Mənim 65-im... - Mehman QARAXANOĞLU

 

Mən də 65-ə çatdım... İstəmədən oldu. Elə bil kimsə məni nagahan götürüb 65-in içərisinə - hava şarına atdı. 65-lə səyahətimin baş tutub tutmayacağını qabaqcadan deyə bilmərəm. Amma biletimin də, yol çantamın da hazır olduğuna əminəm...

Mənimçün ən depressiv an geriyə boylanışdı. Axı, nə var orada? Atam, anam, qardaş-bacılarım, sevdiklərim, sevmədiklərim, bəzi dostlarım, uşaqlığım?! Onlar onsuz da yoxdurlar. Və boylanışımın da bir qara qəpiklik mənası yoxdur. Əgər geri yoxdursa, irəli də yoxdur demək. Bəs əkib-becərmək üçün götürdüyüm diskurs sahəsini necə doldurum? "İndi" də dayanıb ovcumda olan toxumluq dəni - yazı işarələrini keçmiş və gələcəyə necə dağıdım?

Aksiomadır, belə çıxılmazlıqlarda adama kömək edə biləcək yeganə nəsnə xatirələr ola bilər. "Xatirələr"in "keçmiş"lə sinonim, "gələcək"lə isə simvolik antonim olduğunu nəzərə alsaq, onda yalnız keçmişlə qabaq-qənşər olacağıma şəkk-şübhə yeri qalmır. Heç "qabaq-qənşər" də yerinə düşmür. Real tablo belədir: Keçmiş qəddarcasına mənə arxa çevirib! İndi burada sizə deyəcəklərim də onun qarasınca söyləntilərimdir.

Gözlərimi bərk-bərk yumuram ki, yaddaşımda adda-budda qalan uşaqlıq kadrları məni tanımadan gəlib keçsin. Deyəsən, biz ölümün qarşısında da eyni ayini icra edirik...

Nə vaxtsa yazmışdım: "Zaman keçə-keçə yazdıqlarımız məhz bizə məxsus olan bumbuz xatirələr saxlancına və ya səfeh bir tarixə çevrilir. Oxucuların onlardan nə kimi bədii-estetik zövq alacağı heç vecimizə də olmur. Ədəbiyyatın bu cür qəddar tərəfləri də vardır".

Bu dəqiqə mən gözlərimi ona görə yummuşam ki, həmin səfeh, hoqqabaz tarixə yuvarlanım. Və ya kimsə məni o dibsiz uçuruma yuvarlatsın...

Rica edirəm, bir az aralı durun.

Bunu özüm edəcəyəm...

Zaman-zaman qurğuşun kimi daxilimə çökən emosional qavramlar günlərin bir günü bənd-bərəni yıxıb "zühur" eləməliydi...

Uşaqlıqda nadir hallarda sevinəcəyim nəsnələrdən biri də kəndimizin içindən keçib dənizə tələsən dağ çayına sel-suyun gəlməsi olardı. Dostlarımla bu xəbəri tezcənə tanış-bilişlərimə verməyə can atardıq. Bu daha çox yaz və qışın əvvəllərinə düşərdi. Belə məlum olardı ki, barmaqla sayılası xoşbəxtliklərimin iki və ya üçünün tarixçəsi, məkanı irəlicədən bilinərdi. Ən azından, balıq mövsümü başlardı.

Və bir az əvvəl qupquru taxaca dönən çayın gözlənilmədən dolu qadınlar kimi yançalarını əsdirə-əsdirə nəhəng və zəhmli bir varlığa - Xəzərə canatımı qəribə hisslər oyadardı adamda. Qadının möhtəşəm hikkəsi burada da öz işini görərdi; yolboyu yarğanlardan nəsə qoparmayınca, aram olmazdı...

Marina Svetayevanın ilk şeirlər kitabı "Axşam albomu" adlanır. Tədqiqatçıların bu adın mistik simvolikasına diqqət edib etmədikləri haqqında heç nə eşitməmişəm. Marinanın həyatı həm işıq (mələklik), həm də zülmətdən (şeytanilikdən) tam doymayan axşam toranlığı kimidir.

Sürücülər də axşam toranlığında yola çıxmağı məsləhət görmürlər. Gətirdikləri arqument də çox maraqlıdır: "Hələ asfalt işıqdan doymayıb". Mən də işıq və zülmətdən hələ tam doymayan bir ədəbi cameənin içərisindəyəm. Ona görə də hər şeyi hər dəfə sıfırdan başlamalı oluram...

Həyətə tökülmüş qum və çınqılqarışıq bic çay daşları nəm torpaqda öz yerlərini şahmat taxtasındakı fiqurlar kimi "ustalıq"la tuturlar. Ətrafında hə baş verdiyini anlamayan xırda, yalqız daşciyəzlər isə qalıb ortada. Deyəsən, onların halal yerini də başqaları tutub. Bir azdan onları kimsə ayaqları ilə vurub kənara tullayacaq. Təxminən belə bir tablo...

Məhz həmin təpiklər və onların əmələ gətirdiyi əziz qançır izləri çətinliklərə qarşı immunitetimi artırdı. Və "kənar" adlandırılan həmin yerlər də mənə çox doğma göründü. Məhz o yerlərdən öz-özümə pıçıldadım:

Ədəbiyyat, kürəyinə nizə sancılmış korrida öküzüdür. Amanın günüdür, qırmızı donlu balalarını onun qarşısına çıxarma!

Dayan, 40-cı qapının ağzında sən də dayan! Fəqət heç bir zaman içəri keçmə! Sən şairsən, nağıl qəhrəmanı deyilsən!

Divin (Mətnin) canının şüşədə olduğunu biləndən sonra əjdahaya dönüb özündən çıxma! Metaforların ayaqlarını "qıdıqlama", qoy onlar yuxulu-yuxulu sənin üstünə yeriməsinlər.

Heç kəsdən ənam gözləmə! Bütün gözləntilərini xarakiri et!

Sözlər də qadınlar kimidir, onların arxasınca düşüb uzaqlara getmə! Onlar səni xoşbəxt eləməyəcəklər. Xoşbəxtlik sözlərdən çox-çox əvvəl olub!

Və həmişə 13-dən başla - insanların qorxduğu yerdən...

Qəribə görünsə də, "absurd qəhrəman" (Kamyu) Sizifi çox sevirəm. Onun nəticəyə "hesablanmayan" işinin alternativsizliyi məni heyran edir. Kamyu əsas diqqətini daş dağın ətəyinə dığırlanandan sonra yaranmış sükuta və Sizifin keçirdiyi iztiraba yönəldir. Qeyd edir ki, burada Sizif yox, daş qələbə çalır. Mən isə hər ikisinin qələbəsini qəbul edirəm; daşın da, Sizifin də...

Soyuğa davamlı, su keçirməyən alpinist gödəkcələrinin hazırlanma prosesi ən azı otuz beş mərhələdən keçir. Lap sonda "işgəncə otağı"ndakı qəddar testlərdən sonra onlar həyata vəsiqə alırlar. Diskurs da belədir. Onun həyatda qalıb qalmaması yunan himayə simvolu Egidadan deyil, sürəkli müəllif "təqibləri"ndən asılıdır. Əgər sonda diskursu öz əlləriylə işgəncə otağına qəddarcasına itələyib müqavimət dərəcəsini bilmək istəmirsə, vay o müəllifin halına; bu, özünü müticəsinə oxucu rəyinə tabe elətdirib, ondan absurd nəsə gözləmək kimi bir şeydi...

Yazdığım mətnlərə, istər kiçik, ya da böyük olsun, fərqi yoxdur, bu cür yanaşmağa çalışıram. Həm də incəsənətin sonsuz pəncərəsindən, geniş rakurslarından...

Çevrəsində heç bir ins-cinsin olmadığı tənha ağaclar daha çox payızda xoşbəxt olurlar; onların ağrıları canlarından bir-bir qopub, heç bir yad ağrıya qarışıb eləmədən tökülür yerə. Əsl monoton ağrı harmoniyası...

Bu, əladır! Ən azından, ildə bir dəfə xoşbəxtliyin vardır. Onda bəs bütün fəsillərin məşəqqətlərini süngər kimi içinə çəkən simfonizm harada qaldı?! Bax, mətnlərimdə buna can atıram...

Ustadlarımın üstümdə haqq-sayı çoxdur. Lap çox... Adlarını çəksəm, uzun bir siyahı alınacaq. Dünyasını dəyişmiş üç böyük şəxsiyyətin adını çəkmək istəyirəm: İsmayıl Şıxlı, İsrail Mustafayev və Əhəd Muxtar...

Ruhları şad olsun!

Günlərin bir günü Kamal müəllim gözlənilmədən dedi: "- Mehman, mən ona sevinmirəm ki, haqqımda az-çox nəsə yazırsan. Daha çox ona sevinirəm ki, sənin imzan ədəbi cameədə get-gedə parlayır". Ustadlarımdan hər birinin bu cür düşündüyünə qəlbən inanıram.

Dünya durduqca duran bir Ustadım da vardır: Mirzə Cəlil! Əbədiyaşar Cəlil Məmmədquluzadəni haçan sevdim, hansı situasiyada necə vurğununa çevrildim, bilmirəm. Elə bil ömrümün bütün "götür-qoy"ları, "yır-yığış"ları, "görünən" təpələri aşıb "görünməz"lərə doğru canatımları bu sevginin başındaymış. Elə bil nəhayətsiz bir naməlumluq məni gün kimi aydın olan o sevgiyə kodlaşdırırmış...

Sonra ən "ağır" sınaqlar gəlib çatacaqdı - o kodları "açmaq" da vardı... Bir də sevgi təftiş olunmur, axı. Və bir də məndən də kimsə soruşacaqdı onu niyə sevdiyimi.

O, nəhayətsiz sevginin xırdaca bir proloqudur "Mirzə Cəlil yanğısı" kitabım. Sağlıq olsun...

Məşhur fransız realist rəssamı Qustav Kurbenin (1819-1877) belə bir əsəri vardır: "Ornanda dəfn". Əsərdə romantizmdən əsər-əlamət yoxdur, sırf realistik üslubdadır. Hətta deyərdim ki, hiperrealizm üslubunda. Dəfn olunan, rəssamın böyük əmisi idi. Amma dəfnə toplaşanların sir-sifətlərində qüssədən daha çox süst ironik bir ifadə vardır; karikaturaya xas olan cizgilər fonunda. Burada çirkinlik estetik sənət səviyyəsinə qaldırılır. Sənətşünaslar bu rəsmi həm də "romantizmin dəfni" kimi qəbul edirlər. Ağlıma Mirzə Cəlilin "Ölülər" əsərindəki məşhur səhnə - Şeyxin ölüləri diriltmək səhnəsi gəlir. Eybəcərlik estetikasının bundan o tərəfi yoxdur. Biz də Mirzəni məhz bu məkanda - romantizmin dəfn olunduğu yerdə axtarmalıyıq...

Qız, divin canının şüşədə olması sirrini açarkən dünyanın ən böyük ləçərliyinə yol vermiş olur. Qadına uyub quşun başını üzən Məlikməmməd də Habili öldürən Qabil qədər qatildir.

İnsan öz qəddarlığının həddini aşarkən rahat olur. Xatırlayın: Divin yalvarışlarına məhəl qoymayan Məlikməmməd onu öldürəndən sonra qəribə bir soyuqqanlıqla başını qızın dizinə (məhz dizinə!) qoyub yatır...

...Və mənin 65-im də qızın və Məlikməmmədin gördüyü işi görüb...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!