İlahi, o kənddə nələr var idi...
Biz doğma yurdumuz Zəngilana çatanda narın-narın yağış yağırdı. Sanki ana illərdir həsrətində olduğu övladlarına qovuşurdu və sevinc göz yaşlarını saxlaya bilmirdi. Daha sonra göz amaşdıran gün çıxdı... Görünür, təbiətin könlünü ala bilmişdik. Göz yaşlarının
ardınca üzümüzə gülümsəyə bildi...
Dünən Zəngilana getmişdim, ata,
Tikdiyin evlərdən əsər yox idi,
Vəhşilik adında əsər var idi.
Otların üstündə əsgər izləri,
Daşların dibində zəfər var idi.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata,
Nə köhnə yerində şaftalı bağı,
Nə də üzümlükdə üzüm var idi.
Mən ordan çıxanda dil açmamışdım,
Qayıtdım, deməyə sözüm var idi.
Yerdə iməkləmək izim var idi.
Dünən Zəngilana getmişdim, ata,
Neçə güllələnmiş başdaşı gördüm.
Evlərin yerində çaydaşı gördüm.
Çay nəyə deyirsiz?
- Enli dərəydi,
İçində sevincdən göz yaşı gördüm...
Keçdim Babaylıdan, Məmmədbəylidən,
Yollar Ağalıya burulur, ata.
Gözü yolda qalan Həkəri ki var,
Bulanıq suları durulur, ata.
Deyəcəm, bəlkə də inanmayassan,
Oralar yenidən var olur, ata,
Oralar yenidən qurulur, ata!
Dünən kəndimizə getmişdim, ata!
Tikdiyin evlərdən əsər yox idi,
İlahi, o kənddə nələr yox idi...
Şuşa
Müqəddəs ruhların sirli şəhəri,
Zülmət gecələrin nurlu səhəri,
Həsrətin, nisgilin ölüm xəbəri -
Şuşa!
Ruh ilə bədənin bir olan günü,
Kövrək duyğuların hürr olan günü,
Üzeyir, Vaqifin dirilən günü -
Şuşa!
Ulu minarələr sirdaşı oldun,
Millətin oyanan yaddaşı oldun,
Sevincdən kükrəyən göz yaşı oldun,
Şuşa!
Ürəklərin birgə vurduğu şəhər
Yetənin yetəndən sorduğu şəhər,
İlahi güclərin qurduğu şəhər -
Şuşa!
Yoxsa düşünürəm, görəsən, niyə
Sən belə hamıdan yaxınsan göyə?
Sənə qan töküldü Vətən ol deyə,
Şuşa!
Paslı açarları saxladığım gün!
Yetişdi ümidlər bağladığım gün.
İlk dəfə sevincdən ağladığım gün -
Şuşa!
Cıdır düzümüzə yaraşan şəhər,
Vətən sözümüzə yaraşan şəhər,
Bizim özümüzə yaraşan şəhər -
Şuşa!
Paşam
Çiynindəki ulduzda yüz şəhidin payı var,
Sən bu yurdun oğlusan, hər oxun öz yayı var!
Bilməyən də bildi ki, sən bir ər oğlu ərsən,
Hamının sənin kimi
Ölüm arzuladığı
Yaşayan bəxtəvərsən!
Bilməyən də bildi ki,
Kişilərin yatdığı torpaqdan kişi çıxır.
Buğda toxumu kimi birindən beşi çıxır.
Bu millət qısır deyil, törəyəcək, artacaq!
Bizi gələcəklərə keçmişimiz dartacaq.
"Şəhidlər ölməzdirlər" bu sözü "Quran" deyir,
Böyük Yaradan deyir.
Səni qəhrəman doğan qəhrəman anan deyir:
"Dur, ay oğul, dur gedək,
komandir də yatarmı?".
Anam, sənin sözündən müqəddəs nəsə varmı?
Amma bu yatmaq deyil,
komandirim oyaqdır.
Oğlun bu məmləkəti
Ayaq üstə saxlayan
Torpağa basdırılmış ən möhtəşəm dayaqdır!
Payız qələbəsi
Bu payız ağaclar yaman yekəldi,
Bu payız yarpaqlar qəfil töküldü.
Bu payız başımız göyə dikəldi,
Bu payız "ellərin kefi sazdır" ki.
Bu sözü deməyə dilim gəlirsə,
Bu sözü yazmağa əlim gəlirsə,
Mənə də bu yaşda ölüm gələrsə,
Bu Müşfiq ömrüdür, nəyi azdır ki?
Gördük ki, analar aslan doğurlar,
Dedik, səsimizi niyə boğurlar?
Qəhrəman oğullar, ərən oğullar,
Sizə ucuz ölüm yaraşmazdı ki!
Öz yerində
Qardaşıma
Hər yetən can atar başa keçməyə,
Gələni gözləyər baş öz yerində.
Gördüm ki, can atmaq dəyməz heç nəyə,
Göz öz yerindədir, qaş öz yerində.
Bu yolda öləni, itəni gördüm.
Bir də arzusuna yetəni gördüm.
Getdim ata yurdu, vətəni gördüm,
Gördüm, ağır olur daş öz yerində.
Mənim o qədər də az deyil yaşım,
Mənim az bəlalar çəkməyib başım.
Bir də görürsən ki, yanır, qardaşım,
Qurunun oduna yaş öz yerində.
Sevindik dostların şad xəbərinə,
Üzüldük dərdinə, hər kədərinə.
Kimi ki qoymuşduq adam yerinə,
Qayıdıb tapaydıq kaş öz yerində.
Məktub
Səhər rəfin bir küncündə
sən yazdığın bir məktuba əlim dəydi.
Düşünürəm:
Bir vaxt onu
yazan əllər əlimdəydi.
Sizin sinif otağının pəncərəsi,
pərdəsi də yadımdadır.
Səni mənə qovuşduran
zəng səsi də yadımdadır.
Yarı yalan, yarı gerçək
ağlımız uşaq ağlıydı.
Uşaqlartək
duyğular da dəcəl idi.
Nə gizlədim,
birgə keçən günlərimiz maraqlıydı.
Sənli günlər gözəl idi...
Sevənləri ayırmazlar - deyirdilər,
düz çıxmadı.
Gör nə qədər qoşa gəzdik,
adımıza nə əcəb bir söz çıxmadı?!
Zəngi vuran o "dayı" da,
zəng səsi də
Dəyişibdir,
Sizin sinif otağının pərdəsi də
Dəyişibdir.
Bəlkə sən də dəyişmisən?!
Bəlkə də...
Bilə bilmirəm.
Görüş yerinə gəlirəm,
özümə gələ bilmirəm.
Bir Allah, bir sən bilirsən
nələr, nələr yaşamışıq.
Bəlkə də biz bir ömürlük
xatirələr yaşamışıq.
Əzizim
Saf duyğular haqdan gələn vergidir,
Küsdürmə ki, gedər, gəlməz, əzizim.
"Mənim Tanrım gözəllikdir, sevgidir",
Məndən sənə zərər gəlməz, əzizim.
Sənə olan ülvi hisslər ölmədi,
Bir kimsəyə söyləmədim, bilmədi.
Bu günəcən ağlımıza gəlmədi,
Başımıza nələr gəlməz, əzizim.
Bir gün vaxtsız oyanarsan yerindən,
Gizlində bir ah çəkərsən dərindən.
Hər gün xəbər gözlədiyin birindən
Görərsən ki, xəbər gəlməz, əzizim.
Neyləsən də, düyün düşməz düz ilmə,
Bir gün ölüm son qoyacaq bu zülmə.
Bir gün Elvin yoxdur görsən, üzülmə,
Hamıya var gedər-gəlməz, əzizim.
Sənə gəlirəm
Səndə var olmağın bünövrəsi var,
Kafir qulaqlara azan səsi var,
İlahi bir eşqin cazibəsi var,
O səs dur, gəl - deyir mənə, gəlirəm.
Mən səndən qaçdıqca sənə gəlirəm.
Əlçatmaz olursan uzaqlar kimi,
Bəzən qırılıram budaqlar kimi,
Təzə ayaq açmış uşaqlar kimi
Dururam ayağa, yenə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
İnsanam, sevirəm sevilmək üçün.
Hazıram önündə əyilmək üçün.
Ölürəm təzədən dirilmək üçün,
Səni ilk gördüyüm günə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
Nə çəkir mən olan tərəfə səni?
Gəlirəm alıb da hədəfə səni.
Unutdum deyirəm hər dəfə səni,
Görürəm insafa, dinə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
Payız qadın
Hava yaman soyuqdur, soyuq baxışlarıntək,
Payız yağışı yağır, sənin göz yaşlarıntək...
Sizin məhəllənizin
yem axtaran sərçəsi,
ac gəzən pişiyi var.
Nə mənim, nə onların isti ev-eşiyi var.
Sizin eyvanın altda üşüyür bir ağac tək,
Mən də təkəm halına yandığım bu ağactək.
Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.
İntihar eləyirlər hansısa yüksəklikdən.
Yarpaq əgər bezibsə, payız bir bəhanədir...
Eşqi gözdən salmağa ucuz bir bəhanədir.
Hərənin öz sevgisi, inancı, dini olur.
Payız da yarpaqların qiyamət günü olur.
Mən payızı sevirəm, payız da gəlib çıxıb.
Sabah durub görərsən o qız da gəlib çıxıb...
Nazına qurban
Nazın ürəyimi odlara yaxdı,
Sönməsin, bu odun közünə qurban.
Yaşadım, Allahım üzümə baxdı,
Yenə naz edirsən, nazına qurban?!
Sən getsən, güllərin yazı da gedər,
Ömrümün dadı da, duzu da gedər.
Önündə lal duran quzu da gedər
Dünyanın ən gözəl qızına qurban.
Elvin, qədrini bil ilk məhəbbətin,
İçində azsan da dərdin, həsrətin.
Sevdiyin gözəldən gələn zillətin
Çoxuna şükür de, azına qurban.
***
Bu gün səhər küçənizin tinindən keçdim,
Gedib-gələn, gəlib-gedən:
Adam doluydu.
Bu yol sənli günlərimin nicat yoluydu,
Gündə yüz yol uzunundan, enindən keçdim.
Gördüm həyat davam edir öz axarında,
Günəş doğub küçənizin baş tərəfində.
Bir kişi piştaxta qoyub yol kənarında,
Lotereya biletlərin düzüb rəfində
Səsləyirdi: gəl, qalmadı "Ailə sevinci".
Düşündüm ki, olmayan şeyin nə sevinci?!
Nə mən səni bağışladım,
Nə sən rəhm elə,
Yaşa getsin ürəyimin daş tərəfində.
Bəlkə də heç o son görüş olmamalıydı...
Ömrüm ötdü "bəlkə"lərin "kaş" tərəfində.
Təsadüfən küçənizin tinindən keçdim...
Qürur sevgi, məhəbbəti boğur - deyirlər.
Təəssüf ki, anlamadın hələ sən bunu.
Təsadüflər zərurətdən doğur - deyirlər,
Təsadüfə inanmıram, biləsən bunu.
Təsadüfən binanızın önündən keçdim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!