May ayının 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, satirik poeziyamızın qüdrətli nümayəndəsi Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunmuş "Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" adlı elmi konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsinin önünə əklillər qoyaraq dahi insanın xatirəsini yad etdilər. Sonra tədbir iştirakçıları şairin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular. Tədbir Sabirabad rayonunda, Heydər Əliyev Mərkəzində baş tutdu. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, fililogiya elmləri doktoru, professor Şirindil Alışanlı, baş direktorun müşaviri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, İnformasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, institutun digər əməkdaşları Rəşad Qasımov, Pənah Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist İradə Əlili, şairə, publisist Rəqibə Qəvvas, şair, publisist Xanoğlan Xan, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, şairin nəvəsi Sevda Tahirli, Sabirabad rayon icra aparatının nümayəndələri, Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, payon mədəniyyət evinin işçiləri, eləcə də geniş ictimaiyyətin nümayəndələri, müəllimlər, şagirdlər və başqaları bu möhtəşəm tədbirə qatılmışdılar. Əvvəlcə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov AMEA-nın vitse-prezidenti İsa Həbibbəylini, institut əməkdaşlarını və bütün qonaqları salamlayaraq tədbiri açıq elan etdi, sonra sözü akademik İsa Həbibbəyliyə verdi.
Akademik İsa Həbibbəyli geniş və dərin məzmunlu giriş sözündə ulu öndər Heydər Əliyevin və onun siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətini xüsusi nəzərə çarpdırdı. Daha sonra Sabir yaradıcılığının əsas istiqamətlərini, mövzu və problematikasının zənginliyini diqqətə çatdıran akademik İsa Həbibbəyli şairin haqqın, həqiqətin və hürriyyətin carçısı olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki,"Şairəm, əsrimin ayinəsiyəm" deyən sənətkar mövcud quruluşun və cəmiyyətin yaratmış olduğu bütün əyintilərə, qanun pozuntularına qarşı çıxmışdır.
Akademik İsa Həbibbəyli şairin yaradıcılığının həm "Molla Nəsrəddin" ədəbi məktəbinin digər üzvlərinə, həm də XX əsrin sonrakı mərhələlərində yaranan və formalaşan ədəbiyyatımızın yeni istiqamətdə inkişafına müsbət təsirini Sabir yaradıcılığının əbədiyaşarlığı kimi dəyərləndirdi.
Professor Qəzənfər Paşayev "Mirzə Ələkbər Sabir İraq ədəbiyyatında" adlı məruzəsində bildirdi: "Mən İraqda fəaliyyət göstərərkən şair və yazıçıların onun yaradıcılığından bəhrələndiklərini, oxuyub təsirləndiklərini müşahidə etdim. Onlarla söhbət zamanı Mirzə Ələkbər Sabirin yaradıcılığında qaldırılan problemlərin bir zamanlar eynilə həmin xalqın taleyində də yaşandığını öyrəndim. Bütün bunlar şairin təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq dünyasının böyük fikir adamı olduğunu göstərən mühüm məqamlardır. Buna görə də Mirzə Ələkbər Sabir bizim bəşəri və unudulmaz sənətkarımızdır".
Professor Şirindil Alışanlı "Məhəmməd Füzulidən Mirzə Ələkbər Sabirə keçid" adlı məruzəsində ustad Füzulinin Azərbaycan ədəbiyyatındakı yeri və mövqeyi barədə maraqlı məlumat verdi. Böyük satirik kimi şöhrət qazanan Sabirin Füzulinin ölməz ədəbi irsindən sənətkarlıqla yararlanmasını diqqətə çatdırdı. Mirzə Ələkbər Sabirin dahi Füzulinin məşhur qəzəllərinə etdiyi parodiya və perifrazların yeni forma və məzmunda təqdimi məsələsindən geniş söhbət açdı. Tədqiqatçı şairin novatorluğunu diqqət mərkəzində saxlayaraq, Sabir sənətinin möhtəşəmliyini konkret nümunələr əsasında şərh etdi.
Filologiya elmləri doktoru Əlizadə Əsgərli "Xəlil Rza Ulutürkün arxivindən: Mirzə Cəlil və Mirzə Ələkbər Sabir" adlı məruzəsində qeyd etdi ki, Azərbaycanın böyük istiqlalçı şairi Xəli Rza Ulutürk də dövrün bir çox ziyalıları kimi "Molla Nəsrəddin" jurnalını, mollanəsrəddinçilərin yaradıcılığını dərindən öyrənmiş və fikir süzgəcindən keçirmişdir. Xüsusilə, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir yaradıcılığına böyük önəm verən Xəlil Rza Ulutürk Azərbaycanda 90-cı illərdə başlanan azadlıq hərəkatının hələ keçən əsrin əvvəllərindən başlandığını söyləmişdi. O, bu mühüm və taleyüklü problemin xalqımızın bir çox azad düşüncəli, istiqlalçı ziyalıları, o cümlədən mollanəsrəddinçilər tərəfindən həyata keçirildiyini bilirdi.
Filologiya elmləri doktoru Elnarə Akimova "Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı" məruzəsində şairin ibtidai siniflərdə tədris olunan şeirlərinin uşaq təfəkkürünün, dünyagörüşünün, əqli və zehni düşüncəsinin formalaşmasındakı rolunu konkret faktlar əsasında işıqlandırdı. Şairin məktəblə bağlı bir sıra şeirlərinin uşaqların təlim-tərbiyəsində, ataya-anaya hörmət hissinin aşılanmasında, böyüklərə hörmət və qayğı ilə yanaşılmasında, onlarda yüksək insani keyfiyyətlərin formalaşmasında müstəsna rolunu xüsusi nəzərə çatdırdı.
Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva ""Molla Nəsrəddin" jurnalı və Mirzə Ələkbər Sabir" adlı məruzəsində qeyd etdi ki, 1906-cı ilin 7 aprelində nəşrə başlayan bu satirik mətbuat orqanı Sabiri zəmanəmizin böyük və əvəzolunmaz şairi kimi yetişdirdi. Eyni zamanda Sabirin jurnala gəlişi "Molla Nəsrəddin"in dil və üslubuna, ifadə tərzinə yenilik gətirdi. Mirzə Ələkbər Sabir "Molla Nəsrəddin" jurnalı vasitəsilə XX əsr Azərbaycan satirik poeziyasının zirvəsini fəth etdi. Cəlil Məmmədquluzadənin nəsrdə etdiyi yeniliyi satirik poeziyada Sabir edə bildi. Şair Azərbaycan şeirini klassik poeziyamızdan fərqli olaraq, yeni bir istiqamətə yönəltdi.
Gülbəniz Babayeva, həmçinin bildirdi ki, Sabirin klassik Şərq şairləri Xaqaniyə, Füzuliyə, S.Ə.Şirvaniyə, Raciyə, Namiq Kamala, Mahmud Əkrəmə, Abdulla Cövdətə, Firdovsiyə, Hafizə, Sədiyə yazdığı çoxsaylı nəzirələr şairin dərin, zəngin mütaliəsini göstərir və onun geniş erudisiyaya, çoxşaxəli poetik imkanlara malik novator bir sənətkar olduğunu aşkarlayır. Bu keyfiyyətlər şairin "Molla Nəsrəddin" jurnalında yer alan satiralarında daha qabarıq şəkildə özünü göstərir.
Tədbirdə jurnalist İradə Əlili "Mirzə Ələkbər Sabir dühası", şairə, publisist Rəqibə Qəvvas "Mirzə Ələkbər Sabir orta məktəb dərsliklərində", şair, publisist Xanoğlan Xan "Mirzə Ələkbər Sabir və sabirabadlılar" adlı məruzələrində şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, Mirzə Ələkbər Sabir yaradıcılığının orta məktəblərdə tədrisi məsələlərinə diqqətin artırılması kimi mühüm problemlərdən söhbət açdılar.
"Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" adlı tədbirdə şairin nəvəsi Sevda Tahirli babası ilə bağlı atasının xatirələrini, şairin həyat və yaradıcılığına aid elmə məlum olmayan bir sıra faktları açıqladı. Tədbirin təşkilatçılarına ailələri adından dərin minnətdarlığını bildirdi.
Tədbirdən sonra iştirakçılar, akademiyanın rəhbərliyi, əməkdaşları və icra hakimiyyəti nümayəndələrinin bir qrupu Mirzə Ələkbər Sabirin Sabirabadda yaşayan qohumu Afət Tahirzadənin evində qonaq oldular. Vaxtilə şairin sabun bişirdiyi tiyan ziyarətçilərin dərin marağına səbəb oldu. İllərdən bəri qorunub saxlanılan bu eksponat şairin həyat və məişəti ilə bağlı bir çox məqamlara işıq saldı. Afət Tahirzadə söhbət əsnasında tiyanın Şamaxıdan Sabirabada gətirilməsi tarixçəsi haqqında məlumat verdi. Daha sonra tədbir iştirakçıları Kürlə Arazın qovuşduğu Suqovuşana səyahət etdilər. Xatırladım ki, "Azərbaycanfilm"in istehsal etdiyi "Böyük dayaq" filmində də Suqovuşanın geniş panoramı canlandırılmışdır. Bu müqəddəs məkan ziyarətçilərin qəlbində dərin izlər qoydu.
Akademik İsa Həbibbəyli yekunda belə tədbirlərin vaxtaşırı keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını və vacibliyini vurğuladı. Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirin təşkilində göstərdiyi xidmətə və yüksək qonaqpərvərliyə görə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova və rayon ictimaiyyətinə dərin minnətdarlığını bildirdi.
Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!