"Yer əcəmi, insan qərib, söz qərib..." - Şeirlər. Etimad BAŞKEÇİD

 

***

İllərin ardında öldürdüm səni,

bu gün torpaqlara gömürəm, qağam.

bu qəhbə dünyanın çıxacağında

üryan olduğunu görürəm, qağam.

 

İllərin ardında, hərəmə doğru,

beşiyin yürüyür ölümə doğru,

sən yalan oldun ha, bu dünya doğru,

demirdin hər şeyi bilirəm, qağam?

 

Ömür yağmalanır, can talan olur,

bu dərd nə çəkilir, nə bir yan olur,

can candan olunca haqq əyan olur,                      

mən də bu fitvaya gedirəm, qağam.

 

***

Gəl kirmiş, fağır könlüm,

            halındımı, dəmindimi?

Allah, Məhəmməd yolunda

            yağmanan yurd sənindimi?

 

Qara dərviş düşüb kənd-kənd,

            nələr oxumur sinəbənd,

üzütüpürcəkli həpənd

            yenə həmin-həmindimi?

 

Di haydı, fərman verilir,

            Mizan-tərəzi qurulur.

təqsirlər üzə deyilir,

            birdimi, beşdimi, mindimi?

 

Mirsədi Mirlərə

 

Hər şey öz çevrəsində fağır,

göy qübbəsi,

yer üzü,

can mücrüsü,

it əl-ayağı yemiş kimi rüzgar,

çevrələrə hökm və fərman daşıyır.

 

Hər şey öz çevrəsində qısır,

ölüm hər şeyi birləşdirir, budur -

payız budaqdan üzülən yarpaq kimi,

insan da öz kölgəsinə qovuşur.

 

Hər kəs öz çevrəsində qoçaq,

hər şey öz çevrəsində fağır,

göz yaşlarıyla maddiləşir yalnızlıq,

hər şey öz çevrəsinə qısılır.

 

Haçan ki, yer göylə birləşəcək,

min səbəb olacaq bir ucuz ölümə,

tox toxundan öləcək,

ac acından,

İt yalnız itin günündə öləcək.

 

İndi də axar su misalı əcəmi,

bir qədər nəşəli,

havalı bir  az,

yürürkən əl havası,

ay qarası,

kor atın belində, baxta şah Abbas.

Hənüz başdadır tarix, yenə başda:

Allahın ən fağır bəndəsi - su,

Səni çovdarlıqda qoruyan

tək nəsnə:

Günəşin qiyamı,

            səcdəsi,

                        rukusu.

 

bəlli, dünəndən möhürlüdür indi,

dünyanın dəngəsi çoxdan pozulub.

çoxdan olmuşlar hələ olacaqlar,

onunçün yuxular tərsinə yozulur.

 

Yer əcəmi,

insan qərib,

söz qərib,

bəlli, bilinməyən bir yer burası.

İnsandan, sözdən, ibadətdən ötəri

kainat bir nöqtəyə hörüklənib.

 

Oysa, nəymiş bu bihudə çabalar,

kor baxtın izinə düşməkdən yana,

darnan gorun arası, əlamanda,

yüz cür sifət cəmləşmiş bir insanda -

 

Kimisiz-kimsənəsiz, yetim və öksüz,

zalım, qaniçən, yolkəsən və xırsız,

yaltaq, yaramaz, laqeyd və abırsız,

suru yeriyən, suru düşmüş, yolsuz...

 

Qərəz ki, çör-çöpə, çır-çırpıya yüklü,

elə bir ucdan daşlanır bir-bir...

bulanıq suya suyulmaq nə deməksə,

insandan baş açmaq da o deməkdi.

 

***

Bir ömür yetərmola,

yahu kim söylər ona,

ələyi ələnmişdən bizim ulusa kimi,

yolların yedəyində pələsəng olmuş hərif,

xam atın quyruğuna bağlanmış tərsa kimi.

 

Allah saxlamaz olsa, ha de "Allah saxlasın",

vecsiz qara gününə bir damcı "ah" saxlasın,

zalım min bir tədbirnən sağ, sol, cinah saxlasın,

Musa ilan gəzdirir əlində əsa kimi.

 

Dedik deməmiş olaq,

bizləri eşidən kim,

yeddi yolun ayrıcı baxtına ilişən kim,

rəng alıb rəng verən kim,

haldan hala düşən kim

yasdan düyünə kimi, düyündən yasa kimi.

 

***

Yenə də heç şey oxuya bilmirsən, gördün ki,

axşamın birrəngli, birmənalı üzündən

və kirimişcə (hətta bir qədər mütiliklə deyərdim),

cismini yatağına uzadırsan -

(onsuz da bu ömrü yaşayıb

            tükətmək mümkün deyil,

                        başına belə sovursan).

 

Fikirləşirsən ki, nolar, ölümlük ha deyil,

axı sən heç kəsə yenilməmisən,

                        sadəcə yorulmusan,

uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi

üstündə dikəlir

və bu mənzərə yeni bir koordinat  əmələ gətirir.

 

Bir azdan gözlərin qapanır,

qulaqların eşitməkdən qalır,

bir canlı kimi bütün imtiyazların alınır,

və yox edilirsən dünyadan ansızın,

Yox və Var arasında aralıq atı kimi

(səndən nəm - nişan adına)

yalnızca nəfəsin qalır.

 

Səhər-səhər obaşdan göz qapaqlarını

aralayır mələklər: ölümün ertələndi, dur!

və budur, dünən sənin qeyb olduğun yerdən

bir başqası durur...

***

Dost ordusumu, düşmanmı -

hər baxdığın yerdə

bozqırlara səpələnmiş intəhasızlıq,

eynən bir çocuq misalı ölümsüz,

çocuq dilimin ucundakı söz misalı.

 

Söz bir arı misalı - gen dünyaya inad,

bircə yol sancmağı üstlər yaşamaqdan.

Azmı duyduq bu öfkəli vızıltıları

arı yeşiyi misalı açılan hər kitabdan.

 

Kitabsa...

evi tikilsin kitabın,

neçə adla, ayamayla çağırılarmış.

nəymiş kitab -

qoca şəhvət zor gələndə, gözlərdən oğurlanıb

üzünü köçürtdüyün yüngül əxlaqlı qadın...

 

***

Bu, cənnətdə candan bezmək kimidir,

hər şey öz həddinə doyar, tökülər,

qarşı yatan qara dağın binası

axşam-axşam quzulayar, tökülər.

 

Uğraşınca qılınc qalxan üstünə,

ömür adlı möhlət başa varınca,

qara ilan yuvasına dolunca,

şahin-şonqar izi bular, tökülər.

 

Dəlmədeşik,

paramparça,

çilməçilik,

ötələrdən varaqlanan gündəlik,

illər ili yürdük, könül bəslədik,

gör nə təhər çatdar, sınar, tökülər.

 

***

Qəflə-qatırına hay vuruldumu,

nə davran, nə dalan, nə cinas eylə,

bir şəhər verilsin sultan könlünə,

endir Allahından, iltimas eylə. 

 

Bu Haqqın divanı, bu da tufanı,

hul gedir gələnlər dəli-tərsinə,

yalvarıb Allahdan aldığım canı,

verdim bu çöllüyün haramisinə,

 

Ağlaya-ağlaya öldü Tamaşa,

oxşadım, kiritdim, olmadı, lələ,

Gözəgörünməzin özündən haşa

hansı gül açdı da solmadı, lələ...

 

Orxan Vəliyə

 

Doğum ili 1970.

atası...

anası...

nə qardaşı var, nə bacısı

orta məktəbi 1988-də bitirmiş.

 

Getmək varkən durub-durmağa nə hacət,

18 yaşında evi tərk edib getmiş

(hankı səmtə, hankı yana - Allah bilir),

Qırmızı Vəli derlərmiş adına -

hər kəsin haqqında üzünə deyirmiş.

 

Ardı-sıra gələnə-gedənə, ötənə

atası şəklini göstərirmiş

anası həftədə, on gündə bir,

onun evdəki paltarlarını

yuyurmuş, sərirmiş...

 

Öldüyü il 1995,

hər kəsin başına gələcək bir iş,

1995-in qışında

Rusiyanın hansı vilayətindəsə

vurub öldürüblərmiş...

 

***

Bu hər üzü bəlli dünyada,

dünyada, dün...

usandım açıq qapılara təpilməkdən.

nə gördün,

hey, qara öfkə mənə ulaşan?

Gedib də geriyə dönməyəcəyim günün

sağlığına içmək istəyirəm bu axşam.

 

Gəl, sevdiciyim dost,

bəs hal bu, qəziyyə bu,

qeyb olmuş birdən-birə,

heç olmamış kimi,

ikram qəbilindən endirilmiş o xüsus.

Buyur, oysa, bu mən, bu yeyib-içəcəklər,

könül süfrəsi deyil əlbət, deyil əfsus,

 

...Bu qara-qışa qənim tumurcuq alayı,

ağacın dalları səpmiş üzdən dolayı.

Tumurcuq kimisən sən də,

hələlik tən içrə tənsən.

don vurmasa,

ya sərçələr dimdikləməsə,

xəyallar necə şəkillənir, görəcəksən...

 

***

 

"Ey Nur daşı, daşların sevgilisi, sən sən ol,

ol kafirin niyyətini dayandır"

                 Kamal Abdulla

 

...Yerdən yerə yapıxmış eni-boyu,

susqun,

daş kimi, kəsək kimi xamuş,

elə bir yurd, elə bir məmləkət ki,

daşı-torpağı torbayla daşınmış.

 

Bilinməzin bitməyən şövqü,

işbu,

bir yol öcəşmiş çölünə-düzünə.

elə bir sevgili ki, ürəyi daş

elə bir dost ki, daş yamanmış üzünə.

 

Harda pir,

harda niyyət,

harda Əhlət!

Yolçu istəməsə də yol gözləməz -

qədərilə baş-başa qalmış yolun

ən sadiq yolçusu daşdır əlbət.

 

Yerdən-yerə yapıxmış eni-boyu,

susqun,

daş kimi, kəsək kimi xamuş.

elə bir yurd,

            elə bir məmləkət ki,

daşı-torpağı torbayla daşınmış...  

 

***

Yanlarını basa-basa

bir araba da keçdi ömrümdən

bir misir eşşəyinin yedəyində.

sənin gözəlliyin, yahu,

arabanın ləngərinə bulaşdı.

 

Bəbək arzumanı, çocuq dərdlisi,

yer hay, məlum, dərdlisi, broy.

iblisin qanlısı, xudaya - tərəf

Xudaya broy, broy!

büründü, büküldü nimdaş kəfənə,

yer hay, məlum, dərdlisi, broy,

üz qoydu peşiman üqbaya tərəf.

üqbaya, broy, broy!

 

Göylərə uçmaq iddiasilə

bir ölü də soxuldu torpağa,  

ancaq bununla da tamamlanmadı

bir damcı bulanıq suyun tarixçəsi.

qoca qurdun yırtıq-yamaq səsi

aşağı kolluqlara ilişib qaldı,

 

Amma, yol güdənlər, bərə pusanlar,

yer hay, məlum, pusanlar, broy,

Tanrı tanımazlar, laf anlamazlar,

laf broy, broy!

kimlər ölümünə pənah aparır,

yer hay, məlum, heç anlamazlar,

ölsə ölüsünü urvatlamazlar,

qal, broy, broy!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!