Şəhər hisslərin dağınıq məkanıdır. Bir "məzhəbə" qulluq etmək çətindən çətin, müşkül məsələdir, hər adamın əlində deyil. Teatr səhnəsinin dekorları kimi dəyişdikcə dəyişir şəhər həyatı və sən onun aludəsi olursan. Köhnənin - dəyərlərin təmizliyini, saflığını yaşatmaq hər adama müyəssər olmur.
İnsanlar xarakterlərinə görə "dəyişik havada" yaşayırlar.
1. Biri söyür, qışqırır, hayqırır;
2. Birinin səhərdən axşamacan göz yaşları qurumur;
3. Bir başqasının qorxudan bağrı yarılır, ürəyi parçalanır;
4. Və yaxud işi gülməkdir, heç nə vecinə deyil.
Mənə görə isə insanların içində eləsi var ki, müşənbəli qapıya oxşayır - harayla, bağır, çatla - səni eşitməz!
Yazımızın mövzusu olan şairlər, müşəmbəli qapının qarşısında daynıb özləri ilə şöhrət eləyənlərdir. Qapının o üzündə nələrin baş verdiyini bizə anladırlar. Poeziya sənəti də, elə sükutun səsini anlatmaq sənətidir.
Tofiq Nurəlinin şeirləri duyğuların qırılmış güzgüsünə bənzəyir - nə qədər ətrafa səpələnsə də, hər zərrəcikdə, qırıntıda o, özünü görür, öz taleyini yaşayır. Orada "daim ürəklərdə qəm yükü", "əllər sonsuzluğa uzalı", "məzarlar daim qazılı" və bütün bunların sonunda "nəğmələr yazılı"...
Onun obrazlar dünyası, nənələrimizin əllərinin sığalı hopmuş qədim xalçaları xatırladır, qəlbimizin hər telini titrədə-titrədə əski xatirələri yada salır...
Keçən əsrin uzaq 79-cu ili... Qubanın Çiçi kəndində İman kişinin evinin (şairə Ofeliya xanım Hacıyevanın ata yurdu) qonağı oldum, halal çörəyindən bir qismət kəsdim. Kəndi gəzərkən, bir neçə evdə qurulmuş xanaları gördüm.
Barmaqların xanalar üzərində incə plastikasından alınan rənglərin rəqsini (işıq-kölgə harmoniyası) indi də canımda, qanımda hiss edirəm.
Ay işığına sərilmiş damların altında,
Sevgisi dərilməmiş Ay parçası qızlar
Toxuyur ağqollu,
Ağgüllü "Yerfi" xalçası...
Ecazkar və nadir sənət nümunəsi olan xalçalar əvəzedilməz ünsiyyət vasitəsidir, ilmələrdə yatan tariximizin bir parçasıdır. Əllərini xalçaların üzərində gəzdirə-gəzdirə, xanımlarımızın -gənc qızların vurduğu güllərə, sirli-sehrli, naxışlara sığal çək, gör sənə nələr danışacaq?! O uzaq illərin, uzaq sahillərindən gələn səsləri elə yaxından elə aydın eşidərsən:
O gecə ürəyin duyacaq nəsə
Qəmli xatirələr verib səs-səsə
Qəhərli-qəhərli oxuyacaqlar
Sənin ürəyində,
eh sənin, sənin.
Suyun dərinliklərinə baş vuran dalğıc kimi, poetik nəfəsin imkanı xaricində T.Nurəlinin heç bir iddiası yoxdur. Özünün ruhani hücrəsində, könül pəncərəsindən gördüklərini yazır. Əgər paralellər aparası olsaq o şeirlər xatirələrin köynəyindən keçib bizə də doğmalaşır.
Dərələr darıydı, dağlar darıydı -
Könlüm genişliyə intizarıydı...
Onda kəndimizdə bir qız varıydı,
O məni sevirmiş, mən bənövşəni...
T.Nurəli bütöv şeirlərlə yox, misra-misra yaddaşlara süzülür:
Səndən ayrılalı tənhayam hələ,
Bilməzdim get-gedə ömür təklənə...
...Bu gün ad günündür, dözə bilmədim,
Çiçək bağışladım sənin şəklinə!
T.Nurəlidə uşaqlıq xatirələri, "yaddaşın textonik hadisəsidir (Rüstəm Kamal)", mifik-mistik artefaktları üzə çıxarılıb bir-bir bizə xatırladır.
Dərsə gedərdik onda
Bağların arasıyla,
Çox vaxt hayla-harayla,
Bəzən boy sırasıyla.
Hansı fəsil çatardı
O vaxtkı payızlara?
Oğurlayıb almanı
Ötürürdük qızlara.
Xatirələrdə şaman duasının cazibəsi var. O duanın sözləri unudulub yaddan çıxar. Fəqət qulaqlarından getməyən səs ömür boyu sənə yoldaşlıq edər.
Şeir də belə... İllər ötüb-keçər. Ha fikirləşərsən, oxuduğun şeiri xatırlaya blməzsən. Elə bil hafizən buxarlanıb, yaddaşın o tayında, korşalmış tərəfində qalıb. Di gəl, ordakı bir obraz, (misra, söz) ən xırda detalınacan yaddaşına elə hopub ki, sanki gözlərinin qarşısındadır, əlini uzatsan çatar; o isti, ilıq təması ruhunda hiss edirsən. O, canlıdır, səninlə nəfəs alır. Elə küskün baxışdır ki:
Mənə tanış gəlir gedən qatarlar...
Ona əl etmək də tanışdır mənə.
Hər şey unudulub, ötüb-keçsə də,
Hərdənbir vağzala gəlirəm yenə...
Sözsüz ki, mən səni anıram yenə,
Çəkib ciyərimə tüstülü odu...
Əzizim, mən sənin saçların bilib
Sıxıram ovcuma bir çəngə otu...
Baxış bucağını bir qədər dəyişəcək. Birdən-birə hava qaralır. Qaranlıq ətrafda dolanan kabusa dönüb - hər tərəfi ağuşuna alan qasırğa, fırtına gətirəcək, tufan qopacaq, dalınca da leysan-şıdırğı yağış!
Pəncərən gecənin gözləri kimi
Hönkürər yağışlı Ay işığında...
Yaxud:
Sən elə bilərsən durmuşam yenə
O dar küçənizdə... yağışın altda.
Qəfil ildırım çaxır. Göz qamaşdıran işıq seli hər yanı nura boyayır. Elə bir nura ki, təbiətin yaratdığı canlı, cansız nə varsa - atılıb bir kənarda qalmış daş parçasından, pərdəsi çəkilmiş pəncərəyəcən bir anda görünüb qaranlığa qarışır. An-Əbədiyyətdir! Xatirələr Əbədiyyət daşıyıcıları...
Yazının bu yerində müəllifin təəssüf dolu səsini eşidirəm.
Heyif, unutmuşam ən düz ağacın,
Əyri kökləri var torpağın altda.
P.S. Görən xəyallarmı bizlərə qol-qanad verir, yoxsa qanadların özü insanı uçmağa pərvazlandırır?! Axı xəyallardır ömür karvanında, yolların sonsuzluğunu, göylərin-ənginliklərin hüdudsuzluğunu bizə göstərən.
Elə isə nədən bəndələri Tanrıdan xəyallar yox, qanadlar diləyir?!
T.Nurəli göylərə - Bədirlənmiş Aya üz tutan yalqız qurdun nəğməsini yazır. Bədirlənmiş Ay üzütək qurd ağzı da mübarək!
14.04.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!