Azərbaycan çoxmillətli ölkədir və onlarca xalqın birgə yaşadığı bu ölkədə etnik-milli münasibətlərin tənzimlənməsi ayrı-ayrı xalqların milli mentalitetinə həssas münasibət, psixologiyasına dərin bələdlik və mədəni ənənələrinə diqqətli yanaşma tələb edir. Ona görə də sovet rejimi zamanı ölkədaxili siyasətin əsas istiqamətlərindən biri xalqlar arasındakı münasibətlərdə zahirən də olsa, ayrı-seçkiliyə yol verməmək idi. Amma xalqlar dostluğu probleminin bolşevik həlli üsulu onun daha çox ört-basdır edilməsinə yönəldilmişdi və odur ki, rejim yıxılan kimi bu problemin bütün gücü ilə üzə çıxması qanunauyğun idi.
Xalqlar dostluğu probleminin uğurlu həlli hazırda məsələyə saxta nəzakət və mehribanlıq pərdəsi altında gizlədilən riyakarlıqdan uzaq münasibət tələb edir. Dövlətimizin apardığı demokratik prinsiplərə söykənən daxili siyasət nəticəsində Azərbaycan hər cür dini və milli ayrı-seçkilikdən uzaq, dünyanın ən tolerant ölkələrindən birinə çevrilib. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində belə deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar...". O, Azərbaycanın gələcək rifah və müqəddəratını bərabərhüquqlu xalqların dinc yanaşı yaşamasına əsaslanan azərbaycançılıq ideologiyasında görərək əlavə edirdi: "Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşümdür...".
Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycanı multikulturalizmin vətəninə çevirməsi onun siyasi, iqtisadi və mədəni sahələrdə olduğu kimi, milli azlıqlar məsələsində də Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərir. Təsadüfi deyil ki, 15 iyun 2014-cü ildə Respublika Prezidentinin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı ildə verilən Sərəncamla isə 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. Prezident İlham Əliyev özünün çoxsaylı çıxış və müsahibələrində tolerantlıq və multikulturalizmi haqlı olaraq Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə edir. Bu gün respublikamızda xalqlar arasındakı münasibətlərin azadlıq, bərabərlik və qardaşlıq kimi ali dəyərlər əsasında tənzimlənməsi cənab Prezidentimizin milli azlıqlar məsələsinə humanist, həssas və diqqətli yanaşmasının göstəricisidir.
Amma keçid dövrünü təzə başa vurmuş, müharibədən çıxmış bir ölkədə xalqlar arasındakı münasibətlərin uğurla tənzimlənməsi təkcə dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının borcudur. Bu baxımdan ziyalılarımızın, xüsusilə də şair və yazıçılarımızın üzərinə xüsusi məsuliyyət düşür. Məşhur şair, rus vətəndaşlıq poeziyasının bayraqdarı Nekrasovun öz qələm dostlarına xitabən dediyi kimi, sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan.
Hər bir ziyalının vətən və xalq qarşısındakı borcunu dərk etməsi hazırkı beynəlxalq münasibətlər şəraitində xüsusilə böyük əhəmiyyət daşıyır. Xoşdur ki, xalq və ölkə qarşısında borcunu dərindən dərk edən və bu müqəddəs duyğudan ilhamlanaraq gözəl əsərlər yazan şairlərimiz var və onlardan biri də istedadına güvəndiyim, vətənpərvərliyindən duyğulandığım Vəli Qaraçaylıdır.
Mən sizə Vəli Qaraçaylının Azərbaycanda yaşayan xalqların mənəvi birliyi mövzusunda yazılmış "Dəmir yumruq" şeirindən danışmaq istəyirəm. Bu mövzudan sovet dövründə də, indi də yazan şairlərimiz az deyil. Mən bu məsələdə niyə məhz Vəli Qaraçaylı imzası üzərində dayanıram? Bilavasitə işimlə bağlı olaraq müvafiq mövzuda yazılan əsərlərə bələd bir şəxs kimi deyə bilərəm ki, Vəlinin "Dəmir yumruq" şeirinin eyni mövzuya həsr olunmuş digər şeirlərdən bir vacib fərqi və mən deyərdim ki, üstünlüyü var. İndiyə qədərki müəlliflər Azərbaycanda yaşayan bu və ya digər xalqın adət-ənənəsi, qəhrəmanlığı, tarixini təsvir və tərənnüm ediblər. Vəli Qaraçaylının şeirindən isə poeziyamız tarixində ilk dəfə olaraq bir şeir daxilində Azərbaycanda yaşayan iyirmi xalqın adı keçir: türk, talış, kürd, ləzgi, rus, gürcü, yəhudi, udin, avar, saxur, ingiloy, malakan, tat, cek, haput, assur, rutull, qaraçı, əlik, buduk, yergüc. S.Vurğunun məşhur "Ananın öyüdü" şeirində faşizmə qarşı mübarizəyə çağırış ideyası səsləndiyi kimi, "Dəmir yumruq" şeirində də xalqlarımızın vətən torpağına göz dikən erməni faşizminə qarşı mübarizədə dərmir yumruq kimi birləşməsi ideyası ön plana çıxarılır.
Dostluq və qardaşlıq haqqında himn olan bu şeiri şərti olaraq üç hissəyə bölmək olar. "Yaranandan daima dərd-sərimiz bir olub" deyən şair öz şeirinə ölkə ərazisində yaşayan xalqların tarixi taleyi və müqəddəratının birliyinə dair fikirlə başlayır. Bunu şeirin nəzəri girişi adlandırmaq olar. Şeirin həcmcə ən böyük yer tutan ikinci hissəsində Vəli Qaraçaylı adıkeçən xalqların tarixi qəhrəmanlığı və zəfərlə başa vurduğumuz Qarabağ savaşındakı sarsılmaz birliyindən danışır. Nəhayət, şeirin üçüncü hissəsi xalqlarımızın əbədi birliyi və qardaşlığına dair yüksək vətənpərvərlik notları üzərində köklənmiş alqış-duasından ibarətdir:
Bu tolerant ölkəmə,
Ulu Tanrım yar olsun!
Azərbaycan adlanan
Vətənimiz var olsun!
Ədəbiyyatın, şeirin əsas gücü onun xalqın həyatı ilə nəfəs alması, zamanın qarşıya çıxardığı aktual suallara ümummilli taleyüklü mövqedən vaxtında və sərrast cavab verməsidir. İstedadlı və vətənpərvər şair Vəli Qaraçaylının "Dəmir yumruq" şeiri öz müəllifinin zaman qarşısındakı borcunu yerinə yetirmək cəhdinin diqqətəlayiq nümunəsidir. Məncə, bəstəkarlarımız bu şeirə musiqi bəstələməli, o, bir nəğmə kimi dillərdə-ağızlarda dolaşmalı, gənc nəslin dostluq və qardaşlıq ruhunda tərbiyəsi işinə öz töhfəsini verməlidir. Bu şeir haqqında xüsusi bir yazı ilə "Ədəbiyyat qəzeti" redaksiyası və qəzetin çoxmilyonlu oxucularına müraciətimin əsas səbəbi də məhz onun qeyd etdiyim məziyyətləridir. İstedadlı qələm dostumuz Vəli Qaraçaylıya yeni yaradıcılıq uğurları, xalqlarımıza maddi və mənəvi rifah işində keçən həyat, zamanın qarşıya çıxardığı problemlər qarşısında bu gün olduğu kimi gələcəkdə də dəmir yumruq kimi birləşməyi arzu edirəm.
Dərin hörmətlə...
12.02.2022
Vəli QARAÇAYLI
Dəmir yumruq
Aramızda olanlar
Yadlar üçün sirr olub.
Yaranandan hər zaman
Dərd-sərimiz bir olub.
Birləşmişik yumruqtək,
Bəyan edim bir daha.
Vətənin dar günündə
Sarılmışıq silaha.
Türk oğluna arxadı
Onun Udin sirdaşı.
Silahından od saçır
İgid Talış qardaşı.
Qurban olum Ləzgitək,
Cəsur vətən daşına.
Şahdağıtək qar yağıb
Anaların başına.
Nərə çəkir Avarım,
Mərd Saxurum can deyir.
İngiloyum döyüşür,
Gürcüm qana-qan deyir.
Malakanım, rusum da
Aman vermir düşmənə.
Vətənini sevməyən
Sinə gərmir düşmənə.
Yenilməzdi kürd oğlum,
Tatım, Ceklim balamdı.
Haputlımın gözündə
Qarabağım qalamdı.
Yəhudim də uğrunda
Şəhid olur, ey Vətən!
Xınalığın, Qırızın,
Gözü dolur, ey Vətən!
Həm assurum, rutulum,
Əliklim də hayqırır.
Buduklum da savaşır,
Yergüclüm də hayqırır.
Dua edir Qaraçım,
Zəfər çalsın ordumuz.
Çiçəklənib gül açsın,
Abad olsun yurdumuz.
Vətən, sənin uğrunda,
Ər oğullar itirdik.
Bəd erməni xislətin
Birdəfəlik bitirdik.
Qarabağa göz dikən,
Düşməni kor elədik.
Öz əliylə qazdığı
Səngəri gor elədik.
Bu tolerant ölkəmə
Ulu Tanrım yar olsun!
Azərbaycan adlanan
Vətənimiz var olsun!!!
24.10.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!