***
Hisslər ata oxşayır - yüyəni əlindədirsə - üstündəsən, əlindən buraxdınsa - altındasan...
***
Ürəyin kardioqramması həyatın şifrəsinə bənzəyir. Qalxıb-enmələr - həyat, düz xətt - ölüm...
***
Öz içində intihar edənlərin - üzünün geyimi təbəssümdən olar...
***
Günah edərkən vicdan qaçqındır...
***
Dost - evin kimidir. Sən onun içindəsən...
***
Yarpağa həsəd apardım... ağacın budağından yerə düşüb qurusa da, ayaq altında xışıltısıyla ruhu oxşaya bilir...
***
Röya - gözübağlı yaşanan azadlığın üzüdür...
***
Sarsılan insan yaralı quşdan məkansızdır. Quş yerə çırpılar, insan içinə...
***
Körpə səsi gələn evin ürəyi ritmdən çıxmaz...
***
Güzgü əsl dostdur - həqiqəti gözünə çırpır...
***
Gözlərimiz içimizlə çölümüz arasında pəncərədir - hər iki tərəf görünür...
***
Öz içinin burulğanından çıxanlar ölümə satılmayanlardır...
***
Üzümüzdən çox səsimiz özümüzə oxşayır...
***
Gözümüzün çəkdiyi yoldan gedənlər, ürəyimizə gələnlərdir...
***
Gözü doymayanın, ruhu acından ölər...
***
Fiziki yox, mənəvi doğduqlarımız doğmalarımızdır...
***
Sevəndə gözü müalicə etmək gərək... Çünki göz tutula bilir...
***
Doğulanda - səsi çıxmayan körpəyə, yaşayanda - səsi çıxan insana, öləndə - səsi çıxarılan adama şillə dəyir...
***
Həyatın maskası çoxdur - hər gün bir üzünü cırıb atırıq...
***
Hər şey saniyənin əlindədir - dəqiqəni əlində oynadıb, saatın üstünə ata bilir...
***
Dostun da, düşmənin də yeri arxadır - dayaq da, zərbə də arxadan gəlir...
***
O hərfinin gücü çoxdur - həm yüksəldir, həm alçaldır, həm mükafatdır, həm də təhqir...
***
Sünilik yamaq kimidir - tikişləri görünür...
***
Yoxluğun üzündə görünməkdənsə, varlığın dibində qalmaq məsləhətdir...
***
Kölgəmiz də etibarsızdır - yalnız ayaq üstə olanda başımıza dolanır...
***
Vücudumuzun müvəqqəti kirayənişinləriyik - ona baxmasaq bizi qovacaq...
***
İntuisiyamızın siqnalları ömrümüzün xəritəsini çəkir - eşidə bilsək...
***
Azadlığın ən iyrənc formasını sərxoş adam yaşayır...
***
Azadlıq - hissin, fikrin çatışmayan havasıdır...
***
Ruhu yumaq üçün vasitə icad olunmayıb - çalış ləkələmə...
***
Beyinin hansı otağında olursansa ol, işıqları söndürmə...
***
Əxlaqı itkin düşənin axtarışı səmərəsizdir...
***
Düşəndə də əldən düşəsən, gözdən yox...
***
Yazılmayan qanunlar yazılanlardan güclüdür - yazılmayanı pozmaq olmur...
***
İnsan, özünə yad qatda, ütü ilə açılmayan qırış kimidir...
***
Ağıl da bıçaq kimidir - itilənməsə kəsmir...
***
Əlimiz çatmayanlara doğru qaçarkən, əlimizdə olanları da itiririk...
***
Həyatımızın havasına oynaya-oynaya rəqqasa çevrilirik...
***
Kimlərsə düyün bağlayır, kimlərsə düyün açır... Kimlərsə açılıb-bağlanan düyünün arasındadır...
***
Üzümüzün suyunu da içənlər var...
***
Pərdəni gözdən asanda, aralığın pərdəsi olmaz...
***
Hamıya bir gözlə baxmaq olmaz - Allah iki göz verib, o birisi bekar qalır...
***
Fikirlərin arasına çürük söz qatanda zəhərlənmə verir...
***
Öləndən sonra da öz daşımız öz başımızın üstündə olacaq...
***
Ağılsız ağıllıya ağıl qoyanda ağıllının da ağlı qaçır...
***
Şair, özü ilə özü arasındakı fırtınadan doğan anın şəklini çəkən rəssamdır...
***
Ölüm - ölümü sevənlərin qulu, öndan qorxanların ağasıdır...
***
Toz basmış adamları çırpmaq mümkün olsaydı, səliqə-sahman yaranardı...
***
"Özünü yığışdır" ifadəsi təsadüfi yaranmayıb... Hər gün adam gərək özünü də yığışdırsın...
***
Cismimizin çəkisini ayaqlar çəksə də, ruhumuzun çəkisini başımız çəkir...
***
Dərinə gedəndə havasızlıqdan, dayazda olanda mənasızlıqdan boğuluruq...
***
Çəkisi yüngül olanlar daha yüksəyə atıla bilir...
***
Üzsüz adama üz verə-verə üzlü edirik...
***
Dilimizin altında olsaq da, sözümüzün üstündə durururq...
***
Əl uzada bilmirsənsə, ayaqlarını yığışdır...
***
Ürək başdan aşağı olsa da, ürəyimizə daman başımıza gəlir...
***
Oturduğumuz yer bizi deyil, biz oturduğumuz yeri yuxarı başa çevirə bilərik...
***
Yuxarı başda oturmaqla baş yuxarı olmur...
***
Kiminsə gözü səni götürə bilmirsə, demək ki, çəkin çox ağırdır...
***
Adamlardan zəhərlənəndə ürəyin bulanması uzun çəkir...
***
Köçənlər bizdən köçərlər... Bizsə köçənlərə köçərik...
***
Ağaclar da yarpaq torpağa düşəndə ağlayır yəqin...
***
Sözlər də can verir... hisslər ürəyə çəkilib, yarımcan duaların hərflərindən düşürlər...
***
Gözləmədiklərimiz gözlədiklərimizdən tez gəlir...
***
Xatirənin kölgəsində sərinlik yox...
***
Kitabın bir səhifəsi cırılırsa, hadisələr axsayır - həyat kimi...
***
Özünü tanıyanlar özündən çıxsa da azmaz...
***
Bir fəsil var... Adı - Ayrılıq...
***
Kitablar rəflərdə ölər, masaların üstündə dirilər...
***
Adamlar da kitabdır... Oxunmaq üçündür...
***
Qaçırsan ki, özündən qaçasan, qaçıb özünə düşürsən...
***
Hamı tərcüməçidir - özünü dilinə, hissini sözünə çevirir...
***
Yadıma düşəndə yaddan qaçıram...
***
Ölüb getmək asandı... Hünərin var ölüb qal...
***
Hər şey satılır... Amma... Almağa nəfəs yoxdur...
***
Hamı gözümdən keçir... Sən isə ürəyimdən...
***
Hər insanın yaşı ağlında gizlənir...
***
Doğulandan ölənədək bir nəğmədir hər adam...
***
Bəzən sözlər hissiz, bəzən hisslər sözsüz yetim qalır...
***
Ürəyin saatıyla qolun saatı əks istiqamətə şütüyür - biri geri qalır, biri irəliyə qaçır...
***
Hər şey görünmədiyi kimidir...
***
Yuxular - Tanrının tapmacasıdır...
***
Bu "olmaz"lar olmasa olmaz olaylar olar.
***
Üzümüzün qırışlarında illər, ürəyimizin qırışlarında adamlar, nəfəsimizin qırışlarında ömür gizlənər.
***
Bir iti baş on küt barmaqda bitər.
***
Məntiq ağlın, sevgi ürəyin açarıdır - ələ düşməz.
***
Hamının alın yazısında şablon bir söz var - Borclu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!