Anam – Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor, AMEA-nın həqiqi üzvü – akademik Zemfira Səfərova onlarca elm əsərinin müəllifidir. İstər Üzeyir Hacıbəyli, Qara Qarayev kimi görkəmli şəxsiyyətlərin yaradıcılığına elmi baxışı, istərsə də Səfiyəddin Urməvi, Əbdül Qadir Marağayı, Mir Mövsüm Nəvvab elmi mirasının araşdırılması istiqamətindəki tədqiqatları ümumi musiqi elmimizə və tariximizə misilsiz töhfədir. Layihə rəhbəri və elmi redaktoru, redaksiya heyətinin sədri olduğu beş cildlik “Azərbaycan musiqi tarixi”nin isə nəinki sırf mütəxəssislərin, alimlərin, musiqi təhsili alan tələbələrin, hətta cəmiyyətimizin ziyalıları üçün olan əhəmiyyətindən danışmaq mümkündür. Fundamental əsərlərlə yanaşı, anamın “Ardı yaşanılır” adlı bir kitabı da vardır. Bu daha çox yaşadığı zəngin ömrün gündəliyi və ya xatirələr toplusudur.
Bu kitabda ölkəmizin bir sıra siyasi-ictimai xadimləri, görkəmli elm, mədəniyyət xadimləri ilə bağlı adi, gündəlik həyatda qarşılanan maraqlı və bəzən də məzəli hadisələrdən bəhs edilir. Təəssüf ki, bu kitabda bəhs edilən şəxslərin bəziləri həyatda deyil. Lakin xatırlayıram ki, onlar da bu kitabı oxuduqlarında üzlərində təbəssüm yaranır və “Zemfira, çox sağ ol ki, bu xatirələrlə bizi qısa müddətli də olsa cavanlığımıza qaytardın” – deyirdilər.
Mən də yarım əsr bundan əvvəl olan bir xatirəmi paylaşmaq istərdim. Uşaq idim. Rusiyanın hansısa Ucqar kəndindən gəlmiş qoca bir rus dayəm var idi. Anam o zaman AMEA-da baş elmi işçi idi. Azərbaycan Televiziyasında da musiqi tarixi ilə əlaqədar silsilə verilişlər aparırdı. Verilişlər canlı yayımlanırdı. Dayəmə də “filan saatda televizoru qoşub verilişə baxarsınız” demişdi. Verilişə baxdıq və anam qayıdandan sonra bu sadə rus qadınının təəssüratını soruşdu. Əlbəttə ki, qadın Azərbaycan dilində olan verilişdə danışılanları anlamamışdı. Lakin rus dilində dedi ki, “Afərin sənə, Zemfira! Həm paltar yuyur, həm ev təmizləyir, həm yemək bişirir, həm də televizorda çıxış edirsən!”. Bu sadə təhsilsiz bir rus qadınının qiymətləndirməsi idi. Lakin bu hadisədən yarım əsr keçməsinə baxmayaraq, o sözlər hələ də qulağımdadır. Ölkəmizin elminə bu qədər töhfə vermiş Zemfira xanım mənim və bacım üçün ilk növbədə anadır. Bizi böyüdən, xəstəliyimizdə başımızın üstündən gecə-gündüz ayrılmayan, məsləhətləri, tövsiyələri ilə yalnız övladlarının deyil, nəvələrinin, hazırda isə nəticələrinin həyata baxışlarını formalaşdıran valideynimizdir. Anam olduqca zəhmətkeş və hər gördüyü işə böyük məsuliyyətlə yanaşan bir insandır. Məhz bu xüsusiyyətləri onun oxuduğu məktəbin əlaçısı, təhsil aldığı Konservatoriyanın nümunəvi tələbəsi etmişdir. Həyatında bəzən haqsızlıq, bəzən də paxıllıq ilə qarşılaşsa da, bu mərhələləri şikayət ilə yox, yeni-yeni əsərlər ərsəyə gətirərək, layiq olduğu yeri zəhməti ilə isbatlayaraq keçmişdir. İşə olan bağlılığı və məsuliyyətli münasibəti onun ailəsinə, uşaqlarına, nəvələrinə və hətta nəticələrinə olan diqqətinə, məhəbbətinə, qayğısına heç bir təsir göstərməmişdir. Ana narahatlığı, qayğısı onu heç zaman tərk etmir. Əlli yeddi yaşında olsam da hələ də mənə “hava soyuqdur isti geyin” – deyə tövsiyə edir və bu tövsiyələrə ehtiyac duyuram. Ana, səni çox sevirik. Yubileyini, ad gününü təbrik edirik!
Bu yazıda qeyd etdiyim kitabının adı “Ardı yaşanılır...” idi. Mən də sənə çox yaşa! – demək istəyirəm. Çox yaşa və sevginlə, qayğınla, himayənlə bizi də yaşat! Sənə çox ehtiyacımız var!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!