"Lo" romanı və Rusiya-Ukrayna savaşı - Orxan ARAS

Orxan ARAS

 

Mərhum yazıçı Azər Abdulla "Qəmərlidən keçən qatar" hekayəsinə bu cümlə ilə başlayır: "O payız  düzü-dünyanı soğan başına götürmüşdü".

Azər Abdulla hekayəsində İrəvan-Qafan qatarında Ağaəli və ailəsinin başına gələnləri məharətlə nəql edərkən, həmin il soğan məhsulunun hər yerdə nəzərəçarpacaq dərəcədə artdığını və hamının soğandan danışdığını vurğulayır. Ola bilsin ki, müəllif təbiətdəki dəyişikliklərlə insan münasibətləri arasındakı paralelləri izah etmək istəyib.

Əjdər Olun "Lo" romanı da bir səyahətlə başlayır. Qardaşı Qaranı ziyarət etmək üçün Qazaxıstana gedən romanın qəhrəmanı həmin il Çernobıl adının hamının dilinə düşdüyünü deyir. Qara həm də Çernobıl faciəsinin şahidlərindən biridir və bu səbəbdən Qazaxıstanda xəstəxanaya yerləşdirilib.

Doğrudan da, 1986-cı il aprelin 26-da partlayan Çernobıl Atom Elektrik Stansiyası bütün dünyada qorxu və təlaşa səbəb oldu. Qapalı Sovet İttifaqının rəhbərlərinin səssizliyi, böyük bir fəlakətlə bağlı susmaları dünyanı heyrətə saldı. Avropada bəzi insanlar hətta düşünürdülər ki, Avropaya nüvə buludları gələn kimi uşaqlar, zəif insanlar ölə bilər. Marol kimi salat tipli qidalar artıq marketlərdən alınmırdı. Hətta çaylar da narahatlıqla içilirdi.

36 ildən sonra Ukrayna müharibəsi ilə Çernobıl yenidən gündəmə gəldi və Avropa qəzetləri rusların ələ keçirdikləri AES-in taleyindən narahatlıqla xəbər verməyə başladılar.

Məhz bu günlərdə Əjdər Olun "Lo" romanı alman dilində nəşr olundu. "Pem" nəşrləri arasında işıq üzü görən romanın panoramik hekayəsi və bugünkü hadisələrlə əlaqəsi nəşriyyatın diqqətindən yayınmayıb və onlar "Lo" romanını alman mətbuatında belə təqdim ediblər: "Lo" romanı bir insanın, cəmiyyətin, macəra romanı deyil, "Lo" romanı XX əsrin sonlarında şahidi olduğumuz mühüm transformasiya və dəyişikliyin romanıdır. Rusiyanın Ukraynaya təcavüzü, Çernobıl Atom Elektrik Stansiyasının ruslar tərəfindən ələ keçirilməsi və hətta onların yenidən partlama təhlükəsi romanı daha da əhəmiyyətli edir, çünki romanda pərdə Çernobıl faciəsi ilə açılır. Baş qəhrəmanın qardaşı Qara Sovet İttifaqı ordusunun əsgəridir və Çernobıl qəzası baş verən zaman bölgəyə göndərilib. Çernobılda xəstələnəndə onu insan üzərində nüvə təsirləri ilə mütəxəssisləşmiş Qazaxıstandakı xəstəxanalardan birinə göndərirlər. Romanın qəhrəmanı qardaşını görməyə gedir və onun gedişi ilə özünü nəhəng Sovet İttifaqında parçalanma prosesinin ağrıları içində tapır. İndi o, bir videokamera kimi 1986-cı ildən 2000-ci illərə qədər Sovet İttifaqında cümhuriyyətlərin müstəqillik hərəkatlarını, vətəndaş müharibələrini, çəkdiyi əziyyətləri lentə alır və böyük məharətlə oxucuya çatdırır".

Romanı alman dilinə çevirən türkoloq K.Herman Kiel öz açıqlamasında romanın indiki zamanla bağlılığını belə müqayisə edib: "Lo" romanı bir müddət Azərbaycanda baş verənlərdən bəhs etsə də, bu gün üçün mesajların olduğu diqqətlə oxuduqda açıq-aydın görünür. Romanda Sovet İttifaqının dağılması prosesi, Rusiyadakı başçıların Qafqaza və başqa respublikalara münasibəti, xalqlar arasında çaşqınlıq, hətta müharibələr çox məharətlə təsvir edilmişdir. Alman oxucusu romanı oxuyanda indiki Rusiya-Ukrayna münasibətləri haqqında sağlam məlumat əldə edə biləcək. Çünki bu, Rusiyanın uzun müddətdir həyata keçirdiyi, regionda hökmranlığını saxlamaq üçün Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələrdə süni Qarabağ  və ona bənzər hadisələri yaradaraq həyata keçirdiyi siyasətdir".

"Lo" romanı başda "Amazon" olmaq üzrə bütün internet saytlarında satışa çıxarılmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!