"Əgər ki, həyatınızdan vaz keçilməz dedikləriniz köç edir, "itki" kimi sandığınız artırsa, bilin ki, Hicrətdəsiniz və gedən hər kəs sizin tək Həqiqət olan Allaha qanadlanıb uçmağınıza yük olan ağırlıqlardır". (Dəniz Ərtən "İşarət").
Haradan gəlib haraya köç etdiyimizi bilirikmi? Hicrət, köç, hicran... Hicrət kəlməsi sevgili Peyğəmbərimizin Məkkədən Mədinəyə köçünü ifadə edən kəlmədir əslində. Hicran nəyin hicranıdır? Bu kəlməni tam ağırlığı ilə ən yaxın əzizimizi əbədi dünyaya yola salarkən daş olub sinəmizin üstünə çökdüyündə hiss edirik. "Əbədi" həsrət keçir qarşımıza və "Mən gəldim, oyan!" deyə əl sallamağa başlayır bizə. Heç bitmir bu duyğu, ömrü boyu kimlərəsə, nəyəsə həsrət...
1996-cı il... Mustafamızı yola saldıq 24 yaşında. Bir neçə gün sonra bir xəbər, bir bilgi umuduyla özümü Hüsü Hacıyevdəki yazıçıların binasında pilləkənləri qalxarkən bildim. O ana qədər sadəcə bir tək sual dolaşırdı qəlbimdə: "Niyə Mustafa, niyə mən yox, Mustafa?". Qapını İsa əmi özü açdı və qucaqlayaraq qulağıma pıçıldadı: "Çatıbdı və geri gələcək"...
O zamanlar mistik, ezoterik ədəbiyyatdan uzaq idim. Düzdür, Puşkini, Bulqakovu oxumuşdum və əsərlərindəki gizli mistik mənaları az-çox İsa əmi mənə açıqlamışdı, amma əsl mistikaya yolçuluq mənim üçün İsa Muğannanın "İdeal" əsərindən başlamışdı.
Əslində, XIX yüzildən tendensiya olan ezoterik bilgilər materialist dünyagörüşünə malik SSRİ-də qadağan edilmiş, əlaltı tapılan qısa məlumatlardan ibarət fantaziya ədəbiyyatından başqa bir şey deyildi. "Quran" ancaq yas mərasimlərində oxunan ölülərə aid bir kitab, içərisindəki bəzən simvolik, bəzənsə açıq dillə verilən informasiyalar bizə tamamilə yad idi. Bu daha geniş mövzunun söhbətidir, əlbəttə. Mən bu cür məlumatları ancaq Muğannanın "İdeal" əsərində təsiri altında qaldığım bilgilərlə müqayisə edərək axtarışa çıxmışam. Son əldə edilən bilgiyə əsaslanaraq kainatın sadəcə 25 faizinin materiya, geridə qalan 75 faizinin isə enerji boşluğundan ibarət olduğunu öyrəndiyimdə "İdeal" əsərində adıçəkilən SafAğ elminin varlığına şübhə qalmadı. Tam hər şey gün işığına çıxdığında o 25 faiz də qalacaqmı, əmin deyiləm!
"Hər hansı bir insan SafAğ elminin əsasını mənimsəyibsə, OdƏr-həqiqət işığı olursa, eyni zamanda ƏlEyə-Uca Ələ, yəni ƏlAğa-"Əllah"a bağlanır. Budur məhəbbət, baba!". Deməli, var olan hər şeyin təməli məhəbbətdir, sevgidir, işıqdır, geridə qalan isə bizi material dünyanın işıltılarına alışdıran və aldadan illüziya, ilğım... Hər kəs öz "yalan"ını özü uydurur. Necə düşünürsə gerçəkliyi də o cürdür. Məhəbbətin Ağ işıqla bağlantılı olması da təsadüfi deyil. Nuranilik, nur kəlmələri ruhumuzda sevgiylə bağdaşlaşan kəlmələrdir.
"İdeal"dan sonra mənim həyatımda iz buraxan ikinci kitab "Kriya" yoqasını Hindistandan Amerikaya qədər yaymış bir hind yoqunun - Paramahansa Yoqanandanın "Bir yoqun avtobioqrafiyası" adlı kitabı oldu. "İdeal"dan fərqli olaraq bu kitab müəllifin şəxsi həyatında yaşadığı real təcrübələrə əsaslanır. Yəni roman deyil. Yoqananda kitabında yazır ki, insan təkamül edərək ruhani varlığını ən ali üst səviyyəyə qədər çatdırmaqla özünü material varlıqdan çıxararaq fiziki olaraq da İşıqlı varlığa çevirə bilər, yəni ölmədən. Absurd kimi görünən ifadələrin altında yatan həqiqətlərin elmi isbatı yoxdur, amma dini tarixdə İsa Peyğəmbərin, 12-ci imam Mehdinin də qeybə çəkilərək "göylər"ə çıxdığı bilgiləri məlumdur. Yəni bir yerlərdə yazılmış və dillərə dastandır bu şəxslər.
"İdeal" kitabından: "...birdən Səməd son dərəcə anlaşılmaz bir aydınlıqla atasını Abı ilə yanaşı gördü, o üşütmə içində tir-tir əsdi. Eyni anda içərisində qışqırtı titrədi: "Bu nədi, bu nədi?!". Bədbəxt hardan biləydi ki, uzaq OdAğÜz BağOdƏr (Yupiter) planetindən SafAğ işıq içində göndərilən bu canlı insan qədər canlı şəkil tək-tək adamlara nəsib bir xoşbəxtliyin başlanğıcı idi. Görüntü tezcə yox oldu". Burada Muğanna Səməd obrazının rəhmətə getmiş atasını yuxuda deyil, canlı olaraq gördüyünü qələmə alır.
İndi isə "Bir yoqun avtobioqrafiyası" kitabına nəzər salaq. Yoqanandanın müəllimi Şri Yukteşvar "Müqəddəs elm" adlı kitabıyla məşhurlaşaraq, XX əsrin əvvəllərində yaşamış bir hindli filosof alimdir. Yazdığı kitabda elm dünyasına daha yeni məlum olan bəzi astronomik ölçümlər çox cüzi faiz fərqlə göstərilmiş, kainat bilgilərinə aid əvəzolunmaz kitablardan birisidir desək yanılmarıq. Şri Yukteşvar dünyasını dəyişdikdən sonra onunla necə yenidən qarşılaşdığını Yoqananda kitabında belə təsvir edir: "19 iyun 1936-cı il tarixində saat 15-də Bombeydə otelimdə çarpayımda oturarkən (Krişnanı canlı olaraq gördüyümdən bir həftə sonra) meditasiyamdan oyananda mübarək bir işığı hiss etdim. Gözlərimi açdım və bütün otağın necə qəribə bir dünyaya - günəş işığının ilahi bir parıltıya çevrildiyini görüb təəccübləndim. Ekstaz dalğaları məni bürüdü: Şri Yukteşvarın fiziki təcəssümü peyda olmuşdu!".
Bunları oxuduqdan sonra belə hadisələrin bir çox insanların başına gəldiyi haqda əsərlərə, kitablara, sənədli filmlərə rastladım. Təsadüfi ola bilərdimi? Mən uzun zamandır ki, həyatda nəyinsə təsadüfi olduğuna inanmıram. İsa Muğanna kim idi? Özünün də dediyi kimi, BağÜnEvƏrmi, yəni "İşıq Evi"nin səsini eşidən işıqlı İnsanmı? Mənim üçün xüsusi missiyayla planetimizə gələn ruhi Varlıq idi əmim. Bəlkə də yaşının və həyat təcrübəsinin onda buraxdığı ağrılı izlərinin təsiri ilə dünyanı "fəth" edə bilmədi İsa Muğanna... Yoqananda kimi tanına bilmədi məsələn. Halbuki hər ikisinin yazdığı, demək olar ki, eyni məsələlərdir. Birisi çox böyük hörmətlə yüz ildir ki, Ustad kimi tanınır, digərinin yazdığına isə hələ də "xəstə uydurması" kimi baxanlar da var. İsa Muğanna həqiqətən bu bilgiləri uyduraraq yazammazdı. Bəs necə alırdı onları? Qeybdən səs eşitmək, informasiya almaq kimi bilgilər hər zaman vardı, amma elm dünyasında buna ciddi yanaşılmayaraq beyin çatışmazlığı kimi baxılsa da, rus akademiki, professor, psixologiya və tibb elmləri doktoru Valentina Mironova verdiyi müsahibələrin birində bu hadisəni belə izah edir: "İnsan verdiyi suallara daxilində necə cavab tapır və ya necə informasiya alır? Bu, haradansa eşitdiyi səslər deyil əslində. Bu, şüurun enerjisidir. Şüur Yüksək Mənlə ünsiyyətə girdiyində onu səslər şəklində qavrayır insan. Səs gəldiyi illüziyasına qapılır. Amma bu "səs"lərin aşağı (dinimizdə cinlərdən, məsələn) dünyalardan gəldiyini də heç kim təkzib edəmməz". İsa Muğanna səsi planetimizin sahibi kimi bildiyi İsa peyğəmbərdən - EySardan eşitdiyini söyləyirdi, Yoqananda isə bilgiləri hind mistik dünyasının avatarlarından biri Himalay dağlarında yaşayan ölümsüz yoq Mahavatar Babacidən aldığını yazırdı. Bu şəxsin bəzilərinə görə islam dünyasının Xızır Peyğəmbər kimi tanıdığı, hələ də missiyasını davam etdirən bir şəxs olduğunu söyləyən də var. Yeri gəlmişkən, "İdeal" romanında da Xızır adlı obraz var.
Yaşadığımız dünyanın kainatda insan ruhunun (başqa canlı varlıqlar üçün də keçərlidir) təkamülə uğradığı keçid dünyasının olduğunu təkcə Yoqananda və Muğanna demirlər, sufizm, Uzaq Şərq ruhani inancları da bu haqda ətraflı məlumat verir. XX əsrdə amerikalı filosof və psixoloq Reymond Moudinin araşdırmaları isə Muğannanın yazdıqları ilə üst-üstə düşür. İnsanın ölümlü bir varlıq olmayıb, əbədi yaşayan ruhi varlıq olduğuna aid dəlil-sübutlarla toplanmış "Həyatdan sonra həyat" adlı kitabını oxumağa dəyər.
"Niyə mən yox, Mustafa?" sualına cavab isə daha yeni açılmağa başlayır mənimçün. Bu cavabın ən gözəl ifadəsini isə 25 yaşında dünyasını dəyişmiş gənc alim Əbil Əbilovun "Sevda türküsü" kitabına şərqşünas alim Vasim Məmmədəliyev yazdığı ön sözdə bir neçə cümlə ilə qələmə alıb: "Ölüm haqdır və hamı bu şərbəti içəcəkdir. Hərənin öz vaxtı var ki, onu ancaq Allah bilir. Lakin bir həqiqətdir ki, Allah sevib-seçdiyi bəndələrini özünə daha tez qovuşdurur, çünki uca Tanrı da kamil insanları çox sevir, onlar ücün darıxır və həmsöhbət olmaq üçün onları öz dərgahına dəvət edir. Necə deyərlər:
Kuyi canandan nəhayət gəldi bir dəvət sənə
Məlum oldu vəslə yetməkçün çatıb növbət sənə".
Bu dünyanın ruhlarımız üçün mükəmməl bir keçid dünyalarından biri olduğunun fərqinə varıram. Çünki haradan gəldiyimizi, hansı dünyalardan gəlib haralara gedəcəyimizi bilməyən varlıqlarıq. İnsan "unudan" deməkdir. Amma "ruhu olan bədən deyil, bədəni olan ruhlarıq" kimi düşünsək bəlkə daha düzgün olardı. Təməl olaraq isə Allahdan gəlib Allaha geri dönəcəyimiz kəsindir. Bəlkə həsrət deyə hiss etdiyimiz elə Allahın özünədir?!. Hicrətdəyik...
"Eheeey, oyan dağlar!
Nə yatmısan, oyan, dağlar!
Bu yanın zülmətxanadı,
Necədi o yan, dağlar?!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!