Xatirə danışmaq mənim üçün hələ tez olsa da, bilmirəm necə olur ki, hər dəfə bahar gələndə məndə xatirəyə dalmaq həvəsi oyanır. O günləri xatırlayıram ki, bahar üçün əldən-ayaqdan gedərdim. Elə bilirdim ki, yazın gəlişinə böyüklər o qədər sevinmir, nə qədər ki, biz uşaqlar. Bahar gəlirdi - bayram gəlirdi. Anam həmişə qabaqcadan tədarük görərdi: səməni qoyar, həyətdə ocaq qalayacağını deyərdi.
Baharı mənə anam sevdirdi, mənim bahar çiçəyi kimi ağsaçlı anam.
Çillə gecəsi qız-gəlin səsi yuxumu gözümdən didərgin salardı. Uşaq vaxtı baharı mən elə çalıb-oynamaqdan ibarət bilərdim. Baharı mənə anam sevdirdi...
Əsl mənasını sonralar başa düşdüyüm bahar məhəbbəti anamın ürəyimə saldığı sirli, şirin və təmiz duyğulardan biridir. Niyə sevdim baharı mən?
Bəlkə ona görə ki, bahar gələndə təbiət ayılır? Torpağın qış donu açılır. Yer buğlanır, insan kimi nəfəs alır, nəfəs verir. Hər tərəf yaşıl geyinir. Bu əsəbi əsrimizdə ürəyə bir rahatlıq, əsəbə bir sakitlik gəlir. Gül fəsli başlayır; son qarın içərisindən baharın ilki - novruzgülü baş qaldırır:
Qar içində, aləm bilir,
Yaşıl örtdü novruzgülü;
Mənə dedi bahar gəlir -
Dedi, ötdü novruzgülü.
Quşlar ona salam verdi,
Ağır imiş bahar dərdi;
Çöllər yaşıl xalı sərdi -
Gözdən itdi novruzgülü.
Bilmədim ki bu nə işdi,
Özü yazdan ayrı düşdü;
Niyə belə tez gəlmişdi -
Tez də getdi novruzgülü.
Tərk edəndə dağı-daşı,
Ağ buludlar tökdü yaşı;
Az yaşadı... amma qışı -
Bahar etdi novruzgülü...
Baharı sevdim - səməniyə baxıb pıçıldayanda:
"Səməni,
Saxla məni;
İldə göyərdərəm səni".
Düşündüm: necə yəni "saxla məni?". Səməni adamı necə saxlaya bilər? Onun əlindən nə gəlir ki?.. Sonra inandım ki, saxlayar. Bu hikmətə onda inandım ki, insana üzünü tutub: "Öldür məni, dirildim səni" deyən torpaq gördüm, insanı, doğrudan da, dirildir, yaşadır. Elə isə ümman zəmilərin bir damlası olan səməni insanı niyə də yaşatmasın?..
Baharı sevdim - oduna, istisinə, hərarətinə görə. Od - insan üçün həmişə əziz olub. İldırım vurmuş meşələrdə diri-diri bişən heyvanın əti qədim insanın ağzını dada gətirdi. Odu az qala gözlərinin içində qoruyub saxladılar. Əfsanəvi Prometey əbədilik əziyyətə ona görə düçar oldu ki, səmadan torpağa od gətirdi. Bayramqabağı qalanan ocaqlar, mənə elə gəlir, bəşəriyyətin Prometey kimi qəhrəmanlarına bir yanar abidədir. İnsanlar nəinki ocaqlarını, hətta ürəklərini belə odsuz görmək istəmirlər. Od, demək olar ki, hər şeyi, o cümlədən ürəyi də paka çıxarmağa qadirdir.
Yaz gələndə axşamüstü həyətdə ocaq qaladığımız, od üstündən o tərəf-bu tərəfə atıldığımız səsli-küylü oyunlar, kim deyir ki, elə boş bir əyləncə olub:
Neçə-neçə belə bahar -
Gəldi keçdi ömürdən;
Aman ellər, nə sirri var -
Unutmadım onu mən?..
Deməyin ki, əylənmişik -
Duymamışıq heç nəyi;
Bəlkə onda öyrənmişik -
Od içindən keçməyi?!.
Baharı mən necə sevməyim ki, hər əlaməti mənə mənalı görünür. O, bütün dünyanı gözəlləşdirir, təmiz hava istəyən ciyərlərə ətirli hava gətirir.
Hamımız baharın hörmətini saxlayırıq: bir-birindən inciyən varsa, gərək bahar gələndə görüşüb hal-əhval tutsun. Bahar insanları küsülü görmək istəmir. O, həm də, elə bil, bərabərlik tərəfdarıdır:
"Onda ki, fəsli-yaz olur, -
Gecə, gündüz təraz olur".
Baharda səmanın qucağı işıqla, günəşlə dolu olur. Qız-gəlinlərin hava işıqlanana qədər çalıb-oxumaları, səhəri həyat rəmzi, dirilik rəmzi olan axar su üstündə qarşılamaları və yalnız bundan sonra evə qayıtmaları təbii olduğu qədər də təsirlidir. Onların sübhə kimi şirin-şirin oxuduğu mahnıların nəqəratı indi də qulağımda səslənir:
"Ay bu gecə çilə gecəsi -
Mən neynim;
Dönübdür ilə gecəsi -
Mən neynim...".
Bahar hamını işə, əməyə səsləyir. O, yağış şırıltılı, sel haraylı, insan nəğməli zəhmət simfoniyasıdır.
Niyə sevdim baharı mən? Çiçək nəfəsinə görə. Niyə sevdim baharı mən? Həyat həvəsinə görə. Bahar məhəbbəti mənə anamdan yadigardır. Baharı sevməyi mənə anam öyrədib.
"Ədəbiyyat qəzeti",
20 mart 2009-cu il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!