Dağları vüqarlı Şuşa - Şuşada keçirilən Vaqif Poeziya Günləriylə bağlı təəssüratlar - Kənan HACI

Kənan HACI

 

Şuşa bir güzgüdür. Baxıb özünü görürsən. Bəzən də görə bilmirsən. Şuşa yağışda çimib özünə sığal vermiş, övladlarını qarşılamağa çıxmış anaya bənzəyir. Həyatın gözəlliyindən yazmaq asandır, amma iyirmi səkkiz il əsarətdə qalmış, yağı tapdağında qaralmış torpaqdan, Pənah xanın, Natəvanın şəhərindən yazmaq çətindir. Çətindən də çətin. O şəhər ki, Pənah xanın ruhundan doğulmuşdu. O şəhərdən ki, Qacarın inadını qırmışdı...

Ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə Şuşa sakinləriylə görüşündə dediyi sözləri xatırladım: "Şuşa həqiqətən bir şəhər kimi eyni zamanda vahid bir muzey - Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən muzeydir. Şəhər özü həm quruluşu, həm də abidələri, yüksək memarlıq səviyyəsində olan binaları, Cıdır düzü ilə, təbii gözəlliyi ilə böyük bir muzeydir". 

Şuşada adamların üzünə baxdım, çiçək kimi açan kim, su kimi axan kim, quş kimi uçan kim... Xoşbəxtlik adamları çiçəyə, suya, quşa çevirmişdi...

Şuşaya daxil olanda bizi dağlar, ağaclar, yollar qarşıladı. İnqilab İsaq deyir ki, Şuşanın rəngləri solub...

Dörd gözlə ətrafı seyr edirəm, gördüklərimi ürəyimə, yaddaşıma yığmağa çalışıram. İlan əyrisinə bənzər yollar bizi Şuşaya yaxınlaşdırır. Dərinlik, genişlik xəyalımızı qanadlandırır. Avtobusumuz dolayları ağır-ağır qalxdıqca hava pillə-pillə sərinləşir.

Şuşaya çatanda avtobusumuzun içində bir təlatüm yaşandı, həyəcanlar dilə gəldi, qələm dostlarımızın dilində "Qarabağ" sədası havalandı:

 

Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,

Ruhunu burdan alıb Natəvanın qəzəli...

 

İzaholunmaz hisslər keçirdim; bu səadəti dadmaq üçün iyirmi səkkiz il burnumuzun ucu göynəyib, həsrətimiz qara buluda dönüb başımız üstən çəkilmək bilməyib. Yuxu kimi, xəyal kimi xatırlamışıq... İndi Şuşa öz balalarına qucaq açıb. Bundan böyük səadət ola bilərmi?! 

Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə möhtəşəm Vaqif Poeziya Günləri keçirildi. Ən çox duyğulandığım anlardan biri də yazıçı Natəvan Dəmirçioğlunun Vaqif türbəsi qarşısında diz çöküb onun məzarıyla pıçıldaşması oldu. Şair İnqilab İsaqın "Eşidirsən, Şuşa?! Gəlmişik eeeey!!!" hayqırtısı oldu. İlahi, üzlərdə, gözlərdə sevinc çiçəkləri açmışdı. Bu qədər adamın bəxtiyarlığı qarşısında bütün sözlər acizdir. Əyilib torpağı öpürəm. Bu səadəti mənə nəsib edən Allahıma şükürlər edirəm.

Yeniyetmə çağlarımda Anar müəllimin "Qarabağ şikəstəsi" yazısından, "Üzeyir ömrü" filmindən tanıyıb sevmişdim Şuşanı.

"Şahanə bir vüqarı var Şuşanın. Elə bil o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır.

Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır".

Bu sətirlər Anarın "Qarabağ şikəstəsi" yazısındandır. Tarixinə, taleyinə bələd idim, təbiətini görmək qismət olmamışdı... Anar bu yazını 80-ci illərin əvvəllərində qələmə alıb. Orda Vaqif Poeziya Günlərindən bəhs olunur, Natəvan adına Poeziya evinin, Muğam evinin açılmasıyla bağlı dəyərli təkliflər əksini tapır. Bu, Anar müəllimin Şuşayla bağlı arzularıydı...

Bir neçə il keçdi, Şuşa yağı təcavüzünə uğradı. Şuşanın gözəlliyi talan edildi, dağıdıldı. Qıvrım telli Topxana meşəsi vəhşicəsinə qırılanda, yurddaşlarımız el-obalarından didərgin düşəndə ilk etiraz səsini qaldıranlardan biri də Anar oldu. Səsiylə, sözüylə, nüfuzuyla Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Moskva mətbuatı Azərbaycana hədyanlar yağdıranda erməni millətçilərinə ən sərt cavabları elə Rus mediasında Anar verirdi. "Üzeyir ömrü. Uzun ömrün akkordları" filmi bizə, bizdən sonra gələn bir neçə nəslə Şuşanı sevdirib. Şuşa üçün burnunun ucu göynəyənlər dönə-dönə o filmə baxıb nisgillərini ovudublar...

Vaqif Poeziya Günlərinin ikinci günü havanın çox isti olmasına baxmayaraq Anar müəllim Vaqifin məqbərəsi önündə şairlərin çıxışını sona qədər dinlədi. İki saatdan çox çəkən tədbir boyu hansı hissləri yaşadığını təsəvvür etmək çətin deyil. Yəqin ki, Şuşada keçən uşaqlığı, Üzeyir Hacıbəyli haqqında film çəkdiyi günlərin xatirələri xəyalında canlanırdı və yazıçı xoşbəxtliyini yaşayırdı.

***

Axşamçağıdır, "Qarabağ" otelinin qarşısında, çay süfrəsi arxasında toplaşmışıq. Səlim Babullaoğlu, Sayman Aruz, Arif Buzovnalı, Elşad Barat, Elşən Əzim, İnqilab İsaq... Şeir oxuyuruq... Cıdır düzündən, Kirs dağından əsən sərin meh ruhumuza sığal çəkir. Sinəmizə çəkilən dağlar əriyir, illər boyu qövr edən yaralarımız sağalır. Bütövlüyümüzü, qüdrətimizi, bu torpaqların sahibi olduğumuzu bütün varlığımızla hiss edirik.

Yazarlar ikibir-üçbir ötelin həyətində gəzişir. Dayandur Sevgin uşaq təbəssümüylə soruşur:

- Siz heç bilirsiniz biz hardayıq?

- Əlbəttə! Biz Şuşadayıq! - deyirəm.

- Bəli! Şuşadayıq eyyy, Şuşada! - qəhər boğazında düyünlənir.

Axırıncı dəfə nə vaxt belə rahat yatdığımı xatırlamıram. Dan yerinə xal düşəndə yuxudan oyandım. Şuşada yuxudan oyanmaq bilirsiniz nə deməkdir?! Eyvandan şüanın, oksigenin maneəsiz axını ciyərlərimi təzələyir, kərə yağı kimi ilişməyən nəfəs sinəmi yumşaldır. Şehli, ətirli dağ havası adamı məst edir. Yuyunub həyətə düşürəm, İnqilab İsaqla birlikdə Saatlı məscidindən azca yuxarı qalxırıq, səhər-səhər acqarına şirin tutun dadına baxırıq. Şuşanın şirinliyi canımıza yayılır. Ağacları burun-budaq etmiş armudun saplağından bal damır.

Pərişan məhəllələr, üstü salamat, içərisi bərbad, sahibsiz, daşları mamır bağlamış evlər, dəstəkləri pas atmış, taxtaları rütubətdən qabarmış binalar kədər hissi doğurur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşid Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayıb məhv ediblər. Ermənilər insanlığa sığmayan vəhşiliyə də əl atıblar: Üzeyir Hacıbəyli, Bülbül və Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələyiblər. Şuşanın yaraları hələ tam sağalmayıb... Şuşa tədricən dirçəlir, öz ehtişamına qayıdır. Zəfər yolu ürəyimizi qürur və iftixar hissilə doldurur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi xəbərini elan edəndə hönkür-hönkür ağlamışdım. O anları xatırladım. Tarixçi alim, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu ilə sevincimizi bölüşəndə onun gözlərindəki bəxtiyarlığı xatırladım. Həmin gün Ənvər müəllim sevincdən infarkt keçirmişdi. Demişdik ki, Şuşaya, bütün azad olunmuş ərazilərimizə birlikdə gedəcəyik. Vaxtsız və qəfil ölüm ona aman vermədi... Doğulduğu torpaqda, Füzulidə dəfn olundu Ənvər müəllim. Əminəm ki, ruhu bu torpaqlarda dolaşır.

Şuşada ilk səhərimiz açılıb. Necə də xoşbəxtik, ay Allah! Bu günləri bizə bəxş etmiş Ali Baş Komandanımıza, Müzəffər Ordumuza təşəkkürlərimiz sonsuzdur. Bu torpaqlar uğrunda canından keçmiş oğullarımızın ruhu şad olsun!

Bir azdan "Qarabağ" otelinin həyətində Kitab Sərgisi nümayiş etdiriləcək. Mən də öz kitabımı, İlhamə xanımın "Bayrağı öpən ruhlar" kitabını özümlə gətirmişəm. İlhamə Dağlı bu əsəri yazanda hələ Vətən savaşı bitməmişdi, əsər Şuşanın azad olunmasıyla bitir. Özümü çox xoşbəxt hiss edirəm ki, bu kitab Şuşa Kitabxanasında yer alacaq.

Xalq artisti Gülyaz Məmmədova Kitab Sərgisində alış-veriş edir. Yaxınlaşıb salamlaşıram. Seyid Şuşinskidən, Nəriman Əliyevdən danışırıq. "Kaş Nəriman müəllim bu günləri görəydi..." deyir. Gözləri dolur. Biləndə ki, Nəriman müəllim haqqında kitab yazmışam, çox sevindi. "Kitab çıxanda mütləq mənə çatdırın, xahiş edirəm" deyir. Baş üstə! - deyirəm.

Arif Buzovnalı dincəlmək üçün öz otağına qalxır. Biz güllələnmiş heykəllərlə "söhbətləşməyə", dərdləşməyə gedirik. Otelin qarşısından muğam sədaları yüksəlir.

 

Mən bülbülü-şeyda, bu gülüstan çəmənimdir,

Hər gül mənim öz nərgizim, öz yasəmənimdir.

 

...Arif, yeri var fəxr ilə hər yerdə deyim mən,

Odlar diyarı Azərbaycan vətənimdir. 

 

Gülyanaq Məmmədovanın şaqraq zənguləsi Şuşanı yuxudan oyadır. Elə Arifin özünü də! Deyir mürgüləyirdim, bir də gördüm hardasa mənim qəzəlimi oxuyurlar, tez eyvana çıxdım. Gördüm həyətdə bir büsat qurulub ki, gəl görəsən. Yəqin ki, Arif bu məqamı heç vaxt unutmayacaq, ömrünün ən əziz xatirəsi kimi qəlbində yaşadacaq.

Vətən savaşı başlayanda mən Qarabağda şəhid olmuş Məhərrəm Məmmədovun həyatı haqqında roman üzərində işləyirdim. Əsəri Zəfər günündən az sonra bitirdim və möhtəşəm qələbəmizi həmin romanda təsvir etdim.

Heç ağlımın ucundan da keçməzdi ki, bu romanı yazdıqdan cəmi iki il sonra Şuşanı, Cıdır düzünü, İsa bulağını görmək mənə nəsib olacaq. İsa bulağına gedəndə çox həyəcanlı idim. Əyilib suyunu ovuclayanda yazıçı Mübariz Örən şəklimi çəkdi. İndi o şəklə baxıram, düşünürəm ki, heç vaxt bu qədər xoşbəxt olduğum yadıma gəlmir. İsa bulağının bircə içim suyunu içib ürəkdən "oxqayy!" deyirəm. Dil-dil ötən meşənin səfası, çayların, bulaqların avazı ömrə ömür calayır. Dikdirlərin sinəsini min bir dərdin dərmanı olan çiçəklər bəzəmişdi. İnqilab İsaq yolüstü maşını saxladıb boy çiçəyi yığır. Çiçəklərin ətri adamı bihuş edir.

Vaqifin məqbərəsi önündə şeir ehtişamını seyr etmək bir ayrı aləmdir. AYB sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Çingiz Abdullayevin, AYB sədrinin müavini Rəşad Məcidin, Səlim Babullaoğlunun, Sayman Aruzun, Xalq şairi Vahid Əzizin, Firuzə Məmmədlinin, Xəyal Rzanın, Baba Vəziroğlunun, Nigar Həsənzadənin çıxışları səsləndikdən sonra "Qarabağ şikəstəsi" havalandı. Dərələr bu səsə qəribsəmişdi. Vaqiflə Vidadi Cıdır düzündə yenidən görüşüb qucaqlaşdılar. Yazıçı-dramaturq İlqar Fəhminin və Əməkdar artist Nicat Kazımovun hazırladıqları kompozisiya möhtəşəmliyi ilə yadda qaldı. Vaqifin durnaları səhnədə səfə düzülmüşdü.

Cıdır düzü! Burada o qədər ürəklər sərinləyib ki! O qədər ürəklər yanıb ki! Cıdır düzünə ancaq şənlik yaraşır. Qalaylı qayalar, ağ-ala daşlarla birləşib gümüşü ahəng yaratmışdı. Sanki gümüşü duyğuları əridib dərə aşağı axıtmışdılar ki, dərinliklər gecələr də işıqlansın. Cıdır düzü uçurumun qaşındadır. Axşama yaxın buludlar sanki cıdıra çıxmışdı, ötüşə-ötüşə Daşaltı dərəsində üst-üstə çin-çin yığılmışdı. Sənə elə gəlir ki, dibigörünməz qayalardan özünü atsan, buludlar pərqu döşək kimi səni göydə tutar. 

Şuşa Qarabağın gümüşü papağıdır. Gümüşdən də qiymətli xəzinədir Şuşa!

Səfərimiz başa çatır. Bundan belə istədiyimiz vaxt Şuşaya - öz evimizə, öz el-obamıza gələcəyik.

Şuşa gümüşü yorğanını başına çəkib yuxuya gedir. Yuxun şirin olsun, Şuşa!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!