Mağaranın divarına yazılan şeir - Cahan SEYİDZADƏ

 

Yorğunam.

Yaralıyam.

Qorxuram.

Yaxşı ki, bu mağaranın yerini unutmamışam.

İllər əvvəl tərk edib getdiyim kimidir.

Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,

                        həmin qaranlıq ab-hava.

Axırıncı dəfə gələndə isinmək üçün

                        qaladığım ocağın izləri də hələ qalıb.

Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.

Yanılmışdım.

Hər insan kimi.

Çünki bir gün hamı öz mağarasına geri qayıdır.

Çünki ora bizim əbədi sığınacaq yerimizdir.

Özümüzlə baş-başa qaldığımız və yaralarımızı

                        sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.

Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.

Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:

 

Hər fırtına gəlməmişdən əvvəl

öz sakitliyini göndərir

bəzi yaralar ən çox sağalandan sonra

göynədir...

 

Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,

Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.

Saçlarının ətri yayılar evlərə,

insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar

sevdiklərinə.

Sonra əllərini uçurarıq səmaya

qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.

 

Dünyada savaşlar oldu, balaca;

insanlar savaşdılar...

Yaxşı dost olacaq ikən,

sevgili olacaq ikən,

qarşı-qarşıya dayandılar.

Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb

birlikdə qorunmuşdu təhlükələrdən.

Əcdadları bir mağaraya sığan insanlar

                        nəhəng bir dünyaya sığışa bilmədilər.

Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...

Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...

 

Onda balaca bir mamont balası

gülümsəmişdi istehzayla:

həyatda hər şey vərdişdir,

ovlamağa bir şey tapmayanda

özünüzü ovlamağa başlayacaqsınız

özünüzə çevriləcək silahlarınız.

 

Bu nağıl deyil, balaca.

Mamont balaları da gülümsəyə bilir, inan...

Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,

gülümsəyə də bilir...

 

Mən bapbalaca bir saman çöpündən də

yapışardım, balaca.

Böyüdərdim, böyüdərdim, dünyanın ən

nəhəng çinarı edərdim onu gözümdə,

əgər getməsəydin...

 

İndi isə

özündən ağır yükü aparmağa çalışan

balaca qarışqayam

həm də bir az başqayam.

 

Pişiklərlə danışıb,

çiçəklərə gülürəm,

insanlardan daha çox

ağacları sevirəəəəmmmm.

 

Gözlərimi dikirəm

Günəşin gözlərinə

Soruşuram: İnsanın

bu dünyayla dərdi nə?!

 

Özümü maşınların önünə

Parkda gəzişən insanların qarşısına atıb

Qışqırmaq istəyirəm:

Anidən baş verəcək hər şey,

anidən.

Birinin ağlında xatirəyə çevriləcəksiniz,

birinin evində əşyaya.

Bir də gəlmək şansınız olmayacaq dünyaya

Onunçün də gec olmadan

qollarınızı açın səmaya

qucaqlayın Günəşi,

Yaşayın doya-doya!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!