"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim!
Bu günlərdə tanınmış şairimiz Ağasəfanın 80 yaşı tamam olur.
Atam Xalq şairi Nəbi Xəzrinin onun haqqında "Nəslin nəğməsi - əsrin nəğməsidir" yazısı "Ədəbiyyat və incəsənət" qəzetinin 30 noyabr 1984-cü il tarixli nömrəsində çap edilmişdir. Ağasəfanın 80 illiyi ərəfəsində 48 il öncə yazılmış bu məqalənin yenidən qəzetinizdə çapını görmək istərdim...
Bu həm atamın ruhuna ehtiram, həm də Ağasəfanın yaradıcılığına böyük sayğı olardı...
Hörmətlə,
Arzu Babayev
Nəbi XƏZRİ
Xalq şairi
Nəslin nəğməsi - əsrin nəğməsidir
İllər sahillərə dəyib qayıdan dalğalar kimidir... İllər də ömrün sahillərini döyür... Həzin şırıltılı, xoş ahəngli ləpələr kimi... Dəniz sahilində dayanırsan. Ay işığında ləpələrin sükutu pozan şirin nəğməsinə qulaq kəsilirsən. Hər dalğanın, hər ləpənin nəğməsi sanki ötüb-gedən illərdən gələn əks-sədadır...
...Lakin dalğalar eyni ahəngdə deyil. Hər dalğanın öz rəngi, öz nəğməsi, öz ahəngi var... Şairlər də belədir. Eyni sahillərin ayrı-ayrı dalğası kimi...
İllər, doğrudan da, necə qanadlıdır.
...Sabir adına Mərkəzi Şəhər Kitabxanasında ədəbiyyat həvəskarları məni görüşə çağırmışdılar. Əsl şeir haqqında cavanlar ciddi mübahisə edir, şeir-sənət barədə qayğı ilə, məhəbbətlə, gənclik hərarəti ilə danışırdılar. Şeir oxuyurdular... Yeniyetmə bir oğlan da utana-utana ürəyini boşaltdı. Şeiri xoşuma gəldi, bir neçə gündən sonra orta məktəbi təzəcə bitirmiş, buruqda fəhlə işləyən Ağasəfaya "Ədəbiyyat və incəsənət" qəzetində uğurlu yol arzuladım.
O vaxtdan 20 ildən çox keçib... Nə tez ötüşür illər!.. İndi əlimdə bir kitab var - "Günəşin dalınca gedən oğullar". Ağasəfanın "Yazıçı" nəşriyyatında bu il nəşr olunmuş şeirlər və poemalar kitabı. Oxuyuram və o uzaq ildə zənnimdə yanılmadığım üçün sevinirəm. Sevinirəm ki, fəhlə addımları ilə şeirə gələn o yeniyetmə, cavan oğlanın ürəyi Vətən nəğməsini oxuyur.
Ey Vətən! Sən məni doğma balan bil,
Qalmasın sinəmdə nə qəm, nə düyün.
Ürəyim köksümdə balaca bülbül,
Vətən nəğməsini oxuyur hər gün.
Kitab və ürək! Misra-misra döyünən, kəlmə-kəlmə çırpınan, oxuduqca döyüntüləri eşidilən, arzuları, diləkləri aşkar olan bir ürəkdir şeir kitabı... Hər şeir kitabını şair ürəyi kimi oxuyursan. Bu da Ağasəfanın ürəyidir. Oxuyuram... Onun zahiri sakitliyini, daxili narahatlığını, həyəcanını duyuram. Görürəm ki, bu narahatlıq, bu səs, bu həvəs onun özünə məxsusdur. Oxuduqca şairin fəhləliyini, ağır zəhmətini görürəm. Şeirlərin özülünə, sözlərin düzümünə baxıram. Görürəm ki, bu ürəyin özülü dözümlüdür, misraların düzümü doğrudur, kəlmələrin özəyi safdır.
Hər günümüz pillədir
Ucalığa, zirvəyə
Səadət yollarıdır.
Bu adi iş günləri.
Qəlbimizi quş kimi
Alır, qaldırır göyə
Bu ucalıq günləri,
Bu yüksəliş günləri.
Xalqımızın ildən-ilə xeyir-bərəkət gətirən əmək uğurları, mənəvi saflığı, əzəmətli addımları şeirimizə də ucalıq gətirir. Xeyirxah ana torpaq, onun bahadır oğulları, qəhrəman, hünərvər qızları həmişə sözümüzün canı olmalıdır. Ağasəfanın "Üzünü ağ görürəm açılan səhərlərin" və "Üstündə gəzdiyim torpaq" şeirlərini də bu baxımdan qiymətləndirirəm.
Biz gərgin dövrdə yaşayırıq. Yer kürəmizin sinəsinə yaralar vurulur. Xeyirlə şər, yaxşılıqla yamanlıq, işıqla zülmət döyüşü davam edir. Nağıllarda olduğundan fərqlidir bu əsrin qorxunc qara qüvvələri. Qədim döyüşlərdə iki pəhləvan meydana çıxırdı. İndi meydanda iki dünya var. Bəşəriyyətin işıqlı gələcəyini qurmağa çalışan dünyanın insanları... Bir də ətəyində daş gəzdirən, qucağında ölüm soraqlı raketlər uyudan sərsəmlər, qan-qan deyənlər dünyası... Əsrin dərdi başından aşır, övladlarını itirmək qorxusunda olan ağbirçək, müqəddəs bir ana kimi...
Dünya bizim evimizdir. Bu ev dağılmasın gərək!
Sahildə iki uşaq evcik qurur... Məhəbbətlə, sonsuz həvəslə... İnsan ilkinlik dövründən qurub-yaratmağa çalışır. Ev-eşik qayğısı ilə həvəslənir. Sonra böyük dünyanın qayğıları başlanır...
İki uşaq evcik qurur...
Evcik qurur iki uşaq
qəlbində həvəs,
Evcik qurur iki uşaq...
Dağılmaz olsun!
Bu dünya da bir
evcikdir...
Biz neynirik bəs?
İki uşaq ağlı qədər
ağlımız olsun!
Oxuyuram və görürəm ki, Ağasəfa xırda, cılız hisslərlə yaşamır. Bu böyük dünyamızın böyük dərdlərini daşımağa çalışır, misralarını bu qayğılarla yükləyir, səsini zəmanəmizin sülhsevər insanlarının səsinə qatır. İnsanları mehribanlığa, doğmalığa mühakimələrlə, ürəyəyatımlı obrazlarla, sərrast fikirlərlə ucaldır səsini... "Evcik qurur iki uşaq" şeirində də belədir. "Yer kürəsi - qızıl alma" şeirində də, "Yarımçıq papaqçılar"da da...
"Gül ağrısı" şeirini oxuyuram... Görürəm ki, Ağasəfa dünənlə bu günü, bu günlə sabahı bir-birinə möhkəm poetik tellərlə bağlaya bilir. Daşqalaq olunan Həllac Mənsurla Nəsiminin, Sabirin, Lorkanın, Viktor Xaranın tale qohumluğunu tapa bilir, onları bir-birinə qovuşdura bilir.
Ölümə də qalib gəldi
nəğməsiylə,
Haqq məndədir! -
Oxuyurdu Viktor Xara.
Yarıb zülmət əsrləri
haqq səsiylə
Həllac Mənsur yol
Gəlmişdi hardan-hara...
Şair yaxşıların, haqqın, ədalətin, sülhün, əmin-amanlığın tərəfində olanların, mübariz insanların vaxtsız ölümünə yanır. Yana-yana da yazır...
O, insanları Yer kürəsinin keşiyində durmağa səsləyir:
Gərək duraq keşikdə biz,
Qəlbimizi fikir yeyə.
Dayaq olsun əllərimiz
Bu torpağa - bu kürəyə!
Ağasəfanın lirik qəhrəmanı həm də saf, büllur məhəbbətin, təmiz eşqin keşikçisidir. Sevən qəlb ilə... Gənclik atəşi, cavanlıq eşqi... Bu məhəbbət yanğısı xoşdur. Bu ürək yanğısı bəşəri, dünyəvi yanğıdır.
Ürəyim bənzəyir Göyçay narına,
Qanım damla-damla nar giləsidir.
Ömrümün bəmbəyaz, ağ yollarına
Axıb gilə-gilə töküləsidir.
Bu qanın damarlarda coşub-daşması, axması, sətirlərə hopması xoşdur, gərəklidir. Bu məhəbbət ötəri deyil, daimidir, əbədidir: "Ürəyimdir zər yatağım, qızıl xəzinəm".
Şeirlərin altındakı yazılma tarixinə baxıram. Hamısı təzə şeirlərdir. Ağasəfanın bundan əvvəlki altı şeir kitabçasına da bələdəm. Görürəm ki, o, hələ bircə şeirini də təkrar çap etdirməyib. Bəlkə də kitablarının həcmi buna imkan verməyib. Bəlkə çap olunmamış "ehtiyatı" da var. Buna görə də təvazökarlıqla yazıb-yaradan, üstəlik, tərcümə sahəsində də ciddi çalışan, bizim kitabları da nəşriyyatda çox diqqətlə redaktə edən şair dostumuza qəlbimizdə hörmət və minnətdarlıq hissi doğur.
Bunları düşünə-düşünə onun kitabındakı iki kiçik poemasını da oxuyuram... Yenə Ağasəfanı tanımağa başladığım ilk günlərə qayıdıram. O vaxt o, "Qırxikilər" adlı bir şeir yazmışdı. Öz yaşıdları - müharibə illərində doğulanlar haqqında...
Bəli, o nəhs ilin yadigarıyıq,
Hərəmiz bir nəslin yadigarıyıq...
Bu misralar da o şeirdəndir. "Günəşin dalınca gedən oğullar" poeması da həmin duyğuların, həmin hisslərin xoşagələn davamıdır. Hələ də qardaş yolu gözləyən bacıların, təsəllisini nəvələrində tapan ana-nənələrin kədərini bir daha yaşadım.
Gördüm ki, Ağasəfa öz nəslinin nəğməsini ürəklə oxuyur... Ağasəfa, sənə iyirmi il əvvəlki kimi yenə də uğurlar diləyirəm! İstəyirəm ki, bu çətin səfərində öz yolundan dönmədən, yorulmadan irəliləyəsən. O vaxt da inanmışdım, bu gün də inanıram sənə, sənətinə, torpağa və vətənə bağlılığına.
"Ədəbiyyat və incəsənət" qəzeti,
30 noyabr 1984
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!