Əlik
Məskəni dağlar olan
Əlik - vəhşi keçidir.
Qayaları, daşları,
Dırnağından keçirdir.
Heç kəs bacara bilməz,
Qovub onu tutmağı.
Əliyi
Yırtıcıdan
Qoruyar öz ayağı...
Qələmə
Qələmənin qanadları,
Gövdəsitək boy atır dik.
Onun dibi
Heç bir zaman
Görə bilmir bir kölgəlik...
Qazlar
Qazlarımız həyətdə
Daş barını aşardı.
Hamısı da kefi kök,
Gəzərdi-dolaşardı...
Dünəndən heç biri də,
Aşammır daş barını.
Nənəm tutub onların,
Yolub qanadlarını!..
Relssiz qatar
Turqut öz dəftərində,
Çəkib bir uzun qatar.
Bəzəkli vaqonların
Sayı əlliyə çatar...
O səslənir: - Gen durun,
Qatar keçəcək burdan.
Baxıb gülür Ələsgər,
- Turqut, Turqut, bir dayan!
Kimi aldadırsan sən,
Qatar hardan keçəcək!?
Tərpənəmməz yerindən,
Gəl qatara rels də çək!..
Qəribə məktub
Mən bir məktub yazmışam,
Yeni ildə əmimə.
Məktubu çatdırmaqçün,
Verməmişəm heç kimə...
Yazmağa nə bir kağız,
Nə bir qələm gəzmişəm.
Əmimin məktubunu
Mən votsapda yazmışam...
Yaşıl don
Payız qayıdıb gəlir,
Obada çıxır cəngə.
Bağçanı, bağı indi,
Boyayır sarı rəngə...
Yaşıl donlu Nilufər,
Dolanır bağça-bağı.
Payız bacarmır onun
Donunu saraltmağı...
Qorxan toyuqlar
Alıb gətirib evə,
Əli
Hər rəng təbaşir.
Çəkib divara-daşa,
Neçə ayı, pələng, şir...
Hininsə qapısında
Bir cüt tülkü şəkli var.
Axşam düşüb bayaqdan,
Hinə girmir toyuqlar!..
Köpək və kəpək
"Əlifbam"dan
Külafirəngidən
Keçib,
Köpək yeyib
Kəpəyi.
Kürəklə
Kötəkləyib,
Köpürtmüşəm
Köpəyi.
Qarğı at
Böyük qardaşım
Gör nə iş görüb!?
Qarğı atımı
Çəpərə hörüb!..
Kirayədə
Payız tutdu bağça-bağı,
Yuvalara doldu xəzəl.
Quşlar yazda qayıdınca,
Kirayədə qaldı xəzəl...
Taykeş çəkmə
Çəkməsini
Yenə taykeş
Geyir Vəli.
"Ayaqlarım
Böyüyübdür" -
Deyir Vəli...
Kiçik poemalar
Bağban və qış
Yenə bağa
Yaz gəlmişdi.
Torpaqdan
Qar çəkilmişdi.
Ələnsə də
Nurlu yağış;
İstəmirdi
Köç etsin qış...
Ağacların
Tumurcuğu;
Açılırdı
Buğum-buğum.
Qış
Qəzəblə
Durub baxdı.
Sinəsini
Dərd-qəm sıxdı.
Açılmadı
Qaşqabağı:
"Yaz mənimi
Qovur axı!?".
Qış dözmədi
Belə dağa:
"Toy tutacam
İndi bağa!..".
Çağırdı o,
Şaxtanı cəld.
Dedi:
- Məni
Öldürür dərd.
Sözlərimə
Bir qulaq as.
Gərək yazdan
Alam qisas!
Cəld cumarsan
İndi bağa,
Dağ çəkərsən
Hər budağa!..
Şaxta dindi:
- Oldu, ağam!
Görərsən mən
Nə qoçağam!
Bağ-bağçanı
Dalayacam.
Budaqları
Talayacam.
Şaxta gəlib
Cumdu bağa.
Bağban çatdı
Dar ayağa...
Arxa durdu
Bağban yaza:
"Gərək
Şaxta
Batsın yasa!".
Çör-çöp yığdı.
Qucaq-qucaq.
Qaladı o,
Bağda ocaq.
Tüstü tamam
Bağı aldı.
Ağaclara
Boz kürk oldu.
Tüstü bağı
Bürüdü bərk.
Şaxta qaldı
Bağda kortək...
Tüstü onu
Lap çaşdırdı.
Gözlərini
Acışdırdı...
Əl atsa da
Hara sarı;
Tapammadı
Budaqları...
Baxdı daha
Gözü çıxır.
Şaxta bağdan
Qaçdı axır!..
Qarışqa və canlı təpə
Bala qarışqa,
Yuvadan çıxdı.
Durub maraqla
Ətrafa baxdı.
Nəzər yetirdi
Gülə-çiçəyə.
Qalxdı həvəslə,
Kiçik təpəyə.
Baxdı yaxına,
Baxdı uzağa.
Baxdı ağaca,
Baxdı bulağa...
Tamam ətrafı
Seyr elədi o.
Anasına da
Əl yellədi o...
Yorulub düşdü
Əldən-ayaqdan.
Burda gəzirdi
Axı bayaqdan...
Təpədə axır
Uzanıb yatdı.
Bir azdan
Şirin
Yuxuya batdı.
Bala qarışqa
Oyandı axşam:
- Boyy!..
Mən nə qədər
Yatıb qalmışam.
Süzdü ətrafı,
Düşdü heyrətə.
Az qaldı
ağlı
Başından itə!..
Heyrətlə baxdı;
Burda hər yerə.
Tanış deyildi,
Heç bir mənzərə...
Bala qarışqa
Yamanca qorxdu.
Yaxınlıqda da,
Yuvası yoxdu...
Tamam qumluqdur
Onun
Dörd yanı.
İndi bəs çəmən,
Bəs bulaq hanı!?
İstədi ki o,
Ensin təpəni.
Birdən
Gördü ki,
Təpə tərpənir...
O, yavaş-yavaş
Özünə gəldi.
İş nə yerdədi,
Anladı, bildi...
Bala qarışqa
Dindi ucadan:
Hara gedirsən,
Ay təpə, dayan!
Yalvarıram mən,
Qayıt,
Dön geri.
Söylə hardadır,
Yuvamın yeri!?
Bala qarışqa
Çox köks ötürdü.
Təpəni axır
Yola gətirdi...
Təpə çevrilib
Geri üz tutdu.
Nəfəs dərmədən
Mənzilə çatdı.
Qarışqa indi
Gəldi özünə.
Dəydi yuvası,
Dəydi gözünə.
Dedi: - Ay təpə,
Minnətdaram mən!
Tısbağanın o,
Düşdü belindən!..
Tülkü teatrda
Yaxşı geyib-kecinib,
Tülkü
Çıxdı səfərə.
Keçdi dərə.
Aşdı dağ,
Gəlib çatdı şəhərə...
Yaraşıqlı yerləri
Bircə-bircə dolandı.
Kukla teatrının
Qarşısında dayandı.
Baxdıqca afişaya,
Şən-şən buladı quyruq.
Göstərilməli idi
Bu gün
"Tülkü və Toyuq".
Gəlib növbəyə durdu
Tülkü
Bilet almağa.
Dörd göz gərəkdi baxsın
Ondakı kef-damağa!..
Biletini göstərib,
Tülkü keçdi salona.
Durub həsədlə baxdı,
Burada çoxu ona.
Artist zənn etdi düzü,
Onu gördükcə hər kim:
"Yəqin ki, taxıb maska,
Yəqin ki, çəkib qrim!
Bu artist səhnə üçün
Görünür, bərk darıxıb.
Elə buna görə də,
Evindən hazır çıxıb!..".
Onu
Tamaşaçılar
Gəlib dövrəyə aldı.
Avtoqraf yazdırmaq
İstəyən də tapıldı...
Bu zaman
Rejissorun
Gözünə dəydi tülkü.
Heyrətləndi...
Yerində
Dayandı heykəl təki...
Diqqətlə baxdı bir də,
Gördü əsl tülküdür:
"Bəlkə dəyişib aləm,
Teatrın son görküdür!?"
Elə bil ki, yatmışdı,
O, yuxudan oyandı.
Yaxınlaşıb
Tülkünün
Qarşısında dayandı:
- Ay tülkü, xoş gəlmisən,
Çatmısan lap dadıma!
Gəlməsəydin,
Əskiklik
Gələcəkdi adıma!
Yamanca xəstələnib,
Artistimizin biri.
Boş qalıb, boş qalıb bax,
Səhnədə onun yeri...
Di, bizə kömək elə,
Oyna tülkü rolunu.
Qorxma,
Ödəyəcəyik
Axırda da pulunu...
Gözünü döyüb tülkü,
İşi çətindi gördü.
Başını tərpətməklə,
Güclə razılıq verdi...
Hər cür
Hazırlıqlıydı
O, rolda oynamağa.
Keçməsə də olardı
Qrim üçün otağa...
Səhnəyə cumdu tülkü,
O yan-bu yana baxdı.
Toyuq rolu oynayan
Artist
Səhnəyə çıxdı...
Bir az oynamışdı ki,
Tülkünün səbri daşdı.
Əsəbiləşdi möhkəm,
Səhnədə
Əsdi-coşdu:
- Baş açmıram doğrusu,
Axı bu nə deməkdi!?
Məni oynadırsınız,
Bu sonuncu kələkdi!?
Daha gedəsi oldum
Burdan meşəyə birbaş.
Tamaşanız sönükdür,
Sizin,
Rejissor qardaş!
Di toyuğa baxın bir, -
Bu nə tük,
Nə quyruqdur...
Məni xam sayırsınız?..
Bu yalançı toyuqdur!..
Rejissor qəzəblənib,
Tərs-tərs tülküyə baxdı.
Gördü işi əngəldi, -
Tülkü
Aradan çıxdı...
Tülkünün səfərindən
Nağıl yazdıq beləcə...
Bilmədik
Bu tamaşa
Necə qurtardı, necə!..
Tülkü qastrolda
Tülkü
Bir az artistlik
Öyrənmişdi şəhərdə.
Elə buna görə də,
Durammırdı bir yerdə.
Deyirdi: "Tanınmaram,
Mən o kolda, bu kolda...
Bəlkə də böyük ad-san
Qazandım qastrolda!..".
Yelləyib quyruğunu,
Ətrafına baxdı o.
Obalardan birinə
Qastrola çıxdı o.
Yaxınlıqdakı hinə
Cumub saldı özünü.
Toyuq-cücə qorxudan
Durub döydü gözünü.
Tülkü var-gəl elədi,
Getdi o baş-bu başa.
Dedi:
- Bir yaxın gəlin,
Göstərəcəm tamaşa!..
Xərcə düşməyəcəksiz,
Dostlar,
Siz qorxmayın di...
Bəri başdan deyirəm,
Tamaşa biletsizdi.
Amma
İndi mənimlə,
Səhnədə oynamağa;
Bir kök toyuq lazımdır, -
Özü çıxsın qabağa!
Toyuq-cücə hamısı
Qorxub qısıldı küncə.
Tülkü qımışdı:
- Artist
Aranızda var, məncə...
Qoy gəlsin həmin artist,
Bildirsin öz adını.
Nəyə görə gizlədir,
Axı istedadını!?
Tülkü baxıb gördü ki,
Yerə düşür buyruğu.
Ortaya çəkib saldı,
Özü
Bir kök toyuğu...
Tülkü xeyli nazlanıb,
Quyruğunu oynatdı.
Axır gəlib alabaş,
Bu tamaşaya çatdı.
Hirsləndi:
Dayan, tülkü,
De hara tələsirsən?..
Bura çağırmamısan,
Niyə rejissoru sən!?
Tərtibatın zəifdir,
Heç cür girmir başıma.
Nə maskan, nə qrimin,
Gəlmir mənim xoşuma.
Maskanı çıxaraq gəl,
Gödəldək quyruğunu.
Qrimin də çox bozdur, -
Bir az qızardaq onu...
Rejissor məsləhəti
Səbəb oldu təşvişə.
Tülkü qorxdu...
Alabaş
Cumdu, girişdi işə:
- Ay tülkü, di bəri dur,
Üzünü yana tutma.
Yadında saxla,
Heç vaxt,
Rejissoru unutma!
Tülkünün quyruğunu,
Alabaş bərk-bərk dartdı.
Quyruğun yarısını,
Darta-darta qopartdı...
Tülkünün üz-gözünü
Diddi o,
Caynağıynan.
Tülkünün üz-gözünü,
Tamam bürüdü al-qan...
Alabaş güldü:
- Dostum,
Daha nə danış, nə din.
İndi xoşuma gəlir,
Həm maskan...
Həm qrimin...
Tülkü
Güclə özünü
Hindən bayıra atdı.
Artistlik həvəsini,
Daha yaddan çıxartdı!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!