Təbiət dilində danışan şair - Ağacəfər Həsənli Şahin Həmidlinin “Təbiət dilini öyrədir bizə” kitabı haqqında yazır

 

Şahin Həmidlinin imzası ilə, necə deyərlər, ta bineyi-qədimdən, sovet dönəmindən tanışam. Lerikin ən yüksək dağ silsiləsində qərar tutan Tikəband kəndində doğulan, burda boya-başa çatan, orta məktəbi qurtaran, qiyabi surətdə o zamankı universitetimizin Filologiya fakültəsini bitirən gənc şair istehsalatda çalışa-çalışa qələmini də heç vaxt yerə qoymadı. Bir-birindən maraqlı şeirlər yazdı, ara-sıra mətbuata yol tapdı, sevincini el-obasıyla bölüşdü, ədəbi mühitdə imzasını tanıtdırdı. Yaxşı yadımdadır, təxminən 45 il öncə müəllifin "Ədəbiyyat və incəsənət" qəzetində

 

Lalələr o qədər qızarmışdı ki,

Üfüqlər dönmüşdü lalə rənginə -

 

sonluğu ilə bitən maraqlı şeirini hər kəs əzbərləmişdi. Məmməd Arazın xeyir-duası ilə dərc olunan o şeir Şahinin ədəbi yaradıcılığında həlledici məqam idi. Bu, gənc şairin ciddi mətbuat orqanında işıq üzü görən ilk əsəriydi, uğurla qarşılanmışdı. Və nə yaxşı ki, misal çəkdiyimiz o cür orijinal sətirlərin müəllifi yerində saymadı, indi bu imza altında 10-dək kitab çap etdirib, poeziyaya təsadüfən gəlmədiyini təsdiqləyib. 

Söylədiklərimin məntiqi davamı kimi, yaxınlarda Şahin Həmidlinin "Təbiət dilini öyrədir bizə" (Bakı, "Apostrof-A" nəşriyyatı, 2022) adlı maraqlı poetik nümunələrindən ibarət söz-nəğmə çələngi nəşr olunub. Akif  Dənzizadənin dizayn verdiyi bu topluya tanınmış şair Balayar Sadiq özünəməxsus ön söz yazıb və həmkarını yüksək səviyyədə dəyərləndirib: "Müəllifin bu kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Şahin Həmidlinin şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti ilə dolğunluğudur".

Şahin təbiət şairidir və odlu dillə, böyük ilhamla Azərbaycan torpağını vəsf edir, onun gözəlliklərini qabardır, şeirə gətirir. Müəllifin obrazları metaforaları, tapıntıları özünəməxsusluğu ilə seçilir. Nümunə üçün də "Təbiət dilini öyrədir bizə" (həm də kitabın adıdır) beş bəndlik şeirə diqqət yetirək:

 

Tökülən şəlalə ruh verir çaya,

Zirvədə açılıb gözəl mənzərə.

Yazı taxtasıdır elə bil qaya,

Sinif otağına oxşayır dərə.

 

Şəlalə çaya ruh, qol-qanad verir, çünki çayın ən hündür yerindən tökülür, buna haqqı var - o həm də cəsurluq, qəhrəmanlıq simvoludur, özünü qayadan atır. Təbii şəkildə gözəl mənzərə yaradır. Bəndin ikinci misrasının bitdiyi yerdə şair müşahidəsi daha bir bənzərsiz obraz ərsəyə gətirir. Əlbəttə, qayanı yazı taxtasına bənzəməsi, dar dərəni sinif otağına oxşatması yenilikdir, özünəməxsusluqdur.

Təhlil obyektinə çevirdiyimiz şeirin ikinci bəndi heç birincidən geri qalmır. Müəllif əlvan forma ilə məzmunu üzvi vəhdət halında birləşdirir. Bu zaman nə zahiri əlamət kimi formaya xələl gəlir, nə də məzmuna.

 

Çox sevir göylərin yağış dilini,

Ötür səhər-səhər yay ləhcəsində.

Hər gün salamlayır səhər yelini,

Bulaqla danışır çay ləhcəsində.

 

Yazın yerin başına sığal çəkməsi, payızın torpağın barını yığması, təbiətin yaşıllıq ovuna çıxması, ağacın külək dilində danışması, dərənin duman dilini öyrənməsi, dağ havasının yerə təlim keçməsi və s. detallar, ifadələr şeirə dolğunluq, bitkinlik, təravət verir. "Dan üzü sökülür Ay işığında" şeiri kitabın ilk şeirilə həmahəngdir. Elə bil şair "yarımçıq obrazlarını" burda daha sonsuz istəklə davam etdirir:

 

...Göylərə ismarış göndərir bu dağ,

Dərədə dumanı fikir götürüb.

Soyuq qış günündə çağlayan bulaq

Günəşin şəklini çəkib götürür.

 

Şahin Həmid nə qədər zəngin təbiətlə təmas qursa da, gözəlliklərinin aludəçisi, vurğunu olsa da, bütün bunların yenə fonunda insanın dayandığını anlayır. Yaratdığı obrazlar, surətlər, doğma kənd adamlarıdır. Və bu mövzuda yazdığı şeirlərdən birini elə işıqlı sətirlərlə bitirir.

 

Onların zəngidir ilk xoruz banı,

Oyadır yuxudan bu zəng hər yanı.

Açılan şəhərin, sökülən danın,

Lap elə özüdür kənd adamları.

 

Əlbəttə, hər bir şairin doğulduğu mühit onun formalaşması üçün ilkin şərt və zəmindir. Şahir Həmidin ata yurdu Tikəband əsrarəngiz təbii gözəlliyə malik dağ silsiləsində yerləşir. Ürəkləri vəcdəyə gətirən keçilməz qayalıqlar, zümrüd meşələr, insanın huşunu aparan vəhşi quşların könül oxşayan nəğmələri, zəngin bitki örtüyünün oyatdığı rayihə, ətriyyat, çayların həzin zümzümələri tamam özgə aləmdir. Şairin "Dağ bənövşəsi", "Gedirəm bir qızıl payıza doğru", "Yer asıb boynundan boyunbağıtək", "Azərbaycanım", "İşıq dənizinə düşdü gözlərim", "Qayadan üzülən bulaq", "Payız səhəri", "Xankəndi", "Bulağa məktub" kimi şeirlərdə təkcə tərənnüm, kor-koranə vəsf önə çəkilmir, yaşantılar duyğu və hisslərinin süzgəcindən keçir. Bu mənada "Bir dahi rəssamdır ana təbiət" şeiri xarakterikdir:

 

...Bahardır torpaqçün könlünü qoyan,

Bahar gələn kimi oyanır çöllər.

Nə fırça görünür, nə də bir boya,

İlahi rənglərə boyanır çöllər.

 

Baxmaqdan qalmayıb göylərdə taqət,

Buludlar alnından silir tərini.

Bir dahi rəssamdır ana təbiət -

Sərgiyə çıxarıb əl işlərini...

 

Yeri gəlmişkən, Şahin Həmidli din-iman əhlidir, Allah adamıdır, əməlisaleh insan kimi orucundan, namazından qalmır. Onun islami dəyərlərə verdiyi qiymət əsərlərimdə ilkin təcəssümünü tapır. Vaxtilə Şahinin müqəddəs "Quran" ayələrini şeytan ayələri adlandıran Salman Rüşdiyə ünvanladığı həcv orijinallığı və forma əlvanlığı ilə seçilirdi. Ümumiyyətlə, məlum mövzu sanki bütün yaradıcılığını səciyyələndirir və tamamlayır. "Namazın, orucun mənə xeyiri" şeirinə diqqət yetirək:

Səbrin işığında gözüm nurlanır,

Tamahın ömrünə qəsd oluram mən.

Oruc tutduğum gün üzüm nurlanır,

Təpədən-dırnağa məst oluram mən.

 

Və yaxud şair "Dizlərim yerdədir, üzüm qibləyə" şeirində də eyni motiv üstdə köklənir. Allah eşqi, Ulu Yaradana inam, xaliqə sonsuz sevgi, Tanrıya tapınmaq istəyi bütün misraların mayasına hopub. Lakin Azərbaycan coşqusu, Vətən məhəbbəti dini mövzuda Şahinin yazdığı əksər əsərlərinin də içindən keçir. Vətən - "daim yanan ocaqdır",  küləklərin dalğalandırdığı "üçrəngli bayraqdır", şücaətli "Şah Xətainin qılıncıdır",  Kərbəlada dəfn olunan "Məhəmməd Füzulinin ürəkləri fəth edən qəzəlləridir". Doğma yurd haqda Şahinin ilhamla qələmə aldığı "Görən gözlərimsən, Vətən, ay Vətən" nəğməsi əla sonluqla bitir:

 

Həmişə yanında dolaşar ruhum,

Qürbət ölkələrə olsa səfərim.

İzn ver, başımı dizinə qoyum,

Yerin məzarımdır, göyün kəfənim.

 

Müəllifin yeni kitabında yer aldığı şeirlərdə bədii təşbehlər, obrazlar, bənzətmələr al-əlvandır. O, "müsəlman himnidir bu azan səsi" deyir, "dərələri soyuducu" adlandırır, göydə buludların var-gəl eləməsini "cücəli toyuğun eşələnməsinə" oxşadır, şairin nəzərində "yamacın köksündə turşəng, yarpız ətri var", təndir içindəki ağarmış kül "anaların üz ağlığıdır", tozun-torpağın gizlətdiyi qaynar bulaq "çağlayan ilham çeşməsidir, yer heç zaman qəlbini sındırmır", müqəddəs Məhərrəm ayında "şeytanın ruhu diksinir", hər yazağzı "bulud dünyanı yağışıyla salamlayır".

Əvvəlki kitablarında olduğu kimi, Şahin Həmidli bu kitabında da şeirimizin şəhd-şirəsindən, folklordan, şifahi xalq ədəbiyyatından gen-bol yaradıcılıqla istifadə edir, təsirlənir, maraqlı nümunələrlə oxucusunu sevindirir. Qoşma və gəraylıların kökünü "Dədə Qorqud" və "Koroğlu" dastanlarından, Qurnanidən, Xətaidən, Vaqifdən, Aşıq Abbasdan, Xəstə Qasımdan, Ələsgərdən götürür. Bu qaynaqlar əzəli əbədi, saf-duru, tükənməz mənbədir. Kiçik hecalı "Önümüzdə ucalan dağ" həzin şeirindəki axıcılıq, dolğunluq, təzəlik, aydınlıq heç kəsi biganə qoymur:

 

Elə bil ki, göy öpüşür

Zirvəsiylə dodaq-dodaq.

Bu dağ özü bir binadır,

Hər qayası bir daş otaq.

 

İkinci Qarabağ savaşı xalqımızın əzəmətini, ordumuzun qeyrətini, rəşadətini, Ali Baş Komandanımızın dəyanətini bütün dünyaya göstərdi və erməni qəsbkarlarına qarşı vuruşduğumuz o 44 gün həm də birlik günü kimi tarixə qovuşdu. Müharibə mövzusu poeziyamızda, nəsrimizdə, publisistikamızda az-çox işlənib, kitablar çap olunub, dərgilər, qəzetlər çıxıb, qəhrəmanlıqlar vəsf edilib. Şahin Həmid də bu vacib mövzuya biganə qalmayıb. Yekunda qeyd etməyi lazım bilirəm ki, şairin "Canım-gözüm, Azərbayan əsgəri" şeiri Qabilin eyniadlı əsərilə səsləşsə də, maraq doğurmağa bilməz.

 

Uğur gəlir bu cığırla, bu izlə,

Bas bağrına, Şuşamızı əzizlə,

Xankəndini ermənidən təmizlə,

Canım-gözüm, Azərbaycan əsgəri!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!