Yaradıcı kimdir? - “Tanrılogiya” romanından. NARGİS

 

- Gümüş 1: Bizi yetər izləməyin, ay insan oğlu...

- Dünyama daxil olursunuz. Bütün gözəllikləri yox edirsiniz. Cadugərlər kimi məni dartırsınız öz dünyanıza.

- Gümüş 1: Biz cadugər deyilik!

Gümüşlər arasında düşən pıçapıç məni şübhələndirmişdi.

Ucadan bağırdım.

- Hammurabi qanununa görə (m.ə. 2000) əgər biri digərini cadugərliklə günahlandırarsa və sübutu olmazsa, həmin adam müqəddəs çaya gedər. Çay onu udarsa, onu günahlandıran adam onun evini götürməlidir.

Gedək Hun çayına!

- Gümüş 2: Biz heç vaxt axmaq insanın düşüncələri ilə idarə olunmarıq.

- Gümüş 1: Evini ha.

- Evinizi bəli! Sizin cəsədlərinizi isə üzü üstə Gümüşlandiyaya basdıracağam. Qoy içinizdəki bütün nifrətlər torpağa axsın.

- Gümüş 3: - Torpaq ha! Torpaq təmizləyəndirmi! Arındırandırmı!

- Tanrı da öncə su, sonra torpaqla arındırmağa başlamırmı?

- Gümüş 2: Sənin dünyan gizli elmlərə bələddirmi? Biz insan deyilik!

Hahah...

- İnsanı dayanmadan alçaldan sizlər, siz insan qədər zərafətin tərənnümçüsü, ağlın hakimi, Tanrının zərrələrinin daşıyıcısı ola bilməzsiniz!

Böyük sehrbazların insanların içindən çıxdığını unutmusunuz, deyəsən. Orta Asiyadan dünyaya yayılan böyük bir güc! Turan qövmlərindən dünyaya yayılan böyük sehr gücündən danışıram mən.

Gümüş 3: İnsan simvol yaradan heyvandır.

Elm qüdrətdir, sehr də elmdir. Bu, paylaşılarsa itirilmiş qüdrət olar. Ey insan oğlu, əməldən çox, dilinizə qüvvət, güc vermədinizmi?

- Yəni siz akasadan gələnlərsiniz?

- Gümüş 3: İnsan oğlu bilmədiyi kəlimələri, nədənsə, tələffüz etməyi xoşlayır... Şeyx Nəsrullahı xatırladınmı?

- Gümüş 1: Əlbəttə... xatırladım... Mənə çox gülməli gəlirdi. Necə də axmaq idi?

- Etiraf edim ki, əziz oxucu, bu dəfə özüm də, Gümüşlərə haqq verdim. İnsan oğlu, nədənsə, həmişə ciddi qəbul olunmaq üçün terminologiyanın vacib olduğunu düşünür.

Ancaq hər zaman mahiyyət önəmlidir. Mahiyyət hər şeyin təməl daşıdır, onu axtarmaq gərək?

Nədir insanın mahiyyəti? Hər dəfə köhnələcək, əski dünyanın bir parçasına çevriləcək yeniliklər kəşf etməkmi? Yoxsa sevgidirmi? Sevə bilməmək çağın vəbası, gerçək axirəti deyilmi? Sevə bilməmək insanın sonudur. Ən ağrıdıcı sonu. Nifrətin günbəgün rəsmiləşdiyi, ciddiləşdiyi bir məkanda var olmağın hikmətini anlaya bilmirdim. Günbəgün inkişaf edən bu ultra, meta modern dünyada özümü tapa bilmirdim. Bəzən mənə elə gəlirdi ki, Tanrı da insanı tərk edib qocalıb, pensiyaya çıxıb. Aldığı cuzi məvaciblə südlü kofesini yudumlayır.

Artıq buraxıb başını insanların, insanlığın... Çünki heç bir qavram könlümü idarə edə, toxdada, doyura bilmirdi. Bircə yox olmaq... getmək istəyirdim. Gümüşlandiyaya başıboş soxulmalarım bəlkə də ölümə arzum idi. Ruhumu sıxan bu vücud məngənəsindən xilas həlldirmi?..

Hər şeyin ən gözəlini dadan insan niyə günbəgün uçuruma yaxınlaşır? İnkişafla gələn ölüm, seksual ilham pərisi Eratoya təslim olan roman qəhrəmanını xatırladırdı mənə. Həzz! hər şey burda başlamırdımı? Ölüm də ruhun həzzidir bəlkə də. Hər ruh ölümə can atmırmı?.. İnsan daxil bir çox məxluqat şüurlu və qeyri-şüuri həzzin yaratdığı orqanizm deyilmi? Həzzlə yeniliklər edən Tanrının həzzi nədir? Ölümmü? Həzzə gedən stansiyalarda yaşadığımız dostluq, sevgi, eşq, tanışlıqlar Tanrını qıcıqlandırdımı? Ya o da fərqinə vardı ki, insan ordusu günbəgün çoxalır. Labüd sonun gəlməsi üçün Nifrət konsepsiyasını omu göndərdi yerə. Nifrətizm konsepsiyası dünyanı toruna salıb. Bubulular da fərqində olmadan sevginin, gözəlliyin qatilləri yeni dəccallardır. Ən pisi odur ki, bunu xilas kimi görürlər. Sevgizm nəzəriyyəsinin yox edilməyə layiq olduğunu düşünürlər. Gözəllikləri yox etməyi insan oğlu Tanrılardan öyrəndi.

- Gümüş 2: Dünyana qayıt! Olduğun yerə!

Düşünsəm də, onlara olduğum yerin hara olduğunu deyə bilmədim. Dünyana deyirdilər. Hansı dünyama? Hara məxsus olduğumu bilmirdim. Yaşadığım inkişaf etmiş dünyaya görə mənim ruhum azca köhnəlmişdi. Hər iki bütünlüyü bir vücudda daşımaq kimi idi mənimki. Bir növü, Taoizmdəki İn Yan kimi...

Bu, bir arada bütövlüyü tamamlayan iki hissədir. İn sözü "kölgəli tərəf", Yan sözü isə "günəşli tərəf" mənasını verir. İn Yan bütövlüyü formalaşdıran ikilik anlayışını ruhumda daşıyırdım.

Bəlkə də gələn dəfə hardasa gizlənməliyəm. Bəlkə o zaman onların danışığını eşidə, gerçək mahiyyətlərini duya bilərəm.

- Gümüş 3: Bu barədə düşünmək elə tam da sənin mahiyyətini ortaya qoyur, insan oğlu!

- Gümüş 2: Halbuki, niyyətini etiraf etmək bəlkə də sənə daha gözəl enerjilər yükləyər. Səmimiyyət əsasdır.

- Bunu sizlərmi söyləyirsiniz? Gizliliklərlə yaşayanlar. Bircə kəlmə nə üçün bunları etdiyinizi demirsiniz.

- Gümüş 1: Elə başdan bunu dedik. Dünyamıza soxulan sənsən. Açıqlama tələb etmək sənin yox, bizim haqqımızdır.

- Bəs yasəmənlər?

- Gümüş 2: Keçmişdə dünyanızı bəzəyən hər şey üçün mübarizəmi aparacaqsan?

- Dünyamız onlarsız çox rəngsizdir. Heç olmasa yasəmənləri geri verin mənə... İstəmirəm bu qəflətə siz də düşəsiniz? Texnologiya yasəmən kimi qoxmur...

- Gümüş 2: Qəflət uyqusundan bizi oyandırmağa insan gəlmiş!

- Gümüş 1: O uyqulardan ayılmaq istəməyən sizlər deyilmisiniz, ey insanlar!

Gözəllikləri məhv edilmiş bir dünyada yaşamaqdan bezəcəksiniz. Sizin Tanrınız sizə bunumu əmr edir? "Dağıtmı" deyir? Bizimki "oxu" demişdi... vəziyyətimiz ortadadır. Bəlkə də, çox oxumaq da zərərlidir. Nizami adlı bir proqramist deyib ki, "Bir inci saflığı varsa da suda,

- Gümüş 2: Artıq içiləndə dərd verər o da"...

- Bunu eşitmişik. Bizim dünyamızda Nizami şair idi.

- Şair? Nizami heç vaxt şair olmayıb. Heç vaxt. O axı süni-intellektlər yaradıcısıdır.

- Gümüş 1: Eyni şey deyilmi? Bizdə sözlə, sizdə proqramlarla yaradır.

- Haqlısınız, mahiyyət elə yaratmaq deyilmi? Elə lap Tanrı kimi... Bəli, o da yaradıcı idi, məhz bu...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!