Fərid HÜSEYN
Hörmətli Mir Şahin müəllim!
Aparıcısı olduğunuz "Mir Şahinin vaxtı" adlı analitik proqramın budəfəki buraxılışında sənət və söz adamlarına xitabən səsləndirdiyiniz fikirləri dinlədim. Haqsız mövqedə olduğunuza görə sizi qınamaq fikrində deyiləm, ancaq gümanım budur ki, rəhbər vəzifədə olduğunuza, aktiv jurnalistik fəaliyyətinizə görə ədəbiyyatımızı lazımınca izləyə bilməyibsiniz.
Ədəbiyyat sizin və mənim "gözlərimizə sığacaq qədər" deyil deyə, nəzərlərimizdən və diqqətimizdən kənarda nələrinsə qalması mümkündür. Buna görə sizin ədəbiyyatımıza yönəlik iradınızı haqlı hesab etməsəm də, anlayışla qarşılayıram.
Geridə qalan zaman
Müharibə bir ildən artıqdır bitib, amma yazılan və ortaya qoyulan ədəbi əsərlər həddən artıq çoxdur. Siz elə düşünməyin ki, yazarlar Vətənimizə, qələbəmizə biganədir. Fəqət, nədənsə danlaq çəkən də elə həmişə ədəbiyyatdır. Ya zəlzələdən, ya vəlvələdən reallığımız budur. Şüuraltı olaraq ədəbiyyatdan daha çox şey umuruq. Elə düşünməyin ki, az yazan şair, yazıçı, Vətəni çox danışan jurnalistdən az sevir. Sevgi oyuncağa, əllərdə alətə çevrilməsin deyə, Tanrı onu maddi olaraq yaratmayıb.
İcazənizlə mövcud reallığı sizə təqdim etmək istəyirəm.
Dövri mətbuat orqanları əksərən bədii mətnlərə qonorar vermir, yaxud acizlik nişanəsi sayılacaq həddə pul ödəyirlər, əksər bədii kitablar min bir məhdudiyyətlər hesabına çap olunur. Yazarların bəziləri hər zəhmətə qatlaşırlar ki, təki gecəni səhərə qovuşdursunlar, birtəhər dolansınlar. Amma buna baxmayaraq daim yazıb-yaradırlar. Əlbəttə, bu problemləri sadalamaqla Vətəni pul müqabilində tərənnüm etməyin doğruluğunu nəzərdə tutmuram. Hərçənd ki, sizin örnək gətirdiyiniz Sovet dövründə yazıçıya az qala nəfəs almasına görə də qonorar ödəyirdilər. Yazarlar hər əsərə görə heç maddiyyat da ummurlar, amma çoxları yazdığını çap etdirməyə də imkan, ünvan tapmır. İndi cəmiyyətimizdə də, bəzən ədəbiyyata və mədəniyyətə məsul vəzifəli bəzi şəxslərdə də XXI əsrin əsas xəstəliklərindən sayılan diqqət dağınıqlığı var. Çaşqın, sağa-sola axan gözləri daha eyni eynəyin altında bir nöqtəyə baxmağa məhkum etmək olmur. Nədənsə, hamı müstəqilliyi sevir, amma tələb etmək marağı güc gələndə sovet dövrü örnəyimiz olur. Bu paradoksa xahiş edirəm ki, siz də fikir verin. Bu məntiqdən belə çıxırmı ki, müstəqillik məsuliyyətsizlikdir? Biz sovet dövrünü təftiş etməkdənsə, sovet dövrü ilə təftiş edirik...
Sizi əmin edirəm, zəfərimiz haqqında çap edilən əsərlərdən çox, nəşrini gözləyən bədii nümunələr var. Məgər mətbuatımız yazılan bədii əsərləri çoxmu yaxşı işıqlandırır ki, oxucular da meydandakı əsərləri qədərincə tanısın?
Son iki-üç ildir Azərbaycanda bədii kitabların tirajı 200-250-ni keçmir. Bu reallıqda hansı kütləvi ədəbi təsirdən söhbət gedə bilər? Dünya təcrübəsinə bələdəm, amma inanın, bizim nəşriyyat sahəsində dirəndiyimiz dalanın analogiyası dünyada yoxdur ki, barı həmdərdimizə baxıb toxdayaq. Siz jurnalistika ilə ədəbiyyatı müqayisə edərək öz sənətinizi daha üstün tutursunuz. Kiçik bir saytın belə Azərbaycanda sosial şəbəkə menecerləri var, gecə-gündüz yazılar reklam olunur, onlara nə qədər maliyyə ayrılır. "Facebook"da pullu reklam səhifələrinə qoyulmayan verilişlər ölü doğulmuş uşağı xatırladır. Amma yazarlar bu imkanlardan məhrumdur, əksəriyyət öz profilinin hücrəsində abrına qısılıb işini görür.
Haşiyə: 2009-cu ildə akademik Ramiz Mehdiyev də ədəbiyyatı haqsız yerə sorğulayan məqalə yazmışdı. Həmin məqalədə akademik hesab sorurdu: "İndiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı?". O məşum sualın verilməsinin üstündən 12 il keçdi, R.Mehdiyevin ədəbiyyata verdiyi sualı dolayısı ilə onun istefasını tələb edənlər bu və ya başqa formada özünə ünvanladılar: Soruşdular ki, "XXI əsrdə, yeniləşən Azərbaycanda siz bizə lazımsınızmı, gələcək nəsillərin mənəvi ehtiyacını ödəmək iqtidarıdasınızmı?". Verilən sualın cavabını və nəticəsini isə siz də, mən də yaxşı bilirik. Ona görə ədəbiyyata sual verəndə: "Bəs hanı bizim "den pobeda"mız"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?!" deyə tələb edəndə sabahı da düşünməyə, elə bilirəm, qismən də olsa ehtiyac var. Çünki təmənnasız ruhların qələmə aldığı əsərlər gün gəlir ki, əyninə qiyam köynəyi geyinib onları gözardı edənlərin yaxasını buraxmır. Bu aqibət sizdən min ağac uzaq olsun...
Hörmətli Mir Şahin müəllim!
Görün, yazarlarımız müharibə sovuşandan sonra, qısa bir zamanda nə qədər əsərlər meydana çıxarıblar. Yekə ağızdan tüpürməyə öyrəşənlər deyirdilər ki, Xocalı barədə yaxşı əsərlər yoxdur. Məlum faciəmiz barədə 33 poema yazılıb, 800 səhifəlik kitabdır, min bir zülmlə toplamışam, kim çap edəcək o həcmdə kitabı? Heç kim. Özü də bu il Xocalı dərdimizin 30 yaşı tamam oldu. Migel de Umamuno hər kitabının girişinə yazırdı: "Mən növbəti əsərimi insan biganəliyinin ixtiyarına buraxıram". Bizdə də oxşar vəziyyət deyilmi?
Aşağıdakı siyahıya görə əsərlərinin adını çəkməyi unutduğum qələm əhlindən bəri başdan üzr istəyirəm, dəyərli zəhmətlərini bilmədən gözardı etmişəmsə, kiminsə əsərinin adını siyahıya əlavə etməmişəmsə əfv etsinlər və bilsinlər ki, bu mənim qəlbimi çox incidir. Məni cavanlığıma və bilgimin azlığını bağışlasınlar.
Uzun siyahının qısası
Sizin örnək göstərdiyiniz sovet dövründə müharibə barədə yazılanlar çox zaman təşkil olunurdu. Amma bu gün təşkilatçı Azərbaycan yazıçısının Vətənə bağlı qəlbidir. Zəfərimiz xüsusunda yazılan əsərlərin, çap olunan kitabların, ədəbi mətbuat orqanlarının sadəcə bir qismini dərin ehtiramla diqqətinizə çatdırıram, toplularda, antologiyalarda və "Xüsusi buraxılış"lardakı əsərləri ayrıca qeyd etmirəm. Çünki bunu etmək üçün "dəryalar mürəkkəb, ağaclar qələm olsa" çatmaz.
1. Azərbaycan Yazıçılar Birliyi "Qarabağ dastanı" (Otuz ilin həsrəti - 44 günün zəfəri) adlı gözəl bir kitab nəşr etdirib. Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. "Təhsil" nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ön söz müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
AYB-nin nəşrə hazırladığı "Bütün yollar Şuşaya aparır" adlı kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə yayımlanıb. Kitabda Vaqif Poeziya Günlərindəki çıxışlar, oxunan şeirlər, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb.
2. Mədəniyyət Nazirliyinin 2022-ci il üçün təsdiq olunmuş nəşr planına Zəfərimiz barədə bir neçə əsərin adı daxil edilib.
3. Ötən il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi" keçirilib. Ümumilikdə müsabiqəyə 321 əsər daxil edilib.
4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.
5. Vaqif Bayatlı Odər Şuşaya və azad olunan digər torpaqlarımıza, zəfərimizə şeirlər həsr edib.
6. Xalq şairi Sabir Rüstəmxanlı "Qarabağa dönüş" adlı poema yazıb. Əsərin həcmi böyükdür və ayrıca kitab şəklində çap olunub.
7. Xalq şairi Vahid Əziz Qarabağa həsr edilən ayrıca şeir kitabı - "Param-parça illər"i ortaya qoyub.
8. Xalq şairi Nəriman Həsənzadənin "Zəfər yolu" poeması dərc edilib.
9. Məmməd İsmayıl "Azərbaycan əsgəri" əsərini qələmə alıb.
10. Faiq Sücəddinovun bəstələdiyi "Zəfər simfonik poeması"nın sözlərini Səlim Babullaoğlu yazıb.
11. Qulu Ağsəsin bir ildən çoxdur mətbuatda Qarabağ, Zəfər mövzulu şeirləri ardıcıl dərc edilir.
12. Firuz Mustafanın "Bülbül yuvası" əsəri yayımlanıb.
13. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. "44 fəsil" adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb. TEAS Press nəşriyyatı 44 günlük müharibəyə dair kitab nəşr edib. "44 fəsil" adlanan kitabda 44 yerli müəllifin müharibəyə, müqəddəs şəhidlərimizə ithaf olunmuş 44 hekayəsi toplanıb.
14. Akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsi boyunca, az qala hər gün bədii-publisistik esselər qələmə alıb.
15. Ustad şair Ramiz Rövşənin şeirləri youtube-da kifayət qədər maraq yaradıb.
16. Baba Vəziroğlu millətimizə bir neçə zəfər marşı bağışlayıb.
17. Xanım İsmayılqızının söz və bəstə müəllifi olduğu "Sən qalibsən" mahnısını Xalq artisti Faiq Ağayev ifa edib. X.İsmayılqınızın "Şəhidlər" şeirinə isə Gülnar Əlfiqızı mahnı bəstələyib, Kamilə Nəbiyeva isə ifa edib. Xanım şairlənin qələmə aldığı "Əsgər marşı"nı da Gülnar Əlfiqızı şərqiyə çevirib, Anar Şuşalının səsi ilə bu əsər də xalqımızın yaddaşına qovuşub. Şairənin digər əsəri isə "Qarabağ Azərbaycandır". Bu mahnını Faiq Sucəddinov bəstələyib, Brilliant Dadaşova da oxuyub.
18. "Polad Həşimov xatirələrdə" adlı memuar kitabını "Hədəf nəşrləri" çap edib.
19. Zəfərimizdən sonra S.Babullaoğlunun rəhbərliyi ilə Monteneqroda "Qarabağ hekayələri", Ukraynada müharibə və zəfər haqqında azərbaycanlı müəlliflərin qələmə aldığı "Bayraqdar" adlı nəsr əsərlərinin cəm olduğu kitablar tərcümə edilərək nəşr olunub.
20. İlqar Fəhmi zəfərimizə aid pyes qələmə alıb. Pyes "Azərbaycan" jurnalının builki 2-ci sayında yer alıb.
21. Zahid Xəlilin "Dəmir yumruq dastanı" adlı kitabı oxucuların ixtiyarına verilib.
22. Ramiz Qusarçaylının "Vətən" adlı həcmli poeması yaxın günlərdə kitab şəklində işıq üzü görüb.
23. Cənab Ali Baş Komandan İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana onlarca şeir və poemalar həsr edilib.
24. Etibar Yaqubov Muradxanlı "Dəmir yumruq əməliyyatı" və "Tələbə tağımı" romanlarını yazıb.
25. Üç qazi-şairimiz - Həsən Kür, Elvin İntiqamoğlu və Emin Piri iştirakçısı olduqları müharibə barədə şahid nəzərləri ilə qələmə alınan çoxsaylı şeirlər yazıblar.
26. Rəşad Məcidin "Şuşa" şeirinə Xumar Qədimovanın bəstələdiyi musiqi əsəri təqdim olunub.
27. Emin Pirinin olduqca təsirli "Müharibə gündəliyi" adlı memuarları işıq üzü görüb.
28. Azərbaycan Milli Kitabxanasının nəşri olan "Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı" adlı biblioqrafik kitabda 2020-2021-ci illərdə Şuşa qələbəsinə yazılan şeir, hekayə və nağılların çap olunduğu mətbu orqanların göstəricilərində onlarca yeni əsərin adı və çap olunduğu mətbu orqan var.
29. Bu il Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası üzvlərinin qələbəmizə həsr olunan bədii əsərlərindən ibarət "Sən azadsan" adlı kitabı Cəfər Cabbarlı adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə yayımlanıb.
30. İlqar Kamilin general Polad Həşimov barədə "Polad necə bərkidi" adlı gözəl bir esselər kitabını "Parlaq imzalar" nəşriyyatı oxuculara qovuşdurub.
31. Mirmehdi Ağaoğlu "Zəfərin izi ilə" adlı bədii reportajlar kitabını yaradıb. Reportajların hər biri ağrılı səyahət hekayəsi siqlətindədir.
32. Elşad Barat şəhidlərə həsr etdiyi şeirlərdən ibarət "Ölümsüzlər" kitabını ərsəyə gətirib. Bir neçə cilddən ibarət bu kitabın hələlik bir cildi çap olunub.
33. Elxan Zal Qaraxanlının qələmə aldığı "Ordu günü" adlı kitabı çap olunub, "Azərbaycan simfoniyası" əsəri işıq üzü görüb.
34. 30-dan artıq şair "Azərbaycan əsgəri" adlı şeirlər yazıblar.
35. Seyfəddin Hüseynli müharibə haqqında dünya ədəbiyyatının onlarca şah əsərini dilimizə çevirib yayımlayıb. Məqsəd də odur ki, bəşəri reallıqlar oxucularda müqayisəli təəssürat oyatsın.
36. Namiq Atabəylinin "Fateh" (zəfər dastanı) bədii əsəri yayımlanıb.
37. Qəşəm Nəcəfzadənin "Ölüm qaldı o dünyada" pyesi yayımlanıb.
38. Kənan Hacı şəhid Sənan Axundov haqqında "Lalə rəngli çobanyastığı" adlı roman yazıb.
39. İlqar Fəhmi ilə Səlim Babullaoğlu yeni hərbi marş yazıblar.
40. Akademik Milli Dram Teatrında "Zəfər yolu" adlı tamaşa hazırlanır.
41. Ötən ilin noyabrında "Qalib olan Azərbaycan" adlı tamaşalar festivalı olub. Zəfər gününə həsr olunan neçə-neçə tamaşa o festivalda bir-birinə rəqib olublar.
42. Elçin Hüseynbəyli bir-birindən dəyərli Qarabağ hekayələri qələmə alıb.
43. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin ədəbi orqanı olan "Dünya ədəbiyyatı" jurnalının, "Türkiyə" "Pakistan", "İsrail" adlı xüsusi ədəbi sayları da haqq savaşımızla bağlı çox ciddi ədəbi jestdir.
44. Azad Qaradərəli Cəbrayıl Dövlətzadəyə həsr olunan "Cəbrayıl əfsanəsi" adlı roman yazıb.
45. Nigar Həsənzadənin rəhbəri olduğu Söz ədəbi layihəsi əsasında "İgidlərin sözü" adlı tədbir keçirilib. Həmin tədbirdə qazı-şairlərin yazdığı onlarca şeir oxunub. Qazi-şairlərin zəfərimiz haqqında yazdıqları ayrıca bir kitab şəklində nəşr etdiriləcək.
46. Mehriban Sultanın "Zəfər görüşü" adlı birpərdəli pyesi yayımlanıb.
47. "Ədəbiyyat qəzeti"nin bir neçə sayı bütövlükdə qələbəyə aid yazılara həsr olunub. Ümumilikdə, savaşın ilk günlərindən "Ədəbiyyat qəzeti" ardıcıl olaraq bədii materiallar dərc edib, onları bir yerə toplasalar, 3-4 cildlik "Zəfərnamə"lər ərsəyə gələr.
48. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Qafqazinfo" xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn "Qazi müəllimlər" adlı bədii oçerk kitabı yayımlanıb.
49. "Azərbaycan" jurnalının "Şuşa" adlı xüsusi sayı yayımlanıb. Ümumiyyətlə, müharibə barədə ən həcmli bədii əsərlər bu jurnalda dərc olunub.
50. "Ulduz" jurnallarının "Qarabağ" adlı xüsusi sayı dərc edilib.
51. "525-ci qəzet"də müharibə soraqlı yazıları, Zəfərimizlə əlaqədar mətnləri bir yerə cəmləsələr, böyük bir kitab alınar.
52. F.Köçərli adına Uşaq Kitabxanası "Ölümü fəth edənlər" adlı 25 uşağın hekayələrindən ibarət toplu çap edib. Zəfər tariximiz haqqında uşaqların bədii düşüncəsini bu nəşrdə aydın görmək olur.
53. Professor Səlahəddin Xəlilovun "Zəfər yolunun hikmət xronikası və ya 44 gün - 44 aforizm" adlı ədəbi-fəlsəfi fikirləri dərc edilib.
54. Şərif Ağayar "Komandir" romanını yazıb.
55. Musa Urud silsilə şeirlər yazıb.
56. Özbək şairəsi Xasiyyət Rüstəmin "44 gün" adlı kitabı dilimizə çevrilib yayımlanıb.
57. Gülxani Pənah 700 səhifəlik "Vətən bağı al-əlvandır" adlı II Qarabağ müharibəsinə həsr edilən əsərlər toplusunu nəşr etdirib.
58. "Mücrü" nəşriyyatı ötən il "Qarabağ Azərbaycandır" adlı kiçik hekayə müsabiqəsi keçirib. Müsabiqəyə onlarca yazar yeni əsərlərilə müraciət edib.
59. "Mücrü" nəşriyyatı bədii yazılardan ibarət "44 gün" adlı kitab nəşr edib.
60. Sona Vəliyeva "Gözlə, Şuşam, biz gəlirik" silsilə poetik əsərləri.
61. Abuzər Turanın "Zəfər çələngi" poeması hissə-hissə "Ədəbiyyat qəzeti"ndə yayımlanıb.
62. Rafiq Yusifoğlunun "Zəfər dastanı" kitabı oxuculara təqdim olunub.
63. Orta məktəb dərsliklərində qələbəyə aid çoxlu sayda yeni şeirlər yer alıb.
64. Bir ildən artıq müddətdə II Qarabağ savaşına aid 30-a qədər hekayə dövri mətbuatda qələmə alınıb.
65. "Qanun" nəşriyyatı "Polad generalımız" adlı kitab çap edib.
66. Elçin Mirzəbəyli silsilə şeirlər yazıb ("Azərbaycan əsgəri", "Kabus qatar", "Dərd kimi gözəlsən, Vətən", "Darıxmışdı yurd yeri", "Əsgərə məktub", "Minarə kölgəsi").
67. Kamalə Abiyevanın "Torpaq" kitabında vətən mövzulu şeir və hekayələr, şəhid və qazilərimiz haqda esselər yer alıb.
68. Xanım Aydın "Hisslərin ön cəbhəsində" povestini qələmə alıb.
69. Şair İntiqam Yaşarın müəllifi olduğu, əziz Əlibəylinin bəstələdiyi şərqinin ifaçısı isə Türkiyənin tanınmış ozanı Əsəd Kabaklıdır. Şərqi Türkiyədə çoxsaylı televiziya kanallarında yayımlanıb.
70. Cəlil Cavanşir "Vətən dastanı" adlı sənədli filmin ssenarisini yazıb.
71. Sayman Aruz klassik ədəbiyyat janrlarında Vətən mövzulu çoxsaylı şeirlər yazıb.
72. İlhamə Dağlının "Bayrağı öpən ruhlar" povesti işıq üzü görüb.
73. Adıgözəl Məmmədovun "Vətən müharibəsinə gedən yol" kitabı işıq üzü görüb.
74. "Ayrılarmı könül candan" adlı uşaq yazarlarının seçmə şeirlərindən ibarət antologiya çapa hazırlanıb.
75. Elnarə Akimovanın redaktorluğu ilə son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna, zəfərimizə dair yazılmış müxtəlif janrlı ən yaxşı, seçmə uşaq ədəbiyyatı nümunələrindən ibarət toplu Türkiyədə öz çapını gözləyir.
76. Ramiz Duyğunun "Qalibiyyət dastanı" adlı poetik əsəri yayımlanıb.
77. Gənc yazar Tural Cəfərli "44 gün - Zəfərə doğru" adlı bədii kitab yazıb.
78. Zemfira Məhərrəmli "Qarabağ bədii ədəbiyyatda" adlı kitabını oxuculara təqdim edib.
79. Vaqif İsaqoğlunun "Bizim general" poeması P.Həşimova həsr edilib.
80. Gənc şair Tural Turan "Zəfər notları" adlı poetik silsilə qələmə alıb.
81. Asim Yadigarın "Zəfər yolu" əsəri nəşr olunub.
82. Əsəd Cahangir "Xarıgülnar" poemasını yazıb.
83. "Ustad" bədii jurnalının ayrıca "Zəfər" sayı yayımlanıb.
84. "Şuşa İli"nə həsr olunmuş pyes müsabiqəsi elan edilib. Bu söz yarışında da yaxşı əsərlərin meydana çıxacağına ümid edirəm.
85. Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb.
86. Elçin Hüseynbəyli "Vida" adlı roman yazıb.
87. Ülviyyə Heydərova "İnarıram" monopyesi oynanılıb.
88. Narıngül xanımın zəfər mövzulu hekayələri dərc olunub.
89.Azadə Novruz zəfər mövzulu çoxsaylı şeirlər yazıb.
90. Səyyad Aranın "İrəvana gedən yollar" adlı romanı nəşr edilib.
91. Yazıçı Güllü Məmmədovanın "Fatehlərin zəfəri" sənədli-romanı yayımlanıb.
92. Amid Səlimoğlunun "44 gün" romanı işıq üzü görüb.
93. Faiq Balabəyli "Dənizçilərimiz vətən müharibəsində", "Onlar qəhrəmandır", "Qarabağ müharibəsinin ilk qalib generalı" kitabları çap olunub.
94. H.Mirələmov "Lələtəpə səltənəti" adlı əsər yazıb.
95. Kulis.az saytının keçirdiyi hekayə müsabiqəsində II Qarabağ savaşına aid onlarca yeni hekayə üzə çıxdı.
96. Qəbələdə Mədəniyyət Mərkəzinin Xalq Teatrı "Qələbə" adlı tamaşa hazırlayıb.
97. Zahid Sarıtorpağın "Qiyamət qaziləri" roman-pritçası "Azərbaycan" jurnalının ötənilki 11-ci sayında dərc edilib.
98. Solmaz Amanovanın "Şuşanın sehrli açarları" adlı uşaq ədəbiyyatı nümunələrdən ibarət kitabı nəşr olunub.
99. Məhəbbət Əsədovanın "Bayraktar" adlı uşaq ədəbiyyatı nümunələri cəm olunan kitabı işıq üzü görüb.
100. Dünya Gənc Türk Yazarları Birliyi qazilərin və şəhidlərin şeirlərindən ibarət "Əbədi sevda - Vətən" adlı kitab hazırlayıb.
101. Yusif Məmmədoğlunun "Qələbə şəhidləri" kitabı çap olunub.
102. Adil Şirinin "Dözümün partlayışı - müharibə şəkilləri", "Ümid bayraqlarıdı qanlı köynəklər, Vətən" adlı poemaları yayımlanıb.
103. Gənc Tamaşaçılar Teatrı "Zəfər yolu" adlı tamaşa hazırlayıb.
104. Gənc şair Ulucay Akifin "Xarıbülbül" şeirinə Murad Zeynal musiqi bəstələyib. Mahnını Elvin Mirzəzadə səsləndirib.
105. Vüqar Əhmədin "Şuşanın dağları başı dumanlı" adlı şeirlər kitabı çap olunub.
106. Aybəniz Əlyarın "Xarıbülbül" pyesi Şabran Xalq Teatrı tərəfindən səhnələşdirilib, üstəgəl, Xaçmaz Mədəniyyət Regionalının "Zəfər yazanlar" müsabiqəsində l yeri qazanıb.
107. Şahanə Müşfiq şəhidlər haqqında portret-oçerklər qələmə alıb.
108. Şirinxanım Kərimbəyli Şadimanın "Vətən səndən nə qaldı?" adlı kitabı.
109. Sevinc Nuruqızının "Ağca və Cuppulu" əsəri (uşaq ədəbiyyatı) həm Azərbaycanda, həm də Koreyada tərcümə edilərək çap olunub.
110. Xalid Mahmudun "Əbədiyyət yolçuları", "Vətən sənə oğul dedi", "Danışan şəkillər" adlı üç kitabı işıq üzü görüb.
111. Nurəddin Ədiloğlunun "Şəhidlik manifesti", "Behişt zəvvarları", "Sözün müharibə rəngi" adlı üç kitabı çap olunub.
112. Faiq Hüseynbəylinin "Arzuların şəhidi" kitabı nəşr edilib.
113. Balayar Sadiqin "Zəfər simfoniyası" poeması dərc olunub.
114. Xatirə Xatun və Qafar Cəfərlinin yazdığı "Zəfərin 44 anı" adlı bədii oçerklər kitabı yayımlanıb.
115. Şahnaz Şahin "Zəfər nəğmələri" poemasını yazıb.
116. Yaqut Bahadırqızının "Ölümü ömür seçmələr" adlı bədii oçerk kitabı oxuculara təqdim olunub.
117. Qabil Ədalətin bir neçə poetik əsərinə mahnılar bəstələnib.
118. Əli Rzazadə zəfərlə bağlı hekayələr yazıb.
119. Fərhad Əzizbəyli "Vətən sevdalıları" kitabını yazıb.
120. Elnur Uğur "Hadrut fatehi" əsərini yaradıb.
121. Əlizaman Baxış "Kəndimin qartalları" adlı oçerk kitabı.
122. Mehriban Nağıyevanın "Xarıbülbül" əsəri çap olunub. (Uşaq ədəbiyyatı).
123. Gülnar Səmanın müharibə haqqında müxtəlif janrlarda yazdığı əsərləri var.
124. Müharibənin ilk günlərində "Yumruq günü" adlı poema yazmışam.
Hörmətlə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!