88 nömrəli avtobusa daxil olan kimi bir-birimizi o dəqiqə tanıdıq. F. müəllimə universitetdə orta əsrlər tarixindən bizim qrupa dərs demişdi. Ona tərəf əyildim, boynumu qucaqlayıb marçamarç üzümdən öpdü, mən də onu (marçamarçsız) öpdüm.
On ildən çoxuydu universiteti bitirdiyim. Biləndə ki, diplom alandan bu yana özəl universitetlərin birində dərs deyirəm, üstəlik, müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam, bu gün-sabah dosent olacam, dedi ki, ay oğul, biləsən, tələbələrim uğur qazananda, əsas da hardasa işləyəndə necə sevinirəm. Ailəli olub-olmadığımı soruşdu, "Evliyəm, iki qızım var". - "Nə gözəəl. Nə gözəəl", ardınca təsəlliyə keçdi: "Vallah, hamısından yaxşı elə qız uşağıdı. Qocalanda ata-anaya qız baxır". Bilmirəm, doğrudan ürək-dirək verdi, ya yox, onsuz da iki qızımın olmağını özümə dərd etmirdim. Sonra gözlərini qıyıb soruşdu: "Ay oğul, tələbələrin oxuyur?" - "Həmişə olduğu kimi, oxuyanı da var, oxumayanı da". - "Yox, ay bala, sizin vaxtınız tamam başqaydı, onda tələbələr əməlli-başlı dərs oxuyurdu. Qrupun yarısı seminarlara hazırlıqlı gəlirdi". Ona qulaq asa-asa doxsanıncı illərin əvvəlləri tələbə olanda, Axundov kitabxanasına həftədə bir dəfə gedib kataloqlarda lazım olan kitabların, elmi jurnalların adlarını, şifrələrini tapıb balaca dördbucaq kağızlara (zayavka) yazmağım, kitabların gəlib çıxmasını yarım saat, qırx dəqiqə gözləməyim, onlar gələn kimi oxumağa başlamağım, vərəqdə qeydlər etməyim yadıma düşdü. Sonra F. müəlliməyə dedim ki, indiki tələbələrin çox vaxt Axundov kitabxanasına tez-tez getmələrinə xüsusi ehtiyac yoxdu, evdə oturub lazım olan monoqrafiyaları, məqalələri saytlardan rahatca endirib oxuyurlar, təhlil edə-edə buraxılış, magistr işlərini yazırlar. Üstəlik, indiki tələbələr Avropa İttifaqının Erasmus, Sokrates proqramları vasitəsilə Avropa universitetlərində bakalavra, magistraturaya qəbul olurlar, gedib orda konfranslarda çıxış edirlər.
"Yox, ay bala, kim nə deyir desin, o vaxtkı tələbələrdən indi yoxdu", - narazı-narazı başını yelləyərək bunları deyən, təqaüdə çıxmış qoca müəlliməm hələ də doxsanıncı illərin xiffətini edirdi. Yadıma düşdü ki, bu pedaqoq o zamanlar tələbələrə mühazirələrdə evlənmək, boşanmaq məsələlərindən danışırdı, oğlanlara məsləhətlər verirdi: bu gün-sabah evlənəcəksiz, ona görə xarakterli olun, bilin ki, evdə son söz kişinindi, lazım olanda yumruğunuzu stolun üstünə vurun, arvada öz yerini göstərin. Bir dəfə o, qızların eşitməməsi üçün qabaq partada yan-yana oturmuş dörd oğlana pıçıltıyla demişdi: "Yeri gələndə, yumruq-şilləyə də keçmək lazımdı, yoxsa başınızda oturarlar. Amma qədərində, şikəst eləməmək şərtilə". Müəlliməmiz arada qızlara öz məsləhətlərini verirdi: ailə qurandan sonra ərinizin sözünə qulaq asarsız, qayınana-qayınatanızın hörmətini saxlayarsız, ən yaxşı sənət müəlliməlikdi, ay nə bilim, karyera qurum, cəmiyyətdə məni tanısınlar, belə şeyləri unudun getsin, yoxsa ərinizlə problemləriniz olacaq.
Bir dəfə iki-üç qız tələbəyə pıçıltıyla toy gecəsinin məziyyətlərindən danışmışdı, öz məssəbiynən indidən onlara həyəcanlarını yenməsiyçün məsləhətlər vermişdi, qızlardan arxada oturan oğlanlarsa qulaqlarını şəkləyib xısın-xısın gülmüşdülər. Bir sözlə, F. müəlliməyə maraqla qulaq asırdıq, suallar verirdik və bu cür "mühazirələrə" görə onu dərs oxumayan, elə dərs oxuyan tələbələr də sevirdi. Bircə arxada oturub sakitcə öz aralarında poker oynayan üç-dörd oğlan ona qulaq asmırdı.
Günlərin bir günü qəfildən öz müaviniylə auditoriyaya girib vəziyyəti yerindəcə anlayan dekan hirslə ona dedi: "Bu nə biabırçılıqdı?! Niyə dərs keçmirsiz?! Niyə tələbələrin qabağında dəftər, qələm yoxdu? Nə vaxta qədər belə davam edəcək?" - "Başa düşdüm, başa düşdüm, indi hər şey qaydasında olacaq", - qorxa-qorxa, əsə-əsə cavab verən müəlliməmiz tez çantasını eşələməyə başladı, guya (olmayan) mühazirə mətnini axtarırdı. Əsəbi-əsəbi başını bulayan dekan və müavini auditoriyadan çıxdı.
İlk dəfəydi F. müəllimə qrup qarşısında pərt olmuşdu, açığı, onun düşdüyü bu vəziyyətə tələbələrin demək olar, hamısı acıyırdı. O isə pərtliyini gizlətməyə çalışırdı, baxışlarımızdan yayınmaqçün gözlərini tavana zilləyərək, hazırlaşmadığı mühazirəsinin orasından-burasından danışa-danışa, məntiqsiz keçidlər edə-edə, hərdənbir gözü qapıda "Birdən yenə gələrlər" həyəcanıyla zəng vurulana qədər birtəhər dərsi yola verdi. Dekanın onu tənbeh etməsinə baxmayaraq, növbəti dərslər əvvəlki "qaydada" davam etdi.
"Ehh, getdi o vaxtlar, ay bala. İndiki tələbələri ancaq kompüter, feysbuk maraqlandırır", - dərindən köks ötürüb dedi. Soruşdum, feysbukda varsız, həvəslə "Hə, əlbəttə varam", - dedi, profil adını deyib ona dostluq göndərməyimi xahiş etdi. Sağollaşdıq, axşam dostluq göndərdim, tezcə məni dostları siyahısına qəbul elədi, dörd-beş saniyənin içində on iki şəklimi bəyəndi, qızlarımın şəklinin altında "Allah bəxtlərini versin" yazdı. Profilinə girib baxdım ki, ən azı, gündə üç-dörd status yazır: təzə ailə quranlara məsləhətlər, "Yaşasın vətən!" tipli şüarlar, indiki zəmanədən giley və s. və s.
17 dekabr, 2015 - 15 may, 2022
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!