Xeyirxah və mədəni insan - Namiq Abbasov Ərtegin Salamzadə haqqında yazır

 

Namiq Abbasov

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri,

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət insanla bağlıdır və onun ən ciddi problemi "insan üçün" məsələsini çözməkdir. Bu funksiyanı nəzərə alaraq Albert Şveytser yazmışdı ki, mədəniyyət yaşamaq uğrunda mübarizənin yumşaldılmasıdır və bunun üçün insanın zəkasının təbiət və insan inancları, duyğuları üzərində hakim kəsilməsidir. Bu sözlərin açımı odur ki, mədəniyyət insan üçün sosial və təbii mühiti elə duruma salmağa çalışır ki, yaşamaq uğrunda başqaları ilə qorxunc, ağır ölüm-dirim mübarizəsi olmasın. Həyat deyilən anlayış insanla bağlıdır. Həyatımızı mənalı edən də məhz insanlardır. Mədəniyyətin daşıyıcıları da insanlardır.     

Antik dövrün düşüncə sahibi Epikür deyirdi: "Bizə xoşbəxt görünmək lazım deyil, xoşbəxt olmaq lazımdır". Eyni fikri Hippokrat üçün də deyirlər: "Bizə sağlam görünmək lazım deyil, sağlam olmaq lazımdır". Belə fikirlərin davamı kimi biz (kulturoloqlar) də deyə bilərik: Bizə mədəni görünməkdən daha çox, mədəni olmaq lazımdır. Mədəni insanın davranışları və insanın mədəni davranışları: bunlar ayrı-ayrı məsələlərdir. Belə xeyirxah və mədəni  insanlardan biri haqqında yazmaq, xüsusilə,  ad günü ərəfəsində layiq olduğu fikirləri söyləmək yerinə düşər.

AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ərtegin Salamzadənin elmi fəaliyyətini bir yazıda əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən araşdırılacaqdır. Eləcə də Ərtegin Salamzadənin idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və insani keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Bir alimin elmi fəaliyyəti ardıcılları tərəfindən mütləq olaraq araşdırılacaqdır. Daha mühüm, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir.    

Bütövlükdə, kulturoloji fikir tarixində insan haqqında söylənilən fikirlər birmənalı deyil. 

İ.Kant: "İnsan təbiət etibarilə heç də mənəviyyatlı deyil, o, yalnız idrakın qanun və öhdəliklər anlayışına yüksəlməsi ilə mənəviyyatlı olur".

A.Şopenhauer: "Necə ki, atmosfer təzyiqi olmasaydı bədənimiz partlayardı, eləcə də ehtiyac, ağır iş, taleyin oyunları olmasaydı, insanların lovğalıqları onları dəlilik dərəcəsinə aparıb çıxarardı".

Belə tezislərlə yanaşı, insanı yer üzünün əşrəfi sayanlar da az deyil. Yer üzünün əşrəfi sayılan insanlardan biridir Ərtegin müəllim. Böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "Siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir Ərtegin müəllimin özəlliyi. Əslində bu, fundamental dəyərlərin təbliğidir. Müqəddəs kitab "Quran"da ("Bəqərə" surəsi, ayə 36) İnsan yer üzündə Tanrının canişini kimi təqdim edilir. Yəni insan heç də pislikdə qərar tutan varlıq deyil. Onu pisləməklə yox, dəyər verməklə ucalda bilərik. İnsan Tanrının göndərdiyi müqəddəs kitabların göstərdiyi yolla getsə, Kantın söylədiyi kimi, qanun və öhdəliklər anlayışına yüksələ bilsə kamilləşə bilər. Bunu İ.Nəsimi də deyirdi. İnsan özünüdərklə içindəki Tanrını tanıya və ona tapına bilər. Ekzistensialist filosof M.Marsel insanda iki mövqeyi qabardırdı: 1. İnsan ömrü boyu nə isə qazanmaq istəyir. 2. Var olma mövqeyi (cövhər əldə etmə istəyi). Öz varlığına en! Özünə enən Tanrını götər. Tanrı insana dəyər verərək onu tərifləyir. Ona görə ki, tərbiyə həm də dəyərləndirməklə, təriflə daha effektli olur. "İnsan ən gözəl biçimdə yaradılıb, hansı ki, ondan yüksək ola bilməzdi".             

Təəssüf ki, ətrafımızda yaxşı insanlar azdır. Bu gün var olan yaxşı insanlar ətrafımıza nur saçan aydınlardır. Məhz  Ərtegin Salamzadə kimi aydınların, alim və ariflərin varlığı sağlam cəmiyyəti formalaşdırır.

İnsanlar zatən tənbəldir. Böyrü üstə yatmağı xoşlayırlar. Hər bir insanda bilməyə yönəli bir istedad qabiliyyəti olduğu üçün bu qabiliyyəti hərəkətə gətirən bir xarici səbəbə ehtiyac var. Nə zaman bir bilgə görsək bizdə biliyə qarşı bir istək, canatma yaranır. O istək - bilik əldə etmə istəyimizi hərəkətə gətirir. Ona görə böyüklər bilginlərlə oturub-durmağı tövsiyə edirlər. Bu mənada Ərtegin Salamzadə kimi aydınların, bilginlərin varlığı misilsizdir. Sadəcə var olmaları, davranışları, baxışları və s. qarışıq və mürəkkəb həyat axarında doğru, düzgün seçim şansı yaradır.  

Vaxtilə Nəsirəddin Tusi hesab edirdi ki, "...insan təkamülün ən şərəfli məhsuludur. Bununla belə insan bütün inkişaf imkanlarından istifadə etməmişdir. Onun gələcək təkamülü bioloji proqres istiqamətində deyil, mənəvi və zehni kamilləşmə istiqamətində baş verməlidir. Bu yolda bəşəriyyət çox böyük imkanlara malikdir və bir vaxt dünya daha ədalətli, insan isə daha kamil olacaqdır". Böyük mütəfəkkirin fikirləri hər ötən gün daha çox aktuallıq qazanır. İndi insanların arzuladıqları xalq deyimindəki: alim olmaqdan daha çox, insan olmaq məsələsidir. Ərtegin müəllimin özəlliyi də məhz insanlığındadır. Bir kulturoloq kimi bunu hiss etməmək və yazmamaq mümkün deyil. Orta əsr mənbələrində elm və irfan anlayışlarının maraqlı açımı var. Bilim (elm) nəsnələrin zehindəki biçiminə verilən addır. Elm sahiblərinə alim, bilgin deyirlər. Alim -  xarici dünyadakı nəsnələrin biçiminə sahib olandır. İrfan sahiblərinə isə arif, bilgə deyirdilər. Alimlə arifin, elmlə irfanın izahını vermək üçün bir müqayisə aparaq: Balı şanından dadana bilgin (alim) deyirlər. Şanı açıb içindən barmaqla dadına baxana alim deyirlər. Çünki balın bir cüzi miqdarını dadmışdır. İrfan sahibi - bilgə artıq özünü tanıyan, dərk edən bir şəxsdir ki, artıq bala çevrilmişdir. Şanla birlikdə balın özüdür. Elmdə bir şan var - yəni balla insan arasında bir əngəl var (qab var). İrfanda isə əngəl yoxdur - bilgə, arif elə balın özüdür. Həyatımızı bala çevirən xeyirxah və mədəni insanlardan biridir Ərtegin müəllim. Belə insanlar nə qədər vardırsa böyük Tusinin söylədiyi ədalətli cəmiyyət və kamil insanlar yetişəcəkdir.

Hörmətli Ərtegin müəllim, Sizin növbəti ad gününüzü təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq. Sizin kimi aydınların varlığı insanlarda ruh yüksəkliyi, həyat eşqi və yaşamaq həvəsi oyadır, cəmiyyətdə xeyirxah və mədəni insanlar mühiti formalaşdırır. Hər zaman sağlam və gümrah olun!!!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!