Yazıçı və şairlər:
Hörmətli Qəzənfər!
Sən İraqda 6 il rəsmi bir vəzifədə işləyərkən, bu sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Rəsmi vəzifə borcun sənin İraqda olduğun müddətin çərçivəsində qaldı. İçində qımıldanan səsin əmri ilə yerinə yetirdiyin mənəvi vəzifə isə heç bir müddətə sığmır, müddətin çərçivəsini dağıdıb tarixə qovuşur. Çünki sən bu vəzifəni yerinə yetirməklə özünə deyil, bir-birindən ayrılmış böyük bir xalqa xidmət etdin. Şəxsi borc və ictimai borc burada haçalanır. Şəxsi borcu ödəməklə insan özünə, ictimai borcu ödəməklə isə xalqa xidmət etmiş olur.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
Azərbaycanın İraqla əlaqələri çox qədimdir. Ölkəmizin bu qardaş diyarda ilk mədəniyyət və mənəviyyat təmsilçisi dahi şairimiz Məhəmməd Füzuli olub. Bu gün Qəzənfər Paşayev həmin missiyanı ləyaqətlə yerinə yetirir. O, türkman qardaşlarımızı bir daha bizə tanıtdı, yenidən doğmalıq köynəyindən keçirdi - səmimiyyəti, qayğıkeşliyi və böyük təbiətilə...
Anar,
Xalq yazıçısı
Elmi ictimaiyyət Qəzənfər Paşayevi "Kərkük folklorşünaslığının banisi" adlandırır və bu, həqiqətdir, Kərkük azərbaycanlılarını yenidən Azərbaycançılıq düşüncəsinin faktına çevrilməsində bu ədibin həlledici xidmətləri var.
Mən "ədib" ifadəsini təsadüfən işlətmədim, çünki Qəzənfər Paşayev sadəcə ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədibdir və bu ədibin yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdən biri onun qələminin səmimiliyidir - nə yazırsa, səmimi yazır, nəyi tərcümə, yaxud tədqiq edirsə, sevərək edir, onda "zorən-təbib"lik yoxdur. Mən həmişə onun nəşr etdiyi folklor nümunələrinin səmimiliyi ilə onun qələminin səmimiliyi arasında çox üzvi bir vəhdət hiss etmişəm.
Elçin,
Xalq yazıçısı
İnsanın ağlı, zəkası ən böyük gücüdür və Qəzənfər Paşayev bu gərəkli dəyərlərin, mənəvi gücün daşıyıcılarından, sahiblərindən biridir.
Fikrət Qoca,
Xalq şairi
Elmi ictimaiyyətin tanınmış folklorşünas və ədəbiyyatşünas alim, dilçi, publisist, tərcüməçi kimi tanıdığı professor Qəzənfər Paşayev, həm də aşıq sənətinin bilicisi və təbliğatçısıdır. Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olan Qəzənfər Paşayevin elmi yaradıcılığında aşıq sənətinə dair tədqiqatlar mühüm yer tutur. Böyük iftixarla demək istəyirəm ki, bu sahədə bir sıra sanballı əsərlər Qəzənfər müəllimin adı ilə bağlıdır. Son illərdə bir çox tanınmış ustad aşıqları irsinin toplayaraq kitab halında çap olunmasında professor Qəzənfər Paşayevin gərgin əməyi xüsusilə qeyd olunmalıdır.
Zəlimxan Yaqub,
Xalq şairi
Milli qeyrət! Çox vaxt namus sözü ilə işlənsə də Qeyrət təkcə Namusun sinonimi deyil, o, həm də mərdliyin, mərhəmətin, vətəndaşlığın, kişiliyin, insanlara əl tutmaq qabiliyyətinin, fədakarlığın, millət yolunda çıraq kimi yanmaq ifadəsinin sinonimi, ekvivalentidir. Qəzənfər müəllimin ömrü boyu gördüyü bütün işlərin də, həyatının və yaşayış tərzinin də ən dəqiq qiyməti elə budur. Milli qeyrət!
Sabir Rüstəmxanlı,
Xalq şairi
"Altı il Dəclə-Fərat sahillərində" kitabı məndə dağ seli kimi coşqun hisslər, xatirələr oyatdı. Oradakı zəngin məlumat, yeri düşdükcə incə yumor, səlis, ahəngdar dil, dost ölkəyə səmimi hörmət və məhəbbət hissi son on-on beş ildə oxuduğum xatirə oçerklərinin, publisistik kitabların içərisində bir oxucu və həmin ölkəni tanıyan, bilən və sevənlərdən biri kimi məni çox həyəcanlandırdı. Ona görə də kitabın müəllifinə səmimi təşəkkürümü bildirirəm.
Əzizə Cəfərzadə,
Xalq yazıçısı
Qəzənfər Paşayevi ilk dəfə "Kərkük bayatıları" ilə tanıdım. Onu tanımağım həm də böyük bir millətin ayrı düşmüş parçasını tanımağım idi. "Kərkük bayatıları" ilə İraq türkmanları kəşf olunmuşdu. Bəlkə də bu kitab olmasaydı mən 1969-cu ildə radioda "Bulaq" verilişini yaratmazdım. O zaman məndən bir addım qabaqda olan bir neçə sağlam düşüncəli adama sığınmışdım. Qəzənfər Paşayev də bu düşüncəni yaşadan ziyalılardandır.
Mövlud Süleymanlı,
Xalq yazıçısı
Qəzənfər Paşayev fenomeni elmi və ədəbi ictimaiyyət, eləcə də oxucular arasında mötəbər nüfuz rəmzinə çevrilmişdir.
Pedaqoq, folklorşünas, ədəbiyyatşünas, dilçi, yazıçı-publisist, tərcüməçi Qəzənfər Paşayevi bircə cümlə ilə belə səciyyələndirmək olar: "Azərbaycanı dünyanın hər yerində ləyaqətlə təmsil edə biləcək müdrik alim, vətənpərvər ziyalı".
Nahid Hacızadə,
yazıçı
Akademiklər və müxbir üzvlər:
Tarixən Azərbaycanda üç ziyalı tipi olub: ənənəvi Şərq ziyalı tipi, Rus-Qərb ziyalı tipi və hər ikisinin uğurlu sintezindən ibarət olan yeni Azərbaycan ziyalı tipi. Prof. Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalılarımızdandır.
Bəkir Nəbiyev,
akademik
Prof. Sula Benetin çox maraqlı "Necə yaşayasan yüzü haqlayasan" əsərini ingilis dilindən Azərbaycan dilinə yüksək peşəkarlıqla çevirən, azərbaycanlı oxuculara töhfə edən, əlçatmaz, ünyetməz uzaq Amerikanın bu töhfəsini bizə yaxın edən, doğma edən Qəzənfər Paşayevə minnətdarıq.
Miqyaslı, şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir.
Teymur Bünyadov,
akademik
Tanınmış elm və maarif xadimi, f.e.d., prof. Qəzənfər Paşayev iraqlı soydaşlarımız olan kərküklülərin folkloru, dili və ədəbiyyatı haqqında yazdığı dəyərli əsərləri ilə turan elində böyük ad-san qazanmışdır.
Ağamusa Axundov,
akademik
Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır.
Yaşar Qarayev,
akademik
Qəzənfər müəllim öz nəcib fəaliyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynamış, indinin özündə də beləcə davam edir.
Vasim Məmmədəliyev,
akademik
Həqiqətən, bu gün azərbaycanşünaslıqda kərkükşünaslıq adlı müstəqil bir elm sahəsi var. Bu elm sahəsi Kərkük türkman elinin, dilinin, folklorunun, tarixinin bir sintez şəklində təqdimidir. Onun qurucusu prof. Qəzənfər Paşayevdir... Prof. Q.Paşayevin monoqrafiyaları və tərtib etdiyi kitabların sayı 40-dan artıqdır. Düşünmək olardı ki, o, folklorşünas, ədəbiyyatşünas, tərcüməçi, publisist kimi xalq arasında yaxşı tanındığına, bu sahədə nüfuz sahibi olduğuna görə bir daha dilçilik aləminə qayıtmaz. Lakin belə deyilmiş. "Dilimiz-varlığımız" kitabını (Bakı-2011) oxuduqca gözlərimiz önündə qədirşünas bir dilçi alim canlanır.
Tofiq Hacıyev,
akademik
Azərbaycan oxucusuna təqdim edilimş yeddicildlik "Seçilmiş əsərləri" Qəzənfər Paşayevin 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin müdriklik və kamilliyinin, zəhmətkeşlik və fədakarlığının nümunəsi kimi meydana çıxmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk yeddicildlik kimi də mühüm əhəmiyyətə malikdir.
Fikrimcə, Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcısıdır. Nəinki Azərbaycanda, yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı göstərmək çətindir.
***
Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyası bu orijinal şairin həyatı və yaradıcılığını bütün əsas mahiyyəti və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdim edən qiymətli elmi əsərdir.
Professor Qəzənfər Paşayevin təqdim olunan monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslıq elmi üçün düşündürücü və faydalı bir örnək kimi əhəmiyyətlidir.
***
Etiraf etməliyik ki, professor Qəzənfər Paşayev Kərkük ağırlıqlı görkəmli Azərbaycan ədəbiyyatşünasıdır. Fikrimcə, onun digər mövzularda yazılmış əsərlərinin əhəmiyyətini heç aşağı salmadan bütün yazdıqlarını tərəzinin bir gözünə qoysaq, yenə də Kərkük tədqiqatları ağır gələr.
Yarım əsrə yaxındır ki, İraq-Türkman ədəbiyyatı, Dəclə-Fərat sahilləri, Kərkük ədəbi mühiti, folkloru, ləhcəsi deyəndə, ilk növbədə göz önünə Qəzənfər Paşayev gəlir.
***
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin "Xilaskarlar" kitabında İlham Əliyev erası Heydər Əliyev epoxasını tamamlayan və daha da inkişaf etdirilərək yeni tarixi mərhələ səviyyəsinə çatdırılmış xüsusi bir dövr kimi səciyyələndirilmişdir.
***
Professor Qəzənfər Paşayev "Azərbaycanda və İraqda Bayatlar" monoqrafik araşdırması ilə Qorqudşünaslıqda Azərbaycan elminə xüsusi bir tədqiqatın mövzusunu gətirmişdir.
İsa Həbibbəyli,
akademik
Qəzənfər Paşayev mənim də mənsub olduğum alimlər nəslinin böyük müəllimlərindəndir. Qəzənfər müəllim özü bir sənət əsəri kimidir. Yaradıcılığının yiyəsi olan, ona sahib çıxa bilən bir alimdir.
Qəzənfər Paşayev yalnız bir sahə üzrə işləməyib. Biz onu gözəl dilçi, folklorşünas, etnoqraf, tərcüməçi və s. kimi tanıyırıq. Q.Paşayev bizim alimlərimiz içərisində bəlkə də ən çox iş görən və ən təvazökar tədqiqatçılardandır. O, böyük bir institutun görə bilməyəcəyi işi görmüşdür. Bu da onun bizim bugünkü ədəbi-ictimai həyatımızda mövqeyini xüsusilə möhkəmləndirir. Bu qədər böyük işləri başqa birisi görmüş olsaydı, yəqin, onun ədası yerə-göyə sığmazdı.
Onun yazdıqları təmiz və pak ürəyin səsidir. O bizim folklorumuzun Müşfiqidir.
Nizami Cəfərov,
akademik
Professor Qəzənfər Paşayev öz tədqiqatçılıq həyatı boyunca Azərbaycan və dünya ədəbiyyatının fərqli dövrlərinin bir çox məsələlərini səriştə ilə araşdırmış, cildlər silsiləsinə sığan dəyərli əsərlər yaratmışdır.
Azərbaycan aliminin təqribən 40 ilə sığan müddətdə dahi söz ustasına sədaqətlə apardığı araşdırmalar göstərir ki, o öz alimlik bioqrafiyası ilə Nəsimi haqqında səriştəli söz deməyə hazır olduğunu aşkar şəkildə nümayiş etdirə bilənlərdəndir.
Rafael Hüseynov,
akademik
Professor Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" monoqrafiyası ölkəmizdə nəsimişünaslıq elminin gələcək inkişafı işinə xidmət edir və bu yöndə aparılacaq elmi tədqiqatlar üçün müsbət zəmin yaradır.
Möhsün Nağısoylu,
akademik
Q.Paşayev İraq türkmanlarının həyat və məişətini ağız ədəbiyyatı ilə birlikdə araşdıra-araşdıra, bu yöndə kitablar yaza-yaza bizi də Kərkük sevdasına mübtəla etdi. Böyük sevda şairi M.Füzulini yetirən el-oba, Q.Paşayev Kərküknaməsindən sonra bizim üçün Şəki, Şirvan, Qarabağ, Naxçıvan kimi əlçatan, ünyetən el-oba oldu.
Muxtar İmanov,
Akademik
"Bilmirəm haralıyam, torpağım, daşım qərib" - deyən kərküklülərin bayatılarından, xalq mahnılarından, atalar sözlərindən, tapmacalarından ibarət nəfis nəşrlər (biz hələ "Altı il Dəclə-Fərat sahillərində" adlı məşhur kitabı demirik) son illərdə oxucularımızın kitab rəflərini bəzəməkdədir. Bütün bunlar uzun illərdən bəri kərküklülər içərisində işləyən Qəzənfər Paşayevin Kərkük folklorunu toplamaq sahəsində gördüyü gərgin işinin, fədakar yaradıcı əməyinin nəticəsidir.
Azad Nəbiyev,
AMEA-nın müxbir üzvü, professor
Mənsub olduğu xalqın, millətin tarixi yaddaşını elmi-publisistik yaradıcılığında yaradan və uca tutan, özünəməxsus məktəb yaradan nüfuzlu ziyalılardan biri də zəngin dünyagörüşünə, dərin biliyə, qibtə ediləcək fəfəkkürə sahib olan professor Qəzənfər Paşayevdir.
Akif Musayev,
AMEA-nın müxbir üzvü, professor
Professor Qəzənfər Paşayev folklor nümunəsinə mücərrəd bir fakt kimi baxmır. Folklor nümunələrində insanların arzu və istəklərinin, hiss və duyğularının ifadəsinin mükəmməlliyini görür. Bunlarla yanaşı, Qəzənfər müəllim, bəlkə də, bizim folklorşünaslığımızda heç vaxt rast gəlinməyən bir cəhətin də əhəmiyyətinə həmişə önəm vermişdir. Bəs bu cəhət nədən ibarətdir? Qəzənfər Paşayev insanların dəyərini də folklora görə müəyyənləşdirir.
Qəzənfər müəllim üçün hər hansı bir folklor nümunəsi, saz musiqi aləti, yaxud el havası və rəqs insanı dərk etməyin vasitəsinə çevrilir. Bu, elə bir müdrik yanaşma və dəyərləndirmədir ki, insanı həyata möhkəm tellərlə bağlamağın, həm də şəxsiyyət səviyyəsinə qaldırmağın yolu da məhz ordan keçir.
Professor Qəzənfər Paşayevin həyatı folklora bağlı bir ömrün simvoludur.
Kamran Əliyev,
AMEA-nın müxbir üzvü, professor
Doğrudur, Qəzənfər Paşayev haqqında az yazılmamışdır. Təkcə elə alimin beynəlxalq nüfuzunu qabardan məqalələrdən ibarət "Kərkük sevdalısı elm adamı", yaxud "Ömrün əbədiləşən illəri" toplularını xatırlamaq bəs edər. Amma bütövünü götürəndə gərəyincə yazılmamışdır. Buna mən ötən yay dizimi qatlayıb Qəzənfər Paşayevin qalın-qalın (hər biri 30-40 ç.v.) yeddi cildinə qatlaşandan sonra bir daha əmin oldum.
Bu, akademik dairələrimizdə görünməmiş orijinal bir nəşrdir.
Hazırda həm də Əməkdar elm xadiminin "Seçilmiş əsərləri"ndə yer alan cildlərin sayı 12-dir. Həqiqətən də bu, ədəbiyyatşünaslıq elmimizdə alimin misilsiz nailiyyətidir.
Tehran Əlişanoğlu,
AMEA-nın müxbir üzvü, professor
Filologiya elmləri doktorları, professorlar:
Altıillik səmərəli zəhmətin əbədiləşən səhifələrini nəzərdən keçirdikcə Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq və jurnalistlə, ən ümdəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş şərqşünas bir mühasiblə üz-üzə dayanırıq.
Qasım Qasımzadə,
şair-alim, professor
Qəzənfər Paşayev uzun illərdən bəri M.F.Axundov adına Pedaqoji İnstitutda Xarici dillər kafedrasına rəhbərlik edir. Əmək kitabçasından məlumatlar: Adı iki dəfə SSRİ-nin İraq Respublikasındakı səfirliyinin Fəxri kitabına salınmışdır. O, SSRİ Maarif Nazirliyinin Fəxri fərmanı, İraq Respublikasının "Əməkdə şücaətə görə" medalı ilə təltif olunmuşdur. SSRİ Ali Təhsil Nazirliyinin və Azərbaycan SSR Təhsil Nazirliyinin təşəkkürünə layiq görülmüşdür. 1976-cı ildə Q.Paşayev xaricdə çoxillik uğurlu işinə görə SSRİ Nazirlər Kabinetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Murtuz Sadıxov,
professor
Nyu-Yorkdakı İnsanı tədqiq edən elmi tədqiqat institutunun əməkdaşı, prof. Sula Benet uzun müddət (1970-1975) Qafqazda uzunömürlülük məsələsi üzrə tədqiqat aparmış və "Necə yaşayasan yüzü haqlayasan" adlı çox maraqlı kitab yazıb çap etdirmişdir (Nyu-York, 1976). Bu qiymətli kitabı ABŞ-da üzə çıxaran və zəhmət çəkib doğma dilimizə tərcümə edən Qəzənfər Paşayevə öz minnətdarlığımızı bildiririk.
Mehdi Sultanov,
tibb elmləri doktoru, professor
Otuz ilə yaxın müddət ərzində İraq - Türkman folklorunu aramsız olaraq toplayan, nəşr edən, elmi əsaslarla tədqiq və təbliğ edən Qəzənfər Paşayevin hər bir əsəri gərgin elmi zəhmətin bəhrəsidir.
Musa Adilov,
professor
Qəzənfər Paşayev bizim nəslə gözəl əxlaqı ilə nümunə olub, örnəyə çevrilib. O, gözəl ziyalı, gözəl ailə başçısı və gözəl əmi obrazıdır. Bütün məqamlarda adının, milli kimliyinin qarşısında bu epiteti işlətmək olar.
Qənirə Paşayeva,
Millət vəkili, professor
Həyatda hər uğurlu kişinin arxasında böyük bir qadın durur. Türklər doğru deyiblər ki, qadın kişini vəzir də edə bilər, rəzil də. Xoşbəxtlikdən Arəstə Mikayıl qızının əməyi və səbri sayəsində Qəzənfər müəllimin payına vəzirlik düşüb.
Məmməd Novruzoğlu,
Professor, Fövqəladə və səlahiyyətli səfir
Professor Q.Paşayevin elmi-ədəbi fəaliyyəti ən müxtəlif istiqamətlərdə ayrıca tədqiqat mövzusu, araşdırma obyekti olmağa layiqdir. Görkəmli alimin folklorşünaslıq, ədəbiyyatşünaslıq, tərcüməçilik fəaliyyətinin hər biri geniş bir tədqiqat mövzusudur. Lap elə İraq türkmanlarının dili, folkloru və ədəbiyyat sahəsindəki çalışmalarının özündən ayrıca bir dissertasiya işinin yazılması ancaq və ancaq qədirşünaslıq kimi dəyərləndirilə bilər.
Məhərrəm Qasımlı,
professor
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev doğma vətənində olduğu kimi, İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorşünas kimi etiraf olunmuş alim, müasir humanitar fikrimizin səlahiyyətli söz sahibidir.
Şirindil Alışanlı,
professor
Qəzənfər Paşayevin fəaliyyətini bir cümlə ilə belə qiymətləndirmək olar: Əbədiyaşar ədəbi elmi abidə və ya iftixar doğuran yaradıcılıq.
Qəzənfər Kazımov,
Professor
Qəzənfər Paşayevin "İraq - Türkman folkloru" monoqrafiyası folklorşünaslığımızın son nailiyyətlərindəndir.
Məhərrəm Cəfərli,
professor
Professor Qəzənfər Paşayev ömrünün kamillik və müdriklik zirvəsindədir. O zirvənin fəthi heç də asan olmamışdır. Onun bundan sonrakı amalı həmin fəth olunmuş zirvədə, əngin yüksəklikdə tab gətirə bilməsidir. Onu tanıyanlar inanır ki, tab gətirəcək və Azərbaycan xalqı hələ bundan sonra da öz ziyalı oğlunun nur çeşməsindən bəhrələnəcəkdir.
Zeydulla Ağayev,
professor, Qəzənfər müəllimin tələbəsi
Görkəmli folklorşünas və ədəbiyyatşünas Qəzənfər Paşayevin həm imzası, həm əsərləri, həm də efirdən və ekrandan eşidilən fikir və düşüncələri geniş oxucu kütləsinə, elmi və ədəbi ictimaiyyətə yaxşı məlumdur... Elmi araşdırmalar aləmində keçən əlli ildən artıq dövrün uğurları və dəyərləri ilə diqqəti cəlb edən ədəbiyyatşünas alim, pedaqoq, dilçi, tərcüməçi, professor Q.Paşayev çox maraqlı və olduqca zəngin həyat və yaradıcılıq yolu keçmişdir.
Vaqif Arzumanlı,
professor
Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Dəqiq desək, xatirəni yaratmaq üçün də, yaşatmaq üçün də şəxsiyyət olmaq lazımdır. Professor Qəzənfər Paşayev ədəbi-ictimai mühitdə sayılıb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədrşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir... Onun "Borcumuzdur bu ehtiram" kitabına başda ulu öndər Heydər Əliyev olmaqla iyirmi beş ziyalı - dövlət xadimi, alim, müəllim, yazıçı və şair haqqında portret oçerklər toplanıb. Kitaba daxil olan bütün oçerklər böyük səmimiyyətlə yazılıb, hər biri şirin layla kimi, nurlu elegiya kimi oxunur... Müxtəlif illərdə qələmə alınan bu yazıların hamısını qəmli bir "...ölümündən sonra" fəryadı birləşdirir.
Nizaməddin Şəmsizadə,
professor
Kərkük Pərvanəsi kimi tanıdığımız böyük hərflərlə yazılmağa layiq "İNSAN" Qəzənfər Paşayev və ədəbiyyatşünaslıq, folklorşünaslıq, şərqşünaslıq, dilçilik, tarix, etnoqrafiya, mətnşünaslıq üzrə görkəmli alimdir.
Bəhlul Abdulla,
Əməkdar elm xadimi, professor
Professor Qəzənfər Paşayev "Borcumuzdur bu ehtiram" əsərində dünyasını dəyişmiş unudulmaz görkəmli şəxsiyyətlərin unudulmayan obrazlarını yaratmışdır. Əsərdə haqqında söhbət açılan görkəmli şəxsiyyətlərdən başqa, bir adamın da obrazı gözlərimiz önündə canlanır. Bu da bizdən ayrı düşənlərə, eləcə də müasirlərinə son dərəcə qayğı və ehtiramla yanaşan, unudulmayanların obrazını yaradan müəllifin öz obrazıdır.
Bədirxan Əhmədov,
professor
Azərbaycanda, humanitar fikir aləmində Q.Paşayevi tanımayan, hətta deyərdim, sevməyən adam tapılmaz. Çünki o qədər işıqlı adamdır ki, inanmıram, bu işığın nuruna kimsə paxıllıq eləyə... O, görkəmli alimdir. Hansını deyim? O, dilçidi, folklorşünasdı, ədəbiyyatşünasdı, tərcüməçidi, publisistdi...
Qəzənfər Paşayev örnək adamdır.
Vaqif Yusifli,
filologiya elmləri doktoru
Professor Qəzənfər Paşayevin "Azərbaycanda və İraqda Bayatlar" monoqrafiyasında tədqiqatçıları düşündürmək gücündə olan məsələlər çoxdur. Tədqiqatçının Dədə Qorqudu tarixi şəxsiyyət hesab etməsi və bu baxımdan qənaətləri maraqlıdır. Professor açıq kodla yazır: "Eposu ilk dəfə yazıya köçürən elə Dədə Qorqud olmuşdur. Qopuzunu bağrına basıb "soy soylayan", "boy boylayan" bədii obraz Dədə Qorqud, əslində Dədə Qorqudun özüdür".
Bu, qorqudşünaslıqda yenilikdir.
Seyfəddin Rzasoy,
professor
Dilçi, tənqidçi, publisist, tərcüməçi, ədəbiyyatşünas, mətnşünas, folklorşünas kimi yüksək keyfiyyətlər professor Qəzənfər Paşayevdə cəm halında birləşib. Daha doğrusu, o, özünün zəhmətsevərliyi, vətəndaş əzmkarlığı, bilik və bacarığı, səmimiyyət dolu həssaslığı ilə həmin keyfiyyətləri əldə edib, onlara sahib çıxıb.
Nə yazdı, ortaya hansı töhfəni qoydusa orijinal oldu. Ərsəyə gətirdiyi mənəvi sərvət "Şah əsər" kimi dəyərləndirildi, Azərbaycanda İraq, Kərkük folklorşünaslığının banisi oldu.
Alxan Bayramoğlu,
professor
Qəzənfər müəllim mənim "Oğuz dastanı: tarixi-mifoloji özəllikləri və təşəkkülü" adlı doktorluq dissertasiyamın 1997-ci ildə opponenti olmuş, dissertasiyama müsbət rəy yazmışdır.
İndi mənim onun "Bayatlar Azərbaycanda və İraqda" kitabına rəy yazmağım qəribə görünür. Buna baxmayaraq, böyük məmnuniyyətlə üç problemə - türkmanlar, bayatlar və Dədə Qorqud dastanlarına həsr olunmuş bu kitab haqqında mülahizələrimi bildirməyi özümə borc bilirəm.
Füzuli Bayat,
professor
Əcnəbi alim, yazar və diplomatlar:
Qəzənfər Paşayevin "İraq - Türkman folkloru" kitabına bənzər bir kitab indiyə qədər nə İraq türkmanları, nə də İraq türkmanlarının folkloru ilə məşğul olan xarici alim və tədqiqatçılar tərəfindən yazılmışdır... Ağlasığmayan yorğunluqların məhsulu olan bu misilsiz əsəri İraq türkmanları arasında folklor çərçivəsində bir şah əsər kimi qiymətləndirmək daha doğrudur. Bu günə qədər bizdə İraq türkmanlarında, Türkiyədə və Azərbaycanda folklorumuzun bu biçimdə tədqiqi, incələnməsi və araşdırılması olmamışdır.
***
Gözəl niyyətlə yazılan və gerçəyi olduğu kimi ortaya qoyan çox qiymətli "Altı il Dəclə-Fərat sahillərində" kitabı İraq-Azərbaycan dostluğunun tarixinə çağlar boyuna işıq tutacaq və bu iki ölkə arasındakı ədəbi əlaqələrin də sürətli bir biçimdə inkişafına kömək göstərəcəkdir. Kitabı ərəb dilinə tərcümə edərək Bağdadda çap etdirməyimiz, hər şeydən əvvəl bununla bağlıdır.
Dr. Əbdüllətif BƏndƏroğlu
Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ayrı ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir... İftixarla söyləyə bilərik ki, artıq o, Əta Tərzibaşı qədər dəyərli bir araşdırıcımızdır.
Prof. Dr. Mahir Naqib
İraq türkmanlarının ədəbiyyat və folkloru ilə ilgili yazılarınızla bizi çox məmnun edirsiniz. Bu qiymətli incələmələrinizi çox diqqətlə oxuyuruq... Söz vermişdim, sizə Azərbaycan-Kərkük ədəbi birliyinə dair bir yazı göndərim. Amma "Azərbaycan" dərgisindəki yazınızı oxudum və vaz keçdim. Söyləməyə bir söz buraxmamışsınız.
Mövlud Taha Qayaçı,
İraq-Kərkük, Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvü
Qəzənfər Paşayevin "İraq - Türkman folkloru" kitabı bilimsəl və orijinal bir şəkildə Kərkük və Azərbaycan folklorunun müştərəkliyini ortaya qoyan müstəsna və nadir bir çalışmadır.
İzzəttin Kərkük,
Kərkük Vəqfinin təsisçisi və başqanı
Qəzənfər Paşayev ilə tanış olduğumuz uzun illərdən bəri hər zaman qəlbimizdə yer etmiş əziz və candan bir böyük qardaşımızdır.
Özü şirin, sözü şirin Qəzənfər xocamız Türkmanların könlündə taxt qurmuş bir sultan kimidir.
Prof. Dr. Suphi Saatçı,
"İraq Türkman poeziya antologiyası"na (Bakı, 2019) Ön sözdən
Əməkdar elm xadimi, Prof.Dr.Qəzənfər Paşayev "İraq - Türkman poeziya antologiyası" kitabını yazaraq Türkman ədəbiyyatında yeni bir qapı açmışdır.
Kərkük və türkman sevdalısı olan Qəzənfər Paşayev hakkıyla "Böyük türkmanşünas" adını qazanmışdır.
Dr. Mustafa Ziya,
Ankarada Türkman Eli Kültür Mərkəzinin başqanı
Professor Qəzənfər Paşayev "İraq türkman ocağı"nın həm maddi, həm də mənəvi memarıdır. Hər şey onun əsəri sayılır. Tabloların, rəsmlərin, bəzənmiş salonların təmir işlərinin xərcini özü çəkmişdir. Muzeyi əhatə edən kitabları alim İraq və Türkiyədən gətirmişdir... Türkman folkloru mütəxəssisi prof. Q.Paşayevin hazırladığı proqram son dərəcə dinamik və təsiredici idi. İhsan Doğramacı söz və nəğmələrlə bəzənmiş səhnələr qarşısında dərin bir səssizliyə dalmışdı və xatirələrin həzin səsləri altında ruhunu dinləyirdi... bu hisslər Doğramacını illərin, ayların dolaylarına götürmüşdü... müğənnilərin oxuduğu Kərkük mahnılarının qucağında yer-göy Kərkük, Ərbil olmuşdu.
Prof. Dr. Cəlal Ərtuq,
"Türkiyədə və dünyada İhsan Doğramacı fenomeni" kitabının müəllifi
İraq türkmanlarının folklorunu azərbaycanlı qardaşlarımıza tanıtmaq üçün bir çox araşdırmalar yapan Q.Paşayevin əsərləri Oğuz kökündən və soyundan olan Azərbaycan türkləriylə İraq türklərinin dil və folklor baxımından nə qədər bir-birinə bağlı olduqlarını açıqca göstərməkdədir.
Prof. Dr. Mustafa Arqunşah,
Kayseri Universiteti, Türkiyə
"Altı il Dəclə-Fərat sahillərində" kitabı azərbaycanlı ədib, prof. Qəzənfər Paşayevin tariximiz və mədəniyyətimiz barədə fikir və mülahizələrini özündə ehtiva edir. Müəllif böyük şövq və məhəbbətlə bizim haqqımızda yazır. Ondan heç nə tələb olunmadan, o özü heç nə tələb etmədən İraqı sevir. Onun bu kitabının ərəb dilinə tərcümə edilməsi qədirbilənliyə cavabın ən gözəl nümunəsidir.
Dr. Cəlil Kəmaləddin,
"Əl-Cümhuriyyə" - ("Respublika") qəzeti, Bağdad, 14.05.1996
"Altı il Dəclə-Fərat sahillərində" azərbaycanlı alim, professor Qəzənfər Paşayevin nəinki ölkəmizə məhəbbətini, hətta müəllifin İraqın mədəni, tarixi və siyasi əhəmiyyətini dərk etdiyini nümayiş etdirir. Bu kitabın vətənimizin tarixi ilə ilk dəfə tanış olan əcnəbi oxucular üçün yazılmasına baxmayaraq müəllifin İraqın ictimai-ədəbi həyatına ekskursiyalarının təfsilatları kitabı iraqlı oxucular üçün xüsusi bir rayihə ilə süsləndirir... Kitab bizi oba-oba gəzdirir, İraqın elm və mədəniyyət mərkəzləri ilə tanış edir. Əsər iraqlı oxucuda bu ölkəyə mənsub olması fəxr hissi və kitabın hörmətli müəllifinə və mütərcim dostumuz şair Əbdüllətif Bəndəroğluna dərin minnətdarlıq hissləri oyadır.
Əbdülhəmid Həmudi,
"Əs-Saura" (İnqilab) qəzeti, Bağdad 07.06.1996
Prof.Dr. Qəzərfər Paşayev artıq Əta Tərzibaşı səviyyəsində olan alimdir. Təsadüfi deyil ki, "Çağdaş İraq-Türkman şairləri" kitabının I cildini Əta bəyə, II cildini Qəzənfər müəllimə ithaf etmişəm.
Dr. Şəmsəddin Küzəçi,
AYB-nin fəxri üzvü
İraqlı alimlər cənab Qəzənfər Paşayevin tədqiqatlarına böyük qiymət verir və ondan istifadə edirlər. Biz onu nəinki İraqşünas tədqiqatçı və yazıçı kimi tanıyırıq, eyni zamanda Azərbaycanın İraqda səfiri kimi qəbul edirik. Məlumdur ki, indiyə qədər Azərbaycanın İraqda rəsmi təmsilçisi yoxdur. Qəzənfər Paşayev uzun illər boyu apardığı dərin tədqiqatları ilə İraq və Azərbaycan xalqlarını ədəbi və mədəni əlaqələr baxımından bir-birinə möhkəm tellərlə bağlamışdır. O, İraq xalqının dostu və qardaşıdır.
Fərrux Salman Davud,
İraqın Azərbaycandakı səfiri
17.02.93
Qardaşımız, dostumuz Qəzənfər Paşayev təkcə Azərbaycan xalqının deyil, həmçinin İraq xalqının oğludur.
Dr. Mehdi İbrahim Ət-Tai,
İraqın Bakıdakı müvəqqəti işlər vəkili
11.10.1997
"Ana, məni Azərbaycana göndərirlər. - Çox yaxşı, uğur olsun. Orada Qəzənfər Paşayevi tap. O mənə nə kömək edə bilər? - Qəzənfər Paşayev sənə Kərkükü tanıdacaq. Bu, anamın sözü idi. Mən gəlib Qəzənfər Paşayevi elə anamın dediyi kimi gördüm".
Casim Məhəmməd,
İraq səfirinin müşaviri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!