İnsanın və dünyanın poetik dərki - Xalq şairi Vahid Əziz yaradıcılığı haqqında ədəbi düşüncələr. Əmir PƏHLƏVAN

 

Vahid Əziz elə bir şairdir ki, onu birnəfəsə oxumaq böyük və gur axan dağ çayının qabağını kəsməyə bənzəyərdi. Əgər çayın qabağını bağlamaq mümkünsə...(?!)

Vahid Əziz poeziyası İnsanın və dünyanın poetik dərki və tərki-dünyalığıdır. O poetik dünyanı öyrənmək və araşdırmaq mənə belə gəlir ki, adi bir qələm yükü deyil. O, həm tale, düşüncə və həm də böyük bir fikir yüküdür. O yükü daşımaq asan olmadığı kimi, onun poetik düşüncələrini də bir-iki saata oxumaq heç də asan gəlməsin sizə. Hətta onun yaradıcılığını təkcə məhəbbət macəraları kimi qəbul edənlər də qoy yanılmasınlar.

Çünki o, xosrovların kəcavəsinə gələn şirinlərin, ərəb çöllərində ağlayan leylilərin, Əslinin eşqi ilə yanıb kül olan kərəmlərin, baxışlara sinə açan sonaların timsalındakı mücərrədliyi də qəbul eləmir. O, məhəbbətin orta əsrlər tiryəkliyindən qurtulmağın konsepsiyasını yaradır. Reallıq, Tələb və Yaşamaq anlayışlarını ictimailəşdirərək həyatın öz mövzusunu gündəmə gətirir:

 

Qətiyyən sındırmaz bu dərd milləti,

yox, axan qanlar da getmədi hədər,

bizim xislətimiz kişi adəti -

sevginin yolunda can qurban gedər...

 

Vahiddən oxunan hər bir fikir onun fəlsəfi kimliyini ortaya qoyur.

Bu gün orta əsrlərdən üzü bəri üstü açılan "sirlər"i mahiyyət etibarilə dərk etməyən və onu axıradək dinləməyən oxucuya üzünü tutan şair ürək ağrısıyla yazır:

 

Görünür, bu dünyada

haçansa yaşamışam -

çox şeyi təkrarlayıb,

bilməkdən yorulmadım.

 

Vahid şeirdə düzgün nəql stilini və aydın süjet qurmağı fəlsəfi duyumla qələmə aldığından üç-dörd bəndlə böyük bir epopeyanın məzmununu təqdim etməyi yüksək peşəkarlıqla bacarır:

 

Özümün göz yaşım düşdü külümə,

öz naləm qarışdı ağrılarıma,

Allah, sevənləri bədbəxt eləmə -

mənə bax, rəhm elə başqalarına...

 

Şair etik və sosial durumun reseptini yazaraq cəmiyyətin xəstə halını müalicə etməyin sirlərini və üsullarını açıqlayır. Necə deyərlər, min dərdin min bir dərmanı olduğunu söyləyir:

 

Getdin... uçuşunda quş gözəlliyi,

sənsiz saçlarımda qış gözəlliyi,

daş-qaşı ucaldan daş gözəlliyi!

bəlkə də daş olduq, nə bilmək olar?

 

Sözün obrazını və müqəddəsliyini and yeri bilən şair onun məna kodlarını açmaqla İlahinin varlığı hüzurunda dayanır; zühr edir, özü sözə dönür, şeirləşir:

 

Cahanda bircə nəfər Tanrıya övlad sayılıb,

O da insan əlinə düşüb - çarmıxa çəkilib.

 

Vahid sözün qul və mülkiyyətçi stereotiplərini aşaraq poeziyaya yeni nəfəs gətirir, tale yazısına üz tutur. Sözü şifahi danışıq vərdişlərindən daha çox estetik varlığa çevirir.

Quldarlıq hüququ kimi Sözü incidənlərə üsyan eləyən şair fərdləri bu cür cəzalandırır:

 

Ölkəni qəribə bir xislət alıb -

kimdir məhəl qoyan? - hayqırdım min yol;

Vətən övladını çətinə salıb,

tövsiyə edirik -

"Vətənpərvər ol!".

 

O, bəzən lirikanı rəsm və şəklə (fotoya) çevirir, duyğuların "kardioqrammasını" çəkir. Zamanın nəbzinə, reallığa və faniliyə qədər gözəgörünməz yollar qət edir. Dünyanın sözlə izahının portretini çəkir. Mif və dinləri ilahi kəlmələrlə, sərrast düşüncə və aydın ovqatla təmizləyir:

 

Xeyli dəyişmişik, Füzuli baba,

bir söhbət danışım (sözünə qüvvət),

daha bu mübarək eldə, obada

həm salam alınır, həm də ki, rüşvət!

 

O, müqəddəs kitabların Söz qədər ucalığını İlahinin xeyir-duasına ehtiyaclığın əsas predmeti sayır. Hər kəsdə Allah sevgisinin olduğunu deyir:

 

Allah, bizi niyə belə yaratdın?

bir az ağa, bir az kölə yaratdın!

Yaratdın ki, hər yetənə aldanaq,

yaratdın ki,"hər dərədə nallanaq"?

Yurdumuzda qaçqın olaq, yad olaq,

yaratdın ki, tayfa-tayfa dolanaq?!

 

Vahid Əziz daha irəli gedərək bütün zamanların, o cümlədən Ədəbiyyatın əbədi mövzusu olan Hakimiyyət və Allah problemi kontekstində daxıli inam və İnsanlıq meyarına ayri rakusdan yanaşır. Problemi şair öz öhdəsinə götürür və bunu həll etməyin düsturunu tapır. Şairin peyğəmbərlik missiyasının izahını verir.

Böyük Füzuli yana-yana deyirdi ki, peyğəmbər və övliyalardan sonra insan nəslinə ən sadiq tayfa şairlərdir.

Əbəs yerə deyil ki, Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşaraq, onu dərk etmək elminin - təriqət elminin xidmətçiləri sayırdılar. Onlar Allaha məhəbbət qarşısında sanki öz yaradıcılıqlarından imtina edirdilər. Bu mənada Vahid Əziz özü də bilmədən bu dahi fikrin daşıyıcısına çevrilərək bədahətən dediyi və yazdığı sözün müqəddəsliyinə və ilahiliyinə baş əyir:

Noolaydı: bir oxum, yayım olaydı,

səsim Yer üzünə yaylım olaydı,

Tanrı bicə günlük Dayım olaydı -

olaydım Allahın Bacısı Oğlu!

 

Şərq klassisizminin əsas forması lirik poeziya-qəzəl, duyuq, rübai olmuşdur və sufi ədəbiyyatında özünü göstərmişdir.

Ümumiyyətlə, insan həyatının elə dönəmləri olur ki, o, sufi həyatını yaşamalı olur. Şairlər isə əslində bu həyatın içində olduqlarını çox gözəl bilirlər.

Şair buna öz münasibətini belə bildirir:

 

Mənə yüz il ömür arzulamayın,

Bu qədər yaşayan hansı çiçəkdir?

Sən yaşda qalmırsa tay-tuşun, tayın,

Qurdla qiyamətə qalmaq deməkdir.

 

Azərbaycan klassisizminin təcəssümü Füzuli ədəbi məktəbi idi. Ürəklə deyə bilərəm ki, bu məktəbin müasiri haqqında danışdığım ədəbi və əbədi qəhrəmanım, öz xalqının sevimli şairi Vahid Əzizdir.

O, xoşbəxt şairdi ki, sağlığındaykən ürəyindən keçənləri böyük səxavətlə qələmə alır. Düzü düz, əyrini əyri...

Əlbəttə ki, xalqın içərisində zamanın və millətin nəbzini tutan, sözünü deyən kişilər çoxdur. Onlardan biri də Vahid Əzizdir. O, kişi kimi yaşayır bu dünyada. Zamanında sözünü deyir və dediyi sözün arxasında dayanır:

 

Olsa da hər zaman elnən iç-içə

ona dənli yerdə sədd hörübdülər,

Vətəndir, neyləsin balaca sərçə?

arpa kəpəyin də çox görübdülər.

 

O qədər kövrəkdir doğma görkəmi

Mil-Muğan, Şirvanlı, Qarabağlıdı,

o da mən gündədir - ölənə kimi

hara Vətəndirsə, ora bağlıdı!

 

Sapandla vurular, ölər, qovrular -

saraylar, məclislər yasaqlı yerdi!

əsgər də, şəhid də sərçələr olar,

yekəpər durnalar fərarilərdi!

 

Sərçə taleyi də, özü də kiçik,

vəfalı qəlbini duyan olmayıb,

ədası-pırıltı, hədəsi - "Cik-cik",

odur ki, sərçəni sayan olmayıb!

 

Payızda qayıdar, baharda gələr -

durnalar qonaqdır, gəlib-gedəcək,

Vətən çəpərinə sadiq sərçələr

çəpərlər dibində ölüb-gedəcək...

 

Binəsi - kollarda,Vətən daşında,

nə mülkü, nə gölü, nə adası var;

amma ki, köçəri qaranquşun da

yerliyə şəriklik iddiası var!

 

Bizimlə birlikdə gülüb-ağlayan

bu Yurdun balaca sərçələridir,

bəlkə də sərçəni cılız saxlayan

millət təəssübü, Vətən dərdidir?

 

Bir döyüş şeypuru çalın ucadan,

düşməni döyməyə görün kim gedir?!

sərçə taleyini yaşayan insan

talesiz yaşayan sərçə kimidir...

 

"Vətəndaş sərçələr"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!