***
Ölüm belə şeymiş yəqin..
Həzin - həzin bir ağıyla, bir duayla, bir-iki damcı göz yaşıyla, hardasa ilişib qalan sınıq-salxaq xatirələrlə yoxa çıxırıq...
Hamı evinə-eşiyinə tələsir...
Biri ayaqqabısını axtarır, biri pəncərədəki kölgəsində paltarının yaxasını düzəldir, biri yerindən tərpənmir - ona bir dəfə də çay gəlir.
Hamının öz dərdi-səri, işi-gücü var..
Baxırıq, baxırıq, baxırıq...
Güzgünün üstünə atılmış örtüyü xəlvətcə aralayıb özümüzü axtarırıq - görmürük
Küsürük.
Sınmış budaq oluruq, yanıb qaralmış binanın divarı oluruq, ot basmış cığır, atılmış çörək qırıntıları oluruq - özümüz olmuruq bir də
Dağılırıq, sonra nə olursa ayılırıq
Canımızı ora-bura vururuq - yoxuq, daşa - divara vururuq - yoxuq.
Küçənin ortasında adamların ayağı altında yıxılırıq, üstümüzdən adlayıb keçirlər - yoxuq
Kiminsə qabağını kəsirik - İçimizdən yol salıb aralanır..
Bəlkə kiminsə əlindən tuturuq - əli əsir, məsələn, bir qab salıb sındırır, o biri tərəfdən keçmişdəki doğma kiminsə səsi gəlir:
- Qırıb qurtardın hər şeyi...
***
Qaldırıb əllərimi buludların bozluğuna, mavi güzgü qırıntılarına bənzəyən səmanın boşluğuna doğru, pıçıladayıram: Xoş gəldin...
Ey könlümün budaq yerindəki çiçək həvəsi, gözlərimin o üzündəki işıq, ciyərlərimin dərinliyindəki qu quşu səsi - Hardaydın?..
Hardaydın, fırtınalı dənizin pıçıldadığı laylanın gizliliyi, ovuclarımdakı doğma toxunuş, əllərimdəki ən yaxın hənir?..
Küsənir, ağacların dünyasızlaşmış kölgəsi yoxluğunda küsənir..
Amma sən burda, bax, elə burda, qəlbimin ən sükut doğulan yerindəydin...
Xoş gəldin...
***
Bir səs keçir qəlb evinin aynasından - kölgə kimi... Bir yer çökür ürəyə ən yaxın yerdən - torpaq kimi. Bir çığ düşür göydən yerə, yerdən dibə. Belə ayrılıq görməyib heç kim hələ - yaradanın ürəyindən qopmaq kimi...
Uzadır Allah əlini, ürəyinin parçasına, milyon illik qələminə, milyon illik fırçasına, milyon illik sükutunu yollayır yol axtarmağa -
Eh...
Bircə kəlməyə sığışan evinə kimdir yığışan?..
Gecənin ağ donundadır otağından çıxan mələk, ayağının altı boşluq, qanadının üstü boşluq. Ovuc-ovuc buz suların içinə qarışan fələk hardasa ocaq yandırır, nəfəsində isti boşluq...
Çevrilir bir vərəq daha, oxunur son sirri sözün. Dodaqların arasından süzülüb səbrə bükülür. Tanrı bilir, ürəyindən qopan yerlər harda, hansı ağrılara dözür... dözür...
O yerə işıq göndərir, o yerdəcə dan sökülür...
***
Üzünə gülümsəyirəm yuxuya gedən ağacların. Son yarpaqlar yoxa çıxır səkilərdən, son narıncı - sarılıq şəkillərdən...
Ağır-ağır, budaq-budaq bozarır göy üzü. Torpaq son istiliyini canına çəkir. Quşlar çırpır özünü o yuvadan bu yuvaya.
Ağacların hərəsi öz yuvasını yanına çəkir...
***
Qaranlıq gecələrdə heç kimin görmədiyi yol açılır, hardan düşdüyü bilinməyən işığın altında suları parıldayan yeraltı çaylara..
Çöllərin qupquru otlarının xışıltısı ayaq altında qalıb əzilir.
Susuram, kor kimi, lal kimi, kar kimi bütün haraylara...
Uzanır, ney səsi istəyir duaların pıçıltısına ovuclarım.
Dodaqlarımın arasında bir göz yaşı yeri var. Çiyinlərimin kəpənək yüküdür daşıdığım can və bətnim. Yolun ürək döyüntülərində ölü zamanı adlayıb keçirəm diri-diri...
Sevgi kimidir ağrılar, sevgi kimi qəfil və heyrətdoğurucu. Azca şikayət, qapanmış göz qapaqları arasında yorucu, vaxtı uzanmış əzab dəqiqələri və nəhayət, işıq... və nəhayət, növbəti səyahət...
Biz ən qaranlıq gecələrdə yeraltı çayların sahilində görüşürük, hərəmiz bir tayda... Kimsənin xəbəri yoxdur sularında Tanrıdan başqa, heç kimin yuyunmadığı çaydan...
...Sonra qayıdırıq. Otlar yenə xışıldayır ayağımızı basdığımız yerdə, çıraqlar yenə sayrışır uzaq şəhərdə. Adamların içindən bir səs gəlib keçir, bir işıq gəlib keçir yuxusunda. Heç kim heç nə eşitmir bizim öz səsimizə qulaq asdığımız yerdə...
Nə sən, nə mən heç nə xatırlamırıq ayılanda...
***
...Üzümü güldürür axşam...
Bu yuxunun o üzündə qalıb can...
Günəşin pəncərəmdən keçib gedən son işıqları yolun qarşı tərəfindəki məzar daşlarına çatır. Məzar daşları günəşin son işıqlarını göy üzünə qaytarır...
Oyanmaqla oyanmamaq arasında bir nazik xətt, gəlməklə gəlməmək arasında sərhəd, olmaqla olmamaq arasında fikir...
Harasa çəkir, harasa həkk edir Tanrı ağ-qara rəsmləri.
Ən yorğun təbəssümlərin yerini ağ saxlayır
Ən çox sevən adamların adını sağ saxlayır, özünü öldürür...
***
Bir baxışlıq göy üzündə adsız quşların uçuşu bir-birinə qarışır...
Ağaclar əllərini quşlara uzadıb uçmağa dartınır, quş qanadlarının kölgəsində əbədi işıq sayrışır...
Uzaqlaşır duaların pıçıltısı küçələrin səssizliyində...
Mən, əllərimə baxıram, ilk dəfə görürmüş kimi. Külək bozlaşan budaqları bir- birinə dolaşdırır kəndir hörürmüş kimi...
Enir axşama doğru yol alan şəhərin üstünə sükutun ən dərin, ən dinc, ən yüngül çağı. Qanadları quşları yuvalarından qoparıb aparır qatar-qatar, dəstə-dəstə, ağır- ağır...
Tərli pəncərələrə zilləyib gözümüzü dayanmışıq tərpənmədən, danışmadan - O və mən. Ağacların hörük budaqlarını göstərib gülümsəyir... gülümsəyir, bir boşluq çıxıb gedir içimdən...
"Amin..."
Dodaqlarının tərpənişi sükutun qapalı qapısını aralayır azacıq. Tərli pəncərələrdən damcılayır göz yaşı. Məni bircə an belə unutmayıb ən aydın görünən yuxusunda, çox uzaq bir məzarda yatır atamın gülüşü...
***
Sabahın dumanlı qanadlarında qızılı ləpələrin kölgəsi səhər açılınca itib gedəcək. Kimsə heç nə düşünmədən getdiyi yuxudan qayıtmayacaq - hər şey bitəcək...
Bitəcək yollar da, sevgilərin ən gözəli də, sevənlər də çıxıb gedəcəklər, sevilənlərin özləri də...
Təkcə bu gecə dumanı qalacaq səmadan asılı. Pəncərəyə toxunacaq barmaqları gizli-gizli, küsülü-küsülü.
Əriyib itəndə yerində bir çiçək rəsmi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!