Tanımadığımız Yalçın Qoca və ya taleyin divarında ömür saatı
Kənan HACI
Hər bir insan hələ yaşadığımız dünyanı tam dərk etmədən başqa dünyalar haqda düşünür, özgə planetlərdə nələrin baş verdiyi ilə bağlı saysız-hesabsız suallara cavab tapmağa çalışır. Uçan naməlum obyektlər, Yer kürəsinə yaxınlaşan nəhəng meteorit və bu kimi izahı tapılmayan hadisələr hər dəfə bizim düşüncəmizi göylərin sonsuzluğuna doğru çəkib. Alimlər uzun illərdir ki, kosmosda başqa bir sivilizasiyanın izlərini axtarırlar, hətta yadplanetliləri gördüyünü deyən kifayət qədər insanlar olub və bu gün də var.
Bəşər düşüncəsini məşğul edən bu axtarışlar dünya ədəbiyyatında da öz əksini tapıb. Fantastik janrın öncüllərindən olan Jül Vernin yaradıcılığında elə elementlər var ki, bu əsərlərin yarandığı və yayıldığı dövrdə insan şüuru bu elementləri çox çətinliklə qavrayırdı. Xatırlayıram, yeniyetməlik dövründə Herbert Uelsin "Dünyaların savaşı" romanını oxuyandan sonra məndə yadplanetlilərin Yer planetinə hücum edib hər yeri xarabazarlığa çevirəcəyi, insanları öldürəcəyi ilə bağlı bir fobiya yaranmışdı. Uels reallıqla irreallığı o qədər iç-içə təsvir edir ki, əsərdə baş verən hadisələrin gerçəkdən baş verdiyinə oxucu inanır. Marsdan gələn, yerə batmış dairəvi qapağın içindən çıxan bədheybət məxluqlar əslində Yer planetini öyrənməyə gəlmişdilər, insanlar isə onların üstünə mərmilər yağdıranda məcburən özlərini müdafiə etmək üçün onlar da hücuma keçməli olurlar. Təbii ki, o zaman romanın ehtiva etdiyi daha böyük mətləbləri anlaya biləcək həddə çatmamışdım. Fantastika janrının görkəmli nümayəndələrindən olan Ayzek Əzimovun "Robot adam" romanını da həmin yaş dövründə oxumuşdum. Sonradan fentezi janrı məni cəlb etmədi və heç vaxt bu janrda əsərləri oxumadım.
Amma… Bu günlərdə "Azərbaycan" jurnalının son saylarını gözdən keçirirdim, jurnalın 9-cu sayında Yalçın Qocanın "Ulduz körpüsündə çat" povestinə rast gəldim və maraq hissi məni əsəri oxumağa sövq etdi. Yalçın Qoca ədəbiyyata şeirlə gəlib, şair kimi tanınıb, yazıçı Məmməd Orucun təqdimat yazısından da görünür ki, onun kifayət qədər maraqlı, özünəməxsus bir dünyası varmış. Povestin mütaliəsindən sonra məndə belə bir təəssürat yarandı ki, onun içində həm də nəsr potensialı olub və bu potensial sıxılmış bir enerji olaraq qalıb, üzə çıxmayıb. Bilmirəm, arxivində hansısa nəsr əsəri varmı, yoxmu, amma çap olunmuş bu povest onun yaradıcı insan olaraq həyata, insanlığa tamamən fərqli münasibətinin ifadəsidir. Bəşərin gələcək taleyindən narahatlıq bu mətndən qırmızı xətt kimi keçir. Əlbəttə, böyük düşüncə sahibləri həmişə dünyamızın gələcəyi ilə bağlı illüziyalardan sıyrılıb daha çox elmə əsaslanıblar. Elmi-texniki tərəqqi dünyanı hara aparıb çıxaracaq? Bu sualın cavabı yoxdur.
Yalçın Qoca bu əsərində planetlər arasında əlaqə yaratmağa çalışır. Hadisələr Elmlər Akademiyasının Fizika İnstitutunda cərəyan edir. Başqa planetdən gələn qonaqlar davamlı olaraq İdrak müəllimin yuxusuna girir və onların arasında dialoqlar gedir. Qonaqlar ona Yer planetindəki insanların yaşamıyla bağlı bəzi həqiqətləri pıçıldayırlar. İdrak müəllim fantaziyaya bənzəyən bu faktları elmi cəhətdən əsaslandırmaq haqda düşünür. Əks halda yeni planetlər əsrinin sirri insanlıq üçün açılmayacaq. Çağırılmayan qonaqların gəlişi akademikin mənəvi rahatlığını əlindən alır… Bəlkə də əcəl aman versəydi, müəllif əsərdəki hadisələri inkişaf etdirərək mətni modern bir roman halına gətirəcəkdi. Modern romanda gerçəklik öz əhəmiyyətini itirir, ideya ön plana keçir. "Ulduz körpüsündə çat" sanki konservləşdirilmiş zaman haqqındadır. Akademik gəmidə yadplanetlilərlə görüşü ərəfəsində qolundakı saata baxır, saat dayanmışdı. Bu məqam təsadüfi deyil, müəllif başqa bir planetə keçid məntəqəsində akademikin artıq bizə məxsus olan dünyanın zaman orbitindən çıxdığına işarə edir. İki planet arasında, utopik məkanlar müstəvisində keçidlər dialoqlarla müşayiət olunur və bu dialoqlar əsərin ideyasına xidmət edir. Obrazlar ikinci dünyaya real dünyanın qapısından keçərək daxil olurlar.
Akademik düşünür ki, bəlkə bu naməlum qonaqlar hansısa təcrübə üçün ondan material kimi istifadə etmək istəyirlər? Bəlkə Bermud üçbucağındadır? İnsanabənzər məxluqların məqsədi isə bu deyil. Onlar bütün planetlərin bir-birilə gözəgörünməz əlaqələrinin mövcudluğunu bizə xatırlatmaq istəyirlər: "Yaranan nədən yaranıbsa, ona da qayıdır. Yerin cazibə qanununun əsasında bax bu qanunun inkaredilməzliyi dayanır.
Bu əsaslara arxalanıb biz belə nəticəyə gəlirik ki, bütün bəşəriyyətin oyanış nöqtəsi mövcuddur. Həmin oyanış nöqtəsinin qüdrətindən planetlər Günəşin ətrafında öz orbitləri ilə hərəkət edir…"
Qonaqlar akademikə xatırladırlar ki, Yer planetinin yaşı heç də sizin təsəvvür etdiyiniz qədər yox, ondan da milyon illər əvvələ gedib çıxır. Sən demə, onların planetində sivilizasiya ən son həddinə çataraq məhv olub. Onları xilas edən isə bizim planetimiz olub. Günəş həmin planetin buzunu əritməyə başlayıb, qatı zülməti yarıb və orda yeni həyat başlanıb. İndi isə yadplanetlilər onların əcdadlarının borclarını qaytarmaq üçün Yer planetini gözlənilən təhlükədən xilas etmək istəyirlər. "Planeti məzara çevirmək olmaz!" Onlar planetdaxili enerji potensialının cəmi üç yüz min ilə bəs edəcəyini bildirirlər və planetin yenidən doğulması üçün tükənməkdə olan enerjini potensial enerji kimi Yerin özünə qaytarırlar.
Salvador Dali deyirdi ki, rəsmlərimdə saatların əriyərək axması önəmli deyil, əsas olan onların zamanı doğru göstərməsidir. Yalçın Qocanın povestindəki zaman innovasiyalar qovşağında sanki əriyir, yox olur, mahiyyətini itirir, amma tədricən yeni bir mexanizm işə düşür və biz qoca dünyanın yeni üzünü görürük və onun divarında zamanın göstəricisi olan saatın heç vaxt dayanmayan əbədi ritminə köklənirsən. Bu fərziyyəvi zaman əslində real zamanın modelidir, bu zamanın insan düşüncəsində doğurduğu namüəyyənliyin, diskomfortun gerçək obrazıdır. Burda hətta dayanmış saat belə zamanı dürüst göstərir!
Uzun illərdi fantastik əsər oxumurdum. Bu dəfə mövzu dünyaların savaşı deyil, dünyaların barışı idi. Bəlkə elə bu əsər məni fentezi janrı ilə "barışdırdı".
Yazıçı Məmməd Oruc təqdimat yazısında yazır: "Biz görmüşük ki, şairin arxivindən şeirlər axar, amma Yalçın Qocanın arxivindən nəsr əsəri çıxdı və etiraf edim ki, məhz bu əsərini oxuyandan sonra mən Yalçın Qocanın ədəbiyyatımızdakı yerini və ümumiyyətlə, səviyyəsini gördüm". Və əlavə edir ki, bu əlyazmasından hiss elədim ki, o, böyük ideallarla yaşayırmış və böyük ədəbiyyata yeni bir yol başlayırmış…"
İnsan nə qədər yaşasa da, həmişə nəsə yarımçıq qalır. Təkcə ulduz körpüsünə çat düşmür, arzularımıza da, həyatımıza da və sonda ürəyimizə də çat düşür… Ömrümüzün saatı taleyimizin divarından asılıb…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!