Hədiyyə ŞƏFAQƏT
***
Bir dəfə atam ağac əkəcəkdi, çala qazırdı. Çala hazır olanda anam o yandan boylanıb: "Qüvvət olsun", - dedi, "nə əkəcəksən?" Atam: "Ərik", - dedi. Anam başını qaldırıb başımızın üstünü almağa hazırlaşan ağacın çətirinə baxdı, "olmaz", - dedi, "qozun kölgəsi əriyi yeyər". Atam bir çalaya, bir ərik fidanına, bir üzüyuxarı baxdı, "düzdür", - dedi, "bura yeri deyil".
Əriyi başqa yerə əkdik, sonra atam əvvəlki çalanı doldurası oldu ki, gəzəndə ayağımız düşüb yıxılmayaq. Çıxartdığı torpağı qaytarıb çalaya tökdü, çala doldu, torpaq artıq qaldı, atam üstünə çıxıb basdaladı (güya torpaq bir az kənarda qalsaydı nə olacaqdı), çalanın üstü yenə təpəcik kimiydi. Atam onda "özündən çıxan özünə sığışmır" deyə bir cümlə işlətdi və o cümlə yaddaşımın kor quyusuna düşüb bəlkə də qırx il sonra üzə çıxmaq üçün qaldı orda.
Söz yox, çaladan çıxan bir ovuc torpaq dağ kimi üzdə qalmayacaqdı. Üstündən gün keçdikcə, ay keçdikcə əridi, əridi, qarışdı getdi. Amma atamın hələ dörd-beş yaşımda dediyi həmin o cümlə mənim üçün uzun illər çala - quyu ifadəsinin ən dəqiq ((özündən) çıxmaq) izahı oldu.
***
Halbuki quyu öyrədilmiş, necə deyərlər, tərbiyələndirilmiş yaddaşda "çıxmaq"la deyil, "düşmək"lə assosiasiya olunur və dili yüyrək əhvalatların - nağılların təsiriylə quyuya əsasən aşağıdan yuxarı deyil, yuxarıdan aşağı baxırıq. Quyunun özünü isə, deyəsən, heç görmək də istəməmişik. Bizi həmişə iki şey maraqlandırıb - quyudakını çıxartmaq, quyudan çıxmaq. Şübhəsiz, quyudan çıxmaq aşağıdan yuxarı baxmaqdır, hər iki halda məsələ xeyli dərindir, hardan, hansı düşüncənin işığını salıb boylanacağımızdan asılı olaraq quyudan nə desən çıxartmaq olar. Həmçinin quyudan nə ilə də desən çıxa da bilərik. Quyunun dibi əslində dib-son deyilsə, növbəti mərhələ, səbəb, orta başlanğıc, işıqlı dünyayla qaranlıq dünya arasındakı nöqtədirsə; üstəlik, burada haranın işıqlı, haranın qaranlıq dünya olması düşüncəmizin dərinliyində aydınlaşan, ya da aydınlaşdırmadan haqqında fikirləşdiyimiz, cavab tapdığımız halda əskik qalacağımızı, daha nə axtaracağımızı bilməyəcəyimizi, mövcudluğumuza məna yükləməyi bacarmayacağımızı bildiyimiz mövzudursa.
***
Mifik yaddaşın əsas nöqtələrində həmişə bir (minlərlə) quyu dayanır. Yusifin salındığı quyu... Qəhrəmanın atıldığı quyu... Məlikməmmədin düşdüyü, Gözəlin Saçından Asıldığı quyu... - yox, burda məsələ dəyişir axı, saçından asılan gözəllə quyunun dibində rastlaşmırıq, nə yuxarıdan baxanda, nə dibinə enəndə onun orda olduğundan xəbər tuta bilmirik. Quyunun ağzından girib dibinə çatanda bir yol görürük, o yol bizi gözəlin saçından asıldığı yerə, yəni divin yuvasına aparır. Quyu - Divin (nəhəngin (nəhəng düşüncənin)) Saçından Asılan Gözəllə (burada "mətn" deyəcəyik) birlikdə olduğu, gözdən-könüldən uzaq, insan ayağı dəyməyəcək, gözü görməyəcək, əli uzanmayacaq yerdir. Ta ki çağırılmamış qonaq - Məlikməmməd ("müəllif" ola bilərdi...) gəlib çıxana qədər.
***
Məlikməmməd atasının (Tanrının) sevimli, qardaşlarının paxıllığını çəkdiyi (paxıllıq əsasən başqa nağıllarda da baş roldadır), bir qədər zərif, kobud təfəkkürlə yan-yanaykən cılız bədənli, güclü qardaşlarından fərqli olaraq canını ağrıtmaq bahasına (barmağını yarıb duz basmaqla) da olsa oyaq qalıb almanı - əbədi həyatın sirrini Ataya gətirən kəsdir.
***
...Hadisə elə burda da tamamlana bilərdi, tamamlana bilərdi, amma nağıl olmazdı, nağıl olmayan mətləbinsə sirri Məlikməmməd o sirrin (Divin) dalıyca quyuya düşməsəydi yer altında qalacaqdı. Düşüncə tərzi, daha doğrusu, epik düşüncə forması Divi tapıb öldürməyi qarşıya məqsəd qoyarkən əsrlərin, minillərin o üzündəki insan xislətini işıqlandırır. Divin axtarılması onu məhv etməyi hədəfləyir. Burada onu tapmaq, öyrənmək, dinləmək, poetik şəkildə ifadə etsək, dünyaya onun gözündən baxmaq nağılçının yadına düşmür. Elə buna görə də axtarışa çıxan Məlikməmmədin obrazını püxtələşdirəcək, onu öldürən deyil, axtaran obrazına salacaq arzunun olmaması kəskin şəkildə üzə çıxır. Bununla birlikdə onun igidliyinin əslində təsadüfən ("yandım-yandım" desə də qardaşları onu yuxarı çəkməyəcəklər) baş tutduğu gözdən yayınır, dövrümüzədək məğzi dəyişməz qalan iblisanə parıltı dinləyicinin gözlərini qamaşdırır.
Ya da məhz bunu istəyən dinləyicinin...
***
Məlikməmməd müəllifə çevrilmir, o, nağıl qəhrəmanı olmağa davam edəcək...
Bu yerdən sonra kəskin ziddiyyət yaranır. Lakin qəhrəmanlıq, igidlik, vurub-yıxmaq, qan axıtmaq, can almaq axtarışında olan nağıl dinləyicisinin bu ziddiyyəti görməsi mümkünsüzdür. Quyunun özü bütövlükdə başqa bir aləmdir, yer üzündəkilərin bundan xəbərsiz ona talan olunacaq kor, qaranlıq, daş-qaş və gözəllər xəzinəsi kimi yanaşması təəssüf doğursa da, babaların fikrində heç nəyi dəyişə bilməzsən, necə deyərlər, çox gecdir. Nə o quyunun dibindən başlanan Yol, nə o Qapı, nə ordakı Otaq nağılçını məqsədindən döndərməyə qadir olmur. Nağılçı nə axtarmağa getdiyinə hələ ilk kəlmə dilindən çıxmadan qərar verib, baxışları dinləyicinin gözünü qamaşdıracaq "başqa məsələlərə" o qədər zillənib ki, Quyudakı həqiqi xəzinənin canını alacaq, daş-qaşı və Saçından Asılan Gözəli (əslindəsə, apardığı o deyil..) götürüb gedəcək...
***
Amma Quyu nağılçının bütün cəhdlərinə baxmayaraq sirrinin nəhəngliyini hətta düşmən qələmində də göstərir. Bütün ştrixləriylə yeraltı dünyada yalnız dərin qatlara enən, - üstəlik, burda kəndiri paxıl qardaşlarımızın kəsməsinə ehtiyac yoxdur, heç kəndirə də ehtiyac yoxdur, - fikrin heyrətində ancaq Yol və Yolçuluq görünür. Amma onu kimlər görəcəklər?..
Məlikməmmədin nağılı dildən-dilə Saçından Asılan qızı üç otaqda üç divə qulluq edən üç gözələ dəyişən, divləri öldürən, daş-qaşı götürüb "aradan çıxan", düşüncəni bəsitləşdirən, mifik təfəkkürün səthiliyində məğzimizi üzümüzə çırpan bir əhvalatdır. Burada Quyunun kölgədə qalması təbiidir, onsuz da bu nağıl Quyunun və Divin mənasını çatdırmağa qadir deyil. Nağılçı bunu nəinki istəmir, heç ağlından da keçirməyib...
Divin ölümündən sonra Quyuda baş verənlər yüngül macəra, sərgüzəşt, yerüstü səltənətdə hamının başını elə bu gün də qatan bəzək-düzəkli uzuc əhvalatlardan biridir. Mübarizə, intiqam, qisas, sonda ta əvvəldən qəhrəman seçilmiş şəxsin başına qonan xoşbəxtlik quşu...
Bəzən bir qədər empati qurmaq, nağılçının bəzən çox sezilməmiş olsa da, müəllifi yaratmağa cəhd etdiyini, amma sanki kiminsə ağzından vurub onu daha maraqla, ağzıaçıq dinləyə biləcəyi, bəlkə də öz fikrindəki, eşitmək istədiyi əhvalata qaytardığını yazmaq istəyirəm. Amma özü imkan vermir, ədalətimin qarşısını istehzalı, müdrikanə təbəssümüylə kəsib əlini yelləyir: "Get görüm işinə...".
Hər şey həmişə var və elə ordadır - Ata da, Alma da, Məlikməmməd də, Quyu da. Div də, Saçından Asılan Qız da. Amma müəllif yoxdur, müəllif olmadıqca da mətləblər darmadağın olmuş halda, xarabaxana, o Quyu bütün yerüstü aləmə Kor-dur.
Nağılçı tələb qarşısında təslim olub, hamını razı salmaq başın dincliyi, daha böyük auditoriya, şan-şöhrət, hörmət və rahatlıq deməkdir. Bəlkə də nağılçı yoxdur, onu elə həmin tələbin sahibləri ürəklərində yaradıb, birləşdirib, əzalarını bir yerə yığıb danışacağı nağılın mətnini də yazıb əlinə veriblər. Bəlkə də o nağılçı insan mədəniyyətinin ortaya çıxartdığı ilk kukla, ilk robotdur, yüklənmiş proqramdan kənara çıxmır.
Özündən çıxanı özünə qaytarmaq cəhdi də olmayacaq, çünki nağılçının o quyudan çıxardıqları yer üzü ehtiraslarının maddiləşdirilmiş inikası, onları ordan çıxartmaq yer üzü - səthi insan acgözlüyünün qələbəsidir.
Söz yox, daş-qaşdan (dünya malından) və gözəl qızlardan (yüngül ehtiraslardan) təmizlənmiş quyu daha müqəddəsdir. Div isə.. Narahat olmağa dəyməz. Divlər həmişə Quyuda, canı qırılmayan şüşədədir, paxıl qardaşlarının məkriylə hara gəlib düşdüyündən xəbərsiz qalacaq, yəni Müəllif olmaq lütfündən uzaq Məlikməmmədi yox, əyilib gizlincə "İskəndərin buynuzu var, buynuzu" pıçıldayan kəsi gözləyir - amma bu və başqa şeylər barədə gələn dəfə..
Ardı var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!