Ulu babalarımız millət, dövlət olmaq yolunda çox mübarizələrə sinə gərib, bizə fəxr edə biləcəyimiz keçmiş miras qoya biliblər. Tarixin ağır sınaqlarından keçən, parçalara ayrılan qədim yurdumuzun başına gələn faciələrin səbəbini öyrənmək, həmin dövrdə hansı hadisələrin cərəyan etdiyini incəliyinə qədər bilmək baş verənlərin mahiyyətini bizə daha yaxşı başa salır. O zaman mühakimələr, qınamalar daha ədalətli şəkildə olur. Bu baxımdan tariximizin hər dövrünü özündə əks etdirən söz mirasına böyük ehtiyac var.
Bu gün tariximizin bir çox dövrləri haqqında güvənə biləcəyimiz mənbələr elə də çox deyil.
Ona görə də bu qəbildən olan kitablar çox dəyərli və oxunması vacibdir.
İyirmidən çox kitabın müəllifi olan yazıçı-jurnalist Sabir Şahtaxtının "Azadlıq nəğməsi" romanını oxuduqdan sonra bu düşüncəm daha da möhkəmlənir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan romanda otuz ilini geridə qoyduğumuz müstəqilliyimizə gələn yol və azadlıqdan sonrakı ilk illərdəki ictimai-siyasi ab-hava hərtərəfli şəkildə təsvir olunur.
Kitabı diqqətlə oxuyan oxucu ötən əsrin 1980-ci ilinin sonlarından başlayaraq Azərbaycanın ictimai-siyasi, eləcə də cəmiyyətin sosial-psixoloji həyatında hansı hadisələrin cərəyan etdiyini incə detallarına qədər gözündə canlandıra bilər.
Vətənlə dialoq
"Ah, Vətən, Vətən... Canımdan çox sevdiyim Vətən! Qışın şaxtasında əsən küləyin də məni isindirirdi, Vətən! Axı haradan biləydim ki, doğulduğum gün sənin milli faciə günün olacaq, Vətən?..".
Əsər qəhrəmanın öz daxili dünyasında Vətəni ilə danışması, doğum günü olan 20 Yanvarın qanlı tarixə çevrilməsinin verdiyi iztirabdan doğan "qınama" ilə başlayır. Təbii ki, bu təəssüf hissi ad günü ilə bağlı deyil. Öz övladlarının ruhunu isindirən Vətənin acı taleyindən, başına gələnlərin qarşısını ala bilməməkdən doğan bir fəryaddır.
Əminəm ki, çoxlarımız bu fikrin mahiyyətinə vardıqdan sonra doğma yurddan uzaqda, isti evimizdə olsaq belə, içimizi üşüdən soyuqluğun səbəbini daha yaxşı anlaya bilərik.
Oxucuda elə bir fikir yaranmasın ki, müəllifin Şahvə adını verdiyi qəhrəmanı çətinliklər qarşısında aciz qalan, sızıldayan bir insandır. Əsəri oxuduqca Şahvənin timsalında o dövrün mərd, qorxmaz Azərbaycan oğullarının təsviri ortaya çıxır.
"Azadlıq nəğməsi" əsrin əvvəlində itirilmiş azadlığın yüzilliyin sonunda geri qaytarılması üçün xalqın hansı keşməkeşlərdən keçdiyini əsərin qəhrəmanının - Şahvənin yaşadıqları və dili ilə elə formada çatdırır ki, sanki 30 il əvvələ qayıdır və hadisələrin birbaşa iştirakçısına çevrilirsən.
Hərbi xidmətini başa vurub qayıdan Şahvə 1980-ci ilin sonlarından başlayan Meydan hərəkatının iştirakçısına çevrilir. Əsərin həyəcanlı sehri də bu andan başlayır və sonadək oxucunu tərk etmir.
Şahvə sanki Meydan hərəkatı ilə birlikdə yenidən doğulur. Müəllif Şahvənin timsalında gələcək müstəqil Azərbaycanın vətəndaşlarını, onların düşüncələrini formalaşdırır. Şahvə tək deyil. Ətrafında onun kimi düşünən, ölümün gözünə dik baxan onlarca insan var.
Müəllif, Şahvəni sınaqlarla dolu həyat yolunda əsl Azərbaycan qızlarının xüsusiyyətlərini özündə cəmləşdirən Şölə ilə qarşılaşdırır.
Şölə sanki çətinliklərlə dolu həyatda Şahvənin mükafatıdır. Bu mükafatın dəyəri Şölənin qarşı cinsdən olmasında yox, hərtərəfli müsbət keyfiyyətlərin cəmləşdiyi bir insan olmasındadır.
Meydan hərəkatı, həbs həyatı, yaşanan 20 Yanvar faciəsi, arxasınca Qarabağ müharibəsi, Şahvənin müharibədə iştirakı, yaralanması, qısası, baş verən qanlı hadisələrin birbaşa iştirakçısı ilə irəliləmək o illəri yaşamış oxucunun yaddaşını təzələyir, yeni faktlarla qarşılaşdırır, gənc oxucular üçün öyrədici missiya daşıyır. Şahvənin doğum tarixinin - 20 Yanvarın qanlı tarixə çevrilməsi, ardınca Şölənin doğulduğu günün Xocalı faciəsi ilə üst-üstə düşməsi, daha sonra 31 Mart soyqırımının xatırlanması fonunda bir xalqın tarixində nə qədər çox qanlı hadisələrin olduğu ortaya qoyulur.
Eyni zamanda, Azərbaycanın iki yerə bölünməsi faktı yada salınır, uyğur xanıma qarşı olan hörmət və sevginin timsalında bütün türk dünyasına qarşı yaxınlıq vurğulanır.
Əsərdə 1989-cu il dekabrın 31-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə indiki İranın Qərbi Azərbaycan vilayəti arasındakı sərhədin dağıdılması prosesi də təsvir olunur. Xalqın öz çoxillik həsrətini yox etmək istəyi nə qədər ülvi olsa da, prosesə icazə verənlərin niyyətlərinin arxasında, əslində, Naxçıvanın işğal ssenarisinin dayandığı göstərilir. Ermənilərin hər hansı bir hücumu qarşısında Naxçıvanın boşaldılması üçün "şərait" yaradıldığı, "Bu prosesə icazə verilməsi sovet hökumətinin məkrli bir planı olmasa, quş quşluğu ilə o sərhədlərə yaxın gedə bilməz" fikri vurğulanır.
Romanda ən vacib amil kimi millətdə milli şüurun önəmini qabardır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının çətinliklərə baxmayaraq həyata keçirdikləri heyranlıqla yada salınır. Milli şüura sahib olmaq üçün tariximizin öyrənilməsinin, doğru kitabların oxunmasının vacibliyi önə çəkilir.
"Gərək Vətənin dərdinə biganə olmayasan. Ölkəyə bəla gələndə hamını haqlayır" fikri biganəliyin bir millət üçün hansı nəticələri doğurduğuna diqqət çəkir.
Müəllif əsərdə həm də gözəl bir təzad yaradır. Əgər Şahvə ata-anası həyatda olmayan, maddi imkanları zəif biridirsə, onunla eyni müstəviyə çıxardığı Şölə yüksək vəzifəli dövlət məmurunun övladıdır. Əsərdə biz Şölənin və onun ailəsinin timsalında o çətin illərdə millətin müxtəlif təbəqələrindən olan insanların eyni amal üçün necə çırpındığının, narahatlıq keçirdiyinin şahidi oluruq. Meydan hərəkatı ilə birlikdə Şahvənin həyatına daxil olan Şölə sonuna qədər onunla eyni yolda irəliləyir.
Bir haşiyə çıxıb qeyd edim ki, Şahvə ilə Şölənin hekayəsini oxuyanda İlham və Fərizənin nakam sevgisini, Meydan hərəkatında iştirakları ilə bağlı İlhamın ailəsinin dilindən eşitdiklərimi xatırladım. Şahvə ilə Şölənin bu mübarizədən sağ və qalib çıxması, Azərbaycanın azadlığını görməsi oxucuya təsəlli olur.
Əsərin əsas süjet xətti ilə yanaşı, ailə dəyərlərimizin müsbət və incə məqamlarının altından xətt çəkilir.
Müəllif Şölədə insani keyfiyyətlərin formalaşmasında ailəsinin rolunu önə çəkməklə bu amilin önəmini vurğulayır. Tarixi hadisələrin fonunda əsərdə xalqımızın milli xüsusiyyətləri də qabardılır. Şölə bütün çətinliklərə baxmayaraq sona qədər Şahvənin yanında olur. Eynilə Şahvə də öz sevgisinə sadiq qalır. Hadisələrin eniş-çıxışı, çətinliklər onu doğru, bütöv insan olmaqdan yayındırmır.
Şölənin ailəsinin timsalında Azərbaycan ailəsinə məxsus xüsusiyyətlər təsvir edilir. Şölənin atası Murad müəllim nazir müavinidir, amma sadə xalqın nümayəndəsi olan Şahvəyə rəğbət bəsləyir. Onun qızının yanında olmasına qarşı çıxmır. Əksinə, Şahvəni mübarizəsində dəstəkləməklə doğma Vətənin "Azadlıq nəğməsi"nin yazılmasını nə qədər çox istədiyinin şahidi oluruq. Təsadüfi deyil ki, Murad müəllimin polis oğlu da Qarabağ müharibəsində şəhid olur.
Şölənin atasının nə qədər xeyirxah və ehtiyacı olanlara yardım etdiyini görürük. Yardım etmək üçün getdikləri tək yaşayan bir qadının qapısını döymək istədikləri zaman Şahvənin tərəddüdünü gördükdə "Əsas odur ki, qapını döyən kişi olsun" cümləsi ilə xalqımıza məxsus dəyəri, incə nüansı geniş şəkildə təsəvvürümüzdə canlandıra bilir.
Əsərdə baş verənlərin fonunda yaranan çörək qıtlığı, insanların çəkdiyi əziyyət, paylaşmaq mədəniyyətini də görürük. O çətin illərdə Naxçıvana gedən Şahvə vasitəsilə oradakı əhalinin hansı çətinliklərə üzləşdiyini, elektrik enerjisi, təbii qazı olmayan muxtar respublika əhalisinin evini qızdırmaq üçün hansı vasitələrdən istifadə etdiyini oxucuya çatdırır. O ağır illərdə umummilli lider Heydər Əliyevin Naxçıvanda, daha sonra Bakıda xalqımızın imdadına yetişməsi, çətin illərdə xalqın ulu öndərə arxalanması və birlikdə ölkənin ağır vəziyyətdən çıxması üçün göstərilən səylər xüsusi vurğulanır.
Əsərin əvvəlindən sonuna kimi yaşanan ağır hadisələri yüngülləşdirən, oxucuya təsəlli olan əsas məqamlardan biri Şahvənin azadlıq sevgisidirsə, ikincisi iki gəncin arasında olan ülvi məhəbbət, bir-birinə sadiqlik, hörmət və səmimiyyətdir. Təmiz sevgi bir sütun kimi möhkəm dayanır, baş verən bütün çətinliklər, faciələr qarşısında sınmır. Gözəl ailə qurulur. Övlad həsrəti ailənin təməlini qətiyyən sarsıtmır, iman və inamın gücü qalib gəlir.
Müəllif sanki iki gəncin həyat yolunun timsalında Azərbaycanın, xalqımızın faciələr qarşısında sınmamasını, tükənməz mübarizəsini və sonunda günəşli günə çıxmasını paralelləşdirir. Şahvə və onun düşüncəsində olanların, bu yolda həyatını qurban verənlərin bir tək istəyi var. Vətəni Azərbaycanı azad, müstəqil görmək.
Savadlı, bacarıqlı Azərbaycan gənclərinin dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrindən biri olan Sinqapurda necə iş tapmasını, Vətəndən kənarda da milli dəyərlərinə sadiq həyat sürməsini göstərir. Ürəyi Vətən eşqi ilə döyünən Şahvə və Şölənin iki qız övladının məhz may ayında dünyaya gəlməsini, onların adlarının cümhuriyyətimizin qurulduğu aya uyğun qoyulmasını mistik simvol kimi qəbul etmək olar.
Övlad həsrətlərinə son qoyulan, maddi vəziyyəti yaxşı olan Şahvə və Şölə rahat yaşasalar da, doğma Vətənə dönməyə qərar verirlər.
Nəhayət, əsərin əvvəlindən Vətənin "Azadlıq nəğməsi"nin yazılmasında birbaşa iştirak edən Şahvə və Şölənin üzünün gülməsi, azad Azərbaycana dönmə qərarı oxucuya sevinc dolu köks ötdürə bilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!