Qulu MƏHƏRRƏMLİ
filologiya elmləri doktoru, professor
Milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçılarından olan M.Ə.Sabir milli ədəbiyyatımızda təkcə satirik poeziya və tənqidi realizmin klassik nümayəndəsi deyil, həm də bir-birindən gözəl uşaq şeirlərinin müəllifi kimi tanınır. O, yüksək pedaqoji təcrübəsi və duyumu olan bir müəllim kimi uşaqların psixologiyasına, onların maraq dünyasına gözəl bələd idi və bu səbəbdən də yazdığı bir-birindən gözəl şeirləri bu gün də sevilə-sevilə oxunur. Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindən olan "Yaz günləri", "Məktəb şərqisi", "Uşaq və buz", "Cütcü" kimi şeirlər M.Ə.Sabirin yüksək müşahidə qabiliyyətindən, onun uşaq psixologiyasına necə dərindən bələd olmasından, uşaqlar üçün maraqlı görünən mətləb və situasiyaların necə incə bir dildə və məharətlə ifadə etməsindən xəbər verməklə yanaşı, həm də insanları düşünməyə, etdikləri əməldən nəticə çıxarmağa səsləyir.
"Hər işin ibtidasi tərbiyədir" deyən böyük şairimizin uşaqların təlim-tərbiyəsi üçün valideynlərlə müəllimlərin vəhdət halında çalışmalarını vurğulayırdı. Sabir istər satirik dillə, istərsə də sadə şəkildə yazdığı şeirlərində uşaqların layiqli vətəndaş kimi yetişmələri üçün onlara xüsusi həssaslıq, qayğı və diqqətlə yanaşır, gənc nəslin cəhalət qurbanı olmaması üçün təhsilin vacibliyi fikrini dönə-dönə vurğulayırdı. Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, ümumiyyətlə maarifçi və inqilabi-demokratik ədəbi cərəyanın görkəmli nümayəndələrindən olan M.Ə.Sabirin əsərlərinin çox hissəsi məktəb, maarif məsələlərinə həsr olunmuş, onlarda uşaqların milli ruhda tərbiyələnməsi, onlara müsbət əxlaqi-mənəvi vərdişlərin aşılanması tərənnüm edilmişdir.
M.Ə.Sabirin ilk uşaq şeiri olan "Məktəb şərqisi" mətbuat tariximizdə önəmli yer tutan "Dəbistan" jurnalının 17-ci nömrəsində (1907) çap olunmuşdur. Şairin məktəbi cənnətə bənzədən, elmə, bilik ocağına tükənməz sevgi aşılayan bu şeiri uşaqların sonradan sevə-sevə oxuduqları, dillər əzbəri olan şeirlərindən idi.
Həmin dövrdə ağır xəstə olmasına baxmayaraq qüdrətli şair zamanın tələbini, elm-maarifin millətə faydasını nəzərə alaraq uşaqların yaş və qavrayış səviyyəsinə uyğun olan, onların ruhunu oxşayıb zəkalarını işıqlandıracaq şeirlər yazırdı. Buna görə də həmin dövrün mətbu orqanları, o cümlədən uşaq nəşrləri M.Ə.Sabir yaradıcılığına böyük diqqət yetirir, onun şeirlərini təbliğ edirdilər. Bu nəşrlər içərisində "Məktəb" jurnalını ayrıca qeyd etmək olar. Böyük şairin vəfatından bir neçə ay sonra nəşrə başlamış bu jurnal öz səhifələrində mütəmadi olaraq Sabir yaradıcılığına geniş yer verir, şeirlərini təkrar-təkrar nəşr edirdi. Jurnal Mirzə Ələkbər Sabirin xatirəsini əziz tutmağı özünə bir növ mənəvi borc bilirdi.
Azərbaycan uşaq mətbuatının xüsusi mərhələsi sayılan "Məktəb" jurnalının yaradıcı heyətinin böyük Sabirə yüksək dəyər vermələrinin nəticəsi idi ki, jurnalın elə ilk nömrələrindən başlayaraq M.Ə.Sabir irsi onun səhifələrində təbliğ edilirdi. Şairin "Məktəblilərə töhfə" silsiləsindən yazdığı şeirlərin böyük əksəriyyəti ("Məktəb uşaqlarına töhfə", "Məktəbə təbliğ", "Uşaq və buz", "Yaz günləri", "Qarğa və tülkü", "Təbib və xəstə", "Camuşçu və sel" və s.) 1911-1913-cü illərdə "Məktəb" jurnalında təkrar çap olunmuşdur.
Bundan başqa, "Məktəb"çilər M.Ə.Sabirin vəfatının iki illiyi münasibətilə (1913-cü il, 12 iyul, 11-ci nömrə) jurnalın xüsusi buraxılışını hazırlamışlar. Həmin nömrədə şairin geniş bioqrafiyası, yaradıcılığı və millətə xidmətləri haqqında geniş məlumat verildiyi üçün çox qiymətli elmi mənbə sayıla bilər. Bunu nəzərə alan "Məktəb" jurnalının tədqiqatçısı, doktorant Fərqanə Məlikova xeyirxah və gərəkli bir təşəbbüs göstərərək həmin xüsusi nömrəni transliterasiya edərək çap üçün hazırlamışdır.
M.Ə.Sabirin əbədiyyətə qovuşmasının ikinci ildönümünə həsr olunmuş "Məktəb"in həmin xüsusi buraxılışı pedaqoq Əbdürrəhman Tofiq Əfəndizadənin "Ə.Sabir" məqaləsi ilə açılır. Burada "Mərhum Ə.Sabirin tərcümeyi-halı" ilə bağlı geniş məqalə, A.Səhhətin "Sabir" şeiri, M.Ə.Sabirin "Yalançı çoban", "Oxutmuram, əl çəkin" şeirləri, digər məlumatlar və sonda bütün nömrələrdə ənənəvi olaraq verilmiş "Lüğəti-məktəb" yer alıb. Jurnalda Ə.Tofiqin ürək yanğısı ilə qələmə aldığı giriş yazısı xüsusilə diqqəti cəlb edir. Müəllif məqaləsində bu incə məqamı xüsusi vurğulayır: "Sabir bizim o qədər böyük bir şairimizdir ki, ondan sonra, onun yerinə gələn hənuz yoxdur. Mərhumun böyüklüyü orasındadır ki, o, şeirimiz üçün başqa bir yol, tazə bir cığır açdı. Öz vəqtindəki şairlərə bu yolu göstərdi. Onlara bu yolda ustad oldu. Göstərdiyi yol isə çox aydın və qayət də doğru olduğu üçün hər kəs; dayanmaqsızın qəbul etdi. Sabir budur".
Təkcə Azərbaycan ədəbiyyatında deyil, elə dünya ədəbiyyatında da mənfi tipləri öz dili ilə danışdırmaq üslubunun ən qüdrətli nümayəndələrindən olan M.Ə.Sabirin 160 illik yubiliyi ölkəmizin ədəbi-mədəni həyatında əlamətdar hadisədir. Və biz bu hadisəyə "Məktəb" jurnalının şair haqqında xüsusi nömrəsini çap etməklə töhfə vermiş M.Fərqanəyə "sağ ol" deyir və bu addımı böyük şairimizin ruhuna ehtiram və Sabirsevərlərə gözəl hədiyyə kimi qiymətləndiririk.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!