Gələcəyi göstərən 25 kitab - Azər Qismət - Azər QİSMƏT

Bəzən deyirlər ki, yazıçılar öncəgörmə duyumuna malikdir. Məhz 25 kitabda gələcəyə dair bəzi məsələlər yer alıb. Həmin yazılanların üstündən 50-100 il keçdikdən sonra alimlərin ixtiraları, yaxud kəşfləri həmin yazıçıların düzgünlüyünü sübuta yetirib. Belə bir variant da var ki, qələm sahiblərinin yazdıqları alimlərə ideya verib. 25 kitabdan bəzi ştrixləri qeyd edəcəyik.

Azər QİSMƏT

1. Conatan Svift "Qülliverin səyahəti" əsəri ilə tanınıb. Daha doğrusu, yazdıqları əsərlər içində qəhrəman Qülliver çox marağa səbəb olub. Həmin əsərin bir yerində qeyd edilib ki, Mars planetinin 2 təbii peyki mövcuddur. Həmin əsər 1735-ci ildə işıq üzü görüb. Üstündən 142 il keçəndən sonra astronomların araşdırması yenidən Conatan Svifti yada saldı. 1872-ci ildə məlum oldu ki, Qırmızı planetin 2 təbii peyki var. Onları Fobos və Deymos adlandırdılar.

2. Yəqin ki, uşaq vaxtlarınızda "20 000 lye suyun altı ilə" adlı əsəri oxumusunuz. Elədir ki, var. Əksəriyyətin sevimlisi və hələ də unikallığını itirməyən Jül Vernin əsəridir. 1870-ci ildə qələmə alınan əsərdə bildirilir ki, "Nautilus" adlı sualtı gəmi elektriklə hərəkət edir. 90 il keçəndən sonra - XX əsrin 60-cı illərində elektriklə işləyən sualtı gəminin mühərriki işə düşdü.

3. Edqard Bell. Fantastik əsərləri hələ də oxunur. Onun "Geriyə nəzər" əsərində kredit kartından söz açılır. 1962-ci ildə ilk dəfə kredit kart istifadəyə verildi.

4. Yenə də Jül Vernə qayıdaq. Yazıçının ölçüyəgəlməz təxəyyülü illər sonra gerçəkliyə çevrildi. Onlardan biri də 1889-cu ildə yazdığı hekayədir. Həmin hekayədə təyyarənin tüstüsü ilə asimanda sözlər yazılır. Belə fantastik təxəyyül 1915-ci ildə San-Fransiskoda aeroşou zamanı həyata keçdi.

5. Avtomatik qapılar barədə ilk dəfə dahi fantast Herbert Uells yazıb. Onun 1899-cu ildə qələmə aldığı "Yatan oyananda" əsərində belə qapılardan danışılır. 60 il sonra ilk dəfə avtomatik qapıların istehsalına start verildi. Herbert Uellsin tank barədəki qeydləri isə Birinci Dünya müharibəsində gerçəkləşdi. Düzdür, bu barədə müəyyən ziddiyyətli məqamlar da ortaya çıxdı. Çünki ilk dəfə Leonardo da Vinçi tankın sxemlərini çəkib. Ancaq Herbert Uells tankı daha incə detallarla ifadə etməyi bacarıb. Hələ də Vinçi və Uells müzakirəsi davam edir. 

6. Yalan detektoru ifadəsi Balmer və Makxaqenin "Lyüter Trent" əsərində işlənib. Onun istehsalına 1924-ci ildə başlanılıb.

7. 1911-ci ildə Hüqo Hernsbek "Modern Electrics" jurnalında qəribə məqalə ilə çıxış edib. Bu məqalə alimləri çox maraqlandırıb. Yazıçı yazıb ki, günəş enerjisi insanların xeyrinə yönəldilə bilər. 67 il keçdi. 1978-ci ildə günəş enerjisi ilə işləyən kalkulyatorlar buraxıldı. Az sonra günəş enerjisi evləri, idarələri işıqlandırdı.

8. Çox təəssüf ki, bəzən yazıçıların qələmə aldıqlarından pis məqsədlər üçün istifadə edilir. Elə Herbert Uellsin "Qurtulan dünya" əsərində atom bombası, nüvə müharibəsi barədəki fikirlərini misal çəkək. 31 il sonra Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıldı. Bəlkə də yazıçının 1914-cü ildə yazdığı əsər iri ölkələrin alimlərini ciddi şəkildə düşündürüb. Yeri gəlmişkən, ingilis yazıçısı həmin əsərdə atom enerjisindən də söz açır. Bildirir ki, dünyada ən ucuz enerji atom enerjisidir.

9. Görkəmli alim və yazıçı Holdeyn 1924-cü ildə yazdığı əsərdə süni mayalanma barədə düşüncələrini ortaya qoymaqla çoxlarını təəccübləndirib. 1973-cü ildə süni mayalanma əvvəlcə heyvanlar üzərində tətbiq edilib. Hazırda övlad sahibi ola bilməyənlər də belə üsuldan yararlanır. 

10. Yalnız 57 il lazım gəlib ki, Herbert Uellsin "Adamlar Tanrı kimidir" əsərində bəhs edilən məsələ reallaşsın. Söhbət səsli ismarıcdan gedir. O, ilk dəfə 1980-ci illərdə istehsala yönəldilib.

11. Artıq bəzi ölkələrdə əhaliyə total nəzarət olunur. Bu, ölkənin təhlükəsizliyi məqsədilə edilir. Düzdür, əksər sakinlər şəxsi həyata qarışmağı düzgün hesab etməsələr də, nəzarət həyata keçirilir. İlk dəfə total nəzarət barədə Corc Oruell "1984" əsərində yazıb. 2013-cü ildə məlum oldu ki, yazıçının qələmə aldığı fikirlər artıq gerçəkləşib. Belə ki, məhz həmin ildə bəzi ölkələrdə əhalinin telefon danışıqlarına qulaq asılması, eləcə də kameraların çəkilişi qalmaqal yaratdı.

12. İndi hər yerdə adamların qulaqlıqla musiqi dinləməsini görmək mümkündür. Nəinki musiqi, xəbərləri də. İlk dəfə bu ifadəni yazıçı Rey Bredberi qeyd edib. 1950-ci ildə adamlar bunu fantaziya hesab etdilər. Melomanlara yarım əsr gözləmək lazım gəldi. Apple şirkəti tərəfindən qulaqlıq istehsal olundu.

13. Amerika yazıçısı Artur Klark 1951-ci ildə "Şəhər və ulduzlar" əsərini qələmə aldı. Əsərdən külli miqdarda gəlir əldə olundu. Orada marağa səbəb əsas nüans virtual gercəkliklə bağlı idi. 1961-ci ildə aviasimulyator ixtira edildi.

14. Məşhur fantast Robert Haynlayn su çarpayıları barədə yazanda ona çox gülüblər. Çarpayı ağacdan, yaxud dəmirdən ola bilər. Ancaq belə çarpayının 1971-ci ildə patent alaraq istehsalına başlanacağını kimsə ağlına gətirməzdi. Yazıçı "Qərib - qərib ölkədə" əsərini 1961-ci ildə yazmışdı. Göründüyü kimi yazıçılar ixtiraçılara ideya verir.

15. Kimin ağlına gələrdi ki, insanlar kosmik səyahətə çıxacaqlar. "Kosmik səyahət" ifadəsini işlədən yazıçı Artur Klark əmin olub ki, adamlar belə səyahətdən imtina etməzlər. İllər sonra Dennis Tito adlı şəxs ilk kosmik səyahətçi oldu.

16. 1972-ci ildə yazıçı Martin Kaydin "Kiborq" əsərində bionik protezdən söz açdı. Onun arzusu 41 il sonra gerçəkləşdi. Həmin il ilk dəfə ayağa bionik protez qoyuldu.

17. Duqlas Adamsın yumoristik əsərində isə bir balıq real zaman çərçivəsində bir dildən digər dilə tərcümə prosesini həyata keçirir. 2014-ci ildə Google şirkəti dilmanc proqramını işləyib hazırladı.

18. Kiberpankın yaradıcısı Uilyam Qibson yazmışdı ki, vaxt gələcək hamı eyni vaxtda bir-birilə əlaqə saxlamağı bacaracaq. Ötən sərin 90-cı illərində internet dünya sakinlərini bir yerə cəmlədi.

19. Reymond Kurçveyl isə kompüter şaxmatçılardan bəhs edib. O, "İntellektual maşınlar əsri" əsərində qeyd edirdi ki, kompüter şahmatçılar məşhur qrossmeystrləri məğlub edəcək. 1990-cı ildə istehsal olunan kompüter şahmatçılar proqramı çox zəif çıxdı. 7 il sonra daha da təkmilləşdirmələr aparıldı. Və güclü şahmatçı kompüter məşhur qrossmeystrləri məğlubiyyətə uğratdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!