Şeirin təbəssümü - Sərvaz HÜSEYNOĞLU. Qəşəm İsabəylinin seçilmiş əsərlərinin birinci cildi haqqında

 

Həyat hər dəfə təzələnməsi, yenidən yeni cilvəsi ilə maraqlı və heyrətamizdi. Xüsusilə, uşaqların, gül ətirli balaların gözündə. Fidan balaların bu təzələnmə önündəki heyranlığının ifadəsi özünü çox da gözlətmir. Gündəlik həyatımızın bir parçasıdır fidan balaların bu xüsusda verdiyi sualları cavablandırmaq. Belə məqamda gah lələ şələni, gah da şələ lələni basır... Nəticədə qarşılıqlı anlaşmanın təəssüratı pəmbə buludların axışı kimi çəkilib gedir, unudulur. Amma tanınmış şair Qəşəm İsabəylinin ana, nənə, baba ilə nəvə arasında olan həmsöhbətliyinin, sual-cavabının lirik ovqatı heç cür oxucunu tərk etmir ki, etmir. Bu, bütün poetik ifadə tərzi, məqamı ilə yeni və çox maraqlı təqdimatdır. Uşaq müşahidəsinin müdrik qənaəti ilə sözün yaxşı mənasında sadəlövh yanaşma tərzi bir aradadı:

 

- Ay ana, hey, mübarək!

- Ay bala, nə?

- Başmağın!

- Ay nənə, hey, mübarək!

- Ay bala, nə?

- Yaşmağın!

 

Üzünü diqqətlə müşahidə edən fidan balanın təbəssüm doğuran "çoxbilmişliyi" oxucu hafizəsindən uzun müddət silinmir. Maraqlıdı. Səmimi və poetikdir. Əslində, hər bir oxucu uşaq ədəbiyyatından məhz bu səmimiyyəti umur.

Qəşəm İsabəylinin yaxın günlərdə işıq üzü görən seçilmiş əsərlərinin 1-ci cildinə "Balaca dünyanın böyük həqiqətləri" başlıqlı əhatəli ön söz yazan ədəbiyyatşünas alim Günay Qarayeva da mövzunun bu mühüm tərəfi üzərində dayanır və haqlıdır ki, şairin şeirlərində məfhum haqqında yaradılan təsəvvür onun əhəmiyyətinin, gərəkliyinin sadə formada fəlsəfi məzmununu açır: müəllif sadə, yığcam şəkildə predmetlər, məfhumlar arasında dialektik vəhdəti, zəncirvari bağlantını elə ustalıqla qurur ki, uşağı istər-istəməz sövq edir". Və bu cəlbediciliyi heyrətamiz, səmimiyyət izləyir. Məsələn, belə:

 

- Ay qış, mənə yar gətir!

Qış əsdi, coşdu, daşdı! -

Qar gətirdi.

- Ay yaz, mənə qar gətir!

Yaz əsdi, coşdu, daşdı -

Bar gətirdi.

 

Və yaxud:

 

Quyruğunu belinə

dolayıb tülkü yatır.

Yatır xırda gözləri,

yatır dik qulaqları,

tükü yatır...

 

Sadəcə, bunca səmimi, yaddaqalan, unudulmaz bir tablo! Şərhə ehtiyacı olmayan poetik mətn... Bu cür mətnlər 692 səhifəlik bir cild əhatələyir. Və əsas odur ki, təsvir olunan, danışdırılan predmetin məramı gözəldir:

 

Hərdən külək oluram,

Əsim, - yarpaq sevinsin.

Hərdən yağış oluram,

Yağım, - torpaq sevinsin.

 

Yaxud:

 

- Ay baba, cücə olmuşam!

- Qanadların hanı bəs?

- Şap... şap... şap...

- Ayaqların hanı bəs?

- Tap... tap... tap...

- Səsin hanı?

- Cik... cik... cik...

 

Bu cilddə Q.İsabəylinin ayrı-ayrı illərdə nəşr olunmuş kitablarına əhatəli ön söz yazmış, ədəbiyyatımızın görkəmli nümayəndələri Məmməd İsmayılın və Zahid Xəlilin incələmələri də daxil edilib. Filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin redaktorluğu ilə nəşr olunan kitaba daxil edilən poetik nümunələr həqiqətən də "İlhamın ifadə imkanları"nı (M.İsmayıl) bütün cazibədarlığı və səmimiyyəti ilə göz önünə gətirir. Zahid Xəlilin yazdığı kimi: "Bu şeirlərdə valideynlər uşaqlarla elə şəkildə söhbət edir ki, sanki onlar yaşlı insanlar deyil, bu körpənin öz yaşıdlarıdır. Bu cür yanaşma şeirdə bir təbəssüm yaradır. Bu təbəssüm şeirin mahiyyətini təşkil edir".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!