Çankırı səfərinin töhfəsi - Tərlan QULİYEV

Tərlan QULİYEV

 

Doğrudan da, elmin inkişafında elmi toplantıların, elmi konfransların böyük əhəmiyyəti vardır. Çünki belə toplantılarda ən azından yeni elmi mühitlə tanış olur, elmi mübadilələr edir, bəzən də bu mübadilələrdən yeni ideyalar, əldə etdiyin yeni faktlarla ayrılırsan. Bu dəfə də belə oldu. Mən və yoldaşım, filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyeva 08-10 iyun 2022-ci il tarixində Türkiyə Cümhuriyyəti Çankırı vilayəti Karatəkin Universiteti Türkiyat İnstitutunun keçirdiyi 1. Türkiyat Konqresində iştirak etdik. Konqres, həqiqətən də, çox gözəl təşkil olunmuş və bu konqresə dünyanın müxtəlif yerlərindən çox sayda alimlər, mütəxəssislər dəvət edilmişdi. Yeri gəlmişkən, mən bu konqresi təşkil edənlərə - Karatəkin Universitetinin rektoru Prof. Dr.Harun Çiftçi bəyə və Türkiyat İnstitutunun müdiri, Prof. Dr.Abdulselam Arvas bəyə və bizim iştirakımızı orada təmin edənlərə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və tədris işləri üzrə prorektor, professor Nərminə xanım Quliyevaya təşəkkürümü bildirirəm.

Mən konqresdə üç istiqamətdə fəaliyyət göstərdim: 1. "Dədə Qorqud kitabı"nın 2018-ci ildə nəşr etdirdiyim Vatikan nüsxəsinin Bakı nəşri türkoloji aləmə təqdim olundu. 2. Azərbaycanda Oğuz damğalarının varlığından bəhs edən, rejissoru və ssenari müəllifi olduğum "Dədə Qorqud yurdu Azərbaycan" adlı sənədli filmim nümayiş olundu və 3. Türkoloji mövzuda yazılmış məruzə ilə çıxış etdim. Yaqut Quliyevanın tədqiqat sahəsi isə Mahmud Kaşğarinin "Divanü lüğat-it Türk" əsəri ilə bağlı olduğuna görə, o, "Türkiyə türkcəsi Səlcuq Oğuzlarının dilinin varisi kimi" mövzusunda məruzə ilə çıxış etdi.

Dediyim kimi, konqres çox gözəl təşkil olunmuşdu. Biz hələ Çankırıya çatarkən bizi təqribən 30-35 yaşlarında olan iki gənc, Türkiyat İnstitutunun əməkdaşları - Serkan Cihan və Esma xanım qarşılayıb, institutun müsafirxanasına yerləşdirdilər. Sonrakı günlər də konfrans zamanı bu iki gənc qayğımıza qalır, konqresdə bizim iştirakımızın rahat keçməsi üçün əllərindən gələn köməyi əsigəmirdilər. Biz konqresin keçirildiyi elmi mühitdən, məruzələrdən çox böyük zövq aldıq. Nəhayət, ayın 10-da Bakıya dönərkən, bizi Çankırıdan Ankaraya, hava limanına qədər olan təqribən iki saatlıq yol zamanı yenə də  Serkan Cihan və Esma xanım müşayiət edərək, Ankara Esenboğa hava limanına gətirdilər. Bu iki saatlıq yol zamanı söhbət əsnasında isə çox şey məlum oldu. Məlum oldu ki, bu iki gənc Türkiyat İnstitutunda çalışmaqla bərabər, həm də gözəl alim, tədqiqatçıdırlar. Esma xanım divan ədəbiyyatı ilə, Serkan bəy isə XII əsrin məşhur alimi, Carullah- Allahın qonşusu ləqəbi ilə tanınan Zəməxşərinin "Müqəddimətül-ədəb" əsəri ilə məşğul olur  və hətta keçən il Ankarada bu barədə, yəni Serkan bəyin tədqiqatını da öz içinə alan və əsərin trasliterasiyasını əhatə edən kitabı da işıq üzü görmüşdür. Bu, həqiqətən də, mənim üçün sürpriz oldu və sevincimin həddi-hüdudu yox idi. Cünki mən bu əsər haqqında çox eşitmiş, lakin müxtəlif səbəblər üzündən onu əldə edə bilməmişdim. İndi isə budur, kitab demək olar ki, əlimdə idi. Həqiqətən də, Bakıya çatdıqdan iki gün sonra Serkan bəy kitabı mənə göndərdi. Və bu diqqətinə görə mən Serkan bəyə bir daha təşəkkürümü bildirirəm...    

Əslən türk olan Əbülqasım Mahmud bin Ömər bin Məhəmməd əl-Xarəzmi əz-Zəməxşəri (1074-1144) orta əsrlər Türk dünyasının, Orta Asiyanın və bütövlükdə Şərq aləminin ən böyük alimlərindən, mütəfəkkirlərindən biridir. Tədqiqatçılar onun XI əsrin sonları, XII əsrin birinci yarısında yaşayıb-yaratdığını söyləyirlər.

Kasıb ailədən olduğuna görə ilk gənclik çağlarında atası onu dərzi etmək istəmiş, lakin Zəməxşəri atasına oxumaq istədiyini bildirmişdir. Bu səbəbdən də atası onu Xarəzmdə - Ürgəncdə bir mədrəsəyə göndərmiş və o, burada dövrünün görkəmli alimi, "fəridul-asr" - "əsrin yeganəsi" ləqəbini qazanmış Əbu Mudar Mahmud əd-Dabbi (vəfatı 1113) və digər alimlərdən ədəbiyyat, qrammatika, poetika, fiqh, ilahiyyat elmləri və s. öyrənmişdir. Elm öyrənmək yolunda Zəməxşəri təkcə Xarəzmlə kifayətlənməmiş, bu məqsədlə o, Xorasan, Buxara, İsfahan, Bağdada və başqa şəhərlərə gedib, dövrünün digər görkəmli alimlərindən də dərs almışdır. Zəməxşərinin gözəl xətti olmuş və hətta o, pul müqabilində əsərlərin üzünü də köçürmüşdür. Ümumiyyətlə, ayağının şikəst olmasına baxmayaraq, Zəməxşəri çox səyahət etmiş, hətta gedib beş il Məkkədə yaşamışdır ki, buna görə də "Carullah" - "Allahın qonşusu" ləqəbini qazanmışdır. Ərəb dilini gözəl bilən, ərəb  filologiyası, ilahiyyat elmləri sahəsində ərəb dilində mükəmməl elmi əsərlər yazan Zəməxşəri, Xarəzmin fəxri sayılmış, "Şeyxül-ərəbiyyə" -"ərəblərin şeyxi" adlanmış və hətta ərəblərə "atalarınızın, babalarınızın dilini gəlin, məndən öyrənin" demişdir.

Tədqiqatçılar Zəməxşərinin qələminə 20-dən 60-a qədər əsərin aid olduğunu söyləyirlər. O bu əsərlərin böyük əksəriyyətini ömrünün sonlarına yaxın, təqribən 1120-1144-cü illər arasında yazmışdır.  Təbii ki, bunlardan ən məşhurları kimi "əl-Mufəssal", "əl-Kəşşaf", "Müqəddimətül-ədəb", "əl-Qistas əl-müstəqim fi elm əl-əruz" əsərlərini göstərmək olar. Akademik Vasim Məmmədəliyevin yazdığına görə, ""Quran"a yazılmış şərh olan "əl-Kəşşaf", "Quran"ın iki cildlik müfəssəl təfsiridir. Bu əsər müsəlman aləmində böyük şöhrət qazanmışdır. Əl-Kəşşaf indinin özündə belə "Quran"a yazılmış təfsirlər içində ən məşhurlarından biri sayılır. Təfsirdə "Quran"ın leksik-qrammatik məsələlərinə, qiraət variantlarına geniş yer verilmiş, Zəməxşəri müxtəlif qiraət variantlarını tutuşduraraq və qədim ərəb poeziyasından külli miqdarda misallar gətirərək, hansı variantın daha düzgün olduğunu, orijinala daha uyğun olduğunu sübut etməyə çalışmışdır. Zəməxşəri "əl-Kəşşaf"da ərəb dilinin elə leksik-qrammatik cəhətlərinə toxunmuşdur ki, əsəri oxuyan adam onun müəllifinin qeyri-ərəb olduğuna, bu dili, əsasən, Orta Asiyada öyrəndiyinə  inana bilmir".

"Əl-Mufəssal" əsəri isə ərəb dilinin qrammatikası haqqında yazılmış ən gözəl kitablardan biri hesab olunur ki, onun da qısaldılmış variantı olan "Unmuzəc fin-nəhv" ("Nümunəvi qrammatika") Şərqdə geniş yayılmış və uzun müddət mədrəsələrdə ən gözəl tədris vəsaiti kimi istifadə edilmişdir.

"Müqəddimətül-ədəb" əsərinə gəldikdə isə, bizcə, bu əsərin istər Zəməxşərinin öz yaradıcılığında, istərsə də, ümumiyyətlə, bütovlükdə türkologiyada xüsusi yeri vardır. Belə ki,  Xarəzmşahlar sülaləsindən (1097-1231) olan Əlaəddin Atsız bin Məhəmməd Xarəzmşahın  (1128-1156)  xahişi ilə saray kitabxanası üçün yazılan bu əsər, əslində ilk növbədə ərəbcə-farsca-türkcə  lüğətdir. Zəməxşəri bu əsərlə elmə, ədəbiyyata, ərəb dilinə böyük önəm verən Xarəzmşaha bir növ ərəb dilini öyrətmək istəmiş və bu əsərlə onun adının tarixdə əbədi qalacağını söyləmişdir. Tədqiqatçılara görə, əsər təqribən 1128-1144-cü illər arasında yazılmışdır.  

"Müqəddimətül-ədəb" türkoloji baxımdan, özündə türk dillərinə aid leksik vahidləri əhatə etdiyinə görə, türkologiya tarixində 1072-74-cü illər arasında qələmə alınan Mahmud Kaşğarinin "Divanü lüğat-it Türk" əsərindən sonra ikinci əsərdir. Belə ki, özündə "Divanü lüğat-it Türk"dəki kimi ensiklopedik xüsusiyyətlər daşımasa da,  hər halda bu əsərdə ərəbcə kəlmələrin altında ərəbcə sözün farsca lüğəvi mənası ilə yanaşı, türkcə də tərcümələri, izahları verilmşdir ki, türkcə sözlərin verilməsi an azından bu əsəri leksikoloji nöqteyi-nəzərdən  "Divanü lüğat-it Türk"ə bərabər edir. Bu baxımdan, əsərdə türkcə yüzlərlə söz, söz birləşmələri öz əksini tapır ki, ən geci XII əsrin birinci yarısına aid edilən bu kəlmələrin öyrənilməsinin də təbii ki, ilk növbədə türkologiya üçün, dolayısı yolla isə Azərbaycan dilinin tarixinin araşdırılması üçün əhəmiyyəti olduqca böyükdür. Tədqiqatçılara görə, türkcə bu sözləri bilavasitə Zəməxşəri özü qələmə almış, bununla da Xarəzmşaha ərəb dilini öyrətmək istəmiş, ona görə də ərəbcə sözlərin türkcə tərcüməsini ərəbcə kəlmələrin altında özü yazmışdır.

Bu əsər hələ XII əsrdə türk dillərinin necə böyük bir arealda yayıldığını  göstərməklə yanaşı, eyni zamanda onun necə böyük kommunikativ imkanlara malik olduğunu və Şərqdə ərəb-fars dilləri ilə yanaşı, müxtəlif səviyyələrdə bərabərhüquqlu işlənə bilmə imkanlarını da sübut edir. Tədqiqatçılar əsərdə verilən türkcə sözləri, əsasən, Xarəzm türkcəsinə, türk tədqiqatçıları isə Batı Türkcəsinə aid edirlər. Məncə, dərindən tədqiqat aparılsa, bu sözlərlə Azərbaycan dili arasında da çox sayda paralellər tapmaq olar. Tədqiqatçılara görə, əsərdə oxuna bilinməyən, mənası məlum olmayan, lakin türk mənşəli olduğu güman edilən onlarca söz də vardır ki, bu sözlərin araşdırılması da olduqca böyük maraq doğurur.

Məncə, əgər səhv etmirəmsə (təki səhv edim), Azərbaycanda bu əsər türkoloqların diqqətindən, demək olar ki, tamamilə kənarda qalmışdır. Yalnız Yusif Ziya Şirvani adlı tədqiqatçı 1966-cı ildə bu əsər haqqında qısa bir məlumat vermiş və bir də akademik Vasim Məmmədəliyev 1985-ci ildə çap etdirdiyi "Ərəb dilçiliyi" kitabında Zəməxşəridən danışarkən bu əsərdən də bəhs etmişdir. Beləliklə, mən bu qısa məlumatla bir daha türkoloqların diqqətini bu əsərə cəlb etmək istəyir, "Müqəddimətül-ədəb"in Azərbaycanda da geniş şəkildə tədqiq olunmasını arzulayıram. İndi isə əsərdən bir neçə nümunəni, söz və söz birləşmələrini oxucuların nəzərinə çatdıraq:

Qarın bağı, saç bağı, ortalıq, təsbeh muncuğu, baş bağı, yüzük, qaşsız yüzük, yüzük qaşı, ayaq bağı, küpə, ısırqa, yol, genq yol, yol ortası, uluğ yol, bir yığac yer, yığacınq üçtə biri, oq çəkimi yer, iki yerinq arası, yıraq səfər, yol ərənləri, yol əri, yoldaş, aşlıq karvanı, yük, ötetlük, alaçuq, evninq türü, evninq bir yanı, evninq adanı, aran yörəsində qoymuş kərpiç, ocaq təgrəsindəki yığac, konukluq, uzun ev, tünək, taq, törtən, gizləngü yer, tamdurluq, otunluq, axur, yaşırlıq,  yunluq, sazaq, ağırlıq, kiçik ağırlıq, örə, öcək, tünqlük, yügrük, üzəngü, bir tiş, üzenqü, yarım kapuğ, uluğ kapuğ, süyək, altın eşik, üstün eşik, kapuğ öncəsi soqutluq, kapuğ öncəsi, kapuğ arqası, zincir, kəsməlik, kiliddan, kilid, kirit dişi, evdeki uşaq təvşək, təgirman, təgirmanlıq, tişəgüçi, təgirman təlüki, anquk, tükü tegirmeni, əl tegirməni, yarğucaq, yığac soqu, sapı, təmur soqu, təmur sapı, ğalbir, geng ğalbir, çənbər, çənbərçi, səksənək, ələk, təmdur, kösegü tənur aşluk, təknə, pazı, oqlağu və s.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!