələm sahibi mütəfəkkirin,
bəlkə də şifahi
hesabatıydı...
Nəriman Həsənzadə adi "qaşıq" əhvalatından tutmuş, digər nəsnələrəcən, "qəhrəman"ının xarakterini açmaq üçün bütün təsvir vasitələrini işə salır. (Hərçənd Mir Cəlal ailəsi tərəfindən şairə bağışlanmış qızıl suyuna salınmış o qaşıqlar oğurlanır və hadisəni eşidən həssas Arif müəllim yenidən onlardan tapıb alır, gənc həmyaşıdına ərmağan edir). Lakin bütün Şərq poeziyasının günəşi Məhəmməd Füzulinin lirikasından kitab yazan, ali məktəb tələbələri və aspirantlar üçün dərslik nəşr etdirən bir alim məcburən elmi biliyindən, yaradıcılıq anlarından kəsir, kimsəsizlərin kimsəsizinə çevrilirdi. Dahi mövlana Cəlaləddin Rumi söyləyirdi: "bu dünya alınca nəfəsindi, qalınca qəfəsin". Mir Cəlal həyata inamını itirmiş küsən könülləri açırdı və bundan zövq almaqdan doymurdu.
Bilmədim, hayandan əsdi o yellər,
O baş əyilmədi şöhrətə, ada;
Fəxri xiyabanda dəfn elədilər,
fəxrimiz,
bir fəxri ad almasa da...
O, hər bir müqəddəs Allah bəndəsi kimi fiziki ölümünü yaşadı, mənəvi ölümünü yox. Dövlət tərəfindən böyük təltifləri olmaya-olmaya (nə Xalq yazıçısı adını almışdı, nə akademik adını. Halbuki bunlara layiq idi) rəsmilərdən təklif gəldi: dəfn Fəxri xiyabanda keçirilsin! Bu, bəlkə də vaxtilə hansısa ən yüksək çinli məmur səhvinin düzəlişi idi. Ancaq Mir Cəlal müəllimin yeri çox-çox yüksəklərdəydi, o ad fəxri adlardan geri qalmırdı. Necə ki, tarix düzəlişini eləmişdi, iş-işdən keçəndən sonra. Sağlığında əsl qiymətini almadı təpədən-dırnağa Azərbaycanlı...
Nəriman Həsənzadə - Mir Cəlal doğmalığı ata-oğul doğmalığı ucalığındadı. Burda heç bir ögey-yad münasibətlərdən söhbət gedə bilməz. Bu usta-şəyird yaxınlığı və əbədi bağlılığı klassik Şəms Təbrizi - Cəlaləddin Rumi dostluğunu yada salır. İnsanın insana qəlbən, zatən vurğunluğu yalnız ilahi eşqdən gəlir və bunun özü bir irfani rəmzdi, bəşər aləminə nümunədi. Hərdən ailə üzvlərindən gələn təşəkkürləri də şair ərmağan sayır, yenə Mir Cəlal müəllimin nəhəngliyi fonunda özünü borclu sayır. Məsələn, poemanın altıncı bölümündə Şəfəq xanımın adından şairin ünvanına bir minnətdarlıq etirafı var.
- Şair, unutmaram mən bu diqqəti,
daim salırsınız bu evi yada.
Sizə Mir Cəlalın münasibəti,
bir əfsanə kimi yaşayır o da.
"Mütləq" olan yerdə "nisbət" var. İnsanın özündən bəlkə də qan yaddaşı vaxtında hökmünü verir, halal harama qarışmır. "Vaxt - keçdiyimiz ömür yoludur" - söyləyir. Şair və bir daha hamını gəncliyinə qaytarır - "mənim ilk şeirlər kitabım durur, onun da ön sözü Mir Cəlalındı". Bəzən poema müəllifi baş vermiş olayların burulğanında tələbəlik illərinə körpü salır. "Çoxu Mir Cəlalı xatırlayırdı, oğlanlar içində, qızlar içində" qənaəti o qədər səmimidir ki, hətta "onu atalılar ata sayırdı, mən təkiydim atasızlar içində" etirafını kölgədə qoyur. İlk misra məşhur pedaqoq-müəllimin kamilliyini ifadə edirsə, ikinci misra ali məktəb tələbələrinin məhəbbətini ifadə edir. Elə bu məhəbbət təmənnasız məhəbbət idi. Eşq olsun bu səmimiyyətin bünövrəsini qoyana!
"Bakıdan Tehrana məktub getmədi" misrası hamımızı kədərləndirir. Lakin "Ədibin evi" monumental poemanın son iki bəndi peyğəmbər xislətli nurani insanı - Mir Cəlalı bir daha gözümüzdə böyüdür, bənzərsiz xarakter səviyyəsinə qaldırır.
Mən indi bildim ki, dünya yuxuymuş,
o kimin evidir,
gör, kimin evi?!
Mənim alın yazım bəlkə də buymuş,
Allahım, nə deyir,
"Ədibin evi?".
O deyir yaxşılıq itmir dünyada,
əbədi əkilir torpağa, daşa.
Yaşa, yaxşıların haqqıdı, yaşa.
Mir Cəlal müəllim,
məndən sonra da.
Görkəmli şair Nəriman Həsənzadənin yeni poemasını birnəfəsə oxudum və qısa qənaətlərim budur. Məncə, "Ədibin evi"nin daha böyük təhlilə ehtiyacı var.
Şəhriyar Təyyaroğlu,
filoloq-müəllim
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!