"Mən çox da pərişan birisi deyiləm" - Kiyan Xiyov - Müsahibə

Burda yazıların onda biri də oxuculara çatdırıla bilmir. Yazılarımızı dərc edəcəyimiz Azərbaycan türkcəsində yayımlanan qəzet-jurnal yox dərəcəsində azdır.

- Salam, Kiyan bəy. Güneydə hava necədi?

- Salam məndən. Sağ olun. Nazim Hikmətin diliycə desəm, "qurşun kimi ağır!..."

- Uşaqlığınız, gəncliyiniz harada keçib?

- Uşaqlığım Xiyov, ya Meşkinşəhrdə, gəncliyimsə Təbrizdə.

- Bəzən uzundur deyirlər şeirlərimə

Və bilməyirlər amma

Saçlarını uzadar aşiqlər

Özləri də bilmədən,

Pərişanlıqdan...  Pərişanlığınızın səbəbi nədir?

- Amma mən çox da pərişan birisi deyiləm haaa (gülür)... Sözsüz, başqa birər insanlar kimi bir yazar şairin də gizli-açıq pərişanlıq səbəbləri var. Məncə, bütün əsərlər, şeirlər və mətnlər özü danışan yerdə şair yazarların özləriylə bağlı danışmaqları yersizdir. Ona görə mən bu pərişanlıqların səbəblərinin açıqlanmasını gərəkli düşünmürəm. Bilən özü əsərləri oxumaqla bilir, bilməyənsə vaxt qoymaqdansa, bilməməsi yaxşıdır demək daha düzgün işdir. Xatırlatdığınız bu şeirə gəldikdə, hardasa iyirmi-iyirmi bir il bundan öncə yazılmış bir minimaldır. Düzü, bir gün özünü aralıqda tənqidçi kimi aparan çox savadsız bir gənc, "Kiyan Xiyavın şeirləri uzun olur, oxuya bilmirəm" - demişdi. O zaman bu sözə görə bir gülümsəməylə "düz deyib, sağ olsun" - dedim. Təki haldan bilməz- qaldan anlamaz bu tip gənclərə cavab deyə bir bu minimalı yazdım; türkiyəlilər demişkən, həpsi bu (gülür) və burada söylənə biləcək heç bir pərişanlıq yox.

- Çağdaş Güney Azərbaycan poeziyasına diqqət etdikdə, demək olar ki, bütün şeirlərdə ağrılı-acılı bir yol keçmiş insanın təəssüratı var. Lakin bu təəssüratın sonunda qəribə bir pozitivlik də müşahidə olunur. Sanki hamınız işığı görürsüz. Bu nikbinliyi siz də müşahidə edirsinizmi?

- Doğrusunuz. Nəysə bütün keçmişi acı-ağrılı keçən insanları yaşama sürükləyən böyük bir ümid, böyük bir işıq yoxsa da, o işığa böyük bir inam var. Bu "işığa inanmağ"ın "gələcəyə inanmaq" kimi bir anlamı olmalı və "gələcək" gözə görünməsə də, öz-özlüyündə var deyə, bütün keçmişi acı-ağrılı keçən insanların inanması gərəkir. Çağdaş poeziyamızda acılı-ağrılı bir neqativlikdə belə sevinclə dolu bir pozitivlik yaşanmaqdadır. Bunu Güney şeirində açıq-aydın yoxsa da, simvolik şəkildə görmək olur. Mən də sizin kimi bunu görə bilirəm, sözsüz.

- Şeirlərinizi Güney Azərbaycan oxucularına necə çatdırırsız, harada dərc edirsiz?

- Burda yazıların onda biri də oxuculara çatdırıla bilmir. Yazılarımızı dərc edəcəyimiz Azərbaycan türkcəsində yayımlanan qəzet-jurnal yox dərəcəsində azdır. Kitab çıxarmaq üçün də olduqca çətin aşamalardan keçməlidir bir yazar. Üstəlik burada farsca yazılanların oxucusu Azərbaycan türkcəsində yazılanlardan qat-qat çoxdur. Həm də maliyyə problemlər sanki çözüləsi deyil. Başqa bir üzücü gerçəyi də var buraların; bir sıra ad-san düşkünü şairləri varlılarından daha çox pul sevəndirlər. Bu durumda yayın orqanları da hər şeyi pulla ölçürlər. Ona görə bizim kimilərə zatən yazmaq kültürü və yazmağın özü önəm daşıyır, ancaq oxucularla da bütünlüklə əlaqə kəsilməsin deyə bəzən bəzi yazıları, örnək üçün " ishiq.net" kimi saytlarda, ya bəzi fəsilliklərdə dərc etməkdən başqa bir yol qalmır.

- Bu tayda yazılan şeirlərin, mətnlərin 30 milyonluq güneyli oxuculara çatdırılması üçün nə edilməlidir?

- Burdakı oxucular 30 milyonluq deyil, dostum! Burda ən adlı bir yazıçının kitabı sadəcə min tirajda çıxır, onun da yarısı vitrinlərin arxasında toz-torpaq yemi olur. Bununla belə o taydakı mətnləri bu taydakılara çatdırmaq üçün onları ərəb-fars əlifbasına köçürməli olmalısınız(yıq). Ara-sıra bu işlərdən bu tayda görülür. Bu gün Quzeyin mətnləri və şeirlərindən olduqca ərəb-fars əlifbasına köçürülüb və yayınlanıbdır. Bu işdə özəlliklə Urmudakı "Məhəmməd Sübhdil"in müdirlik etdiyi "Buta nəşriyyatı"nın qoyduğu əmək çox böyükdür. Ancaq məncə, hər şeydən öncə buranın oxucuları latıncanı öyrənib Quzeydə yayımlanan mətnlərin orijinalını oxusalar, daha da yaxşı olar.

- Güneyli oxucuların azərbaycanca yazılmış şeirləri fars əlifbası ilə oxuması sizə mane olurmu? Oxucular latın qrafikasından istifadə edə bilsəydi, əlaqələr daha sıx olmazdımı?

- Əlbəttə, mane olur. Çünki Azərbaycan türkcəsinin ərəb-fars qrafikasına uymadığı- demək uya bilmədiyi gerçəyin özüdür. Buranın orfoqrafi seminarları belə bu qonuda başda doktor Cavad Heyət olmaqla, nə qədər əmək qoyub ağır zəhmətlərə qatlaşsalar da, yenə də böyük çatışmazlıqlar öz yerində qaldı. Ona görə buranın oxucuları latıncanı öyrənib qullana bilməyincə əlaqələr bundan artıq olmayacaq.

- Arazın bu tayından kimləri oxuya bilirsiz?

- Çoxlarını oxumuşam. Mirzə Cəlildən tutmuş Afaq Məsuda, İsmayıl Şıxlıdan Kamal Abdullaya. Şairlərini də belə. Klassiklərindən tutmuş bugünkü gənc quşağımızın, örnək üçün Nərmin Kamal, Aqşin Yenisey, Günel Mövluda kimi. Bunlarda olan motivlər və içəriklər fərqli və yeni olduğuna görə çox sevməli, çox bəyənməlidir. Ancaq məni bu arada bir tək şey hər zaman incidir. O da Quzeydəki qullanılan dil məsələsidir. Bunu öncəki müsahibələrimdə də demişəm. Nədənsə Azərbaycan türkcəsi özünü başqa dillərdən, özəlliklə rusca, farsca və ərəbcədən alınma sözcüklərdən və quruluşdan arıtlayıb qurtara bilmir. Sözsüz, bununla belə ordakıları oxumaq gərəklidir. Mən də az-çox oxumuşam, vaxt bulduqda oxuyuram da.

Müsahibəni aldı: Sərdar AMİN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!