Selincersayağı tənhalıq - Cahanxanım Seyidzadə

"Özünü xilas edə bilsən, başqalarını da xilas edə bilərsən". Tarkovski

Hər kəs tənha doğulur...

Hər kəs tənahlıqda doğulur...

Hər kəs tənhalıqdan doğulur...

Yeni günün yalnızlığına beşcə dəqiqə qalıb... İnsanların məni canlandırmağa, yenilənməyə, güclü olmağa dəvət edən ümid dolu sözlərini xatırlayıram...Yox, cazib görünmür, indiki halda zəif olmaq güclü olmaqdan daha yaxşıdır. Və mən bütün şələ-küləmi yığışdırıb uzaq meşələrin qoynundakı, olmayan "malikanə"mə çəkilmək istəyirəm...

Həm də həyatımın ən məşhur əsərini hələ yazmamışkən...

Həm də mənim müharibədə olduğum vaxt başqa biriylə evlənən sevgilim də yoxdu...

Həm də mən müharibədə insanların qarışqa kimi öldüyünə şahid də olmamışam...

Amma ən az Selincer qədər tənhayam... Və Ən az Selincer qədər Holden Koldfildəm...

***

Selincerin bioqrafiyasını yazmaq niyyətində deyiləm.  Lakin qeyd etməliyəm ki, Devid Cerom Selincer 1919-cu ildə Amerikada anadan olmuşdur. Çünki mənə görə Selincerin anadan olduğu il ilə doğulduğu il üst-üstə düşmür. O, əslində, tam olaraq 1965-ci ildən sonra doğulmuşdu.  Yəni, qazandığı bütün şöhrəti dünyalı insanların arasında qoyub inzivaya çəkildiyi vaxtdan...

"Çovdarlıqda uçurumdan qoruyan" əsərini oxuduğum andan bəri daim ağlımda bu fikirlər dolaşıb: görəsən, niyə Selincer şöhrətin ən son nöqtəsinə çatdığı və bütün dünyanın diqqət mərkəzində olduğu bir vaxtda hər şeydən imtina edərək həyatı boyu insanlardan qaçmışdı?

Həqiqətən də yorulmuş və məsumca həyatını sükut içində tamamlamaq istəyirdi, yoxsa əsl niyyəti yaddaşlarda daha  çox qalmaq idi?

Məncə, heç biri... Selincer tənhalığı özünü xilas etmək  üçün seçmişdi...

Biz insanlar, adətən, yaşamadığımız, uzaqdan şahidi olduğumuz hadisələr barədə ağızdolusu və pafosla danışmağı sevirik. Məsələn, "müharibə çox dəhşətli bir şeydir!" cümləsi kimi. Lakin bu dəhşəti müharibədə iştirak etmiş insan qədər kim daha yaxşı dərk edə və bunu yaşantısına çevirə bilər?!

Hansı birimiz yanmış insan ətinin qoxusu ilə tanışıq?

Hansı birimiz qulağımızın dibində partlayan minanın gurultulu səsi altında insan bədənlərinin, əl və ayaqlarının havada uçuşmasına şahid olmuşuq?

Hansı birimiz bütün bu dəhşətlər içində yaşam uğrunda mübarizə aparmağa çalışarkən bizi həyatda saxlayan yeganə qüvvəni - sevgimizi itirdiyimizi qəzet səhifələrindən oxuyub sarsılmışıq?

Belə olan halda hansı birimiz Selinceri daha yaxşı anlaya bilər?...

Selincer müharibədə olarkən dəlicəsinə sevdiyi Unaya yazırdı ki, məni silahım yox, sənə olan sevgim qoruyur. Una isə onun sevgisinə məhəl qoymadan özündən yaşlı və güclü olan Çarli Çaplinlə ailə qurmuşdu. Həyat bəzən bu qədər acımasız, anlamsız və mürəkkəb olur.  Selincer o zaman anladı ki, özünü bu kabus sevgidən xilas etməlidir. Lakin bu olduqca çətin idi... Şəms Təbrizinin dediyi kimi, sevgi elə bir səfərdir ki, o yola çıxan hər kəs bu səfərdə dəyişəcəyini mütləq bilməlidir...

Müharibədən qayıtdıqdan sonra yazmağa və yazdıqlarını çap etməyə başlayan Selincer qısa müddətdə məşhurlaşdı. Lakin birdən hər şeydən vaz keçib insanlardan uzaqlaşdı. Çünki yaşadıqlarını, gördüklərini unuda bilmirdi və heç nə olmamış kimi davranan, həyatlarına davam edən insanlar onun ürəyini bulandırırdı. "Çovdarlıqda uçurumdan qoruyan" Selincerin "ürəkbulanma"sı idi və o, bu əsərlə daxilindəki bütün çalxantıları, sarsıntıları və aldanışları bəşəriyyətin üzərinə "qaytardı"...

Müharibə bitdikdən sonra Almaniyaya gedərkən Heminqueylə görüş zamanı onların arasında belə bir dialoq olmuşdu:

" - Heç olmasa burda nə axtardığını bilirsən?"

- Xeyr! Amma nəyi itirdiyimi bilirəm."

Bu cümlə düşündürür məni. İnsanlar nəyi itirdiklərini doğrudan da bilirlərmi? Məncə, Selincer o yaşa qədər çox şeyi - sevgilisini, dostlarını, silah yoldaşlarını, qorxusunu, dünyəvi olan nəyi varsa itirmişdi...  Geriyə "heç nə" qalmışdı. "Çovdarlıqda uçurumdan qoruyan" Selincerin "heç nəyi" axtarması idi və bu axtarış romanın əsl mahiyyətini bütünlüklə ifadə edə biləcək bir cümlədə gizlidir:

"Mərkəzi Parkın cənub girəcəyindəki göldə olan ördəkləri görmüsünüz? O göl donanda ördəklər hara gedirlər?"

***

Hər kəsin həyatında bir cizgi, xətt olur. Həmin cizgidən o tərəfə minalı ərazi başlayır. Hər gün addım atdığın bir yerdə partlamaq təhlükəsi ilə həyatını cəhənnəmə çevirəcək ehtimallar ərazisi...

Və mən nəyisə itirdiyimi, amma nəyi axtaracağımı bilmədiyim anlarda çoxlu-çoxlu düşünməyə başlayıram:

Görəsən, niyə ağaclar yeraltı su ehtiyatının daha çox olduğu yerlər üçün müharibə etmirlər?..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!