Hər şey yaxşı olacaq - Rauf Aslanovun 65 yaşına - Səlim Babullaoğlu yazır

 

 

Dövlət idarəetmə sistemi ilə qələm adamları arasında həm də "bufer zonası" rolunu oynayan Azərbaycan Yazıçılar Birliyi "çətin" təşkilatdır. İki səbəbin birincisini əvvəlki cümlədə yazdım, ikincisi budur ki, 20 ildir işlədiyim bu təşkilatda istedadlı və özünü istedadlı bilən adamlar çoxdur. Bu cür çoxluğun isə, Romen Rollanın sözü ilə desək, bütün işləri - yaxşılığı da, pisliyi də istedadlı olur, yaxud "istedadlı" görünməlidir. Və belə adamların toplandığı təşkilatımız, kim bilməsə də, bilənlər bilir ki, gözəgörünməz sərhədlə 2 hissəyə ayrılıb. Birinci hissə ciblərində Birliyin qırmızı vəsiqəsini gəzdirən üzvlərdən, ikinci hissə isə onların "istedadlı və romantik" kapriz, istək, tələb və bəzən də demaqogiyasını rasional məcraya yönəldən aparat işçilərindən ibarətdir. Onların başında Rauf Aslanov dayanır. Yüksək həssaslığı, diqqətcilliyi, istənilən bürokratik əngələ və məsələyə anında nüfuz edə bilməsi ilə. Hərdən fikirləşirəm ki, Rauf Aslanovun bu işlər üçün "şparqalkası", "vurma cədvəli" var.

Azərbaycan Yazıçılar Birliyinin sədri ilə ən uzun "birgə işləmə" praktikası olan Rauf müəllimin, məncə, ən dəyərli keyfiyyətlərindən biri onun istənilən işlə bağlı atdığı addımlarda və verdiyi qərarlarda Anar müəllimin meyarlarını nəzərə almasıdır; bu meyarlar isə zamanın sınağından çıxmış, özünü doğrultmuş ədalətli meyarlardır; hərdən mənə elə gəlir ki, Rauf Aslanov bir işi görməmişdən əvvəl hansısa telepatik imkanla Xalq yazıçısı Anarla əlaqə qurur, məsləhətləşir, yalnız sonra qərar verir.

Tez-tez deyir ki, mən yazıçı deyiləm, yazıçılara xidmət edirəm. Düz deyir və inanın, bunu əksəriyyət nə deyə, nə də eləyə bilər. Amma yazıçı olmayan Rauf Aslanov çox asanlıqla və çox dəqiqliklə bir "ədəbiyyat və mədəniyyət məmuruna" filankəsin heç özü yazıçı deyil, sən isə onun "nəbilimnəyinə" (oxu: arvadına, qızına, oğluna) "nəbilimnəyi" vermək istəyirsən - deyir.

Rauf Aslanov - istənilən başqa dövlət və hökumət qurumu qarşısında həm Yazıçılar Birliyinin, həm də onun rəhbərliyinin, xüsusən Anar müəllimin nüfuzunu, avtoritetini qoruyan ən sədaqətli adamdır, təəssüf ki, bəzən bunu anlamırlar.

Rauf Aslanovla tanışlığımız 20 il olar, parlamentdə Anar müəllimlə bərabər işləyirdi, mədəniyyət komissiyasında. Komissiyada müzakirə edilən bir məsələ ilə bağlı məşvərətlərə gənc ədəbiyyatçı kimi biz də qatılmışdıq, elə o vaxtlar da tanış olduq.  Həminki çalışqanlığı, işgüzarlığı eyni cür qalıb.

Və nədənsə, mənə elə gəlir ki, Rauf Aslanovun görkəmi də bu illər ərzində heç dəyişməyib: yenə də gözləri-baxışları bir yerdə dayanmır, oyur-oyur oynayır, yenə fikri-xəyalı hansısa məsələni həll etməklə məşğuldur; bircə saçlarının rəngi dəyişib.

Rauf Aslanov səliqəli adamdır. Zabit səliqəsi var onda. Geyimində də, davranışında da. İşə hamıdan tez gəlib, hamıdan gecə gedir. Qeydləri, iş gündəliyi daim sahmanlıdır. Ona verilən heç bir sənəd, hətta əl boyda kağıza yazılmış qeyd belə itmir. İtirsə, demək nəsə düz deyilmiş və həmin kağız öz "qürbət aqibətinə" layiqdir.

Zövqlə geyinir, "brend, marka" aludəçisidir. Yazıçı olmasa da romantik ab-havası olan yarımqaranlıq restoranları sevir. Siz onu Moskvanın, Kiyevin (heç olmasa bu iki şəhərin adını elə bu yazıda yanbayan yazıb atəşkəs elan eləyim), Kişinyovun əsas küçələrində şəstlə, asudə yeridiyini görəsiniz hələ.  Rauf Aslanov üçün münasibət qurmaq (hətta qığılcım yaradıb bu münasibəti alovlandırmaq da) an məsələsidir.

Əgər çətinliyiniz varsa, Allah eləməmiş xəstələnmisinizsə, Rauf müəllimlə söhbət edin. Ondakı pozitivlik, xeyirxah əminlik ən mürəkkəb xəstəliyə qalib gəlməyinizə ciddi kömək olacaq.

Rauf Aslanov övladını, nəvələrini çox sevir: birgə getdiyimiz Moldova səfərindən geri dönəndə, qız nəvəsi ilə hava limanında az qala qaçdı-tutdu oynayırdı; onda düşünürdüm, indi isə əminəm ki, bu hərəkəti eləmək üçün içindəki uşağı bütün ömrü boyu qorumalısan.

Rauf Aslanov (və xanımı, əlbəttə) Rasim kimi gözəl övlad böyüdüblər. Ədəbli, əxlaqlı, mədəni, savadlı. Hazır diplomatdı.

Azərbaycan Yazıçılar Birliyi kimi "çətin" bir təşkilatda hamını fikirləşən Rauf Aslanovu mən tez-tez fikirli də görmüşəm. Niyəsini burda yazmaq istəmirəm. 65 yaşı tamam olan Rauf müəllimə elə onun öz sözləri ilə indilik yalnız bir şeyi deyirəm: "Hər şey yaxşı olacaq".

Çox yaşa, Rauf müəllim!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!