Özbəyin azərbaycanlı yazıçısı - Xalq yazıçısı Anarın Özbəkistanda nəşr olunan yeni kitabına ön söz - Məmətqul HƏZRƏTQULOV

 

Anarın Özbəkistanda nəşr olunmuş yeni kitabı haqqında

 

Anar Özbəkistanda ən çox tanınan Azərbaycan yazıçılarındandır. Onun Daşkənddə  çapdan çıxmış "Mütləq görüşərik" adlı yeni kitabı yazıçının Özbəkistanda nəşr olunan altıncı kitabıdır. 1978-ci ildə "Ağ liman", 2004-cü ildə "Beşmərtəbəli evin altıncı mərtəbəsi", 2016-cı ildə "Sən, mən, o və telefon", 2018-ci ildə "Göz muncuğu", 2021-ci ildə təkrarən "Beşmərtəbəli evin altıncı mərtəbəsi" nəşr olunmuşdur.

Hələ neçə il əvvəl özbək bəstəkarı E.Kalandarov Anarın "Zəncir" hekayəsi əsasında musiqili komediya yazmış və bu əsər Mukimi adına Dövlət Teatrında uğurla tamaşaya qoyulmuşdur. Bu yaxınlarda isə Özbəkistanda yazıçının "Asılqanda işləyən qadının söhbəti" hekayəsi əsasında qısametrajlı film çəkilmişdir.

Anarın 2022-ci ildə çıxmış "Mütləq görüşərik" adlı yeni kitabına "Keçən ilin son gecəsi", "Gürcü familiyası", habelə "Mütləq görüşərik", "İlin fəsilləri", "Etiraf", "Zəncir", "Marallarım", "Bir stəkan su", "Başımızın ağası", "Əl-əli yuyar" satirik hekayələri, "Dantenin yubileyi", "Ağ qoç, qara qoç" povestləri və yazıçıyla geniş müsahibə daxildir.

Özbəkistan mətbuatının xəbər verdiyi kimi, kitabın yazıçıların, alimlərin iştirakıyla geniş müzakirəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-özbək ədəbi əlaqələrindən danışarkən bu müzakirəni də qeyd etmişdir.

Məşhur özbək yazıçısı Erkin Əzimin redaktəsilə şap olunan yeni kitaba tanınmış özbək yazıçısı Məmədqulu Həzrətquluyev ön söz yaşmışdır. Ön sözü oxucularımıza təqdim edirik.

 

Məmətqul ZRƏTQULOV

 

Özbəyin azərbaycanlı yazıçı

 

Anar - Azərbaycan Xalq yazıçısı.

Anar - dünya yazıçısı.

Anar Azərbaycan dilində yazan özbək yazarı, yəni özbək oxucularının sevib oxuduğu yazıçılardan biridir. Onun bir çox əsərləri özbək dilinə tərcümə edilib. "Dantenin yubileyi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kimi povest və romanları, onlarca hekayəsi özbək dilində dəfələrlə çap olunub. Özbəkistan televiziyasında "Dantenin yubileyi" povesti əsasında çəkilmiş videofilm nümayiş etdirilib. "Mən, sən, o və telefon" və "Keçən ilin son gecəsi" hekayələri radiopyeslər şəklində səslənib. Mən bu böyük yazıçı ilə 1979-cu ildə tanış olmuşam. Ondan əvvəl onun əksər əsərlərini oxumuşdum. O vaxt qırx bir yaşı olan Anar təkcə Azərbaycanda deyil, bütün İttifaqda, bir çox xarici ölkələrdə tanınan, milyonlarla oxucusu olan bir yazıçı idi. Həmin ilin iyununda Azərbaycanda Özbək ədəbiyyatı və incəsənəti dekadası keçirildi. Dekada iştirakçıları - özbək və azərbaycanlı yazıçı və şairlər, incəsənət xadimləri beş qrupa bölünərək respublikanın müxtəlif bölgələrində görüşlər keçirirdilər. Mənim iştirak etdiyim qrupda Anar da var idi. Açığı, bu məni çox sevindirdi. Çünki Anar kimi tanınmış yazıçı ilə görüşmək, ünsiyyət qurmaq mənim kimi gənc yazıçı üçün, doğrudan da, sevindirici hadisə idi. Üstəlik, səyahət (üç gün səyahət etdik) əyləncəli, həyəcanlı və maraqlı idi. İnsanlar bir-birini tanımaq üçün yol yoldaşı olmalıdır. Həmin üç gün ərzində Anarı tanıdım. Yadımda qalan əsas onun sakit adam olmasıdır. Kimsə nəsə soruşanda qısa cavab verir, demək olar ki, danışmır. İclaslarda çıxış etmədi, özünü göstərməyə çalışmadı, sanki həmişə nəsə fikirləşirdi. İri çərçivəli eynəkləri onun güclü bədən quruluşunu daha da cəlbedici edirdi. Onunla danışmaq istəyirdim, amma  nəsə soruşmağa çəkinirdim. Çünki görkəmi, davranışı, nəhayətdə az danışması buna imkan vermirdi. Buna baxmayaraq səfərimiz zamanı söhbət etdik. Yadımdadır, o da məndən bəzi şeyləri soruşdu. Həmçinin ən çox oxunan özbək yazıçıları kimlərdir və kimin əsərlərinin rus dilinə tərcümə olunduğunu soruşdu. (O vaxt hansı əsər rus dilinə tərcümə edilib Moskvada çap olunsaydı, dünyaya yol açılardı. İndiki kimi özbək dilindən birbaşa tərcümə deyə bir şey yoxdu). Yenə "Sizdə tabutu götürəndə niyə belə sürətlə yeriyirlər?" soruşduğunu xatırlayıram. Bu, yazıçının müşahidəçiliyinə işarə idi. Hara olsaydıq, kitab dükanlarına gedirdik. Anar müəllim kitablarından bir neçəsini alıb mənim üçün imzaladı. Onunla dəfələrlə görüşüb söhbət etmişəm. Bir dəfə (1988-ci ildə) Bakıda ezamiyyətdə olanda Anar müəllimi görmək üçün Yazıçılar İttifaqına (ittifaqın sədri olub, indi də bu vəzifədə işləyir) getdim. Qəbulda xeyli adam vardı. Onların çoxu yazıçıya oxşamırdı. Qəbul otağı mənə Yazıçılar Birliyinin sədrini yox, icraiyyə komitəsini, qubernatoru və bu kimi idarələri xatırlatdı. Katib içəri girib haqqımda məlumat verəndən sonra məni içəri dəvət etdi. Müəllimin vəziyyətini soruşduq, o da Özbəkistan, özbək yazıçıları barədə soruşdu. Bildiyim qədər cavab verdim. Sonra fikrimi bildirdim.

- Düz başa düşdünüz, - dedi Anar müəllim. - İndi Birlik yazıçıların problemindən daha çox, başqa insanların qayğıları ilə məşğuldur. - O qəlyanını yandırıb dərindən nəfəs aldı. - İnsanlar bura ümidlə gəlirlər. Necə yox deyə bilərsən? Yox, bura mənzil və ya pensiya, əlillərin problemi ilə məşğul olan yer deyil demək olar? Xeyr, mən bunu deyə bilmərəm. Bacardığım qədər kömək etməyə çalışacam... - Telefonlardan biri zəng çaldı. Anar müəllim üzr istəyib dəstəyi qaldırdı. Salamlaşdıqdan sonra dedi: - Bəli, soruşdum. İndi fılankəs (bir qadının adını dedi) sənin yanına gələcək. Ev məsələsində problemi varmış, özüm danışdım. Yox, yox, yazıçı deyil, tək qadın, təqaüdçü. Bu işdə kömək edə bilsəniz... Sağ olun, sağ olun! - Dəstəyi qoydu, mənə tərəf döndü. - Siz foyedə oturan qadını görmüsünüz. İcra başçısıyla danışdım. Sağolsun, kömək edərəm, dedi.

- O idarəyə gedə bilməzlər? - dedim.

Anar müəllim qonaq olduğum üçün bir söz demədi.

O, "bu yazıqları ofislərə belə buraxmaz" - dedi.

Anarın əsərlərini oxuyan hər kəs bilir ki, onda güclü satira, kəskin yumor, sərt ironiya var. Amma yazıçının özü çox ciddidir. Onu tanıdığım, söhbət etdiyim bu illər ərzində onun gülmək bir yana, təbəssüm etdiyini belə görməmişəm. Erkin Əzəm bir əhvalat danışdı:

80-ci illərin sonları idi. Birlik üzvlərinin toplantısına getdik. "Moskva" mehmanxanasında Murad Məhəmməd Dostla bir otaqda qaldıq. Bir gün Murad yeyəcək şeylərlə içəri girdi və dedi ki, indi gələcək. Kimin gəldiyini soruşanda Anar müəllim olduğunu dedi. Bu Muradın adət etdiyi zarafatlardan biridir deyə inanmadım. Anar adı İttifaqa, hətta dünyaya yayılan yazıçıdır, onun qarşısında biz kimik deyə düşündüm. Xeyr, bir azdan sonra Anar müəllim, doğrudan da, içəri girdi... Uzun-uzun söhbət etdik. Onun yaradıcılığından, özbək ədəbiyyatından danışdıq. Anası, tanınmış Azərbaycan şairəsi Nigar Rəfibəylinin şeirindən bir parça oxudum:

 

Doktor zien dedi menqa duneni,

Kaynok muxabbatni, xuş orzularni.

Bulok sari ketqan xey, tyda kizlar,

Gltinq yzinqiz-la şu syzlarimni.

 

İnanırsınız, Anar müəllim ağladı. Bilirsiniz, onun sümükdən olan eynəkləri var, onu alıb dəsmalla sildi. Onun vəziyyətini görəndə təəccübləndik. Davamlı danışan Murad susdu, hətta kədərləndi... Anar müəllim belə kövrək və yumşaq qəlbli insandır. Erkin Əzəmin bir hekayəsi mənə Anarın "Sizsiz" əsərini xatırlatdı. Atası, görkəmli şair Rəsul Rza və anası, şairə Nigar Rəfibəyliyə həsr olunmuş bu əsəri oxuyan hər bir oxucunun gözünə yaş gələr...

...Anar müəllimlə növbəti görüşümüz 2018-ci ildə Daşkənddə oldu. O, paytaxtımızda keçirilən "Özbək klassik və müasir ədəbiyyatının beynəlxalq səviyyədə öyrənilməsi və təbliğinin aktual problemləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün gəlmişdi. Konfrans günlərində ona yoldaşlıq etdim. Ədib beynəlxalq konfransda çıxış etdi. Onunla Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində görüş təşkil olundu. Səmərqəndə səyahətə getdik. "Afrasiyab" qatarına minən o, təəccübünü gizlədə bilmədi. Dünyanı görən yazıçını təəccübləndirmək asan deyil. Ancaq Özbəkistandakı dəyişikliklər, xüsusən də Yazıçılar İttifaqı üçün xüsusi binanın tikilməsi, yazıçılar üçün evlərin tikilməsi, ümumiyyətlə, yaradıcı insanlara diqqət və qayğı yazıçını təəccübləndirib "Bununla bağlı sizdən öyrənməli çox məqamlar var. Bunu rəhbərliyimizə deyəcəyəm", - dedi. Moskvada çap olunmuş ikicildlik kitabını imzalayıb mənə hədiyyə etdi. Mən də, öz növbəmdə, onun "Dantenin yubileyi" povesti, "Gürcü soyadı" hekayəsinin tərcüməsi əlavə olunan almanaxı ona hədiyyə etdim. Bakıya qayıtdıqdan sonra Anar müəllim geniş məqalə yazdı. "525-ci qəzet"də dərc olunan "Özbəkistanda unudulmaz anlar" sərlövhəli məqalədə o, ölkəmizdə gedən böyük dəyişikliklərdən, xüsusən də yazıçı və şairlərə göstərilən qayğıdan ətraflı danışdı.

Hörmətli oxucu!

Özbək oxucuları Anarı necə sevib, əsərlərini təkrar-təkrar oxuyursa, Anar da Özbəkistanı, özbək yazıçılarını, özbək oxucularını sevir və qiymətləndirir. Biz bu kitabın bu cəhətlərini nəzərə alaraq hazırlamışıq. Bu kitabın yaradılmasının təşəbbüskarı Özbəkistanın Xalq yazıçısı Erkin Əzəmin olduğunu vurğulamaq istərdim. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq konfransda çıxış edən Erkin Anarın yaradıcılığından danışıb, onun "Ağ qoç, qara qoç" povestini tərcümə edəcəyinə söz verdi. O,  sözünə əməl etdi. "Təfəkkür" jurnalının əməkdaşı Sahsənəm hekayəni özbək dilinə tərcümə etdi. E.Əzəm jurnalında əsərin bir hissəsini dərc etdirərək ikinci hissəsini "Gülüstan"a tövsiyə etdi.

İndi yazıçının adı haqqında. Özbək yazıçılarına yaxşı məlumdur ki, Anarın özbək dilində çap olunan əsərlərində adı Anor kimi yazılır. Nə üçün bu kitabda Anar yazmışıq? Fakt budur ki, Anarın əsərlərini ilk dəfə ötən əsrin 80-ci illərində tərcümə etmişəm. O vaxt Anarı özbəkcə yazmaq bir az qəliz görünürdü. Açığı, Anar adının mənasını bilmirdim. Səbəb isə yazıçının özü ilə tanış olmamağımdır. "Sizsiz" hələ elan olunmamışdı. Bu haqda yazıçı ilə söhbətlərimizin birində soruşmuşdum. Sonra "Sizsiz" əsərini oxudum. Bu əsərin ilk səhifəsində belə sətirlər var: "Oxucularla görüşdə birisi soruşur:

- Adınızın mənası nədir?

- Anar - anmaq felindəndir, anmaq - yada salmaq, anar - yada salar, Anar - yada salan. - Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul.

- Yox, bu uydurmadır, kim uydurubsa, maraqlı uydurub. Amma doğru deyil, belə şey heç vaxt atamla anamın ağlına gəlməyib. Təkrar edirəm: - Anar - anmaq felindəndir, anmaq - yada salmaq".

Buna əsaslanaraq yazıçının adını orijinal formada - Anar yazmaq qərarına gəldik. Düşünürəm ki, bu yazıçının əsərini kim tərcümə etsə, Anar kimi düzgün yazacaq. Sosial şəbəkələrin birində bu yaxınlarda bir tələbə Anarın əsərlərini oxumağı çox sevdiyini yazıb və deyir:

"Mən çox istərdim ki, nəşriyyatlar onun yazılarını seçmə əsərlər şəklində çap etsinlər". Yuxarıda qeyd etdik ki, Anarın bir neçə kitabı özbək dilində nəşr olunub. Əlinizdəki kitab Anarın özbəkcə növbəti toplusudur. Bunu böyük yazıçının özbək oxucularına növbəti hədiyyəsi kimi dəyərləndirə bilərsiniz.

 

Özbəkcədən tərcümə: Sərvər KAMRANLI 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!