2004-cü ildə Moskvada Rüstəm İbrahimbəyovla görüşərək çay süfrəsi arxasında onunla həmsöhbət olmuş və xoş təəssüratlarla ayrılmışdım. Ancaq o zaman Bakıya qayıtdıqda bu böyük sənətkarın BBC-yə verdiyi məlum müsahibənin kəskin tənqid hədəfinə çevrildiyinin şahidi oldum. KİV-də bununla əlaqədar təxminən belə bir sual gündəmə gətirilmişdi: Rüstəm İbrahimbəyov Azərbaycan üçün nə edib? Fikirlər haçalanmışdı. Rüstəmi dərindən tanıyanlar, xüsusilə yaşlı nəsil onun çox ciddi, sağlam düşüncəli, təpədən dırnağacan vətənpərvər insan və əsl ziyalı olduğunu deyirdilər. Onu da əlavə edirdilər ki, istər Moskvada, istərsə də dünyanın başqa ölkələrində Azərbaycan həqiqətlərinin carçısı olub və özü barədə bir kəlmə belə kəsməyib. Əks tərəfin nümayəndələri isə R.İbrahimbəyovun BBC radiosunun Moskva müxbirinə telefonla verdiyi müsahibədəki ayrı-ayrı ifadələri ümumi kontekstdən bilə-bilə ayırmaqla fikirlərini yanlış yozmağa cəhd edirdilər. Məsələninin ciddiliyi R.İbrahimbəyovu da narahat edirdi.. Buna görə də "Zaman hər şeyi yerbəyer edər" adlı məqaləsində bütün bu məsələlərə aydınlıq gətirdi. Məqalənin başlanğıcında R.İbrahimbəyov özünə qarşı yönəldilmiş bu kampaniyaya əslində onun başqa yazılı və şifahi fikirlərinin səbəb olduğunu açıqlayırdı.. Belə ki, vaxtilə o müsahibələrinin birində təəssüf hissi ilə bildirmişdi ki, mənim sevimli Azərbaycanımda ziyalıların ictimai fikrə təsiri lazımi dərəcədə duyulmur. Həmin müsahibədə milli ziyalalırımızın intellektual potensialından dövlətin də lazımi dərəcədə istifadə etmədiyini nəzərə çatdıran yazıçı bütün fəaliyyət sahələrində ayrı-ayrı səbəblər üzündən normal karyera mexanizmlərinin olmamasını vurğulayırdı. Qeyd edirdi ki, məhz bu səbəbdən ölkəmizdə illər boyunca cəmiyyətin və dövlətin səmərəli fəaliyyəti üçün lazım olan milli elita hələ də yaranmayıb. Bu əslində vətənpərəvər bir insanın qaldırdığı həyəcan siqnalı idi. Əlbəttə, belə sərt fikir kimlərinsə xoşuna gəlməyə bilər, yaxud kimlərsə bu fikirləri yanlış və qeyri-vətənpərvər baxış kimi qəbul edə bilər. R.İbrahimbəyov isə sevinc və kədəri, məhəbbəti və nifrəti ictimailəşdirməyi bacaran sənətkar idi. Onun BBC-nin müxbirinə nə dediyinin fərqinə varmadan Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə münasibətinə nəzər yetirək: Azərbaycan və Ermənistan gerçək ərazi sərhədləri daxilində mövcuddur və bu sərhədlərin güclə dəyişdirilməsi heç də təkcə Azərbaycana qarşı yönəlmiş cinayət deyil, bütün dünya xalqlarına qarşı çevrilmiş cinayətdir. Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycan xalq yazıçısı, Rusiya Dövlət mükafatları laureatı (1983, 1988, 1999, 2002) və bir çox digər fəxri titulların sahibi Rüstəm İbrahimbəyovun bu və digər fikirlərinin dərinliyinə varanda öz-özünə düşünürsən: R.İbrahimbəyov Azərbaycan üçün nələr etməyib və yaxud R.İbrahimbəyov Azərbaycan üçün daha nələr edə bilərdi?
O, hələ yaradıcılığa başladığı gündən düşünürdü ki, həyatını ədəbiyyata və incəsənətə həsr edən hər kəs ilk baxışdan fərdi görünən bədii yaradıcılıq kimi işlə məşğul olmaqla ən əvvəl ümumi insan marağına xidmət edir. Buna görə də öz istedadına güvənərək əsərlərində mürəkkəb xarakterə malik olan insanda insana xas olan xüsusiyyətləri tərənnüm etməklə əslində hər bir insanı içindəki həqiqi insanlığın qələbəsi uğrunda döyüşə hazırlayırdı. Dünyanı sevmək, planetimizi sevmək, Vətəni sevmək, ailəni sevmək və s. bu kimi hisslər insanı kamilləşdirir, onu yaşadır və içindəki sevgi hisslərini oyadır. Beləliklə, sevə-sevə sevilməyə başlayırsan. R.İbrahimbəyova görə yeni dünya düzənində zora zorla cavab vermək dünyanın tarazlığının pozulmasına gətirib çıxarır. O, bu qənaətdə idi ki, müasir dövrdə bir çox problemləri sivil qaydada həll etməkdən ötrü səbr və dözüm lazımdır. Onun üçün insanın özünü sərbəst olaraq idarə etməsi, düşünməsi və qərar qəbul etməsi böyük önəm daşıyırdı. O, düşünürdü ki, insan işin qulu yox, iş insanın qulu olmalıdır. Ürəklə görülən iş, yazılan yazı daha effektli, daha uzun ömürlü olur. Dostluqda, ailə həyatında, sənətdə, yaradıcı və dövlət işində sərbəstliyi sevən sənətkar həmişə dəyişən dünyamızda yeni düşüncə, yeni əxlaq, yeni davranış etikası axtarışında olub. Bu, R.İbrahimbəyovun həyat fəlsəfəsi idi. Bu, R.İbrahimbəyov həqiqəti idi. İnsan və onun olduğu şərait və cəmiyyət, insan və ailə, insan və ideya, insan və təbiət - insanın xarici aləmlə qarşılıqlı əlaqəsinin bütün təzahürləri onun üçün maraqlı idi. Tanınmış jurnalist Azad Şərif yazırdı: onun bütün dünyada qəbul olunan "Səhranın bəyaz günəşi" filminin uçuşdan əvvəl kosmonavtlara niyə göstərildiyinin səbəbini keçmiş SSRİ-də bütün kosmik gəmilərin fəzaya buraxılmasına nəzərət edən dövlət komissiyasının sədri, həmvətənimiz Kərim Kərimovdan soruşdum. Kərim müəllim dedi ki, qəhrəmanlıq mövzusunda çəkilən həmin film kosmonavtlarda həyata inam aşılayır, onların çoxu uçuş boyu bu filmi, onun qəhrəmanlarını xatırlayırlar.
Xalq yazıçısı Anar xatırlayır ki, hələ çox illər bundan əvvəl Rüstəmin "9-cu Xrebtovı" povestini oxuyarkən müəllifin ilk iri əsəri olan bu yazı onu heyran etmişdi: ən ağrılı ictimai və milli məsələlərə toxunan gənc nasirin cəsarəti, məişət səhnələrini bu qədər müfəssəl və yerli-yataqlı təsvir etmək məharəti, insan xarakterini bunca ustalıqla açma bacarığı - qibtəyə layiq idi. İlk yazılarından özünü ciddi qələm sahibi kimi tanıdan müəllif ömrü boyu sadiq qaldığı mənəvi mövqeyi elə ilk əsərindən bəyan etmişdi… Bu mövqe onun əsərlərində hər şeyin həyatda olduğu kimi inikasından ibarət idi. Ancaq Sovet dövründə öz mövqeyini açıb ortaya qoymaq hər sənətkara nəsib olmurdu. Amansız və ədalətsiz ittihamlara dözmək də böyük cəsarət tələb edirdi. Yaşadığımız cəmiyyətin eybəcərliklərinin dilə gətirilməsi yaradıcı insana yaxşı heç nə vəd etmirdi. Amma nə yaxşı ki, elə o dövrdə də R.İbrahimbəyova həyan olan, onun istedadını fəhmlə duyan və qiymətləndirən insanlar vardı. Onlardan biri də ulu öndərimiz Heydər Əliyev idi. Bəli, məhz 70-ci illərdə partiya rəhbərliyinin qəzəbinə tuş gəlmiş Rüstəm və Maqsud İbrahimbəyov qardaşları bir neçə tanınmış ziyalının xahişi ilə H.Əliyev tərəfindən qəbul edildikdən sonra onlara qarşı tətbiq olunan qadağa aradan götürüldü...
Görkəmli rejissor Nikita Mixalkov "Rüstəm İbrahimbəyov. Son hədd və ya başlanğıc" filmində həmyerlimiz haqqında fikirlərini bu şəkildə ifadə edib: "Rüstəmdə yazıçıya, kinematoqrafçıya və insana xas olan keyfiyyətlər bir-birinə uyğun gəlir. O, son dərəcə bütöv naturadır. O, həmçinin özünə əsaslanır. Özünü istənilən vəziyyətdə fəaliyyətdə olan şəxs sayır. Yumordan, özünə kinayə ilə yanaşmaqdan əl götürmür, həm də yaşa dolduqca çoxlarından fərqli olaraq onda bu xüsusiyyətlər yox olub getmir".
Bəzən R.İbrahimbəyova elə gəlirdi ki, o, öz dövrünün adamı deyil və bu qəribəliyi belə izah edirdi: "İş burasındadır ki, mən həmişə öz səsimlə danışmağa çalışmışam. Və çoxları susan zaman mənim səsim eşidilirdi. O zaman ki, hamı birdən danışmağa başladı, səsin eşidilsin deyə gərək qışqırasan. Mən isə qışqırmağı bacarmıram". Doğrudan da belə idi. 1990-cı ilin yanvarında, Sovet ordusunun Bakıya girməsinə hələ iki həftə qalmış R.İbrahimbəyov on illərdən bəri Qarabağın işğalına hazırlaşan "Daşnaksütyun" partiyasının mətbuat katibi ilə fransız televiziyasında teledebatı zamanı tutarlı dəlilləri ilə onu yerində oturtdu. Təəssüf ki, Sumqayıt hadisələri zamanı R.İbrahimbəyovun keçirdiyi narahatlığa vaxtında məhəl qoyan olmadı. Qanlı Yanvar hadisəsi və digər faciəli hadisələrlə bağlı erməni tərəfinin özünü haqlı sayması R.İbrahimbəyovu hiddətləndirirdi. Necə ola bilər ki, həm ölkə, həm dünya üçün mürəkkəb olan bir zamanda belə məşum inadkarlıqla, hamı üçün faciəli olan nəticələrlə qarşıya qoyduğun məqsədə nail olmağa çalışasan? Necə olur ki, ən amansız ölçülər götürməyə qadir olan o vaxtkı ölkə rəhbərliyi münaqişənin başlanğıcında prinsipiallıq göstərmir və bununla da onun faciəli miqyas almasına səbəb olur?
Göründüyü kimi, R.İbrahimbəyovu narahat edən suallar çox idi. Onu bir ziyalı kimi narahat edən digər bir məsələ də "iqtisadi kataklizm" nəticəsində baş verən kütləvi yerdəyişmə idi. Belə ki, Rüstəm İbrahimbəyova görə bir parça çörək dalınca Rusiyaya gedən taciklər, ukraynalılar, azərbaycanlılar və digər millətlərin hamısı eyni tale yaşayırdı: O vaxt ki, onlar artıq öz Vətənlərində edə bilmədiklərini etmək üçün Moskvaya gəlirdilər və indi də gəlirlər - Tahir Salahovlar, Çingiz Aytmatovlar, Vasili Bıkovlar, Mirzə Tursunzadələr elmdə, tibbdə, sənayedə və s. müvəffəqiyyətlə çalışan şəxslərə çevrilirlər. Yazıqlar olsun ki, artıq çoxdan bəri bu Bakıda baş vermir - deyən yazıçı vaxtilə kimlərinsə qəbul etdiyi həyat normalarını qəbul etmədiyi üçün, bəlkə də özünü təqsirləndirmə üçün şərait yaradırdı. Ancaq o, özünə görə təəssüflənmirdi. Çünki R.İbrahimbəyov həyatda şəxsi təsəvvürlərinə uyğun surətdə, özü lazım bildiyi kimi yaşamağa və işləməyə çalışırdı. Məhz elə bunun nəticəsidir ki, R.İbrahimbəyov artıq sağlığında canlı klassik səviyyəsinə yüksəlmişdi. Həmişə öz mövqeyində dayanan, inadından dönməyən sənətkar özü haqqında belə yazırdı: "Mən yazı yazmaq məqsədiylə ağ vərəqləri masamın üstünə qoyanda qəribə narahatlıq keçirirəm. Fikirləşəndə ki, mənə qədər dünyada Şekspir və bir çox dahilər yazıb-yaradıb, özüm-özümə gülməyə başlayıram. Bu anda yalnız bir hiss köməyimə çatır. Bu dünyada elə şeylər var ki, onu ancaq mən bilirəm. Bunlar barədə məndən başqa heç kəs yaza bilməz. Bu baxımdan mənim həyat təcrübəm heç də Şekspirinkindən az deyil. Bacarıq və ustalıq baxımından biz nə qədər qeyri-bərabər səviyyədə olsaq da, mənim bildiyimi yalnız və yalnız "mən" yaza bilərəm".
Bəli, R.İbrahimbəyov öz bildiyini yazırdı və bədii əsərləri, filmləri, ssenariləri ilə oxucuların və tamaşaçıların rəğbətini qazanırdı. O, çox böyük istedadı və qeyri-adi bacarığı sayəsində nəinki MDB, həm də Baltikyanı ölkələrin kinematoqrafçılar ittifaqlarını özünün başçılıq etdiyi konfederasiyada birləşdirməyə müvəffəq olmuşdu. R.İbrahimbəyov həmçinin Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının katibi, Moskvada Yəhudi Festivalının sədri, "Feliks" Avropa Kinoakademiyasının və "Oskar" Amerika Kinoakademiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri idi. Bu gün fəxrlə deyə bilərik ki, gözəl nasir, əla teatr və kino dramaturqu olan R.İbrahimbəyovun əsərləri sərhədləri aşaraq dünya xalqlarının ümumi sərvətinə çevrilib. Bu isə bir daha göstərir ki, dünya mədəniyyətinə layiqli tövhələr vermiş böyük Azərbaycan incəsənəti dünyaya mənsubdur. Əsərlərində həyat reallığının əks etdirilməsi R.İbrahimbəyova böyük hörmət gətirmişdi. Təsadüfi deyil ki, onun əsərləri "Oskar" mükafatına, keçmiş sovetlər ittifaqının dövlət mükafatına, Azərbaycan və Rusiyanın dövlət mükafatlarına layiq görülüb. R.İbrahimbəyovun on beşdən çox əsəri dünyanın yüzdən artıq teatrında tamaşaya qoyulub. Onun yaratdığı "İbrus" teatrının isə dünyada analoqu yox idi. Bu teatrı fərqləndirən əsas cəhət onun iki dildə - Azərbaycan və rus dillərində paralel olaraq tamaşalar göstərməsi idi.
Milli kino və onun gələcək taleyi də daim R. İbrahimbəyovun diqqət mərkəzində idi. O, həmişə çalışırdı ki, milli kinomuz öz sifətini və varlığını saxlaya bilsin. Onun çəkdiyi bir çox filmlər, üzdə olmasa da, ən dərin qatlarında milliliyi ilə seçilirdi. R.İbrahimbəyov bununla bağlı bəzən ona edilən iradlara münasibətini belə bildirirdi: "Elə mövzular var ki, həmin mövzular milli çərçivədən çıxır, təkcə həmin xalqın dəyəri olaraq qalmır və buna görə də həmin əsərlərdə bəşərilik daha çox olur... Əlbəttə, bunu bir filmdə qəbul etmək olar, ancaq bir sistem halına keçəndə bu, çox pisdir".
R.İbrahimbəyov Azərbaycan kino sənətinin səviyyəsini yüksəltməkdən ötrü Bakıda Beynəlxalq kino məktəbi yaratmaq arzusunda idi. Məqsədi yüksək ixtisaslı kinorejissor, kinodramaturq, kinoşünas və prodüsser hazırlamaqdan ibarət idi. Onun ideyası və şəxsi təşəbbüsü ilə Beynəlxalq kino məktəbləri təcrübəsinin respublikamızda tətbiqi Azərbaycan kinosuna görünməmiş uğur gətirə bilərdi.
Beləliklə, qeydlərimizin başlanğıcında qoyduğumuz suala cavab verməyin vaxtıdır. Rüstəm İbrahimbəyov dünyaşöhrətli yazıçı kimi öz imkanı daxilində olan hər şeyi edib. Azərbaycanı çox yerdə ona görə tanıyırlar. Görkəmli ictimai xadim, gözəl insan Rüstəm İbrahimbəyov vətəninə belə xidmət göstərib; adına və soyadına layiq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!