Keçən il elə bu vaxtlarıydı, dostum Yunus Oğuz Şuşada, dövlət rəhbərlərinin hüzurunda bəyan elədi ki, mən burada yeni bir əsər yazmağa başlamışam. Bir ilin tamamında, kişi kimi da ortaya bir roman qoydu. Yunus indiki zamanda bizim Valter Skotumuzdu, tarixi romanlar ustasıdır. Amma bu yazı elə Yunusun özü barədədir. Mən də "Dostlarımdan duyğular" yazıram.
Hər əhvalatın bir lirik çaları olur. Bir dəfə biz, iki yazıçı dost, Yunus Oğuz və mən Yer səthindən 10000 metr yüksəklikdə, Bakı-Almatı təyyarəsində lirik əhval-ruhiyyədə dünyanın gələnindən-gedənindən danışa-danışa yol gedirik. Mahmud Kaşqari Fondunun bir toplantısı olacaq orda, Qazaxıstanın Birinci Prezidentinin Fondunda. Yəqin ki, böyük Kaşqarinin işığıdır bizi qazaxlarla bir yerə toparlayan. Yalnız dahilərin işığı yığa bilər uzun illər bir-birindən tərik düşmüş türkləri. İndi Yunusla mən bir dahinin, yəni Kaşqarlı Mahmudun adıyla ənənəvi türk axınlarının əks istiqamətində, Qərbdən Şərqə fəth duyğusunda hərəkət edirik. Neyləyək, fatehlik duyğusu bizim qanımızdadır. Amma fateh babalarımızdan fərqli olaraq, biz torpaqların yox, könüllərin fəthinə yollanırıq. Kaşqari Fondunun məqsədi türklərin könül məbədini dirçəltməkdir. Biz də Yunus Oğuzla bu dirçəltmənin yollarını müzakirə edirik 10000 metr yüksəklikdə; təyyarə bizim üçün bir növ səma məbədidi. Könüllərin sonuncu dənizinə doğru yol gedirik bu məbəddə.
Birdən Yunusa şeir gəlir - "Dəniz hələ görünmür". Özü də mənim, Elxan Zalın yanında, üstəlik, 10000 yüksəklikdə. Biz onu, adətən tarixi romanlar və elmi əsərlər müəllifi kimi tanıyırıq. Amma o, şeirlərini çap etdirməsə də, onları hərdən dost məclislərində oxuyur. İndi təyyarədə dediyi misra məni tutur, gözəldi, şübhəsiz. Bu gözəlliyi yalnız könüllərin sonuncu dənizini arayanlar bilər. Dəşti-Qıpçaq çöllərinin üzərində dəniz aramaq duyğusu zövq verir mənə. Damarlarımda axan qıpçaq qanı bu çöllərin üzərində oğuz ağzında coşmağa başlayır. Mən bu çölləri sevirəm. Onlar mənə həmişə doğma olub. Mənim üçün Tovuz, Qazax çölləri də, Qazaxıstan çölləri də eynidi. Dəniz hələ görünməsə də, "salam olsun, qıpçaq çölü" deyirəm...
Almatı aeroportunda bizi Kazibek Şaxanov qarşılayır. Kazibek mənim tanıdığım ən intellektli adamlardan biridir. Gözəl şair və uğurlu bisnesmendir. Qazaxıstanın ən elitar dairələri onun dizayn şirkətinin müştəriləri sırasındadır. Təyyarədən yenicə düşmüşük və biz otelə yollanmaq istəyirik, amma Kazibekin sürəkli təkidindən sonra, onun atası, məşhur qazax yazıçısı Berik Şaxanovun evinə yollanırıq. Qazax adətinə görə, hörmətli qonaqlar bayram zamanı ilkin olaraq evdə qarşılanmalı, tör başında oturmalıdırlar. Tör, türk çadırında xüsusi, mötəbər bir yerdir. Min illər öncə müdriklər tör başında oturaraq, ilahi mənşəli türk törəsini yaradıblar. Məncə, törə sözü də elə buradan yaranıb. İndi Almatıda heç kim çadırda yaşamasa da, adətlər yaşayır və biz hamımız ənənənin quluyuq. Arabaya oturub Novruz süfrəsinə yollanırıq.
Şaxanovlar ailəsi bizi hamılıqla qarşılayır - Berik ağanın həyat yoldaşı Darican xanım, qızı Karlıqaş, kürəkənləri Murad və Serik. Digər qızı Saule Londona, oğlunun yanına gedib. Köhnə dostlarla məmnunluqla görüşürəm. Almatıda sonuncu dəfə bu ailə ilə Prezident Fondunda görüşmüşdüm. Onda Dariqa xanım Nazarbayevanın təklifi ilə "Qazaxıstan yolu" kitabının Bakı nəşrinin təqdimatı keçirilirdi və Şaxanovlar ailəsi Mahmud Kaşqari Fondunun üzvləri kimi hamılıqla orada iştirak edirdi. Bundan sonra Berik Şaxanovun Bakıda Azərbaycan dilində nəşr olunan kitabının təqdimatı keçirilmişdi, amma burada bütün ailə iştirak etmirdi. İndi təpədən dırnağa qədər türk olan bu ziyalı və aristokrat ailəni görmək mənə çox xoş idi. Mən onlar barədə Yunusa çox danışmışdım, amma Yunus onlarla hələ tanış deyildi. Bakıdakı təqdimat zamanı Yunus Moskvadaydı, orada "Əmir Teymur" kitabının rus nəşrinin təqdimatı keçirilirdi. Amma Darican xanım Yunusu o dəqiqə tanıdı. Məlum oldu ki, "Əmir Teymur" əsərini oxuyub. Kitabı Bakıda ona yazıçı dostumuz Elçin Hüseynbəyli bağışlayıb. Nə isə... Almatıda Novruz qutlamalarını Berik Şaxanovun evindən başladıq. Görüşümüz bayram süfrəsindən daha çox, elmi simpoziuma bənzəyirdi. Çox şey müzakirə olunurdu - xalqlarımızın keçmişi, bugünü, tarix, ədəbiyyat, siyasət...
Karlıqaş xanım tarix və ədəbiyyat sahəsində bilgilərini nümayiş etdirirdi və bizi heyran qoydu. Karlıqaş xanım metallurgiya zavodunun sahibidir və onun bu dərəcədə mütaliəli olması çox ləzzətliydi. Sevirəm intellektli iş adamlarını, amma belələrini az görmüşəm. Karlıqaş xanım intellektualdır, adının mənası isə "qaranquş" deməkdir. Çox işlərdə həqiqətən qaranquşdur, mühitə bahar əhvalını gətirməyi çox gözəl bacarır. Olsun ki, burada genetik xüsusiyyətlər də rol oynayır. Qazaxıstanda genetik xüsusiyyərlərə xüsusi önəm verilir. Şaxanovların ailə şəcərəsi sonuncu qazax xanı Abulay xana bağlanır, yəni böyük Çingiz xanın törəmələridir. Azərbaycandan fərqli olaraq, qazax cəmiyyətində şəcərə məsələlərinə çox fikir verirlər və insanlar şəcərələrinin adına layiq hərəkət etməyə çalışırlar. Digər insanlar da onlara böyük ehtiram göstərirlər. Bizdə münasibətlər əsasən yerliçilik üstündə qurulub. Qazaxıstanda isə bu fərqlidir. Burada cəmiyyət üç jüzə bölünüb. Jüz, yüz sözündəndir və böyük tayfalar birliyini ifadə edir. Şaxanovlar ailəsi bütün qazax xanlarının çıxdığı kiçik jüzdəndir. Bu gün bu jüzün ən böyük nümayəndəsi Çingiz xan nəslinin əsas nümayəndəsi hesab olunan Şota Valixanovdur. Sonradan biz Şota ağa ilə tanış olduq. Daha doğrusu, Yunus. Mən öncədən onunla tanış idim. Şota Valixanov Qazaxıstanın məşhur memarıdır və çoxsaylı monumental layihələrin müəllifidir. Ətrafındakı insanlar ona əsl xan münasibəti göstərirlər, Çingiz şəcərəsinin davamçısı hesab edirlər. Elə o da özünü şəcərəsinə adekvat aparır. Hiss edirsən ki, önündəki əsl çingizidir. Onun babası böyük torpaqlar fəth edib, biz isə könüllər fatehiyik və fəth duyğusuna böyük ehtiramımız var. Bu bayram süfrəsinin arxasında Abulay xanın nəslindən olan qazax ziyalıları ilə birgə bayram nemətlərindən tamsına-tamsına türklüyün könül məbədinin dirçəldilməsi yollarını müzakirə edirik. Bu məclis bir növ Qaraxani və Çingizi ittifaqının gənəş meydanıdır, XXI əsrdə müqəddəs Ulutau dağlarının ətəyində bizim simamızda dirçəlməyə başlayır. Söhbət zamanı məlum olur ki, Yunus Oğuzun babaları da, dediyinə görə, Çingiz ulusundan olub. Mən həmişə inanmışam ki, tarix təkrar olur, ayrı formada, ayrı məzmunda, ayrı adlar altında, amma mahiyyət dəyişmir. Babalarımız böyük imperiyalar qurub, biz də könül imperiyası qurmaq istəyirik, türklüyün mənəvi məbədini qurmaq istəyirik. Mən inanıram ki, Mahmud Kaşqari Fondu gec-tez böylə bir məbəd olacaq. Yunus da buna inanır, elə burda oturan insanlar da. Unudulmuş, lakin genlərdə yaşayan türk törəsi XXI əsrdə yenidən cücərəcək, biz bunun potensialını artıq hiss edirik. Kaşqari Fondu da bu amalın gerçəkləşməsi üçün yaradılıb. Biz bu enerjini faydalı iş əmsalına çevirməyi bacaracağıq.
Enerji məsələlərini Yunus elə bu məclisdə nümayiş etdirir. Darican xanım özünü pis hiss edir və Yunus əlini onun əlinin üstünə qoyur - indi yaxşı olacaqsınız -deyir. Həqiqətən də bir az sonra Darican xanım özünü yaxşı hiss edir. Sonradan Yunus bu qabiliyyətini bir neçə dəfə nümayiş etdirdi. Sözün düzü, mən onu 1988-ci ildən tanısam da, böylə qabiliyyətini bilmirdim. Özüm isə belə praktikanı çoxdan dayandırmışam. Enerjimi daha çox yaradıcılığa yönəldirəm. Ən əsası odur ki, bizim ətrafımızda belə bir enerji var və biz onu uğura kökləmək əzmindəyik. Qalanı Tanrının işidir, Tanrı ona doğru gedənləri sevir. Bu gün biz, qazax və Azərbaycan türkləri Tanrı dağlarının ətəyində Tanrıya doğru gedən yolları arayırıq. Mən bu dağların kəramətini bilirəm. Dağlara səfərimiz zamanı mənim qəfil qan təzyiqim qalxmışdı və biz dağlara qalxırdıq. Medeoya yenicə çatmışdıq ki, halım pisləşdi. Dedilər qayıdaq, amma mən Yunusun səyahətini pozmaq istəmədim. Sadəcə əllərimi göyə qaldırdım və Tanrıdağın enerjisini istədim. Və oldu. Hər şey bir anda keçdi. Səyahətimiz də gözəl alındı. Ulutau Tanrıdağ silsiləsinin bir hissəsidir, çinlilər bu dağlara Tyan-Şan deyir. Tanrıdağ türklərin ən müqəddəs dağıdır, onun ən müqəddəs zirvəsi isə Xan Tenqri hesab olunur. (Şimali Qafqazda Tanrıdağ adlı zirvənin olduğunu mən sonradan öyrəndim, amma bu ayrı bir yazının mövzusudur).
Bu gün Azərbaycanda Savalan, Babadağ kimi yerlərə olan inanc duyğusu Tanrıdağ kultu ilə bağlıdır. Dediyim kimi, Tanrıdağ silsiləsində ən uca dağ Xan Tenqridir, təəssüf ki, biz hələ orada olamamışıq. Amma olacağıq, inşallah. İndi isə hələ Ulutaunun ətəklərində Novruzu qutlayırıq. Qazaxlar bu bayrama Nauruz deyir. Bu bayram Türkiyə türkləri istisna olmaqla, bütün türk xalqları tərəfindən geniş qeyd olunur. Qazaxların Novruz mərasimləri bizimkindən bir qədər fərqlənsə də, mahiyyət eynidir. Hər xalq bayram mərasimlərinə öz spesifik çalarlarını vurub...
...Məclis get-gedə qızışır, Berik Şaxanov Bakını xatırlayır. Azərbaycandan böyük sevgi ilə danışır. Xüsusən böyük yazıçı Anarla görüşünü tarixi bir an kimi xatırlayır. Deyir ki, xoşbəxt adamlarsınız, belə böyük bir şəxsiyyətlə hər gün təmasda olursunuz. Mən dəfələrlə şahidi olmuşam ki, Qazaxıstanda Anarı çox sevirlər. Xüsusən də Şaxanovlar ailəsində. Onlar deyir ki, biz Azərbaycanı Anarın əsərlərindən tanımışıq. Mən bunu Bakıda Kazibeklə İçərişəhəri gəzəndə hiss etdim. Son illərdə Bakı çox dəyişsə də, İçərişəhər əsasən Anarın əsərlərində olduğu kimi qalıb. Kazibek ilk dəfə Bakıya gələndə bir çox binaları, dalanları ilk dəfə görsə də, tanıdı. Bunları "Gürcü familiyası"ndan tanıyıram - dedi. Deyirəm nə yaxşı, Anarın, Elçin Əfəndiyevin əsərləri var, yoxsa biz köhnə Bakını necə xatırlayacaqdıq...
Biz Elçin Hüseynbəylini, Rəşad Məcidi xatırlayırıq. Telefonla təmas qururuq, məclisdəkilər onlarla da bayramlaşır. Elçin Hüseynbəylini də buralarda yaxşı tanıyırlar və Şaxanovlar ailəsi onun rus dilində çıxan bütün əsərlərini oxuyub. Mənim rusca şeirlərimin çoxunu isə əzbərdən bilirlər. Yəni onlar əsl yazıçı ailəsidirlər.
Amma onu da deyim ki, Qazaxıstanda azərbaycanlıları yalnız kitablardan tanımırlar. Burada böyük Azərbaycan diasporu yaşayır. Rəsmi məlumatlara görə, hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə isə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar.
Qazaxıstan azərbaycanlıları Qazaxıstanın bütün ərazisində məskunlaşmışlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyil. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar.
Sovetlər dönəmində Qazaxıstanın ucsuz-bucaqsız çölləri yüz minlərlə insana sürgün yeri, sonra isə vətən oldu. İndi bu ölkənin etnik xəritəsi çox rəngarəngdir. Qazaxlar ölkə əhalisinin yalnız yarısını təşkil edirlər. Darican xanım bizə xalqının məruz qaldığı acı taledən danışır. XX əsrin 20-30-cu illərində qazax xalqının üçdə ikisi məhv olub. Səbəb kimi ən çox aclıq göstərilir. Malı-qoyunu əllərindən alınmış köçərilər böyük aclıqla üz-üzə qaldılar. Ət yeməyə öyrəşmiş qazaxlar otyeyənlərə çevrilə bilmədilər. Taqətdən düşən insanlar böyük kütlələr şəklində qırılırdılar. Bəzən ölənləri basdırmağa bircə adam belə tapılmırdı. Sovetlər döyüşkən köçərilərin ram olunmasının ən optimal üsulunu tapmışdılar. Onları gülləsiz-filansız, sadəcə acından öldürdülər. Ölənlərin sayı milyonlarcaydı. XX əsrdə, Qazax çöllərində tarixin ən dəhşətli soyqırımlarından biri baş verdi. Bir xalqın yetmiş faizi məhv oldu. Maraqlıdır ki, eyni siyasət Ukraynada qazaxların slavyanlaşmış qohumlarına - kazaklara qarşı da yürüdüldü. Onlar da milyonlarla öldülər. Ölümün gözünə həmişə dik baxan insanlar aclığın qarşısında aciz qaldılar.
Darican xanım bunları danışdıqca bizim tüklərimiz biz-biz olur. Yunus Oğuz çox emosional adamdır, onun gözlərində yaş damlaları parlayır. Elə mənim də. Min illər ərzində bu ucsuz-bucaqsız Dəşdi-Qıpcaq çöllərini məskunlaşdıran, tarix səhnəsində möhtəşəm imperiyalar qurmuş şanlı türklərin xələflərinə bundan artıq hansı zülmü vermək olardı?! Həmin faciəli günlər Berik Şaxanovun əsərlərində çox realist boyalarla təsvir olunub. Onun ailəsi, qohum-əqrəbası o ağır günlərin şahidi olub. Berik ağanın yazıçı qələmi isə bu tarixi əbədiləşdirib. Onun həyat yoldaşı Darican xanım aclığı törədən ünsürlərdən biri kimi, bəylərin repressiya olunmasını söyləyir. Çöl şəraitində, köçərilər dünyasında bəylik tituldan daha çox bir mükəlləfiyyət idi. Köçəri bəyləri istismarçı oturaq bəylərdən, mülkədarlardan fərqlənirdi. Onlar bir növ el atası idilər. Yaylaq, qışlaq yerlərini də onlar seçirdilər. Daha doğrusu, hər tayfanın çöldə öz əraziləri vardı. Min illər ərzində, hər el, hər tayfa dəqiq qurulmuş bir ahənglə yaşayırdı. Birdən bu ahəng pozuldu və başsız qalmış, malı-mülkü əlindən alınmış insanlar sərt çöl şəraiti ilə üz-üzə qaldılar. İllər uzunu onların bütün qlobal qayğılarını başçılar - bəylər həll edərdi, onların yoxluğunda xalq başını itirdi. Bəzi başçılar öz elini Çinə, Əfqanıstana apararaq aclıqdan xilas edə bildilər, amma onlar da Çində mədəni inqilab illərində ağır repressiyalara məruz qaldılar. İndi bu bayram günü, biz, həyatını türk mədəniyyətinin qalxınmasına həsr etmiş iki Azərbaycan yazıçısı, Ulutau dağlarının ətəklərində qazax xalqının məşəqqətləri barədə kədərli hekayələri dinləyirik. Gözümüzü yumub ruhən o acı günlərə yollanırıq, böyük siyasətin qurbanı olmuş milyonlarla günahsız insanın əzablarını duymağa çalışırıq. Bunu duymadan qazax xalqını duya bilməzsən. Qazaxların içinə yığılmış qəzəb 1986-cı ilin dekabrında, qazaxca desək, jeltoksan (dekabr) ayında püskürdü. Onda rus əsilli Kolbinin Qazaxıstana rəhbər təyin olunmasına etiraz edən insanlar üsyan edib dövlət binalarını ələ keçirdilər, Sovet qoşunları ilə üz-üzə gəldilər, yüzlərlə öldülər, amma ölmək yenilmək deyil. Böyük imperiyanın əsaslarını sarsıdan bu hadisə, sonda iki milyon kvadrat kilometr əraziyə malik müstəqil Qazaxıstanın yaranması ilə sonuclandı. Bu gün türk birliyindən, türk qardaşlığından çox danışılır, lakin Avrasiyanın geniş ərazilərinə səpələnmiş türk xalqları bir-biri barədə o qədər də məlumatlı deyil. Zaman və məsafələr öz işini görüb, hər xalq özünəməxsus bir şəkildə inkişaf yolu keçib, hərə özünə məxsus bir mədəniyyət formalaşdırıb. Dillər də bir-birindən xeyli aralanıb. Düzü, Yunus da, mən də qazaxcanı anlayırıq, amma öz aramızda zarafatla "ortaq türk dili" adlandırdığımız bir dildə, yəni rus dilində ünsiyyət qurmağa üstünlük veririk. Neyləyək, hələlik bütün türk xalqlarının anlaşa biləcəyi yeganə dil rus dilidir. Türkiyə türkcəsini bilənlərin sayı isə hələlik çox azdır. Nə dilində anlaşmağımızdan asılı olmayaraq, əsas məsələ odur ki, ünsiyyətdəyik, bir-birimizi tanımağa çalışırıq. Yaxınlaşmaq, birləşmək üçün bir-birimizi tanımağımız çox vacibdir.
***
Murad süfrəyə qımız gətirir. O mənim qımız xoşladığımı bilir. Qımız at südündən hazırlanan içki növüdür. Bir az pivə tamı verir, elə spirtliliyi də pivə qədər olur. Amma çox xeyirlidir, həkimlər mədə xəstəliklərinin müalicəsində qımızdan çox istifadə edirlər. Oturaq həyata çox erkən keçmiş Azərbaycan türkləri qımızı çoxdan unudublar. Bizdə indi at əti də yeyilmir, amma qazaxlarda at əti onların qidasının əsasını təşkil edir. Mən şəxsən at ətini çox xoşlayıram, amma anlaya bilmirəm ki, Azərbaycan türkləri nə üçün dəvə əti yeyirlər, at əti yox. Deyim ki, İslam dini at ətini haram hesab etmir, həmçinin dəvə ətini də. Yəqin ki, bu Azərbaycanda atların azlığı ilə izah olunur. Ətlik atlar minik atları deyil, onlar heç vaxt minilmir, bir növ əhliləşdirilmiş vəhşi atlardır. Amma yəqin ki, bir vaxt yeyilib, Nizami "Yeddi gözəl"də Bəhramın gur, vəhşi at (gur) ovlamasını təsvir edir. Nə isə... mən qımız içə-içə türk tarixinin dərinliklərinə enən söhbətləri dinləyirəm.
Yunuz Oğuzun söhbətləri də kitabları kimi qurtarmaq bilmir. O, viskidən tamsına-tamsına tarixdən danışır, hamı da onu maraqla dinləyir. Mete, Attila, Çingizxan, Teymur, Nadir şah... Yunusun söhbətlərinin ucu-bucağı yoxdur. Deyim ki, bu söhbətlər yeddi gün çəkdi və heç kim bu söhbətlərdən ayrılmaq istəmədi. Hətta bizi ziyarətə gələn insanlar da ayrılmaz dinləyicilər sırasına qoşulurdular. Muradın uşaqlıq dostu, Fərabi adına Qazax Milli Universitetinin Kriminalistika kafedrasının müdiri prof. Hacımurad İsayev sorağımızı alan kimi özünü məclisə çatdırdı. Hacımurad müəllim Axısqa türküdür, sürgün olunmuşların nəslindəndir. Amma Azərbaycanı çox sevir. O, məclisdə bizimlə azərbaycanca danışmağa üstünlük verirdi. Hiss olunurdu ki, o bu dildə danışmaq üçün lap acıb. Hacıbala İsayev görkəmli alim olmaqla yanaşı, həm də Qazaxıstan Kriminalistlər Assosiasiyasının vitse-prezidentidir. Sifətində elitar bir ziyalı obrazı var. Ümumən Yunus da, mən də Qazaxıstanda görüşdüyümüz adamların elitarlığına heyran qaldıq. Böyük para və sərvət sahiblərinin milli mədəniyyətə bu qədər bağlılığı adamda qibtə hissi yaradırdı. Sonradan oteldə Yunus mənə dedi: "Elxan, ağlamaq istəyirəm. Axı niyə bizdə belə burjuaziya yoxdur". Dedim elə mən də ağlamaq istəyirəm. Bizdə zəngin adamların xeyriyyəçiliyi əsasən atalarından və özlərindən kitab yazdıranda ortaya çıxır. Millət isə heç veclərinə də deyil. Məclislərdə isə daha çox arvadlarının paltarlarını müzakirə edirlər...
***
Sözün düzü, belə bir aurada, bu gözəl söhbətlərin həzzində mənəviyyatsız zənginlərimiz barədə düşünmək ağılsız bir hərəkət olardı. Bu gözəl Novruz günündə, dadlı qazax süfrəsinin arxasında qımızdan tamsına-tamsına türk mənəvi intibahının inkişafı yollarını aramaq daha ləzzətli bir işdir. İstər Qazaxıstanda, istərsə də Azərbaycanda böyük iqtisadi yüksəliş var, mədəniyyətin və mənəviyyatın gəlişməsi isə ondan xeyli geri qalır. Dünyanın vesternləşdiyi bir zamanda, qloballaşma deyilən amerikanizmin tam hücumda olduğu bir zamanda mənəvi və mədəni bazası zəif olan millətlər sıradan çıxacaq, şübhəsiz. İnternet inqilabından məharətlə istifadə edən beynəlxaq imperializm virtual aləmdə yaşayan və tərbiyəsini bu aləmdə alan böyük zombilər kütləsi hazırlayır. Milli mədəniyyətlər, ənənələr bu projenin gerçəkləşməsində böyük əngəldir. Buna görə milli mədəniyyətlərin məhvinə çox böyük resurslar yönəldilib. Əlbəttə, bu yeni bir şey deyil, tarix boyu imperiyalar öz dünyagörüşünü başqalarına sırımağa çalışıblar. Sadəcə, bu gün Amerika imperiyası tarixdə heç kimin malik olmadığı imkanlara malikdir. Amerikanizmin əsas ideyası isə Tanrının dollarda təcalla etdiyini bəşəriyyətə təlqin etməkdir. Seksin təşviqi, ailə institutlarının dağıdılması bu ideyanın gerçəkləşdirilməsində istifadə olunan əsas ünsürlərdir...
Tarixi ekskursiyadan sonra söhbətlərimiz çağdaş problemlərə yönəlib. Ən gözəli odur ki, burada həmfikir insanlar toplaşıb, bizim hamımızı birləşdirən bir amal var - tarixin dərin köklərindən gələn türk mədəniyyəti yaşamalıdır. Onun bütün şaxələri birləşib böyük bir ana çay əmələ gətirir. Azərbaycan mədəniyyəti, Qazax mədəniyyəti, Türkiyə mədəniyyəti, digər türklərin mədəniyyəti sonda birləşib vahid türk mədəniyyətinə çevrilir. Kiçik çaylar olmasa böyük çaylar da olmaz. Biz burda, Tanrı dağlarının ətəklərində bayram süfrəsinin arxasına yığışıb gələcək üçün planlar qururuq. Məclisin gözəlliyi ondadır ki, burada romantizm və praqmatizm bir yerə toplaşıb. Hamı anlayır ki, ən gözəl ideyalar belə maddi dayağı olmasa həmişə ideya olaraq qalacaq. Mahmud Kaşqari adına Beynəlxalq Fond da bizim romantik ideyalarımızın gerçəkləşməsi üçün yaradılıb. Bu bir yoldur, bu bir məsləkdir. Yunus Oğuzla mən bu yolu çoxdan gəlirik. Hələ ötən əsrdə, Meydan hadisələri zamanı biz bu ideyaları yayan qəzetlər nəşr edirdik. Yunus "Açıq söz", "Axın", mən "Türkün səsi" qəzeti nəşr edirdim. Yunusla ilk dəfə yolum "Axın" qəzeti buraxılanda kəsişib. O zaman onlar, Elmlər Akademiyasının işçiləri bu qəzeti Qanlı Yanvar gecəsindən sonra, fövqəladə vəziyyət rejimi zamanı hazırlamışdılar. Mərhum yazıçımız Samir Tağızadə bu qəzetin nəşrinə kömək etməyimi xahiş etdi və mən də bunu məmnuniyyətlə etdim. Çünki bizim hamımız eyni məkandanıq, Yunus da, rəhmətlik Samir də, mən də. Öləndə də yəqin, ora gedəcəyik - Tanrıdağa, "Ulular uçmağı"na. Samir yəqin ki, indi ordadır. Mən Tanrı dağlarının ətəklərində onun ruhuna dualar oxuyuram.
...Yunussa hələ danışır, məclis diqqətlə onu dinləyir. Söhbət "Əmir Teymur" kitabından düşür. Öncə dediyim kimi, dostlarımız bu kitabı oxuyub və indi onun Qazaxıstanda nəşr olunmasını təklif edirlər. Yaxşı və lazımlı işə kim etiraz edər ki? Bu tarix, yəni Böyük Teymurun tarixi qazaxlar üçün də çox maraqlıdır. Həm də, o da qonağı olduğumuz bu ailə kimi Çingiz nəslindən olub axı.
Dostum Yunusun bu əsəri çox ölkələrdə çıxıb, inşallah burada da çıxar tezliklə. Amma onu deyim ki, Qazaxıstan nəşr məsələlərində Azərbaycandan çox geri qalır. Biz daha təşəbbüskar millətik. Qazax dostlarımız Azərbaycanın türk dünyasında həmişə mənəvi bir mərkəz rolunu oynadığını qeyd edirlər.
Müxtəlif mövzularda söhbətlər etsək də, hamımız lirik əhval-ruhiyyədəyik. Gözəl bir yaz gecəsidir. Karlıqaş xanım mənim şeirlərimi dinləmək istəyir. Amma öz ifamda. Kazibek mənim rusca şeirlərimin xeyli hissəsini əzbərdən bilir, məclis isə mənim oxumağımı istəyir. Mən "Polonez"dən müəyyən parçalar oxuyuram. Mənim şeir oxumağım Yunusun xoşuna gəlmir, kitabı alıb özü oxumağa başlayır. Şeirlər məclisin lirik əhvalını daha da gücləndirir. Mən yeni projemdən danışıram, Qazaxıstanı dolaşıb bu barədə kitab yazmaq istədiyimi deyirəm. Mən "Türk əsrinin türküləri"ndə qıpçaq çöllərinin poetik təsvirini vermişəm. İndi isə Əhməd Yasəvinin, Əl-Fərabinin vətənini gəzmək, babam Kaşqarlı Mahmudun keçdiyi yollardan keçmək istəyirəm. Karlıqaş və Murad bu səyahətə mənimlə birlikdə yollanacaqlarını deyirlər və müxtəlif əhvalatlar danışırlar. Onların bilgiləri məni heyran qoyur. Belə biznesmenlər sadəcə milli sərvətdir. Elə onların söhbətləri kitabın yarısı deməkdir.
...Yenidən Bakını xatırlayırıq, Anar müəllimi, Elçin Hüseynbəylini, Rəşad Məcidi anırıq. Gənc yazıçı Pərvinə salamlarımızı çatdırın, deyirlər. Anar, Rəşad Məcid, Elçin Hüseynbəyli və Pərvin bu ailənin qonağı olublar. Elçin öncələrdən bu tərəflərdə məşhur adamdır. Hər ikimizin Qazaxıstan televiziyalarında çıxışlarımız olub, yəqin, hələ çox olacaq. Qazaxıstanla bizim ciddi projelərimiz var, bu türk ölkəsi get-gedə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilir. Nəhəng ərazisi və zəngin maddi ehtiyatları onu hamının maraq dairəsinə çevirib. Azərbaycan bu ölkə və Türkiyə arasında bir körpüdür. Türk birliyinin gələcəyi bu üç ölkədən asılıdır. Bu gün bu ölkələri ciddi iqtisadi projelər bağlayır. İndi növbə mənəvi və mədəni projelərindir. Biz bura mədəni projelərlə gəlmişik. Neyləyək, biz də arzularımızın sonuncu dənizini bu nəhayətsiz çöllərdə arayırıq. Amma dəniz hələ görünmür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!